Məhkəmə qərarları › İş №2(077)-37/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-37/2025

15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-37/2025 15.01.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X12 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2016-cı il təvəllüdlü X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildə Dilavər Musa qızı ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Röya adlı qızları doğulmuşdur. xx.xx.2016cı il tarixdə qəflətən uşağın vəziyyəti pisləşmiş, xəstəxanaya çatdırsalar da, uşaq orada ölmüşdür. Uşağı Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbirstanlığında atasının yanında dəfn etmişdir. Sonradan 31 saylı polikilinikaya Tibbi arayış verilməsi barədə müraciət etsədə, ona imtina edilmiş, uşağın ölümü barədə tibbi arayışın verilmədiyi bildirilmişdir. Bugünə kimi uşağın ölməsi ilə bağlı heç bir sənəd istəməmişlər. Bu yaxınlarda “Asan xidmətə” sosial düzəltmək üçün arayış almaq məqsədilə müraciət etmiş, arayışda qızı Röyanın adı da qeyd edilmişdir. Uşağın öldüyünü bildirdikdə, ölüm şəhadətnaməsi tələb olunmuşdur. Ona görə də, ölüm şəhadətnaməsinin alınması üçün Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ölümü təsdiq edən sənəd tibb arayış olmadığına görə imtina arayışı verilərək ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Röya adlı qızları doğulmuşdur. xx.xx.2016-cı il tarixdə qəflətən uşağın vəziyyəti pisləşmiş, xəstəxanaya çatdırsalar da, uşaq orada ölmüşdür. Uşağı Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbirstanlığında, ərizəçinin atasının yanında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində ərizəçinin bibisi olduğunu göstərərək bildirmişdir ki, Ərizəçi ilə X2 birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Röya adlı qızları doğulmuşdur. xx.xx.2016-cı il tarixdə qəflətən uşağın vəziyyəti pisləşmiş, xəstəxanaya çatdırsalar da, uşaq orada ölmüşdür. Uşağı Pirşağı qəsəbəsində yerləşən Şuşa qəbirstanlığında, ərizəçinin atasının yanında dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin qaynanası olduğunu göstərərək, şahid X3 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİİ seriaylı 664234 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası qrafasında Ərizəçi, anası qrafasında X4 qeyd edilmişdir. "X14" X13 xx.xx.2023-cü il tarixli, 18-1-15/2-M-xx-xx/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.2023-cü ii tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X6 xx.xx.2016-cı il saat 10:30-da 26 nömrəli BŞX-nın uşaq xəstəlikləri şöbəsinin qəbul şöbəsinə valideynləri tərəfindən “Meyit” diaqnozu ilə çatdırılmışdır. Obyektiv müayinə zamanı uşaq artıq keçinmiş olub. Dəridə meyit ləkələri, gözündə pərdə, tənəffüs dayanması, ürək tonlarının olmaması qeyd olunmuşdur. Şuşa rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-158/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum qızı- xx.xx.2016-cı il təvəllüdlü X1 ölümünün qeydə alınması üçün müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikasının MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi qızı xx.xx.2016-cı il təvəllüdlü X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar