Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1196/2025 06.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: ölüm faktının müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktının müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X5 xx.xx.1993-cü il tarixdə Naxçıvan şəhər Qaraxanbəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X9 ilə birgə nikahlarından oğlu xx.xx.1991-ci təvəllüdlü X10 doğulmuşdur. 28 mart 1993-cü ildə oğlu Nihad Qaraxanbəyli kəndində su kanalına düşərək boğularaq rəhmətə getmiş və Qaraxanbəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Təəssüf ki, həmin vaxtı hansı səbəbdənsə oğlu, X10 üçün ölüm haqqında şəhadətnamə əldə etməmişlər.
3. Qeyd edir ki, mərhum oğlunun ölümünə dair şəhadətnamə əldə edilməsi üçün Naxçıvan şəhər Nikah evinə müraciət etsə də, ona adıçəkilən dövlət qurumundan verilən xx.xx.2025-ci il tarixli 3-28-34-3/2-C-22-xx-xx/2025 saylı məktubun məzmunundan görünür ki, mərhumun ölümünə dair tibbi şəhadətnamə olmadığı üçün ölümə dair şəhadətnamə verilə bilmir və bu faktın təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməlidir. Eyni zamanda mərhum oğlunun ölümünə dair tibbi şəhadətnamə əldə edilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikasına müraciət etsə də, ona poliklinika tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-28-34-3\2-C-22-xxxx/2025 saylı məktubla cavab verilmişdir ki, mərhum X5 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası PHŞ-də məlumat yoxdur.
4. Məhz bu səbəbdən də mərhum oğlu X5 xx.xx.1993-cü il tarixdə, Qaraxanbəyli kəndində ölməsi faktının müəyyən edilməsi zərurət yaranmışdır.
5. Qeyd edir ki, mərhum oğlunun ölümünə dair şəhadətnamənin verilməsi onun mülkiyyətlə bağlı notariatda vərəsəlik işlərinin aparılması, miras əmlakın rəsmiləşdirilməsi işləri üçün zəruridir.
6. Ərizəçi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Ailə Məcəlləsinin 159.1 və 193-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, ərizəni müdafiə etmiş və bildirmişdir ki, oğlu 1991-ci il tarixdə anadan olmuşdur. 28 mart 1993-cü il tarixdə su kanalına düşərək boğulmuşdur. Oğlunu özünün gedib çıxardığını bildirmişdir. Narahat olduğundan təcili tibbi yardımın çağırılıb-çağrılmadığını tam xatırlamır. Amma xatırladığı qədəri ilə təcili tibbi yardım aparmışdır. Lakin orada da axtarışda çıxmamışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Maraqlı şəxs Naxçıvan şəhər Nikah evi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
10. İş materiallarında olan Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X9 ilə X6 xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir.
11. İş materiallarında olan, Naxçıvan “ASAN” xidmət mərkəzinin qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinin sürətinə əsasən, X9 xx.xx.2024cü ildə vəfat etmişdir.
12. İş materiallarında olan, Naxçıvan şəhər Nikah evi tərəfindən Qaraxanbəyli kəndində yaşayan Ərizəçi ünvanlanmış, xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-601/2025 nömrəli məktubdan görünür ki, X5 xx.xx.1993-cü ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur.
13. İş materiallarında olan, Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 05/09İS/070110-25 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1991-ci ildə doğumuşdur.
14. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, xx/xx-1004 nömrəli məktubdan görünür ki, X10 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
15. İş materiallarında olan, Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 475395 nömrəli çıxarışdan görünür ki, X10, xx.xx.1991-ci il tarixdə, Babək rayon, Qaraxanbəyli kəndində anadan olmuş, bu barədə doğum kitabında xx.xx.1991-ci il tarixdə 53 nömrə ilə qeydiyyat aparılmış, atası X9 və anası Ərizəçi qeyd olunmuşdur.
16. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 3-28-34-3/2-C-22-xx-xx/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X5 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur.
17. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 3-48-MAA/2-2-C-13xx-xx/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən Naxçıvan şəhər Qaraxanbəyli kənd sakini Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası X3 Şöbəsinin 1993-cü ilə dair sənədlərində mərhum X5 adına rast gəlinməmişdir .Naxçıvan Muxtar Respublika X1, Travmatologiya şöbələrinin 1993-cü ilə dair sənədlərində də vəfat etməsi barədə hər hansi bir məlumata rast gəlinməmişdir.
18. İş materiallarında olan, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 646 nömrəli, arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, mərhum X2 MR, Naxçıvan şəhər Qaraxanbəyli kəndində anadan olmuş, 1993-cü ilin mart ayında vəfat etmiş və Qaraxanbəyli qəbristanlığında dəfn olunmuşdur.
19. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X7 izahatında, 1993-cü ilin mart ayının 29-u və ya 30-u uşağın qırmızı jaket geyinərək həyətdə oynadığını, ailənin heyvanları olduğuna görə başları ona baxmağa qarışdığını, birdən qonşudan kiminsə çığıraraq bu uşaq kimdir boğulmuşdur dediyini, təcili tibbi yardım gəldiyini amma maşında uşağın boğulmaqdan yox qorxudan öldüyünü dediklərini, təcili tibbi yardımı kimin çağırdığın yadında olmadığını bildirdi.
20. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X11 izahatında, hadisə vaxtı işdən yeni gəldiyini, anasının-qardaşının həyətdə olduğunu, uşağın həyətdə oyun oynadığını, həyətdən kanal getdiyini amma kanalda su az olduğunu, sadəcə gölməçələr volduğunu, mal-heyvana baş qarışdığını, birdən uşağın olmadığını gördüklərini və axtarmağa başladıqlarını, səsə qonşuların da gəldiyini, birdən kanalda paltar gördüklərini, həkimə aparan zaman, həkim uşağın boğulmadan yox qorxudan öldüyünü dediklərini, hətta qonşulardan kiminsə uşağa süni nəfəs verdiyini, lakin xeyri olmadığını bildirdi.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
21. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.
22. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.
24. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
25. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
26. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
27. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
28. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən
29. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:
30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
31. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
32. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
33. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
34. Həmin qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.
41. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
42. Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.
43. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
44. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
45. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi:
46. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.
47. Məhkəmə ilk növbədə qeyd edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir.
48. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu X10 xx.xx.1993-cü il tarixində Naxçıvan şəhər Qaraxanbəyli kəndində vəfat etmişdir. Bu fakt şahid ifadələrivə digər iş materialları ilə təsdiq olunur.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin oğlu X5 xx.xx.1993-cü il tarixində Naxçıvan şəhər Qaraxanbəyli kəndinə ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.
50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
52. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
54. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. X5 xx.xx.1993-cü il tarixdə Naxçıvan şəhər Qaraxanəyli kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Aslan Heydarov