Məhkəmə qərarları › İş №2(078)-1480/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1480/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1480/2025 24.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Aqrar İslahat komisiyyasının 10 aprel 1999-cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A, KOD 10304005, Şəhadətnamə əsasında 0.23 hektar fərdi yaşayış evi və həyətyani torpaq sahəsində X1, X2, Cavabdeh5 və X3 paylarının bərabər qaydada müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Babək rayon Aqrar İslahat komisiyyasının 10 aprel 1999-cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A, KOD 10304005, Şəhadətnamə əsasında 0.23 hektar həyətyani torpaq sahəsi və fərdi yaşayış evi X4, X5, Cavabdeh5 və X8 verilmişdir.

3. Mərhum atası X10 xx.xx.2010-cu il tarixində, anası X16 xx.xx.2017-ci il tarixində, qardaşı X20 xx.xx.1996-cı il tarixində vəfat etmişlər. Babək rayon Aqrar İslahat komisiyyasının 10 aprel 1999-cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A, KOD 10304005, Şəhadətnamə əsasında 0.23 hektar fərdi yaşayış evi, həyətyani torpaq sahəsində paylar müəyyən olunmadığından mirasda payının müəyyən olunması ilə bağlı iddia qaldıra bilmir. Məhkəmədə iddia qaldırıb birgə mülkiyyətdə olan əmlakda bərabər qaydada pay hüquqlarının müəyyən edilməsini istəyir.

4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. 22.12.2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçının vəkili X6 iddia tələbini müdafiə edərək bildirdi ki, Babək rayon Aqrar Komissiyasının 10 aprel 1999-cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A nömrəli, 0.23 hektar fərdi yaşayış evinin, həyətyani torpaq sahəsində X10, X11, Cavabdeh5 və X3 paylarının bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmin yerin bir hissəsində ev tikib yaşayır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. 22.12.2025-ci il tarixli məhkəmə baxış iclasında İddiaçı bildirdi ki, vəkilinin dedikləri ilə tam razıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. 22.12.2025-ci il tarixli məhkəmə baxış iclasında cavabdeh X7 bildirdi ki, 4 nəfərin şəhadətnamədə adı vardır və onların payları ¼ hissədə bərabərdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

8. 22.12.2025-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh2 bildirdi ki, şəhadətnamədə adları qeyd edilən şəxslərin payları bərabərdir. 6 sot torpaqda iddiaçı evini tiksin. 0.23 hektar torpaq ərazisində qardaşı Cavabdeh5 yaşayır. Valideynləri vəfat edəndən sonra Arzu ev tikmişdir. 2010-cu ildən sonra iddiaçı orada tikinti aparmışdır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

9. 22.12.2025-ci il tarixli məhkəmə baxış iclasında Cavabdeh5 bildirdi ki, Şəhadətnamədə adları qeyd edilən şəxslərin payları bərabərdir. Heç bir qeyri-bərabər bölgü yoxdur. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər

11. Məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

12. İş materiallarında olan arayışdan görünür ki Səfərov Firudin M.Zülfüqar oğlu ilə X16 xx.xx.1958-ci il tarixdə Qaraxanbəyli KİN-də rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və bu nikah 26 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

13. İş materiallarında olan arayışdan görünür ki X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.2017-ci il tarixli 281 nömrəli akt qeydi tərtib olunmuşdur.

14. İş materiallarında olan, Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 112 nömrəli akt qeydi ilə qeyd edilmişdir.

15. İş materiallarında olan arayışdan görünür ki, X20 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və həmin tarixədək subay olmuşdur.

16. İş materiallarında olan, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 19 may 2025-ci il tarixli 463 nömrəli arayışına əsasən, X12 ailə üzvləri qismində X18, X13 və X17 qeyd olunmuşdur.

17. İş materiallarında olan, Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 31 iyul 2025-ci il tarixli 667 nömrəli arayışına əsasən, (mərhum) X1 ailə üzvləri qismində X9, İddiaçı, X14, Cavabdeh2 Firudin oğlu, X15, X20, Cavabdeh4, Cavabdeh5 qızı və Cavabdeh6 qeyd olunmuşdur.

18. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 ilə X30 xx.xx.2021-ci il tarixdə Naxçıvan Şəhər Nikah evində rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və bu nikah 270 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

19. İş materiallarında olan Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğu tərəfindən verilmiş AZ-İV seriyalı 671795 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 24 may 2022-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 214 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X24, anasının X30 olduğu qeyd olunmuşdur.

20. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Vəkil ünvanlandığı 16 may 2025-ci il tarixli, 04/269 nömrəli məktuba əsasən Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 29 nömrəli qərarı əsasında X1 adına ailə üzvləri ilə birlikdə (cəmi 4 nəfər) Hüseynova (Səfərova) Zərifə Məhəmməd qızı da daxil olmaqla Naxçıvan şəhəri, Qaraçuq kəndində 2332,2 m² həyətyanı və 3779,16 m² kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır.

21. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A, KOD 10304005 saylı Şəhadətnaməyə əsasən, 0.23 hektar fərdi yaşayış evi, həyətyani torpaq sahəsi X4, X5, Cavabdeh5 və X8 verilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

22. 13-cü maddənin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. 29-cu maddənin İ hissəsi. Hər kəsin mülkiyyət hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır.

25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

27. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

28. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

29. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

43. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

44. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

45. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

46. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

47. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

48. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

49. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbində Babək rayon Aqrar İslahat komisiyyasının 10 aprel 1999-cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN- 201A, KOD 10304005, Şəhadətnamə əsasında 0.23 hektar fərdi yaşayış evi və həyətyani torpaq sahəsində X1, X2, Cavabdeh5 və X3 paylarının bərabər qaydada müəyyən olunmasını xahiş etdiyindən, həmin Şəhadətnamədə adları qeyd edilən şəxslərin paylarının bərabər olubolmaması müəyyən edilməlidir.

50. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəhadətnamədə adları qeyd olunan şəxslərdən X10 və X11 vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən adı Şəhadətnamədə qeyd edilən digər şəxs Cavabdeh5 izahatında Şəhadətnamədə adları keçən şəxslərin paylarının bərabər olduğunu, qeyri-bərabər bölgünün olmadığını bildirdi.

51. Həmçinin məhkəmə qeyd edir ki, payların qeyri-bərabər olmasına dair hər hansı sübut da məhkəməyə təqdim edilməmiş, bunula bağlı tərəflər arasında mübahisə də olmamışdır.

52. Beləliklə məhkəmə hesab edir ki, Babək rayon Aqrar İslahat komisiyyasının 10 aprel 1999cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A, KOD 10304005, Şəhadətnamə əsasında 0.23 hektar fərdi yaşayış evi və həyətyani torpaq sahəsində X1 payı 1/4, X2 payı 1/4, Cavabdeh5 payı 1/4 və X3 payı 1/4 hissədə müəyyən edilməlidir.

53. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia təmin edilsin. Babək rayon Aqrar İslahat komisiyyasının 10 aprel 1999-cu il 29 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-201A, KOD 10304005, Şəhadətnamə əsasında 0.23 hektar fərdi yaşayış evi və həyətyani torpaq sahəsində X1 payı 1/4, X2 payı 1/4, Cavabdeh5 payı 1/4 və X3 payı 1/4 hissədə müəyyən edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar