Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-504/2024 01.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 16 iyun 1995-ci ildə Naxçıvan şəhərində və mərhum qardaşı X5 12 avqust 1997-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi1 ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ailədə 7 uşaq-2 bacı və 5 qardaş olmuşlar. Bir qardaşı 1980-ci illərdə Rusiya Federasiyasına köçüb. Orada yaşayır və oranın vətəndaşlığını qəbul edib. Mərhum qardaşları X6 16 iyun 1995-ci ildə, X12 isə 12 avqust 1997-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. Qardaşlarının hər ikisi Naxçıvan Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Vəfat edən qardaşları subay olub. Mərhum qardaşları X6 və X5 ölüm haqqında şəhadətnamələrini vaxtında almamışlar. Qardaşlarının öldüyünə dair Naxçıvan şəhər Nikah evinin arxivində heç bir məlumat tapılmamışdır, bu səbəbdən də ölüm faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi bildirilmişdir. Naxçıvan şəhər Dəfn Xidməti Bürosunun arayışlarında da qeyd olunmuşdur ki, X6 16 iyun 1995-ci ildə, X12 isə 12 avqust 1997-ci ildə Naxçıvan Şəhər Qəbiristanlığında dəfn olunublar. Qardaşlarının hər ikisi də Rusiya Federasiyasında işləyirdilər. Rusiyada ağır şəraitlərdə işlədiklərindən xəstələnmişdilər və xəstəliklərinin ağırlaşdığını bilib Naxçıvan şəhərinə gətirsələr də qısa müddətdə vəfat etdilər. Hər iki qardaşının qəbirlərinin ortasında mərhum nənələri X3 qəbri yerləşir. Qardaşı Misirxanın qəbrinin solunda mərhum atası X4 qəbri yerləşir, qardaşı Yasinin qəbirinin sağından isə qəbir ziyarətinə gələnlərin keçidi üçün daş döşənmiş yol keçir. Mərhum qardaşları X6 və X5 ölüm haqqında şəhadətnamələrini başqa yolla əldə edə bilmirlər. Mərhum anası X7 ünvan 1 ünvanında daşınmaz əmlak miras qalmışdır. Miras hüquqularını həyata keçirə bilmədiklərindən mərhum qardaşları X2 və X5 ölüm faktlarının məhkəmə qaydasında müəyyən olunması zəruridir. Məhkəmə baxışı iclasında digər Ərizəçi2 izahatında qardaşı Ərizəçi1 izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçilər onun qardaşıdır. Mərhum qardaşları Misirxan xx.xx.1995-ci ildə vəfat edib, Yasin isə xx.xx.1997-ci ildə vəfat edib. Hər ikisi subay idi və xəstəlikdən vəfat etdilər. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, ərizəçilər onun qardaşıdır. Mərhum qardaşları Misirxan xx.xx.1995-ci ildə vəfat edib, Yasin isə xx.xx.1997-ci ildə vəfat edib. Hər ikisi subay idi və xəstəlikdən vəfat etdilər. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X16 xx.xx.2018-ci ildə ürəyin sklerotik xəstəliyi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2018-ci il tarixdə 261 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər V.Qasımov küçəsi, ev 35-də mülkiyyətdə olan 0.1275 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18/20 nömrəli reyestr kitabının 3746 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2488 nömrəli arayışdan aydın olur ki, ünvan 2 ünvanında yaşamış mərhum X10 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X11 -həyat yoldaşı-vəfat edib;
2. X9-qızı-1953;
3. X8-qızı-1958;
4. X6-oğlu-vəfat edib;
5. X12-oğlu-vəfat edib;
6. X13-oğlu-1964;
7. Ərizəçi1-oğlu-1968;
8. Ərizəçi2-oğlu-1970. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 606 və 607 nömrəli arayışdan aydın olur ki, xx.xx.2023-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktublardan aydın olur ki, X2 16 iyun 1995-ci ildə, X5 12 avqust 1997-ci ildə öldüyünə air qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 148 nömrəli məktubda qeyd olunmuşdur ki, 1962-ci il təvəllüdlü X5 axırıncı müraciəti xx.xx.1987-ci ildə olmuşdur. X1 poliklinikaya müraciət etmədiyi üçün heç bir sənəd tapılmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 35A və 36 nömrəli arayışda qeyd olunmuşdur ki, X1 16 iyun 1995-ci ildə və mərhum X12 isə 12 avqust 1997-ci ildə Naxçıvan Şəhər Qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 16 iyun 1995-ci ildə Naxçıvan şəhərində və X5 12 avqust 1997-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi babasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: Ərizə təmin edilsin. X2 16 iyun 1995-ci ildə Naxçıvan şəhərində və X5 12 avqust 1997-ci ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva