Məhkəmə qərarları › İş №2(078)-1608/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1608/2024

09.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1608/2024 09.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 26 iyul 2024-cü ildə X2 bağlanmış MSN/24-M-00870 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 01 sentyabr 2020-ci il ildə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahlarından 12 sentyabr 2021-ci il təvəllüdlü X8 və 16 mart 2023-cü il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Nicatla boşanmasalar da altı aydır ayrı yaşayırlar. Cavabdeh uşaqlarına baxmadığından alimetlə tələbi ilə bağlı X3 etmiş, müraciətə 26 iyul 2024-cü ildə baxılarkən Maraqlı şəxs uşaqların onun yanında qalması və uşaqların hər birinə 150 manat olmaqla ümumilikdə 300 manat aliment ödəyəcəyini öhdəsinə götürdüyü üçün onunla razılığa gəlmiş və mediasiya təşkilatında aralarında barışıq sazişi bağlanmışdır. Həmin tarixdən sonra cavabdeh cəmi bir dəfə 300 manat pul ödəmişdir. Sonradan dəfələrlə alimenti tələb etsə də qəti olaraq verməyəcəyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə təmsil edilmişdir. Məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi X4 verdiyi izahatında bildirmişdir ki, məhkəmə baxışı iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasında bildirmişdir ki, həqiqətən onunla Ərizəçi arasında saziş bağlanıb. Avqust ayında 300 manat ödəyib. 2 gün əmək haqqısı yubanıb. Axırıncı dəfə sentyabr ayının 12-də uşaqları görüb. Ərizəçiyə deyib ki, şənbə-bazar uşaqları görüm. Lakin Səfiyə ona deyib ki, “alimenti ödəyəndə uşaqları görərsən”. Səfiyə uşaqları ondan gizlədir. Buna görə də alimenti ödəməyib. Yoxsa o da ata kimi öhdəliklərini bilir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 24 iyul 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş MSN/24-M-00870 nömrəli barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X5 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən “Tərələr” tam mediasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək müzakirə olunan məsələ üzrə aşağıdakıları bildirlər:

1. Uşaqların yaşayış yerinin müəyyən olunması üzrə tərəflərin hər ikisinin razılığına əsasən birgə nikahdan doğulmuş övladları 12 sentyabr 2021-ci il təvəllüdlü X6 və 16 mart 2023-cü il təvəllüdlü X7 ata ilə ünsiyyətlərinin pozulmaması şərti ilə ananın yanında qalması razılığına gəlirlər.

2. Uşaqların saxlanılması üçün alimentin miqdarının müəyyən edilməsi üzrə Maraqlı şəxs hər ay uşaqlar yetkinlik yaşına çatana kimi Ərizəçi hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment ödənilməsini öhdəsinə götürür.

3. Alimentin Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ilkin aliment ödənişinin 2024-cü ilin avqust ayından ödənilməsi razılığına gəlirlər. Həmin sazişin 2-ci bəndi ilə tərəflər razılaşmışlar ki, sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 157045 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə Zeynalova (Məmmədova) Səfiyə Valeh qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 115 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 631175 nömrəli, Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 787185 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarından 12 sentyabr 2021-ci il təvəllüdlü X8 və 16 mart 2023-cü il təvəllüdlü X10 adlı övladları vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 26 iyul 2024-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X5 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 12 sentyabr 2021-ci il təvəllüdlü X8 və 16 mart 2023-cü il təvəllüdlü X7 anasının yanında saxlanılmasına və ilkin aliment ödənişinin 2024-cü ilin avqust ayından hesablanmaqla hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat alimenti müvafiq bank kartı vasitəsilə ona ödənilməsinə dair öhdəlik götürmüşdür. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 26 iyul 2024-cü il tarixli MSN/24-M-00870 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 26 iyul 2024-cü il tarixli MSN/24-M-00870 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtinə uyğun olaraq Maraqlı şəxs 12 sentyabr 2021-ci il təvəllüdlü X6 və 16 mart 2023-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar