Məhkəmə qərarları › İş №2(078)-1076/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1076/2025

18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1076/2025 18.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi doğum qeydə alınması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: doğumun qeydə alınması faktının müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı doğum qeydə alınması faktının müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə mürаciət edərək, mərhum anası X4 xx.xx.1947-ci ildə Naxçıvan şəhərində doğulması faktının müəyyən edilməsi, doğum akt qeydində ata qrafasında atasının X13, ana qrafasında anasının Tağıyeva Surə M.Əli qızı qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra ərizəçi tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci ildə Naxçıvan şəhərində doğulmuş X4 doğumunun qeydə alınması faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində ata qrafasında atasının X13, ana qrafasında anasının Tağıyeva Surə M.Əli qızı qeyd edilməsi tələbi çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X6 xx.xx.1947-ci ildə Naxçıvan şəhərində doğulmuş, atasının adı X13, anasının adı isə Tağıyeva Surə M.Əli qızı olmuşdur. Təəssüf ki, mərhum anası doğularkən hansı səbəbdənsə ona doğum haqqında şəhadətnamə əldə edilməmişdir. Mərhum anasına doğum haqqında şəhadətnamənin verilib-verilməməsi barədə Naxçıvan MR Dövlət Arxivinə müraciət etsə də, ona adıçəkilən dövlət qurumundan xx.xx.2025-ci il tarixli 3-48-NDA/2-2-h-946-6/2025 saylı məktublarla cavab verilmişdir ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Sovetabad kəndi üzrə 1947-ci ilə dair doğum haqqında akt qeydləri kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X4 1947-ci ildə anadan olması haqqında məlumat mövcud deyil. Həmçinin Naxçıvan şəhəri üzrə 1936-1947-ci illərə dair bərpa kitabları və 1937-1947-ci illərə dair doğum haqqında akt qeydləri kitablarına da baxılıb, lakin mərhumun göstərilən illərə dair anadan olması haqqında məlumata rast gəlinməyib.

4. Eyni zamanda mərhum anasına doğum haqqında şəhadətnamə əldə edilməsi üçün Naxçıvan şəhər Nikah evinə müraciət etsə də, ona adıçəkilən dövlət qurumundan xx.xx.2025-ci il tarixli 3-16-5\8- 11-637/2025 saylı məktubla cavab verilmişdir ki, Naxçıvan şəhər Nikah evinin arxivində akt qeydləri kitabı 1948-ci ildən saxlanılır. Doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. X1 aid məlumatlar "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlanılarkən vətəndaşın xx.xx.1947-ci ildə doğulduğu müəyyən edilmişdir. Lakin doğum haqqında akt qeydi aşkar edilməmiş, ona izah olunmuşdur ki, doğum akt qeydinin bərpası üçün müvafiq məhkəməyə müraciət edə bilər.

5. Qeyd edir ki, hazırki vaxtda isə vərəsəlik işləri ilə əlaqədar sənədləşmə aparılarkən mərhum anasına aid doğum haqqında şəhadətnamə lazım olmuş və nəticədə onun verilmədiyi məlum olmuşdur. Həmin sənədin başqa bir yolla əldə edilməsi mümkünsüzlüyü səbəbindən doğum faktının müəyyən edilməsi və yeni şəhadətnamənin alınması üçün məһkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Hesab edir ki, ərizəsində göstərilənləri nəzərə almaqla əsaslı olması səbəbindən ərizəsi təmin edilməli və ona yeni doğum haqqında şəhadətnamə verilməlidir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Ərizəçi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddənin İ hissəsinə, Ailə Məcəlləsinin 158.1, 158.2, 159.2, 168.1-ci maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2, 1.4, 4-cü bəndlərinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında, anası vəfat etdiyindən evi öz adına keçirmək ist’diyini, lakin bunun üçün anasının doğum haqqında şəhadətnaməsinin lazım olduğunu, Babək rayonu və Naxçıvan şəhər Nikah evinə, daha sonra arxivə getdikdən sonra anasının doğum haqqında şəhadətnaməsinin olmadığını, özünün isə məcbur qalıb məhkəməyə müraciət etdiyini, anasının 2024-cü ildə vəfat etdiyini bildirdi. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizələr göndərərək iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.

9. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

10. Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 628092 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1969-cu il tarixində 13b nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X18, anasının X8 olduğu qeyd olunmuşdur.

11. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 01 iyun 2022-ci il tarixli, inventar nömrəsi 8470, reyestr nömrəsi **********59-10301 olan Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, 49-cu məhəllə, ev 8 ünvanında olan fərdi yaşayış evinin hüquq subyekti X6 qeyd olunmuşdur.

12. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Hüququ rəsmiləşdirilən şəxs-X6, Daşınmaz əmlakın növü-fərdi yaşayış evi, Daşınmaz əmlakın ünvanı(olduğu yer)- ünvan 1i, Daşınmaz əmlakın üzərində hüququn növü- Mülkiyyət, Daşınmaz əmlakın ümumi sahəsi(kvadratmetrlə)-146.79, Torpaq sahəsinin mülkiyyət növü- Xüsusi, Torpaq sahəsi üzərində hüququn növü- Mülkiyyət, Torpaq sahəsinin kateqoriyası- Yaşayış məntəqələrinin torpaqları, Torpaq sahəsinin (ölçüsü, hektarla)-0.06, Daşınmaz əmlakın reyestr nömrəsi **********59-10301 qeyd olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9295 nömrəli vərəqində qeydiyyata alındığı qeyd olunmuşdur.

13. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İİ seriyalı 672719 nömrəli, xx.xx.2024-cü il tarixli Ölüm haqqında Şəhadətnamənin Notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2024-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. Ölüm haqqında xx.xx.2024-cü ildə 129 nömrəli akt qeydi tərtib edilmişdir.

14. Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 05/09İS/059256-25 nömrəli Arayışdan görünür ki, X6 xx.xx.1947-ci ildə Babək rayonu, Xətai kəndində dünyaya gəlmişdir, X14 xx.xx.1963-cü il təvəllüdlü, (vəfat edib), Ərizəçi xx.xx.1966-cı il təvəlüdlü və X15 xx.xx.1968-ci il təvəllüdü övladları dünyaya gəlmişdir X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

15. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 3- 48-NDA/2-2-H-946-6/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin Sovetabad kəndi üzrə 1947-ci ilə dair doğum haqqında akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X4 1947-ci ildə anadan olması haqqında məlumat mövcud deyil. Həmçinin, Naxçıvan şəhəri üzrə 1936-1947-ci illərə dair bərpa kitabları və 1937-1947-ci illərə dair doğum haqqında akt qeydi kitablarına da baxılıb, lakin mərhumun göstərilən ildə anadan olması haqqında məlumata rast gəlinmədiyi bildirilmişdir.

16. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 3- 48-NDA/2-2-H-11xx-xx/2025 nömrəli Arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Sovetabad kəndinin 1963-1965-ci illərə dair 9 №-li təsərrüfatbaşına kitabında mərhum X13 ailə başçısı olmaqla, arvadı- Tağıyeva Surə M.Əli qızı (1914-cü il), qızı- X9(1937-ci il), oğlu- X16(1939-cu il), X18(1943-cü il), qızı- X10(1947-ci il) adlı ailə üzvləri qeyd edilmişdir.

17. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, xx/xx-1085 nömrəli məktubdan görünür ki, X6 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

18. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-637/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri 49-cu məhəllə, ev 8 ünvanında yaşayan Ərizəçi ünvanlanmış məktubda X4 doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında xx.xx.2025-ci il tarixli ərizəyə baxılmış, X4 xx.xx.1947-ci ildə doğulduğu müəyyən edilmiş, lakin doğum haqqında akt qeydi aşkar edilməmişdir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməsi bildirilmişdir.

19. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X17 izahatında bir sinifdə oxuduqlarını, Ruqiyyənin ailəsini tanıdığını, qardaşlarının Şəmil və İbrahim olduğunu, ili tam xatırlamadığını, lakin Sovetabad məktəbinə getdiklərini, özünün 1947-ci ildə anadan olduğunu, buna görə də Ruqiyyənin də 1947-ci ildə anadan olduğunu hesab etdiyini, çünki bir sinifdə oxuduqlarını, həmçinin də bir məhəllədə yaşadıqlarını bildirdi.

20. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X3 izahatında, Ruqiyyə xanımı tanıdığını, Sovetabadda nənəsigillə qonşu olduqlarını, nənəsigildə qaldığı zamanlar birlikdə oyun oynadıqlarını, özünün 1953-cü ildə, Ruqiyyənin isə ondan 5-6 yaş böyük olduğunu, özünün Kolanı kəndində məktəbə getdiyini, məktəb tətillərində, bəzən digər vaxtlarda da gəlib nənəsigildə qaldığını, ona görə də tanıdığını bildirdi.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

21. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

22. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

23. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

24. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

25. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

26. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

27. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

28. Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

29. Maddə 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:

30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

31. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

32. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

33. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

34. Həmin qərarın 4.2-ci bəndində qeyd olunmuşdur ki,Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.

41. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

42. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

43. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

44. Maddə 311 Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin mövqeyi:

45. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.

46. Məhkəmə ilk növbədə qeyd edir ki, doğum akt qeydinin bərpası hər bir vətəndaş üçün hüquqi və sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu proses təkcə şəxsin şəxsiyyətinin təsdiqlənməsi üçün deyil, həm də bir çox hüquqi, sosial və iqtisadi hüquqlardan istifadə etmək üçün zəruridir.

47. Məhkəmə tərəfindən işin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Naxçıvan şəhəri, 49-cu məhəllə, ev 8 ünvanında yerləşən daşınmaz əmlak X4 xüsusi mülkiyyətində olmuş, mülkiyyətçi xx.xx.2024-cü ildə Naxçıvan şəhərində vəfat etdiyindən və onun doğum haqqında şəhadətnaməsi olmadığından həmin əmlakın vərəsəlik qaydasında vərəsələrinə keçməsi mümkün olmamışdır. Vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda vətəndaşın xx.xx.1947-ci il tarixində doğulduğu müəyyən edilsə də, doğum akt qeydi aşkar edilməmişdir.

48. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün olmamışdır.

49. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1947-ci ildə Naxçıvan şəhərində doğulmuş X4 doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi bərpa edilməli, doğum akt qeydində atası qrafasında atasının X13, anası qrafasında anasının Tağıyeva Surə M.Əli qızının olması faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.

50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

51. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.

52. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

54. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1947-ci ildə Naxçıvan şəhərində doğulmuş X4 doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi bərpa edilsin, doğum akt qeydində atası qrafasında atası X13, anası qrafasında anası Tağıyeva Surə M.Əli qızı qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar