Məhkəmə qərarları › İş №2(078)-1242/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1242/2025

20.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1242/2025 20.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: ölüm faktının müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X36 iclas kаtibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktının müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 14 mart 1987-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X17 ilə xx.xx.1974-cü il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçmişdir. X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən evi öz adına keçirtmək istəyir ancaq məhkəmə sənədlərinin tam olmadığı bildirilmişdir. Onlar yoldaşının valideynlərinin də ölüm kağızının olmasını tələb edirlər. X2 ölüm akt qeydləri kitabından çıxarışı verilmişdir. Anası İsmayılova (Səfərova) Lətifə Zeynalabdin qızı barəsində məlumat tapılmamışdır. Naxçıvan şəhər Nikah evinə müraciət etmiş, onlar xx.xx.2025-ci il tarixli 855 nömrəli arayışa əsasən ölüm haqqında akt qeydi aşkar olunmadığını bildirmişdir. Notariat qeydiyyat reyestr şöbəsinə müraciətində də xx.xx.2025-ci il tarixli 31 nömrəli arayışa əsasən heç bir ölüm akt qeydi müəyyən olunmamışdır. Daha sonra Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasına müraciətinə 10 iyun 2025-ci il 3-28-34-3/2-İ-14-31-3/2025 nömrəli arayışa əsasən qayınanası X8 adına ölüm haqqında tibbi şəhadətnamə mövcud deyildir. 10 iyun 2025-ci il tarixli 3-16-5/8-15-515/2025 nömrəli Ədliyyə Nazirliyinin arayışında bildirilmişdir ki, X14 barəsində heç bir məlumat olmadığına görə ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməlidir.

3. ünvan 1 ünvanında yerləşən evi sənədləşdirməyi üçün, X8 ölüm akt qeydinin olmamağı maneələr törətdiyinə görə, həmçinin habelə ölüm haqqında şəhadətnaməni məhkəmədən kənar əldə etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq ölümün qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi iddia tələbinin hüquqi əsası kimi "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, ərizəni müdafiə etmişdir. 1988-ci il tarixdə qaynanası insult keçirmiş və anidən vəfat etmişdir. Həkim də çağırılmış, yüksək təzyiqdən vəfat etdiyini bildirmişdir. Lakin sonra xəstəxanaya aparılmamışdır. Vəfat etdiyi günün səhəri dəfn olunmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Maraqlı şəxs Naxçıvan şəhər Nikah evi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

8. İş materiallarında olan AZ-İİ 515198 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X20 ilə X23 xx.xx.1974-cü il tarixdə Naxçıvan Şəhər Nikah evində rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və bu nikah 117 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

9. İş materiallarında olan, 22 iyul 2025-ci il tarixli, 676303 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 25 fevral 2025-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında 05 mart 2025-ci tarixdə 22 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

10. İş materiallarında olan, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsinin 22 may 2025-ci il tarixli, 7365 nömrəli Arayışından görünür ki, Naxçıvan şəhəri, H.Əliyev 31-14 ünvanında yaşamış, xx.xx.2025-ci il tarixdə vəfat etmiş mərhum X15 Ərizəçi, X27, X28 və X29 adlı vərəsələri vardır.

11. İş materiallarında olan, Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş, 23 may 2025-ci il tarixli, 1-1-1-1 saylı çıxarışdan görünür ki, X18 xx.xx.2002-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və ölüm haqqında akt qeydləri kitabında 23 oktyabr 2002-ci tarixdə 333 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

12. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən 13 avqust 2025-ci il tarixdə, 197 saylı nömrə ilə verilmiş arayışdan məlum olur ki, X12 1987-ci ildə Naxçıvan Şəhər Qəbiristanlığında dəfn olunmuşdur.

13. İş materiallarında olan, 10 iyun 2025-ci il tarixli, 31 saylı Notariat, qeydiyyat və reyestr şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi"nə xx.xx.2025-ci ilə qədər daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir ölüm akt qeydi müəyyən edilməmişdir.

14. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 3-28-34-3/2-İ-14-31-3/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X7 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur.

15. İş materiallarında olan, ünvan 4 ünvanında yaşayan Ərizəçi ünvanlanmış, xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-515/2025 nömrəli məktubdan görünür ki, X7 xx.xx.1987-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur.

16. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 855 nömrəli məktubdan görünür ki, X13 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

17. İş materiallarında olan, 01 iyul 2025-ci il tarixli, 3-48-NOA/2-2-İ-1223-6/2025 nömrəli Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış Arxiv arayışından görünür ki, Naxçıvan şəhəri üzrə 1946-cı ilə dair Nikah haqqında akt qeydi kitabında X19 ilə İsmayılova (Səfərova) Lətifə Zeynalabdin qızının xx.xx.1946-cı ildə, 111 №-li Aktla nikaha daxil olmaları qeyd olunmuşdur.

18. İş materiallarında olan, 01 iyul 2025-ci il tarixli, 3-48-NOA/2-2-İ-1224-6/2025 nömrəli Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış Arxiv arayışından görünür ki, Naxçıvan şəhəri üzrə 1929-cu ilə dair doğum haqqında akt qeydi kitabında mərhum (X11 1929-cu il tarixdə anadan olması qeyd olunmuşdur.

19. İş materiallarında olan, “Elekton notariat” X1 Çıxarışdan görünür ki, X27 xx.xx.2025-ci ildə ölmüş atası X9 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir.

20. İş materiallarında olan, ünvan 8 ünvanında qeydiyyatda olan X4 “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2025-ci il tarixdə Ərizə yazaraq, xx.xx.2025-ci ildə ölmüş atası X9 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən anası Ərizəçi xeyrinə imtina etmişdir.

21. İş materiallarında olan, ünvan 10 ünvanında qeydiyyatda olan X5 “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2025-ci il tarixdə Ərizə yazaraq, xx.xx.2025-ci ildə ölmüş atası X9 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən anası Ərizəçi xeyrinə imtina etmişdir.

22. İş materiallarında olan, Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, 05/09İS/094507-25 nömrəli arayışdan görünür ki, X20, xx.xx.1950-ci il tarixdə, Şahbuz rayonunda anadan olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X16 ailə üzvlərində Ərizəçi həyat yoldaşı, X28, X27 və X29 adlı 3 övladı qeyd olunmuşdur.

23. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev propsekti, bina 34/14-də yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X16 adına reyestr kitabında 15/809 nömrə ilə qeydə alınmışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, İsmayılova Lətifə qaynanasıdır. Birlikdə yaşamışdırlar. 1982-ci ildə ailə həyatı qurmuş və qaynanası ilə 6 il birlikdə yaşamış, sonra vəfat etmişdir. Qan təzyiqi qalxmış və vəfat etmişdir. Təcili tibbi yardım çağırılmışdır. Lakin sonra xəstəxanaya aparılmamışdır. Dəfndə də iştirak etmişdir. Yas mərasimi də evdə olmuşdur.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, İsmayılova Lətifə anasıdır. 1987-ci ildə vəfat etmişdir. Anası vəfat edəndə o başqa ünvanda yaşamışdır. Bacısı zəng etmiş və anasının vəziyyətinin yaxşı olmadığını demişdir. Evə çatanda artıq anası vəfat etmişdir. Həmin vaxt qonşular, Əsmət, Ceyran da orada olmuşdur. Süləddin həkim gəlmiş və vəfat etdiyini demişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

26. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

27. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

28. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

29. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

30. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

31. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

32. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

33. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən

34. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:

35. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

36. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

37. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

38. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

39. Həmin qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.

46. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

47. Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.

48. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

49. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

50. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi:

51. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.

52. Məhkəmə ilk növbədə qeyd edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir.

53. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qaynanası X12 xx.xx.1987-ci il tarixində Naxçıvan şəhərində vəfat etmişdir. Bu faktı şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur.

54. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin qaynanası X12 xx.xx.1987-ci il tarixində Naxçıvan şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.

55. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

56. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.

57. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

59. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. X6 xx.xx.1987-ci il tarixində Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar