Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-140/2024 29.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Əliabad qəsəbəsində yaşamış X5 xx.xx.1985-ci il tarixdə, Əliabad qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum bacısı X17 xx.xx.1963-cü il tarixdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində anadan olmuşdur. Mərhum bacısı xəstəliyi ilə əlaqədar Naxçıvan MR X2 müalicə alırdı. O xx.xx.1985-ci il tarixdə həmin xəstəxanada vəfat etmiş və Əliabad qəbristanlığında dəfn olunmuşdur. Mərhum bacısı X17 rəsmi nikaha daxil olmamışdır. Mərhum bacısı X5 ölüm akt qeydindən çıxarışı almaq üçün Naxçıvan şəhər Nikah Evinə müraciət etmişdir. Lakin ona xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparıldığı və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Naxçıvan şəhəri, Əliabad Bələdiyyəsinin arayışında da qeyd olunmuşdur ki, X17 xx.xx.1985-ci ildə Əliabad qəbirstanlığında dəfn olunmuşdur. Naxçıvan şəhər Nikah evindən mərhum bacısı X5 ölüm akt qeydindən çıxarışı tələb etmişdir. Naxçıvan şəhər Nikah evinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X5 1985-ci il tarixdə öldüyünə dair Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Mərhum bacısı X5 ölüm haqqında şəhadətnaməsini əldə edə bilmədiyindən ölüm faktının təsdiqi üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X17 vəfat edərkən həmin vaxtı müvafiq dövlət orqanlarına müraciət edilməmiş onun ölüm haqqında şəhadətnaməsim alınmamışdır. Bu səbəbdən də ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. O mərhum bacısı X5 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün bacısı X5 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Lakin bacısı X5 ölüm haqqında şəhadətnaməsi olmadığından o hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də mərhum bacısı X5 ölüm faktının məhkəmə qaydasında müəyyən olunması zəruridir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Qeydiyyat Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Naxçıvan Şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında bacısı X5 1984-cü ildə Tibb Universitetini bitirib Naxçıvan şəhərinə qayıtdığını, atasının onu aptekdə işə düzəltdiyini, xalasının ginekoloq Şəfiqə həkim olduğunu, xalasıgilin onu təbrikə gəldiklərini, 1985-ci ilin 10 avqust tarixində bacısının başının çox ağrıdığını dediyini, xalasının onu Yoluxucu xəstəxanasının baş həkiminə apardığını, sonra orada tibb işçisinə təzyiqini ölçməsini dediyini, həmin an orada bacısına iynə vurduqlarını, bacısının iynədən şoka düşdüyünü, həmin gün də elə xəstəxanada öldüyünü, sonra bacısının ölümünə görə başlarının çox qarışdığını, bu səbəbdən ölümü qeydiyyata aldıra bilmədiklərini, onun ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Nailə ilə qonşu olduqlarını, mərhum X9 tanıdığını, təxminən 1985-ci ildə Əzizənin Tibb Universitetini yenicə bitirib Bakı şəhərindən qayıtdığını, onun bir gün yuyunduqdan sonra çöldə oturduğunu, bu səbəbdən onun başına soyuq vurduğunu, xalasının onu həkimə apardığını, həmin gün axşama mərhumun ölüsünü gətirdiklərini, təxminən onun öldüyü vaxtın 1985-ci ilin avqust ayı olduğunu, qonşu kimi onun yas mərasimində iştirak etdiyini, X5 Əliabad qəbiristanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində Nailə ilə qapı qonşu olduqlarını, özünün Əliabad qəsəbəsinə 1980-ci ildə gəlin köçdüyünü, Nailəgillə get-gəllərinin olduğunu, Əzizəgilin qapısının ağzında krant olduğunu, ordan su götürdüklərini, Əzizənin xəstəxanaya aparılmasına şahid olduğunu, belə ki xalasının həkim olduğunu, Əzizənin özünün də Tibb Universitetini bitirdiyini, xalasının gəlib Əzizəyə “istiliyin var niyə evdə oturmusan” deyib xəstəxanaya apardığını, sonra axşamüstü hay-küy qopduğunu, onların da getdiyini, onda Əzizənin öldüyünü bildiklərini, anasıgilin ağlayaraq “bir iynənin güdazına getdin” dediklərini, X5 1985-ci il tarixdə vəfat etdiyini və Əliabad qəbiristanlığında dəfn edildiyini, özünün də onun yas mərasimində iştirak etdiyini, yas mərasiminin evlərində keçirildiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X17 xx.xx.1963-cü il tarixdə Babək rayon, Əliabad qəsəbəsində doğulmuşdur. Onun atası X20, anası X10r. -İddia ərizəsinə əlavə edilmiş 09 dekabr 1970-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Onun atası X20, anası X10r. -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11/207 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşamış mərhum X11 arvadı-X18, qızı-X17, qızı-X19, oğlu-X13, qızı- X14, qızı-X15, qızı-Ərizəçi adlı vərəsələri var. -İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-519/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X5 nikahı barədə heç bir məlumat tapılmamışdır. -İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 608 nömrəli məktubda qeyd olunmuşdur ki, X5 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm aktı qeyd olunmamışdır. -İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-489/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, ölüm haqqında akt qeydinin olmaması barədə Naxçıvan şəhər Nikah Evinə daxil olunmuş ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X5 1985-ci ildə öldüyünə dair Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. -İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/1649 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan şəhəri üzrə Qeydiyyat şöbəsinin sənəd materiallarında 1985-ci ilə dair Ölümün qeydiyyat kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X5 1985-ci ildə vəfat etməsi haqqında məlumat mövcud deyil. -İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13/27 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən olmuşdur ki, Naxçıvan Muxtar Respublikası X3 1984-cü ilə dair sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X5 müalicə alması haqqmda məlumat mövcud deyil. -İş materiallarında olan Naxçıvan şəhər Əliabad bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X17 həqiqətən xx.xx.1985-ci il tarixdə Əliabad qəbristanlığında dəfn edilmişdir. -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X8 X32 tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 131 nömrəli arayışda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası X8 PHŞ-İ bütün sənədləri Arxiv idarəsinə təhvil verdiyi üçün X12 aid heç bir sənəd Mərkəzdə yoxdur. -İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 4 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2857 nömrəli arayışda qeyd olunmuşdur ki, Abbasova X16 şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 22 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan şəhəri, Əliabad qəsəbəsi 1/29 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə X11 adına Daşınmaz əmlakın dövlət reyestrində 16/29 nömrəli reyestr kitabının 5487 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X17 1962- 1985” yazıları qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1963-cü il tarixdə doğulmuş X5 xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -xx.xx.1963-cü il tarixdə Babək rayonu, Əliabad kəndində doğulmuş X5 xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixdə Babək rayonu, Əliabad kəndində doğulmuş X5 xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-140/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-140/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver