Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1194/2025 17.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Şərur rayonu, yeni Havuş kəndində yaşamış mərhum qızı X2 22 noyabr 1996-cı il tarixdə Şərur rayonu, yeni Havuş kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni əsaslandıraraq qeyd etmişdir ki, mərhum X6 onun qızıdır. O 22 oktyabr 1995-ci il tarixdə doğulmuş və 22 noyabr 1996-cı il tarixdə Şərur rayonu, Yeni Havuş kəndində vəfat etmişdir. X1 qəbristanlığında dəfn olunmuşdur. O dəfn olunan zaman uşaq olduğundan və bugünədək xeyli müddət keçdiyindən onun dəfn olunduğu Yeni Havuş kənd qəbristanlığında qəbir yeri itmişdir və bu səbəbdən də qəbir baş daşının fotosunu çəkib ərizəyə əlavə etmək mümkün olmamışdır. O, mərhum qızı X2 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. O, haliyədə həyat yoldaşına mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanındakı mənzilin satılması ilə bağlı ailə tərkibi haqqında arayışda onun adı qeyd olunduğundan mərhum qızı X2 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də qızının ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O, qızı X2 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon Qeydiyyat şöbəsinin 07 avqust 2025-ci il tarixli arayışına əsasən X2 1996-2025-ci illər üzrə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 07 avqust 2025-ci il tarixədək yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Arxiv Bölməsinin 07 avqust 2025-ci il tarixli arayışına əsasən 22 oktyabr 1995-ci il təvəllüdlü X2 “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 07 avqust 2025-ci il tarixədək yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur rayon Qeydiyyat şöbəsinin 08 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-434/2025 nömrəli imtina məktubuna əsasən ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnaməyə və ya məhkəmə qətnaməsi əsasında verildiyini, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən məhkəməyə müraciət olunması bildirilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Şərur regional X16 hüquqi şəxsin 08 avqust 2025-ci il tarixli arayışında X2 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi İsayə Seyidova 19 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2025-ci il tarixdə saat 09:10-a təyin olunan məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən, iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında qızı X2 22 oktyabr 1995-ci il tarixdə doğulduğunu, 1 yaşı olarkən 22 noyabr 1996-cı il tarixində vəfat etdiyini, evdə halının pisləşdiyini, kənd xəstəxanasına apardıqlarını, həkimin heç nə edə bilməyəcəyini dediyini, qızının ölümünü qeydə aldırdıqlarını bildiklərini, bir neçə ay bundan əvvəl ölümü qeydə aldırmadıqlarını öyrəndiklərini, belə ki, qeydiyyat şöbəsindən alınmış ailə tərkibi haqqında arayışda X2 da sağ kimi göründüyünü, onun ölüm faktının təsdiq edilməsini istədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində ərizəçinin özünün qaynı olduğunu, Ərizəçi uşağının olduğunu, 1 il sonra vəfat etdiyini, valideynlərinin baş sağlığına getdiklərini, uşağın Şərur rayonu, Yeni Havuş kəndində dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində ərizəçinin bacısının yoldaşı olduğunu, onun 22 oktyabr 1995-ci il tarixdə X6 adlı uşağı doğulduğunu, 22 noyabr 1996-cı il tarixdə isə vəfat etdiyini, günorta saatlarında da dəfn edildiyini, özünün dəfndə iştirak etdiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-434/2025 nömrəli məktubdan görünür ki, Şərur rayon Qeydiyyat şöbəsinə vətəndaş Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.1995-ci il təvəllüdlü X2 ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2 maddəsinə əsasən ölüm haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilə bilər. Göstərilənlərə əsasən aidiyyəti üzrə rayon Məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci ildə Şərur rayon Yeni Havuş kəndində anadan olmuş X6 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr şöbəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, Şərur rayon Yeni Havuş kəndində xx.xx.1995-ci ildə doğulmuş X2 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir ölüm akt qeydi müəyyən edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Şərur Regional X16 Hüquqi Şəxsi tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.1995-ci il təvəllüdlü qızı X2 xx.xx.1996-cı il tarixdə ölümü ilə bağlı X18 Mərkəzindən tibbi şəhadətnamə verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş 08 avqust 2025-ci il tarixli, 123 nömrəli arxiv arayışından görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Havuş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfat başına kitabında Yeni Havuş kənd sakini X7 ailə başçısı olmaqla oğlu X8 və qızı X3 ibarət ailə üzvləri arxiv sənədlərində qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi və X5 birgə nikahlarından 22 oktyabr 1995-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum qızı 22 oktyabr 1995-ci il tarixdə doğulmuş X2 22 noyabr 1996-cı il tarixdə Şərur rayonu, Yeni Havuş kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -22 oktyabr 1995-ci il tarixdə doğulmuş X2 22 noyabr 1996-cı il tarixdə Şərur rayonu, Yeni Havuş kəndində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 22 oktyabr 1995-ci il tarixdə doğulmuş X2 22 noyabr 1996-cı il tarixdə Şərur rayonu, Yeni Havuş kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1194/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1194/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver