Məhkəmə qərarları › İş №2(078)-431/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-431/2022

03.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-431/2022 03.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin-daşınmaz əmlakın (5/8 hissə ilə iddiaçıya və 3/8 hissə ilə Cavabdeh məxsus olan) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evi mərhum həyat yoldaşı X12 ilə birgə nikah dövründə əldə etmişlər. X12 05 mart 2018-ci il tarixində vəfat etmiş və onun vərəsələri o, X9, X10, X7, X11, Nümayəndə və Cavabdehdur. Həyat yoldaşı vəfat etdikdən sonra sözügedən əmlakda o və oğlu Ramin yaşamış, mirası qəbul etmişlər. bundan əvvəl oğlu-hazırki iş üzrə Cavabdeh ona və digər vərəsələrə qarşı Naxçıvan Şəhər Məhkəməsində “atasından qalmış mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia qaldırmış, nəticədə iddia təmin olunaraq bu barədə 24 avqust 2021-ci il tarixli, 2(078)-810/2021 nömrəli qətnamə qəbul edilmiş, həmin dövrdə vəkili olmadığı və öz hüquqlarını bilmədiyindən öz hüquqlarını lazımi formada müdafiə edə bilməmiş, daha sonra müvafiq qətnamədən Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti vermiş, lakin hüquqi savadsızlığından həmin şikayətdən imtina etmiş, bununla bərabər Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı “Naxçıvan şəhər, Tumbul kəndində 5-ci küçə, 29 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin onunla mərhum həyat yoldaşı X3 birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və həmin əmlakda onun 1/2 pay hüququnun müəyyən olunması, həmin əmlakın (evin) mərhum həyat yoldaşından miras qalmış 1/2 hissəyə münasibətdə mirasın faktiki qəbulu və miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddia qaldırmış, nəticə etibarı ilə iddia tam təmin olunaraq 12 yanvar 2022-ci il tarixli, 2(078)-66/2022 nömrəli qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini də almışdır. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsində “mirasın faktiki qəbulu” na dair iddia qaldırarkən Naxçıvan şəhər, Tumbul kəndində 5-ci küçə, 29 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evini bütövlükdə mərhum atasından qalmış miras əmlak kimi göstərmiş və mirasın faktiki qəbulu Naxçıvan Şəhər Məhkəməsində bütövlükdə həmin daşınmaz əmlaka bütövlükdə aid edilmişdir. Naxçıvan Şəhər Məhkəməsi bu əmlakın birgə nikah dövründə qazanılmış əmlak olmasına fikir verməmiş, yarısı mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı da miras kütləsinə daxil etmişdir. Qanunvericiliyə görə də ər-arvadın birşə nikah dövründə qazandıqları əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Həmin əmlakın kimin adına qeydə alınmasından asılı olmayaraq ər-arvadın hər ikisinin birşə mülkiyyəti hesab olunur. Məhz bu baxımdan o, yuxarıda qeyd etdiyi iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş və müvafiq qətnamə ilə Naxçıvan şəhər, Tumbul kəndində 5-ci küçə, 29 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evini birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla onun 1/4 pay hüququ müəyyən olunmuş, həmin əmlakın mərhum həyat yoldaşı X1 miras qalmış 1/4 hissəyə onun mirası qəbul etməyi faktı tanınmış və X1 miras qalmış 1/4 hissəyə münasibətdə onun 1/4 hissədə payı müəyyən olunmuş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müvafiq qətnamənin icrası üçün müraciət etmiş və yeni Çıxarış əldə etmişdir. **********72-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla onun 5/8 hissə, cavabdehin isə 3/8 hissə müəyyən edilmişdir. Hal-hazırda mübahisə predmeti olan daşınmaz əmlakda o və Ramin öz ailəsi ilə birgə yaşayır. Faktiki olaraq həmin daşınmaz əmlakı onlar öz aralarında ayırsalar da, müvafiq məhkəmə qərarı ilə həmin əmlakın naturada ayrılmasını istəyir. Belə ki, sözügedən əmlak naturada ayrıldıqdan sonra artıq onun cavabdehlə istər hüquqi, istərsə də faktiki olaraq bütün mübahisələrinə son qoyulacaqdır. Aralarında heç cür razılaşma əldə olunmadığından məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi iddia ərizəsində qeyd edilənlərlə eyni izahat vermiş, əlavə olaraq qeyd edtmişdir ki, cavabdeh oğlu olsa da bir ana olaraq ona öz evində yaşamağa heç cür şərait yaratmamış, evin bir otağında yaşamaq üçün ona yer vermiş, yeməyini belə həmin yerdə hazırlayır. Qalan bütün otaqlardan cavabdeh və ailəsi istifadə edir. oğlu ilə yola gedə bilmir, hər dəfə onu təhqir edir və bu yaşında bu sözləri qəbul edə bilmir. Ona görə də əmlakının ayrılmasını istəyir, artıq cavabdehlə heç bir bağlılığının olmasını istəmir. Ekspert rəyi ilə qətiyyən razı deyil, çünki ev böyük evdir, əvvəldən iki giriş-çıxışı olubdur, sonralar qapını sökülüb bir qapı olubdur. Həyəti böyükdür. Evi naturada bölünə bilər və mümkündür. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh verdiyi izahatında hazırda anası-iş üzrə İddiaçı və ailəsi ilə birlikdə bir evdə yaşadıqlarını, özünün heç vaxt evin naturada bölünməsini istəmədiyini, ekspert rəyinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən cavabdehin vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 03 avqust 2022-ci il tarixdə saat 12:00-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin vəkili Vəkil rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdeh vəkili Vəkil iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə cavabdehin vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17 iyun 2022-ci il tarixdə saat 16:00-da keçirilən yerində müayinə və tədqiq iclasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını icra etmiş ekpert X19 izahatında bildirmişdir ki, məhkəmənin müvafiq qərardadı üzrə ekspertizanın aparılması Ekspertiza Mərkəzi tərəfindən ona həvalə edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin-daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (5/8 hissə İddiaçı və 3/8 hissə Cavabdeh) naturada təcrid olunmuş şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Buna münasibətdə rəy verilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 496393 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X12 xx.xx.2018-ci il tarixdə xərçəng inteksifikasiyası diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə xx.xx.2018-ci il tarixdə 100 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(078)-810/2021 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçı Cavabdehlər İddiaçı, X4, X5, X2, X6 və Nümayəndə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilərək 05 mart 2018-ci il tarixdə ölən X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 2802 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 153.22 m2 olan 2 otaqlı fərdi yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(078)-66/2022 nömrəli qətnaməsindən aydın olur ki, İddiaçı Cavabdeh qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunması, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair iddiası təmin edilərək İddiaçı X12 ilə birgə nikah dövründə əldə etdikləri X3 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 22 avqust 2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə İddiaçı ½ pay hüququ müəyyən olunması, mərhum X3 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin mərhum X8 məxsus 1/2 hissəsinin onun həyat yoldaşı İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, mərhum X3 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin mərhum X1 miras qalmış 1/2 hissəsinə münasibətdə İddiaçı miras əmlakda 1/4 hissədə payı müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 5 ünvanında yerləşən 153.2 kv.m fərdi yaşayış evi və 0.2802 ha ölçüdə torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 3/8 hissə X3 və 5/8 hissə İddiaçı adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 18/20 nömrəli reyestr kitabının 3749 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2014-cü ildə tərtib olunmuş 16574 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, ünvan 5 3/8 hissə X3 və 5/8 hissə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(078)-431/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 25 may 2022-ci il tarixli, 117 nömrəli məhkəmə tikintitexniki ekpertizası üzrə ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən 0.2802 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin-daşınmaz əmlakın mülkiyyətçilərin paylarına mütənasib surətdə (5/8 hissə İddiaçı və 3/8 hissə Cavabdeh) naturada təcrid olunmuş şəkildə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər uzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymtləndirir və verilmiş rəyi iddia ərizəsi və iş üzrə toplanmış sübutlarla yanaşı qiymətləndirərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbi payın naturada bölünməsi tələbidir. Daşınmaz əmlakın qeydiyyat sənədindən aydın olur ki, iddiaçının payı 5/8 hissədədir. Ekspertin rəyinə görə naturada bölgü mümkün deyildir. Hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsna hallar yoxdur. Ona görə də məhkəmə tələbin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar