Məhkəmə qərarları › İş №2(078)-1241/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1241/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1241/2025 02.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X4 19 mart 1969-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının (ölüm faktının) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni əsaslandıraraq qeyd etmişdir ki, mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında sənədləşdirərək öz adına miras əmlakı qəbul etmək və daşınmaz əmlakı öz adına qeydiyyata aldırmaq istəyir. Lakin vərəsələrdən mərhum qardaşı X6 1953-cü ildə anadan olmuş və xx.xx.1969-cu ildə vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Lakin qardaşına ölüm haqqında şəhadətnamə verilməmiş və məlumata görə onun ölümü müvafiq reyestrdə qeydiyyata alınmamışdır. Bu ölüm sənədi isə qeyd olunan vərəsəlik işinin aparılması və həll olunması üçün hüquqi əhəmiyyətə malikdir və vacibdir. Həmin şəxs barədə müvafiq sorğular verilmiş və sənədlər toplanılmışdır. Bunun üçün də Naxçıvan Şəhər Nikah Evinə də yazılı ərizə ilə müraciət olunmuş, həmin qurumun rəsmi cavab məktubunda məhkəməyə müraciət olunması qeyd edilmişdir. Həmin şəxs Naxçıvan Şəhər Qəbiristanlığında dəfn olunmuş, lakin ölüm müvafiq qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunduğu kimi miras əmlakın talehinin həll olunması üçün qeyd edilən şəxsin ölümünü təsdiq edən hüquqmüəyyənedici sənəd tələb olunur. Bunun üçün də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(078)-1241/2025 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi maraqlı şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi İsayə Seyidova 23 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən, iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında qardaşının Sisian tərəfdən gələrkən qar uçqununun altında qaldığını, vəfat etdiyini, onun ölümünün qeydə alınmadığını, atasından miras əmlak qaldığını, onu adına sənədləşdirmək istədiyini, qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşdirə bilmədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində ərizəçinin onun bibisinin oğlu olduğunu, X4 1969-cu ildə dağda qar uçqununun altında qaldığını, vəfat etdiyini, qohumları evlərinə qoymağa getdiyini, qayıdanda qar uçqunu olduğunu, onun altında qalıb öldüyünü, özünün həmin vaxt 10 yaşı olduğunu, ancaq yasını xatırladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində X4 qar uçqununun altında qalıb öldüyünü, özünün həmin vaxt uşaq olduğunu, qəbrinin şəhər qəbiristanlığında olduğunu bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-736/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatının aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X4 xx.xx.1968-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X4 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Naxçıvan şəhər Nikah evi üzrə 1968-2025-ci ilədək olan dövr üzrə ölüm haqqında ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti akları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr şöbəsi tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhərində xx.xx.1953-cü ildə doğulmuş X4 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir ölüm akt qeydi müəyyən edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli məktubdan görünür ki, X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli, 204 nömrəli arayışdan görünür ki, X6 1969-cu il tarixdə Naxçıvan şəhər Qəbiristanlığında dəfn olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1000 nömrəli arayışdan görünür ki, Hüseynov X7 şəhəri, Sabir, ev 110 ünvanında qeydiyyatdadır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X6 1953- 1969” yazıları qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum qardaşı 1953-cü ildə doğulmuş X4 19 mart 1969-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -1953-cü ildə doğulmuş X4 19 mart 1969-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1953-cü ildə doğulmuş X4 19 mart 1969-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar