Məhkəmə qərarları › İş №2(078)-473/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-473/2021

09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-473/2021 09.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək, bacısı X1 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilərək qətnamənin icrasının Naxçıvan şəhər Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır, Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizədə məhkəmə qarşısında qoyulmuş tələb konkret olaraq ifadə edilməmişdir, belə ki, o, bacısı X1 ölüm faktının müəyyən edilməsini xahiş etsə də, onun öldüyü tarixi tam şəkildə qeyd etməmiş, öldüyü gün və ayı göstərməmişdir. Digər tərəfdən isə ərizənin məzmunu məhkəmə tərəfindən anlaşılmazdır. Belə ki, ərizəsi ölüm haqqında şəhadətnamənin itirildiyi ərizədə qeyd etmişdir. Halbuki bu halda tələb ölüm faktının deyil, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi olur. Ona görə ki, ölüm faktının müəyyən edilməsi barədə işlərə baxılan zaman ölüm qeydə alınmır, lakin ölüm haqqında şəhadətnamə itirildiyi halda artıq qeydə alınmış faktın təsdiqindən söhbət gedir. Məhkəmə tərəfindən ərizənin məhkəmə icraatına götürülməsi məsələsi yoxlanılarkən mərhum X1 ölümünün qeydə alınıb-alınmaması ərizədən tam aydın olmamışdır. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də ərizəyə əlavə olunmuş Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 11921 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixdə 11921 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar