Məhkəmə qərarları › İş №2(078)-1674/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1674/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1674/2025 03.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X4 13 noyabr 1962-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni əsaslandıraraq qeyd etmişdir ki, mərhum qardaşı X7 onun qardaşıdır. O, 1961-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, xx.xx.1962-ci il tarixdə ünvan 2 ünvanında vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Naxçıvan MR Zərifə Əliyeva adına Naxçıvan Şəhər poliklinkası Publik Hüquqi şəxsinin 27 oktyabr 2025-ci il tarixli arayışına əsasən mərhum X4 ölümü barədə məlumat tapılmadığı qeyd olunmuşdur. Naxçıvan Şəhər Nikah evinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-11-952/2025 nömrəli məktuba əsasən X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunmuşdur. Müvafiq dövlət orqanlarına müraciət edib X1 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də qardaşının ölüm haqqında qeydi qeydiyyat şöbəsi tərəfindən aparılmamışdır. O, X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə mərhum anası X2 adına ünvan 1 ünvanında mirasın qəbul edilməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsi tələb olunur. X1 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüququ haqqında şəhadətnaməsini ala bilmir. Naxçıvan Şəhər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, 2(078)-1674/2025 nömrəli qərardadı ilə Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi maraqlı şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi İsayə Seyidova 16 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən, iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında X1 1961-ci ildə doğulduğunu, 13 noyabr 1962-ci il tarixdə də vəfat etdiyini, üstünə çay töküldüyü üçün öldüyünü, xəstəxanaya apardıqlarını, orada öldüyünü, həmin vaxt qardaşının ölümünü niyə qeydə aldırmadıqlarını bilmədiyini, özünün balaca olduğunu, 2 yaşı olduğunu, hazırda miras əmlakın bölüşdürülməsi üçün X1 ölüm haqqında şəhadətnaməsinin tələb edildiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində X1 1961-ci ildə doğulduğunu, 1962-ci ildə də vəfat etdiyini, 2 yaşının heç tamam olmadığını, 1 yaş 9 aylıq olduğunu, səhər çay içdiklərini, fincanda olan çayın uşağın üstünə töküldüyünü, çiyin tərəfinə, ürəyinin üstünə töküldüyünü, xəstəxanaya apardıqlarını, 1 həftə xəstəxanada qaldığını, sonra da vəfat etdiyini, Naxçıvan şəhər qəbiristanlığında dəfn etdiklərini, uşaq olduğu üçün 1 gün yas saxladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində X1 1961-ci ildə doğulduğunu, stolun üstündə çay olduğunu, onun da çəkib üstünə tökdüyünü, sinəsinə töküldüyünü, yandığını, xəstəxanaya apardıqlarını, orada vəfat etdiyini, 13 noyabr 1962-ci ildə vəfat etdiyini, Naxçıvan şəhər qəbiristanlığında dəfn etdiklərini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-11-952/2025 nömrəli məktubda X4 xx.xx.1962-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmadığı, vətəndaşın ölümünün qeyd edilməsi üçün tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsinin və ya ölüm faktını təsdiq edən məhkəmənin qanuni qüvvəyə qətnaməsinin təqdim edilməli olduğunu, əks halda ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığını, bu səbəbdən ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsinin tövsiyə olunduğu qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, X4 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi 1962-1967-ci illər üzrə yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib - verilməməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 27 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, X6 və X5 birgə nikahlarından 13 may 1961-ci il tarixdə X7 adlı övladları doğulmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum qardaşı 13 may 1961-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X4 13 noyabr 1962-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -13 may 1961-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X4 13 noyabr 1962-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 13 may 1961-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X4 13 noyabr 1962-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar