Məhkəmə qərarları › İş №2(078)-433/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-433/2024

15.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-433/2024 15.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi X2 və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, M-00133 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X7 iştirakı ilə Maraqlı şəxs ilə 26 avqust 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Maraqlı şəxs arasındakı nikah 2015-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir. Birgə yaşadıqları müddətdə 28 mart 2012-ci təvəllüdlü X10 doğulmuşdur. Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 150 manat alimenti ona ödəməyi öz öhdəsinə götürmüşdür. Bu barədə M-00133 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X7 iştirakı ilə Maraqlı şəxs ilə 26 avqust 2022-ci il tarixdə barışıq sazişi imzalamışdır. Barışıq sazişinin şərtlərinə əsasən: “Tərəflər Ərizəçi nümayəndəsi X3 və Maraqlı şəxs övladları xx.xx.2012-ci il təvəllüdlü X1 üçün, atası Maraqlı şəxs 150 (bir yüz əlli) manat hər ayın 28-ci günündə ödənilməsini öhdəsinə götürməyi razılaşdılar”. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi X2 ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi X3 məhkəmə baxışı iclasında tərəflər arasındakı nikahın pozulduğunu, bir uşaqlarının olduğunu, tərəflər arasında 26 avqust 2022-ci il tarixli barışıq sazişi bağlandığını, həmin sazişə əsasən Maraqlı şəxs 28 mart 2012-ci təvəllüdlü X1 üçün hər ay 150 manat aliment ödəməli olduğunu, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs ödəniş etmədiyini, uşağın 6-cı sinifdə oxuduğunu, onun saxlanılmasında 150 manatın az olduğunu, ancaq heç onu da vermədiyini, aliment məbləğinin bu il üçün 230 manat qədər olduğunu, ancaq onların az məbləğlə razılaşdıqlarını, Maraqlı şəxs onu da ödəmədiyini, barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməsini istədiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə baxış iclasında izahat verərək izahatında 26 avqust 2022-ci il tarixli barışıq sazişi bağladıqlarını, 150 manat aliment ödəməyə razılaşdığını, ödənişlər həyata keçirdiyini, onların əvvəlki aliment borcuna çıxıldığını, sonra arada 150-350 manat ödənişlər etdiyini, keçən ay 150 manat ödəniş etdiyini, keçən yazda 500 manat borcu olduğunu, həmin borcu sıfırladığını, yavaş-yavaş ödədiyini, 680 manata yaxın borcu olduğunu, barışıq sazişini hər ay icra edə bilmədiyini, ancaq ödəniş edəcəyini, barışıq sazişi ilə müəyyən edilmiş alimenti ödəyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını qiymətləndirən məhkəmə müəyyən edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikahın pozulması, həmin nikahdan 28 mart 2012-ci təvəllüdlü X10 adlı övladlarının olması və ərizəçi ilə maraqlı şəxsin arasında barışıq sazişinin imzalanması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 22 yanvar 2016-cı il tarixli, AZ-İ seriyalı, 174650 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X4 ilə Maraqlı şəxs arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 96 nömrə ilə qeyd aparılması; -İş materiallarına əlavə edilmiş Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2017-ci il tarixdə təkrar verilmiş AZ-İİİ seriyalı, 748817 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi və Maraqlı şəxs 28 mart 2012-ci təvəllüdlü X10 adlı övladlarının olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 284 nömrəli arayışa əsasən Ərizəçi ünvan 1 ünvanında yaşaması; -İş materiallarında olan 26 avqust 2022-ci il tarixli, M-00133 nömrəli barışıq sazişindən Ərizəçi ilə Maraqlı şəxs arasında həmin tarixdə mediator X7 iştirakı ilə barışıq sazişi bağlanması, barışıq sazişinə əsasən Maraqlı şəxs övladları xx.xx.2012-ci il təvəllüdlü X1 üçün 150 (bir yüz əlli) manat hər ayın 28-ci günündə ödənilməsini öhdəsinə götürməsi aydın olur. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişinin könüllü icrasından boyun qaçırdığı müəyyən olunmuşdur. Maraqlı şəxsə ərizənin surətinin göndərilməsinə baxmayaraq tələbə qarşı etirazı və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız ərizəçinin təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin müvafiq bəndlərinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. MPM-in 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər aralarında bağlanmış barışıq sazişində alimentin hər ayın 28-ci günündə ödəniləcəyi barədə razılığa gəlmişlər. MPM-in 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşağın yüksək mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 26 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, 26 avqust 2022-ci il tarixli barışıq sazişi əsasında Maraqlı şəxs 28 mart 2012-ci təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment 26 avqust 2022-ci ildən tutularaq uşağın anası Ərizəçi ödənilməli, tələb alimentə dair hissədə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə təmin edilməli olduğundan ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunmalı; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 26 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli; -Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 28 mart 2012-ci təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment 26 avqust 2022-ci ildən tutularaq uşağın anası Ərizəçi ödənilməli; -Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilməli; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 26 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs 28 mart 2012-ci təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment 26 avqust 2022-ci ildən tutularaq uşağın anası Ərizəçi ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icraya yöndəldilsin. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar