Məhkəmə qərarları › İş №2(078)-254/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-254/2025

20.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-254/2025 20.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11 və X12 qarşı miras əmlakın qəbul edilməklə payın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11 və X12 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evinin, miras əmlak olaraq X14 tərəfindən faktiki qəbul edilməsi, X6 ölümündən sonra isə həmin əmlakın onun tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməklə payın müəyyən edilməsi olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X17 12 avqust 1993-cü il, anası X14 isə 14 yanvar 2016-cı il tarixlərdə ölmüşlər. Onlar arasında 04 noyabr 1955-ci il tarixdə bağlanmış nikahlarından onunla bərabər 8 nəfər uşaqları doğulmuşdur. Hazırda aşağıdakı vərəsələri vardır: 1. İddiaçı; 2. Cavabdeh1; 3. Cavabdeh2; 4. Cavabdeh3; 5. Cavabdeh4; 6. Cavabdeh5; 7. X15; 8. X16. Mərhum atası X17 12 avqust 1993-cü il tarixdə öləndən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evi mülkiyyət hüququ üzrə miras qalmışdır, həmin miras qalmış əmlakı anası X14 və o ailə üzvləri ilə birlikdə orada faktiki olaraq yaşamaqla qəbul etmişlər, lakin anası X14 14 yanvar 2016-cı il tarixdə ölmüşdür. Valideynlərinin ölümündən sonra mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evini Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə 27 sentyabr 2023-cü il tarixdə müraciıt edib, ********** qeydiyyat və **********27- 10301 reyestr nömrəli çıxarış almışdır. İstər valideynlərinin sağlığında, istərsə də onların ölümündən sonra həmin evdə yaşamaqla bütün miras əmlakı faktiki olaraq qəbul edib, sahiblənərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Evdə yaşadığı bu müddətdə torpaq sahəsini əkib-becərməklə əlavə tikililər tikib, təmir etmişdir. İistifadə etdiyi kommunal xidmətlərə və əmlak vergisinə görə bütün ödənişlər onun tərəfindən aparılmışdır, bu günə heç bir borcu yoxdur. Hal-hazırda bacı-qardaşlarından Məmmədəli, Hüseyn, Rübabə və Sevinc notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə verib, digər bacı-qardaşı Qurban, Şaban və Səkinə öz fikirlərini bildirmədiklərinə görə xüsusi icraat qaydasında "miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair" Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən həmin şəxslər maraqlı şəxs qismində məhkəməyə dəvət olunmuşlar və həmin vaxt qardaşı Qurban ilə Şaban buna öz etirazlarını bildirdiyinə görə mülki iş Naxçıvan Şəhər Məhkəməsinin 08 iyul 2024cü il tarixli, 2(078)-895/2024 saylı qərardadı ilə baxılmamış saxlanılıb, sənədlər ona geri qaytarıldığından iddia qaldırmaq məcburiyyətində qalmış və istəyir ki, məhkəmə qaydasında öz həllini tapsın. Miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəmişdir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 16 mart 2024-cü il tarixli, 341/2024 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı iddia tələbini dəqiqləşdirməsi barədə ərizə təqdim etmiş, iddia tələbinə X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı və X14 tərəfindən qəbulu faktı tanınmaqla payların müəyyən olunması, X6 ölümündən sonra ondan miras qalan əmlakda iddiaçının payının müəyyən olunması həddində baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadı ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilməklə, iddia tələbinə X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evinin 1/2 hissəsinin İddiaçı və X14 tərəfindən qəbulu faktı tanınmaqla payların müəyyən olunması, X6 ölümündən sonra ondan miras qalan əmlakda iddiaçının payının müəyyən olunması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək evin atası Qafarov Əjdərin olduğunu, evin atası və anası İsmayılova Fatma ilə birgə nikahında tikildiyini, atasının 1993-cü ildə vəfat etdiyini, o evdə atasının vəfatından sonra anası və özünün yaşadığını, Məmmədəli Səkinə, Hüseyn, Şaban, Qurban, Rübabə və Sevincin heç birinin yaşamadığını, qonaq kimi gəlb getdiyini, daima özünün yaşadığını, atası vəfat etdikdən sonra da özünün orada yaşadığını, özünün o evdə böyüdüyünü, atasının 1993-cü ildə atası vəfat edəndən sonra evi düzəltdiyini təmir etdiyini, xərc qoyduğunu, indi də evi öz adına keçirmək istədiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək Qafarov Əjdərdən qalan 2/1 payın İddiaçı və İsmayılova Fatmanın qəbul etdiyi 2/1 payın müəyyən olunması, X5 qalan miras əmlakın da İddiaçı qəbul etmək istədiyini, iddia tələbinin təmin olunmasını istədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X11 və X12 rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq iştirak etməmiş və məhkəməyə rəsmi qaydada məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və X9 iştiraı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 06 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X18 ifadəsində o evdə Fatma xala və Əjdər əminin yaşadığını, uşaqlarının da orada yaşadığını lakin sonralar çıxıb getdiyini, indi hal hazırda Malikin orada yaşadığını, Malikin uzun müddətdir orada yaşadığını bildirmişdir. 06 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X10 ifadəsində o evi rəhmətlik Əjdər əminin tikdiyini, Qurbanın Əjdərin vəfatından sonra bir il orada qaldığını, Qurbanın başqa evdə qaldığını, Əjdər əminin 1993-cü ildə vəfat etdiyini, Qurbanın 1995-ci ildə 1 ilə qədər hardasa 3 ay 4 ay 5 ay olardı ailəsi ilə birgə orada yaşadığını, sonra Bakı şəhərinə getdiyini, bir il sonra ailəsi ilə birgə Bakıya köçdüyünü bildirmişdir. 06 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X19 ifadəsində rəhmətlik Əjdər əminin və Fatma xalanın orada yaşadığını, Malikin orada ailəsi ilə birgə yaşadığını, Malikin ailəsi ilə birgə eyni həyətdə aşağıda bir otaqlı evdə ayrı yaşadığını, Fatma və Əjdərin həyətin yuxarısında yaşadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları, şahid ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: 28 avqust 2023-cü il tarixli çıxarışa əsasən, İddiaçı ilə X14 arasında 04 noyabr 1955ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Qafarova” soyadı verilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında torpaq sahəsi 0.0418 ha, ümumi sahəsi 54.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 18/55 nömrəli reyestr kitabının 10829 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********27-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). 28 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X17 12 avqust 1993-cü il tarixdə vəfat etmişdir. 28 avqust 2023-cü il tarixli çıxarışa əsasən, X14 14 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 2540 nömrəli, 30 avqust 2023-cü il tarixli arayışa əsasən, mərhum X13 aşağıdakı vərəsələri var:

1. X14 arvadı vəfat edib;

2. Cavabdeh1 oğlu;

3. Cavabdeh2 qızı;

4. Cavabdeh3 oğlu;

5. Cavabdeh4 qızı;

6. Cavabdeh5 oğlu;

7. X15 qızı;

8. X16 qızı. 15 mart 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh1 bildirmişdir ki, atası X17 xx.xx.1993-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış miras payını qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələbi olmayacaqdır. 06 aprel 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh3 bildirmişdir ki, atası X17 xx.xx.1993-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış miras payını qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələbi olmayacaqdır. 15 mart 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh6 bildirmişdir ki, atası X17 xx.xx.1993-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış miras payını qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələbi olmayacaqdır. 15 mart 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, Cavabdeh7 bildirmişdir ki, atası X17 xx.xx.1993-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra qalmış miras payını qəbul etməmiş, etmir, etmək niyyətində deyil. Adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə mirasın qəbul edilməsi üçün müəyənləşdirilmiş müddətin bərpası üçün heç bir iddia və tələbi olmayacaqdır. Naxçıvan Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı bildirmişdir ki, atam X17 12 avqust 1993-cü il tarixdə ölmüşdür. Atam öləndən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atamın ölümündən sonra həmin miras qalmış əmlakı sağlığında X4 orada yaşamaqla faktiki olaraq qəbul etmişdir. X4 isə xx.xx.2016-cı il tarixdə öləndən sonra mən sözügedən həmin miras əmlakı faktiki olaraq qəbul edib sahiblənərək ailə üzvlərimlə birlikdə orada yaşayıram, hal-hazırda da mənim istifadəmdədir. Sizdən xahiş edirəm mənə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə köməklik göstərəsiniz. Naxçıvan Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış 10 dekabr 2024-cü il tarixli, 1882/2024 nömrəli məktubuna əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzilistismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki-prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. İddia tələbi üzrə müəyyən edilməli ilkin hal miras əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, iddia tələbinin bu hissədə əsasını həmin vaxt qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi təşkil edir. Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən, mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə görə, bir yerdə yaşayan ərarvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, İddiaçı ilə X14 arasında 04 noyabr 1955-ci il tarixdə nikah bağlanmışdır. ünvan 2 ünvanında torpaq sahəsi 0.0418 ha, ümumi sahəsi 54.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 18/55 nömrəli reyestr kitabının 10829 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X17 12 avqust 1993-cü il tarixdə, X14 14 yanvar 2016-cı il tarixdə vəfat etmişlər. Əmlakın texniki pasportundan aydın olur ki, sözügedən fərdi yaşayış evinə 1976-cı ildə texniki pasport verilmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, mübahisə predmeti olan miras əmlak-ünvan 2 ünvanında torpaq sahəsi 0.0418 ha, ümumi sahəsi 54.8 kv.m olan fərdi yaşayış evi mərhumlar İddiaçı ilə X6 birgə nikahı dövründə əldə edilmiş əmlakdır və həmin əmlak üzrə vərəsəlik hüququ müəyyən edilərkən mərhum İddiaçı həmin əmlakdan 1/2 hissədə və mərhum X6 həmin əmlakdan 1/2 hissədə paylarına münasibətdə hüquqi qiymətləndirmə aparılmalıdır. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. İlk olaraq məhkəmə X13 vəfatından sonra ondan qalan miras əmlakla bağlı məsələni müzakirə edərkən bu hissədə qüvvədə olmayan Mülki Məcəllənin vərəsəlik hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Belə ki, miras qoyan 12 avqust 1993-cü ildə vəfat etmişdir. Həmin vaxt isə qüvvədə olan mülki qanunvericilik 2000-ci ildə qüvvədən düşmüşdür. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi qüvvədən düşmüş Azərbaycan Respublikasının mülki qanunvericliyində vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur. 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Miras əmlaka faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakın faktiki idarə edilməsi dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. İddiaçının izahatı və şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, X13 12 avqust 1993cü il tarixdə vəfatından sonra ondan qalan miras əmlakda arvadı mərhum X14 və İddiaçı yaşamaqla mirası qəbul etmişlər. İş üzrə cavabdehlərin həmin mirası qəbul etməsi işə baxılan zaman sübuta yetirilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X15 və X16 miras əmlakdan imtina etmələri barədə ərizə vermiş, lakin həmin ərizələr qanunla müəyyən edilən müddət ərzində verilmədiyindən heç bir əhəmiyyət kəsb etməmişdir. Digər cavabdehlər Cavabdeh2, X21, Cavabdeh5 isə məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat göndərilməsinə baxmayaraq iştirak etməmiş, məhkəmədə izahatlarını bildirməmiş, sübutlarını təqdim etməmişdir. Bir şahid ifadəsində Cavabdeh5 atasının vəfatından sonra bir neçə müddət miras əmlakda ailəsi ilə birlikdə yaşamasını bildirməsinə münasibətdə verilən suallara həmin müddətin atanın vəfatından təxminən iki ilə sonraya aid edildiyini şahid qeyd etmiş, başqa təsdiqedici heç bir sübut təqdim edilməmişdir. Ona görə də X3 miras qalan ünvan 5 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinin mərhum X14 və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edildiyindən hər birinin ¼ hissədə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, sözügedən daşınmaz əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və payının tam hissədə müəyyən edilməsi tələbi irəli sürülümüşdür. Həmin əmlak üzərində vərəsələrin payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi, ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evindən ibarət daşınmaz əmlakdan iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın həmin əmlakda payı, onun bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. İddia tələbi miras olan daşınmaz əmlakda payın müəyyən edilməsi barədədir. Bu halda isə məhkəmə mülki işin materiallarında olan sənədləri, tərəflərin izahatları ilə, eləcə də, maddi hüquq normaları ilə qarşılıqlı şəkildə tədqiq edib miras əmlakın bölüşdürülməsi barədə bütün mübahisəni birdəfəlik həll edir, miras şərikliyinə son verilməsi ilə nəticələnən məhkəmə aktı qəbul edir. Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3560/2024 nömrəli 3 ulduzlu qərarı). Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə mərhum X6 vəfatından sonra ondan qalan miras əmlakın qəbul eidlməsi və payların müəyyən edilməsi məsələsini araşdıran zaman qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərindən irəli gələn normalarının tətbiq edilməli olduğunu vurğulayır. Belə ki, miras qoyan X14 14 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Mülki qanunvericiliyə görə mirasın açıldığı gün miras qoyanın vəfat etdiyi gün hesab edilir. Həmçinin miras qoyanın miras kütləsinin ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi öz mülkiyyəti ¼ hissəsi isə ərindən qalan miras əmlakdakı payının cəmi olaraq ¾ hissə olduğun nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, İddiaçı anası X14 miras əmlakı faktiki idarə etmiş, mirası qəbul etmişdir. Belə ki, iş üzrə izahatlardan, mülki işin materiallarından və şahid ifadələrindən aydın olur ki, İddiaçı atasının, həmçinin anasının ölümündən sonra sözügedən ünvanda yaşamışdır. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə, vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Həmçinin məhkəmə anadan qalan miras əmlakda İddiaçı payının bütün miras kütləsi həcmində müəyyən edir. Belə ki, cavabdehlərin sözügedən miras əmlakın onlar tərəfindən qəbul edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evindən ibarət mərhumlar X8 və X5 miras qalan daşınmaz əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilərək payı müəyyən edilməlidir. X3 miras ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın ½ hissəsinin mərhum X14 və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, hər birinin həmin miras əmlakda ¼ hissədə pay hüququ müəyyən edilməli, X2 qalan miras əmlakda- ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın ¾ hissəsindən ibarət miras kütləsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin əmlakda bütün miras kütləsində pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 17 dekabr 2024-cü il tarixdə 21165 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və X7 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə 1/2 hissədə mərhum İddiaçı, 1/2 hissədə mərhum X6 mülkiyyət hüququ müəyyən edilsin. X3 miras qalan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evinin 1/2 hissəsinin mərhum X1 qəbul etməsi və İddiaçı qəbul etməsi faktı müəyyən edilsin, hər birinin payı ¼ hissədə müəyyən edilsin. X2 miras qalan ünvan 1 ünvanında yerləşən 0.0418 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 54.8 kv.metr fərdi yaşayış evinin 3/4 hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və payı bütün miras kütləsi həcmində müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 17 dekabr 2024-cü il tarixdə 21165 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və X7 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar