Məhkəmə qərarları › İş №2(078)-392/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-392/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-392/2025 11.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum bibisi X8 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum X18 onun bibisidir. O, 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətəndaşlara Dəfn Xidməti Bürosunun 15 yanvar 2025-ci il tarixli arayışına əsasən mərhum X8 04 mart 2008-ci ildə Naxçıvan şəhər Qəbristanlığında adları aşağıda göstərilən qəbirlərin yanında dəfn olunduğu qeyd olunur: X2- 1942-2011, X19-1978-2020, X3-1938-2018, X20-1968-2020. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Nikah Evinin 14 yanvar 2025-ci il tarixli, 3-16-5/8-xxxx/2025 nömrəli məktubuna əsasən X8 04 mart 2008-ci ildə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumatın tapılmadığından və vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd olmadığından ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığı bildirilmişdir. Ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Həmçinin Naxçıvan Şəhər Nikah Evinin 14 yanvar 2025-ci il tarixli arayışına əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində 14 yanvar 2025-ci ilədək 2008-2012-ci illər üzrə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparıldığı və ölüm akt qeydinin aşkar olunmadığı qeyd olunmuşdur. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X24 21 yanvar 2025-ci il tarixli, 3-28-34-3/2- 2/2025 nömrəli arayışında X8 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də mərhum bibisi X8 ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. ünvan 1 ünvanında yerləşən 70.2 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestr xidmətində onun adına mülkiyyət hüquqi ilə çıxarışla öz təsdiqini tapır və 4/6 hissə pay hüququ ilə ona, 1/6 hissə pay hüququ ilə mərhum bibisi X9, 1/6 hissə pay hüququ ilə mərhum bibisi X10 məxsusdur. X1 və X8 ölümündən sonra onların payları da daxil olmaqla həmin fərdi yaşayış evində faktiki olaraq yaşayır. Həmin yaşayış evindəki payların onun tərəfindən qəbul edilməsi faktını müəyyən edib fərdi yasayış evinə tam mülkiyyət hüququ ilə çıxarış almaq istəyir. Lakin mərhum bibisi X8 ölüm haqqında şəhadətnaməsi olmadığından həmin fərdi yaşayış evi ilə bağlı sənədləşmə işlərinin aparılmasında çətinlik yaranır. Mərhum bibisi X8 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ancaq Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi İsayə Seyidova 10 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən mülki işə iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında bibisi X8 04 mart 2008-ci il tarixdə vəfat etdiyini, bibisinin əvvəl oğlu Türkiyədə yaşadığı üçün orada yaşadığını, sonra 2006-cı ildə Naxçıvan şəhərinə gəldiyini, 2008-ci ildə də vəfat etdiyini, yasını özünün, digər bibilərinin saxladığını, özünün qəbir daşı düzəltdirdiyini, miras əmlakı mülkiyyətinə keçirmək üçün bibisinin ölüm haqqında şəhadətnaməsinin tələb olunduğunu, bibisi vəfat edərkən səhlənkarlıqdan ölümün qeydə aldırılmadığını, özünün arxiv idarəsinə kimi müraciət etdiyini, ancaq heç bir qeydiyyat olmadığı üçün məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində ərizəçinin qardaşının oğlu olduğunu, bacısı Zəhranın 2008-ci ildə vəfat etdiyini, onun bir oğlu olduğunu, oğlunun heç yasına da gəlmədiyini, 30 ildir görmədiklərini, bacısının şəkər xəstəsi olduğunu, iflic vəziyyətində olduğunu, sonra da öldüyünü, bacısının Sovetabad qəbiristanlığında dəfn edildiyini, yas mərasiminin anasıgilin həyətində keçirildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, X8 2008-ci ildə vəfat etdiyini, tarixi tam dəqiq xatırlamadığını, ancaq 08 mart münasibətilə anasını təbrik etməyə getdiyi zaman X8 öldüyünü dediklərini, Sovetabad qəbiristanlığında dəfn edildiyini, yas mərasimində iştirak etdiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 53 nömrəli arayışda qeyd olunmuşdur ki, X8 barəsində Naxçıvan Şəhər Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi müvafiq olaraq 2008-2012-ci illər üzrə yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır və ölüm akt qeydinin aşkar olunmamışdır. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X8 xx.xx.2008-ci ildə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 3-28-34-3/2- 2/2025 nömrəli məktubundan görünür ki, X8 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsində məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70.2 kv.m, torpaq sahəsinin ölçüsü 0.0368 ha olan fərdi yaşayış evi 1/6 hissədə X5, 1/6 hissədə X8 və 4/6 hissədə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində 18/55 nömrəli reyestr kitabının 10741 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********53-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, İV-JQ seriyalı, 446408 nömrəli çıxarışdan görünür ki, X14 19 mart 1996-cı il tarixdə Babək rayonu, Kərimbəyli kəndində ölmüşdür. Bu barədə ölüm kitabının 08-ci səhifəsində 01 aprel 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 07 dekabr 1998-ci il tarixli, V-ЖГ seriyalı, 286382 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 12 noyabr 1998-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 dekabr 1998-ci il tarixdə 266 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X18 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhər Qəbristanlığında aşağıda adları göstərilən qəbirlərin yanında dəfn olunub: - X2-1942-2011 - X19-1978-2020 - X3-1938-2018 - X20-1968-2020. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx xxxx 1986-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası X21, anası X15r. İş materiallarında olan Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli, 174586 nömrəli çıxarışdan görünür ki, X18 15 dekabr 1954-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası X16, anası X12r. İş materiallarında olan Naxçıvan Şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli, 646148 nömrəli çıxarışdan görünür ki, X21 01 sentyabr 1951-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Onun atası X16, anası X12r. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 86 nömrəli arayışda qeyd olunmuşdur ki, Həsənov X17 şəhəri, Y.Məmmədəliyev, ev 18 ünvanında qeydiyyatdadır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum bibisi X8 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -15 dekabr 1954-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş X8 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 15 dekabr 1954-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş X8 04 mart 2008-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar