Məhkəmə qərarları › İş №2(077)-20/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-20/2023

02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-20/2023 02.02.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X18 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək 1 ədəd yataq taxtının, 1 ədəd termonun və 1 ədəd paltar şkafının cavabdehdən alınıb ona qaytarılması, onlar olmadıqda həmin əşyaların dəyəri 4720 manatın, hüquqi xidmətə görə 11 saylı Vəkil bürosuna ödənilmiş 61 manatın və 77,81 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon S.Əliyeva adına südçülük maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı müəssisəsinin 17.02.000-ci il traixli 06 saylı əmrinə əsasən ona Südçülük sovxozu, Yeni Məhəllə ərazisində 0,05 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli seriya ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən fərdi yaşayış evi onun adına özəlləşdirilmişdir. 18 il ərzində bu evdə valideynləri və qardaşı X14 yaşamışlar. Cavabdeh qardaşı X10 qarşı “fərdi yaşayış evindən çıxarılma”, sonradan isə ona qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia ərizələri vermiş, həmin iddia tələbləri təmin edilərək evdən çıxarılmaları barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə fərdi yaşayış evindən çıxarılma həyata keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Evdən çıxarılma olan günə qədər əksər əşyalarını çıxarmış, lakin yerləşdirmək üçün yeri olmadığından 1 ədəd yataq taxtı, 1 ədəd termo və 1 ədəd paltar şkafı evdə qalmış, onları apara bilməmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurları evdən çıxarılma barədə icra işini həyata keçirərkən evdə olan yuxarıda qeyd etdiyi əşyaların çıxarılmasına mane olmuş və bildirmişdirlər ki, təcili olaraq evdən çıxmalıdırlar. Cavabdeh isə ev təcili olaraq boşaldılaraq ona təhvil verilməsə, özünü Koroğlu körpüsündən atacağı ilə təhdid etmişdir. Nə qədər buna qarşı olsa da, qeyd edilən əşyaları evdən çıxara bilməmişdir. Cavabdeh bundan istifadə edərək ona və qardaşı X10 qarşı Sabunçu Rayon Məhkəməsində onlara aid olan əmlakların ona veriməsi barədə iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərək bəzi əşyaların ona verilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şıkayəti vermiş və şikayət təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-1114/2021 saylı qətnaməsi ləğv olunmuşdur. Cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9994/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi qətnamənin hüquqi dəyərləndirmə hissəsində qeyd edilmişdir ki, Cavabdeh ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən qardaşının və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən məhkəmə qətnaməsində hazırkı cavadehlərin (İddiaçı və başqaları) evdən öz əmlakı ilə birlikdə çıxarılması qeyd edildiyindən onlar məhkəmə qətnaməsinə əsasən evdən çıxanda öz əmlakları ilə birlikdə çıxmışdır. Həmin qətnamədə İddiaçı və başqalarının evdən çıxarkən hansı əşyaların evdə qalması, hansı əşyaların özləri ilə aparmalı olması qeyd edilməmişdir. Belə olan halda həmin qətnamənin preyudisiallığı hazırda mübahisələndirilən əmlakların kimə məxsus olmasına aid edilə bilməz. Bütün bunlara əsasən 1 ədəd yataq taxtı, 1 ədəd termo və 1 ədəd paltar şkafı evdə olmuş digər əşyalarla birlikdə ona məxsusdur. Bu əşyalar böyük olduğundan və xeyli yer tutduğundan müvəqqəti olaraq bu əşyaları mübahisəli evdə saxlamışdır. Cavabdeh icra məmurlarına təsir etdiyi, özünü Koroğlu körpüsündən atmaqla qəsd edəcəyini bildirməsindən sonra həmin əşyalar evdə saxlanılmış və onları apara bilməmişdir. İcra məmurlarının vasitəsilə qeyd edilən əşyalar Cavabdeh verilmişdir. Həmin əşyaların qiymətləri belədir: yataq taxtı qoşa (ağ rəngdə qızılı kantla) – 1750 manat, paltar şkafı (ağ rəngdə qızılı kantla) –1540 manat, termo (ağ rəngdə qızılı kantla) –1430 manatdır. Həmçinin məhkəmə prosesi üçün sənədlərin alınması üçün Bakı şəhər 11 saylı Vəkil bürosunun hesabına hüquqi yardımla bağlı 61 manat, dövlət rüsumu olaraq 77,81 manat pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia qəbul etməyərək, izahatında göstərmişdir ki, qızı Cavabdeh iddiaçının qardaşı X14 ilə evlənmişdir. Onlar ailə quran zaman Xırdalan şəhərində 2 otaqlı mənzildə 4 ailə birlikdə yaşayırdılar. Qızının uşağı doğulandan sonra ev dar olduğundan qızına və onun yoldaşına bildirmişdir ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki olan evə köçsünlər, onlar da razılaşmışdırlar. Qızına məxsus cehizləri də Xırdalan şəhərində olan evdən Ramana qəsəbəsində olan evə köçürmüçdürlər. Qızının əri Bayramov Rasim saxta yolla ona məxsus evi qardaşı İddiaçı adına keçirmişdir. O da, bunu başa düşəndən sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddia tələbini təmin edərək hazırki iş üzrə iddiaçının və onun ailə üzvlərinin evdən çıxarılması barədə qətnamə qəbul etmişdir. İş icra olunması üçün Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və icra məmuru ona cavabdehlərin evdən çıxarılmasına vaxt verməsini bildirmişdir. Onlara evdən çıxmaları üçün 10 gün vaxt verilmiş, 10 gündən sonra İddiaçı könüllü olaraq evin açarlarını icra məmuruna vermiş, evdən çıxmışdır. Evdə qızına məxsus cehiz əşyaları qalmışdır: 1 ədəd yataq taxtı,1 ədəd termo və 1 ədəd paltar şkafı və həmin əşyalarında foto şəkillərini təqdim etmişdir. İcra məmurundan evi təhvil alanda evdə qalan əşyalar qızının cehiz əşyaları idi. İddiaçı və onun ailə üzvüləri evdən könüllü çıxmışlar. Göstərilənlərə əsasən, iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1198/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X10 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikalı MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ünvanında yerləşən torpaq sahəsində yerləşən tikinti və torpağı zəbt etmiş bütün şəxslərin, yəni İddiaçı, X6 (atası), X4 (anası), X2 (həyat yoldaşı), X7, X8, X3 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və onun tərəfindən inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 3062/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı, X6, X4, X2, X7, X8, X3 və digərlərinin Abşeron rayon icra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması, iddianın X10 münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə cavabdehlər İddiaçı, X6, X4, X2, X7, X8, X3 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, İddiaçı, X15, X12, X9, X16, X17, X1 rayon İcra Hakimiyyətinin 12 anvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramada qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində Cavabdeh ayrılmış 0,033 ha torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları, ev boşaldılması, iddianın “digər şəxslərə” münasibətdə əsassız olduğu üçün təmin edilməməmsi qət edilmişdir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Əliyev tərəfindən borclu İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1198/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramada qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində Cavabdeh ayrılmış 0,033 ha torpaq sahəsində inşa edilmiş evdə olarkən müəyyən edilmişdir ki, evdə 1 ədəd yataq taxtı,1 ədəd termo və 1 ədəd paltar şkafı vardır. Evdəki başqa əşyalar isə borclular tərəfindən götürülmüş, ev boşaldılmış və borclular evdən könüllü şəkildə çıxmışdırlar. Borclu İddiaçı evin giriş qapısının açarlarını könüllü təhvil vermişdir. Akt icra məmuru və borclu İddiaçı tərəfindən imzaları ilə təsdiq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia tələbini təsdiqi edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilərkən, aktı imzası ilə təsdiqləmiş borclu İddiaçı evdə qalan 1 ədəd yataq taxtının, 1 ədəd termonun və 1 ədəd paltar şkafının ona və ya evdən çıxarılmış digər ailə üzvlərinə məxsus olması, həmin əşyaların hansı səbəbdən evdə qalması və ya sonradan götürüləcəyi barədə akta heç bir qeyd-şərt etməmişdir. İddiaçı tərəfindən mübahisəli əşyaların cavabdehə məxsus cehiz əşyaları olmması ilə bağlı da heç bir sübut təqdim edilə bilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar