Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-306/2024 25.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə və maraqlı şəxs Abbasova (Əliyeva) Afaq Bahadur qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxs Abbasova (Əliyeva) Afaq Bahadur qızına qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə Maraqlı şəxs ilə 15 oktyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Maraqlı şəxs arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 2021-ci il tarixli, 2(078)-144/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2005-ci il təvəllüdlü X7 doğulmuşdur. Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs hər ay 120 manat alimenti onun kart hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Bu barədə M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə Maraqlı şəxs ilə 15 oktyabr 2021-ci il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs keçmiş həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan doğulmuş övladları 08 oktyabr 2005-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş haliyədə Bakı şəhərində yaşayan X1 üçün Ərizəçi hər ay 120 AZN məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür, alimentin ödənilməsi pul vəsaitinin hər ayın 25-30 arası Ərizəçi kart hesabına köçürülməsi vasitəsilə həyata keçiriləcəkdir, ilk ödəniş 2021-ci ilin oktyabr ayının 25-30-u arası olacaqdır. Buna baxmayaraq bugünədək barışıq sazişi icra olunmamışdır. Maraqlı şəxs Abbasova (Əliyeva) Afaq Bahadur qızı 23 yanvar 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə Ərizəçi barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbi barədə Naxçıvan Şəhər Məhkəməsinə ərizə göndərdiyini, həmin ərizənin icraata götürüldüyünü, həmin tələbi qəbul etmədiyini, barışıq sazişinin qanunvericiliyə uyğun olması tələb edilsə də mübahisələndirilən barışıq sazişinin tam olmadığını, barışıq sazişi hazırlanarkən onun icrası zamanı mübahisələrin yaranmasının qarşısını almaq üçün onun işlək olmasına fikir verilməli olduğunu, barışıq sazişinin işlək olması üçün onun detallı və icrasının mümkün olmalı olduğunu, həmçinin öhdəliklərin dəqiq həcminin və icra müddətlərinin göstərilməli olduğunu, sözügedən barışıq sazişində icra müddəti göstərilmədiyini, barışıq sazişinin detallı olmalı olduğunu, məsələn, tərəflərdən biri digərinə pul ödəməyi öhdəsinə götürürsə, belə öhdəliyin hansı qaydada edilməsi göstərilməli olduğunu, ödənişin nağd və ya nağdsız qaydada, harada edilməsi və digər detalların göstərilməli olduğunu, barışıq sazişinin 2-ci maddəsinin, 3-cü abzasında “alimentin ödənilməsinin pul vəsaitinin hər ayın 25-30 arası Ərizəçi kart hesabına köçürülməsi vasitəsilə həyata keçiriləcəkdir” cümləsinin qeyd olunduğunu, lakin hər-hansı kart hesabının barışıq sazişində öz əksini tapmadığını, barışıq sazişində qeyd olunmasa da, barışıq sazişi qeyrimüəyyən olaraq qanunun tələblərinə əməl olunmasa da, bir ana kimi vicdan borcunu yerinə yetirərək qarşı tərəfə təkidlərindən sonra qarşı tərəfin ona qeyri-rəsmi olaraq kart hesabı göndərdiyini və onun həmin kart hesabına 27 oktyabr 2021-ci il tarixdə, saat 14:34-də "bir bank" mobil tətbiqi vasitəsilə 120 manat məbləğində ödəniş həyata keçirdiyini, daha sonra həmin kart hesabı mövcud olmadığından ödənişləri həyata keçirməyinin mümkün olmadığını, barışıq sazişindəki öhdəliklərin icrasının mümkün olmalı olduğunu, barışıq sazişində həm də gələcəkdə bununla bağlı mübahisə yaranmaması üçün öhdəliklərin icrası müddətinin göstərilməli olduğunu, əgər tərəflərdən biri hər hansı ödənişi etməyi və ya işi görməyi öz üzərinə götürürsə, sazişin işlək olması üçün bunun aydın göstərilməli olduğunu, yuxarıda qeyd etdiyi kimi qarşı tərəfin ona qeyri-rəsmi formada göndərdiyi kart hesabının sonradan mövcud olmadığını, daha sonra qarşı tərəfə yenidən müraicət edərək kart hesabını göndərməyini, oğlunun saxlanılması üçün aylıq ödənişləri həyata keçirmək istədiyini, pul məbləği yığışarsa maddi imkanının onu ödəməyə imkan verməyəcəyini bildirməyinə baxmayaraq qarşı tərəf ona Whatsapp mesajlaşma proqramı vasitəsilə mesaj yazaraq "Aliment deyirsənsə mən onu istəmirəm, qaqaşa görə deyirdim yığılsın, mən də hər ay pul ayırıram onun üçün, birdən pulluya düşər, özüm gecə-gündüz işləyib pul verəcəm, ikimizin də istədiyi onun oxumağıdır" deyə ona cavab verdiyini, mediator Yusif Həsənova müraciət edərək barışıq sazişində göstərməsəniz də, qarşı tərəfin hesab nömrəsinin alınmasında ona köməklik etməyini xahiş etdiyini, X11 Raciblə telefon danışığı apardığını və Racibin cavabında mart ayı Naxçıvana gələcəyini dediyini, 2022-ci ilin mart ayında Naxçıvan MR Ali Məhkəməsində apellyasiya şikayətinə baxılan zaman qarşı tərəf barışıq sazişinin ləğv edilməsini istədiyini, kişinin qadından aliment istəməsinin kişiyə yaraşmayan hərəkət olduğunu dediyini, bu sadalananlar nəzərə alınarsa barışıq sazişinin şərtlərinin dəfələrlə, az qala hər bənddə pozulmasının işə xitam verilməsi üçün əsas kimi götürülə biləcəyini, ərizəçinin barışıq sazişi vasitəsilə tələb etdiyi aliment məbləğini o sazişdə göstərilən kimi, sazişdə göstərilən vaxtda, sazişdə göstərilən "müddətə" ödəməyə razı olduğunu, aylıq ödənişləri həyata keçirməyə maddi imkanı yol versə də, məhkəmə tərəfindən barışıq sazişinin məcburi icrası təsdiq olunarsa ərizəçinin "barışıq sazişinə xitam verilib, aliment ödəməyin lazım deyil" dediyinə görə hazırda həmin məbləğin ondan tələb edilməsinin hüquqlarının kobud surətdə pozulmasının demək olduğunu, qarşı tərəfə "əgər aliment məbləği uşağın saxlanılması üçündürsə niyə saziş bağlanan zaman yox indi tələb olunur, nəyə görə vaxtında tələb olunmamışdır" suallarının verilməsini məhkəmədən xahiş etdiyini, borcverənin borcun qəbulundan imtina edə bilməyəcəyini, əgər borcun qəbulundan imtina edirsə daha sonra həmin borcu tələb edə bilməyəcəyini, qanunun aliliyinə inamının sonsuz olduğunu, barışıq sazişinin qanunvericiliyin tələblərinə cavab vermədiyini, barışıq sazişinin tam olmadığını və ərizəsinə əlavə etdiyi Ərizəçi etiraflarını, qarşı tərəfin tələbi təmin olunarsa onun hüququqlarının kobud şəkildə pozulacağını nəzərə alaraq barışıq sazişinin məcburi icrasının təsdiq olunması tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında uşağın 18 yaşına çatdığını, Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin İİ kurs tələbəsi olduğunu, əlaçı olduğunu, nizam-intizamının çox yaxşı olduğunu, qarşı tərəfin aliment ödəmədiyini, Ali Məhkəmənin qətnaməsinə əsasən qardaşının Afaqa 15000 manat pul ödəməli olduğunu, məhkəməyə indi müraciət etmələrinin səbəbinin digər məhkəmənin yekunlaşmaması olduğunu, başlarının ona qarışdığını, Whatsapp yazışmaları haqqında məlumatının olmadığını, qardaşı Ərizəçi alimentdən imtina etmədiyini, imtinasına dair hər hansı yazılı sənədin də olmadığını, qardaşından əmlak bölgüsünə görə təyin olunan 15000 manat pulu verməyə imkanı çatmadığından hazırda alimentə dair hissədə həmin borcun silinməsi üçün məhkəməyə müraciət etdiklərini, qardaşının oğlunun adına 2 ev aldıqlarını, özünün, qardaşının, həmçinin anasının da X4 yaxşı yaşaması üçün əllərindən gələni etdiyini, uşağın anasını istəmədiyini, ondan imtina edəcəyini, uşağın valideyni olaraq anasının da onu saxlamaq vəzifəsi olduğunu, həmin alimentin uşağın haqqı olduğunu, ananın cəmi bir ay oktyabr ayı alimenti ödədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Abbasova (Əliyeva) Afaq Bahadur qızı məhkəmə baxış iclasında izahat verərək izahatında barışıq sazişində müddət göstərilmədiyini, bunun doğru olmadığını, bir ana kimi uşağına aliment ödəməyə razı olduğunu, bunun üçün də barışıq sazişi bağlandıqdan sonra alimenti ödəmək üçün Ərizəçi vəkili və nümayəndəsi Səbinə Hüseynovaya müraciət etdiyini, alimenti ödəmək üçün ona kart verildiyini, ilk ödənişi həyata keçirdiyini, sonra həmin kartın işləmədiyini, bununla əlaqədar olaraq mediator Yusif Həsənova da müraciət etdiyini, onun Raciblə əlaqə saxladığını, Racibin də “mart ayı kəndə gələcəyəm, kart verərəm ödəyər problem yoxdur” dediyini, ancaq pulu ödəməsi üçün heç bir kart vermədiyini, Ali Məhkəmədə 3 hakimin qarşısında Racibə “uşağı mənə göstərmirsən ancaq məndən aliment tələb edirsən” dediyini, hakimlərin ondan aliment tələb etdiyini soruşduqlarını, onun da cavabında “bəli” dediyini, sonra isə aliment istəmədiyini, xitam verilməsini istədiyini dediyini, alimenti övladı üçün ödəməyə razı olduğunu, sadəcə niyə indi yəni əmlak bölgüsü üzrə qətnamə çıxdıqdan sonra iddia qaldırdıqlarını başa düşmədiyini, həmin qətnamə üzrə Racibin ona 20000 manata yaxın pul verməli olduğunu, buna görə də alimenti indi tələb etdiklərini, borcdan silinməsi üçün müraciət etdiklərini, ancaq övladına görə indi də alimenti ödəməyə razı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə maraqlı şəxs Abbasova (Əliyeva) Afaq Bahadur qızı arasında bağlanmış nikanın pozulması, həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü X7 adlı övladlarının olması və ərizəçi ilə maraqlı şəxsin arasında aliment ödənilməsinə dair barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli, AZ-İ seriyalı, 400402 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X8 ilə Ərizəçi arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 67 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə edilmiş Naxçıvan MR Şərur rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 628777 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və X5 xx.xx.2005-ci il təvəllüdlü X7 adlı övladlarının olması; -İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli, M-00129 nömrəli barışıq sazişindən Ərizəçi vəkil və nümayəndəsi X6 ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X3 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən Maraqlı şəxs keçmiş həyat yoldaşı Ərizəçi ilə birgə nikahdan doğulmuş övladları 08 oktyabr 2005-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş haliyədə Bakı şəhərində yaşayan X1 üçün Ərizəçi hər ay 120 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməsi, alimentin ödənilməsinin pul vəsaitinin hər ayın 25-30 arası Ərizəçi kart hesabına köçürülməsi vasitəsilə həyata keçiriləcəyi, ilk ödənişin 2021-ci ilin oktyabr ayının 25-30-u arası olacağı aydın olur. Məhkəmə araşdırması zamanı Abbasova (Əliyeva) Afaq Bahadur qızının alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surəti göndərilmiş maraqlı şəxs tərəfindən tələbə qarşı etiraz məhkəməyə göndərilmişdir. Qeyd olunan etirazda və məhkəmədə verdiyi izahatında maraqlı şəxs həqiqətən də bağlanmış barışıq sazişi üzrə 2021-ci ilin oktyabr ayında ödəniş etdikdən sonra bir daha ödəniş etmədiyini qeyd etmişdir. Maraqlı şəxs etirazının əsası kimi istinad etdiyi digər halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin ilk ödənişinin 25-30 oktyabr 2021-ci il tarixdə olacağı və alimentin hər ayın 25-30 arası ödəniləcəyi barədə razılığa gəlmişlər. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşağın yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini, 2021-ci ilin oktyabr ayında maraqlı şəxs tərəfindən ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Abbasova (Əliyeva) Afaq Bahadur qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli, xx.xx.2021-ci il tarixli barışıq sazişi əsasında Abbasova (Əliyeva) Afaq Bahadur qızından xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment 15 noyabr 2021-ci ildən tutularaq uşağın atası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Abbasova (Əliyeva) Afaq Bahadur qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Abbasova (Əliyeva) Afaq Bahadur qızından xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment 15 noyabr 2021-ci ildən tutularaq uşağın atası Ərizəçi ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Abbasova (Əliyeva) Afaq Bahadur qızından alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Abbasova (Əliyeva) Afaq Bahadur qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış 15 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Abbasova (Əliyeva) Afaq Bahadur qızından xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment 15 noyabr 2021-ci ildən tutularaq uşağın atası Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Abbasova (Əliyeva) Afaq Bahadur qızından alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-306/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-306/2024
25.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver