Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-388/2025 29.08.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Ağayeva Arzu Kazım qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan övladları- xx.xx.2018ci il təvəllüdlü X7 ilə ayda iki dəfə həftə sonu və yaxud bayram günlərinə düşərsə saat 10:00dan 18:00-a kimi görüş verilməsi ilə bağlı Maraqlı şəxs ilə aralarında 23 dekabr 2023-cü il tarixdə bağlanmış mediasiya sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Nikahları 2021-ci ildə Şuşa rayon məhkəməsinin qərarı ilə pozulmuşdur. Hazırda ayrı yaşayırlar. Bu səbəbdən qızı X8 ilə görüşməklə bağlı mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə aralarında bağlanmış barışıq sazişinə əsasən maraqlı şəxs ayda 2 dəfə olmaqla saat 10:00-dan 18:00-dək qızı Nilufərlə görüş verəcəyini öz öhdəsinə götürmüşdür. Hazırda Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və bununla əlaqədar problemlərlə qarşılaşır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində yaşadığını və işlədiyini, işi ilə bağlı iclasda iştirak edə bilməyəcəyini göstərmiş, baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsini rəhbər tuturaq ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "Birinci tərəf" Ərizəçi və “İkinci tərəf” Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş, mediasiya reyestrində M- 00185 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X4 iştirakı ilə imzalanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00389 saylı Barışıq sazişinin surətindən görünür ki, tərəflər, aralarında olan “X7 ilə görüşmək və ünsiyyət saxlamaq” ilə bağlı mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün aşağıdakı məzmunda saziş imzalamışdır: “1. Tərəflər: İbadov X1 Nərmin Zülfü qızı ilə birgə nikahdan doğulmuş X7 ilə atanın ayda iki dəfə həftə sonu və yaxud Bayram günlərinə düşərsə səhər sat 10:00-dan axşam 18:00-a kimi görüş saatlarını Barışıq sazişinə əsasən razılığa gəldilər.
2. Birinci tərəf: Ərizəçi övladı X7 (ş/v;AA5490350;FİN;8HJPPL9;d/t;xx.xx.2018) ayda iki dəfə həftə sonu və yaxud Bayram günlərinə düşərsə səhər saat 10:00-dan axşam 18:00-a kimi görüşüb vaxtında geri sağ-salamat anaya qaytarmasına və ananın haqqında uşaqla söhbət aparmamaq barədə öz üzərinə öhdəlik götürdü və söz verdi. Qeyd: Əgər mən özüm qızım Nilufərə anası haqda xoşa gəlməz sözlərlə söhbətlər etsəm görüşün pozulmasına etirazım olmayacaq.
3. İkinci tərəf: Maraqlı şəxs övladı ilə ata Ərizəçi haqda xoşa gəlməz sözlər danışmamasına və ata ilə qızın görüşməsinə maneçilik törətməyəcəyi üçün öz üzərinə öhdəlik götürdü.
4. Bununla da tərəflər Barışıq sazişində yazılanları oxudular, dinlədilər və imza atmağa razılaşdılar. Tərəflər Gələcəkdə bir-birilərinə verdikləri sözlərə görə məsuliyyətsizlik edərlərsə öz üzərlərinə götürdüklər öhdəlikləri yerinə yetirməsələr tərəf-tərəfi məhkəməyə verə bilər.” Barışıq sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(077)- 338/21 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh X5 qarşı “nikahın pozulması və uşağın onun himayəsində saxlanılması tələbinə dair" iddiası təmin edilərək, tərəflər arasında xx.xx.2010-cu il tarixdə Gəncə nikah evində bağlanmış və 278 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X6 atası Ərizəçi və xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanılması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin: 305.1.7-ci maddəsinə əsasən məhkəmə, xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar olmadığına görə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00389 saylı Barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesinin nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00389 saylı Barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.