Məhkəmə qərarları › İş №2(078)-1205/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1205/2025

20.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1205/2025 20.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 23 may 2025-ci il tarixli, MŞB/18/2025-00345 saylı "Barışıq Sazişi"nin 1-ci bəndinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, məhkəmədən əvvəl 18 saylı Mediasiya təşkilatına müraciət etmiş, aralarında olan mübahisəni mediator vasitəsi ilə həll etmişlər. Belə ki, aralarında 23 may 2025-ci il tarixli MŞB/18/2025-00345 saylı Barışıq Sazişi bağlanmış, həmin Sazişə əsasən aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. 1. Tərəflər razılığa gəlmişlər ki: İİ Tərəf Maraqlı şəxs öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-ci məhəllə, 10 D saylı evin 180 saylı mənzilini (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, giriş 50, M11, m1) İ Tərəf olan Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 bağışlamağı öhdəsinə götürür. 2. İİ Tərəf bağışlama müqaviləsini notariat orqanında rəsmiləşdirmək üçün bu saziş bağlandığı gündən 1 ay ərzində notariat orqanına müraciət etməyi öhdəsinə götürür. 3. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya sazişini (400 manat) İİ Tərəf ödəyir. 3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. 8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır. 13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlər götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu ha istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 17. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə:

18. bu məlumatlanın açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə, 19. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 20. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 21. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir. 22. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 23. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 24. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

25. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. 26. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 27. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 28. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. 29. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və ərizəçinin vəkil və nümayəndəsi Vəkil mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi və ərizəçinin vəkil və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmiş, lakin 20 avqust 2025-ci il tarixdə ərizəçinin vəkil və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək Gəncə Kommersiya Məhkəməsində baxılan kommersiya işində iştirakı ilə əlaqədar olaraq təyin olunmuş hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirib barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin vəkil və nümayəndəsi Vəkil məhkəməyə göndərdiyi ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Ərizəçi və ərizəçinin vəkil və nümayəndəsi Vəkil iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Maraqlı şəxs iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunun işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarında olan 23 may 2025-ci il tarixli, MŞB/18/2025-00345 saylı barışıq sazişindən Ərizəçi ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X3 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən İİ tərəf Maraqlı şəxs öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-ci məhəllə, 10 D saylı evin 180 saylı mənzilini (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, giriş 50, M11, m1) İ Tərəf olan Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 bağışlamağı öhdəsinə götürməsi, İİ Tərəfin bağışlama müqaviləsini notariat orqanında rəsmiləşdirmək üçün bu saziş bağlandığı gündən 1 ay ərzində notariat orqanına müraciət etməyi öhdəsinə götürməsi aydın olur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanunazidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində onun icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 23 may 2025-ci il tarixli, MŞB/18/2025-00345 saylı barışıq sazişi təsdiq edilməli, 23 may 2025-ci il tarixli, MŞB/18/2025-00345 saylı barışıq sazişi əsasında Maraqlı şəxs öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-ci məhəllə, 10 D saylı evin 180 saylı mənzilini (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, giriş 50, M11, m1) Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 bağışlamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; - Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 23 may 2025-ci il tarixli, MŞB/18/2025-00345 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməli: - İİ Tərəf Maraqlı şəxs öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-ci məhəllə, 10 D saylı evin 180 saylı mənzilini (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, giriş 50, M11, m1) Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 bağışlamağı öhdəsinə götürür; - İİ Tərəfin bağışlama müqaviləsini notariat orqanında rəsmiləşdirmək üçün bu saziş bağlandığı gündən 1 ay ərzində notariat orqanına müraciət etməyi öhdəsinə götürür; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 23 may 2025-ci il tarixli, MŞB/18/2025-00345 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İİ Tərəf Maraqlı şəxs öz mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1131-ci məhəllə, 10 D saylı evin 180 saylı mənzilini (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, giriş 50, M11, m1) Ərizəçi ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 bağışlamağı öhdəsinə götürür; - İİ Tərəfin bağışlama müqaviləsini notariat orqanında rəsmiləşdirmək üçün bu saziş bağlandığı gündən 1 ay ərzində notariat orqanına müraciət etməyi öhdəsinə götürür. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar