Məhkəmə qərarları › İş №2(078)-1131/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1131/2025

29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1131/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 06 noyabr 1986-cı il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X8 02 iyun 1979-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. O vaxtı onlar ünvan 1 ünvanında yaşayırdılar. Qardaşı doğulandan bir müddət sonra onda ürək çatışmamazlığı xəstəliyi aşkar olunmuşdu. Onu Azərbaycanda müxtəlif xətəxanalarda həkimlərə göstərdilər, müalicə üçün Rusiyaya aparmışdılar. Lakin müalicələrin heç bir xeyri olmurdu. Xəstəliyinə görə qardaşında artıq çəki əmələ gəlmişdi. Səhhətində olan problemlərə görə çətinliklə hərəkət edirdi. Xəstəliyinə görə məktəbə gedə bilmirdi. Bütün səylərə baxmayaraq müalicələrin xeyri olmadı və 06 noyabr 1986-cı il tarixdə qardaşı X8 vəfat etdi. Onu Naxçıvan şəhər qəbirstanlığında dəfn etdilər. Binalarının qarşısında çadır qurub yasını orada saxladılar. Qardaşı vəfat edəndə ailəsində heç kim ona ölüm haqqında şəhadətnamə almaq barədə düşünməmişdi. Gələcəkdə şəhadətnamənin lazım olacağını bilmirdilər. Atası X1 dövlət tərəfindən verilmiş özəlləşmə çeklərini bir müəssisəyə qoyub onun adına orada müəyyən qədər (hardasa 1000-2000 manat arası) pul yığılıb. Həmin pulu götürmək istəyirlər. Buna görə isə 02 iyun 1979-cu ildə doğulmuş qardaşı X3 ölüm haqqında şəhadətnaməsi onlardan tələb olunur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün o müxtəlif sənədlər toplayıb Naxçıvan şəhər Nikah evinə göndərib şəhadətnamənin verilməsini xahiş etsə də orada şəhadətnamənin verilməsindən imtina edilərək, müvafiq məhkəməyə müraciət etməyi bildirilmişdi. Bu səbəbdən də qardaşı X3 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi vəkili və nümayəndəsi Vəkil izahatında ərizədə qeyd olunanları bildirərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində uşağın bacısının oğlu olduğunu, ürək xəstəsi olduğunu, bu səbəbdən vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bu ailəni tanıdığını, qonşuları olduğunu, uşağın vəfat etməsini xatırladığını, Pirqəmiş məscidinin yanındakı ara küçədəki məhlədə çadır qurub yas keçirdiklərini bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətiniə əsasən bildirirlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 xx.xx.1986-cı ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş xx.xx.1980-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1980-cı ildə anadan olmuşdur. X2, anası X6r. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışa əsasən X8 xx.xx.1979-cu ildə anadan olmuşdur. X2, anası X6r. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli çıxarışına əsasən X5 və X7 nikahları xx.xx.1998-ci il tarixdə bağlanılmışdır. Nikahdan sonra qadının soyadı Həsənova Kişinin soyadı Həsənova olmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara dəfn xidməti bürosunun xx.xx.2025-ci il tarixli 154 nömrəli arayışında bildirilir ki, mərhum X8 1986-cı ildə Naxçıvan Şəhər qəbiristanlığında dəfn olunub. Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubunda Ərizəçi xx.xx.2025-ci il tarixdə müraciətinə əsasən bildirilir ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin VVAQ şöbəsinin arayışına əsasən, X8 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Naxçıvan şəhər Nikah evi üzrə 1986-1991-ci ilədək olan dövr üzrə ölüm haqqında ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti akları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər 4 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 471 nömrəli arayışından aydın olur ki, Həsənova X4 şəhəri, Çənlibel küçəsi, ev 28, mənzil 48 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarına qəbirin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X3 06 noyabr 1986-cı il tarixdə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X3 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 06 noyabr 1986-cı il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar