Məhkəmə qərarları › İş №2(078)-504/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-504/2025

21.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-504/2025 21.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməklə payların müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 mülkiyyətində olan Naxçıvan şəhəri, X19 küçəsi, döngə 7, ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən faktiki olaraq qəbul edilməklə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X10 15 iyul 2003-cü il, X2 19 dekabr 2013-cü il tarixlərdə vəfat etmişlər. Onların arasında 13 iyul 1964-cü il tarixli, 103 nömrə ilə qeydə alınmış nikahlarından özü də daxil olmaqla 2 nəfər övladları doğulmuşdur. Hazırda vərəsələri adları göstərilən şəxslərdən ibarətdir: 1. İddiaçı; 2. Cavabdeh. Mərhum atası X10 15 iyul 2003-cü il tarixdə öləndən sonra onun mülkiyyətində olan 984 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarzasiyası və qiymətləndirilməsinə aid pasportuna əsasən Naxçıvan şəhəri, X19 küçəsi, döngə 7, ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. Atasının ölümündən sonra anası, qardaşı Əli və özü həmin miras əmlakı faktiki olaraq qəbul edib orada yaşamışlar. X2 isə 19 dekabr 2013-cü il tarixdə vəlat edəndən sonra özü, qardaşı Əli ailəsi ilə birlikdə həmin evdə yaşayıb, həm atasına, həm də anasına münasibətdə mirası qəbul etmişlər. 13 avqust 2019-cu il tarixədək həmin evdə yaşamış və həmin ili də ailə qurub evdən çıxmış, lakin evlilikləri qısa müddət sürmüş, birlikdə yaşamaqları mümkünsüz olduğundan ayrılıb, atası evinə qayıtmaq istəmiş, lakin qardaşı Əli və ailəsi onu evə buraxmamışlar. Həmin vaxtdan da Naxçıvan şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşayır. Özünün yaşamağa başqa yeri yoxdur. Bunun üçün miras əmlakı taktiki olaraq qəbul etdiyinə görə mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün xx.xx.2024-cü il tarixdə Naxçıvan Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 23 oktyabr 2024-cü il tarixli, 1579/2024 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, atası 20 il bundan qabaq rəhmətə getmişdir. 5-6 il bundan əvvəl ailə qurmuşdur. Dayısının oğlu ilə ailə qurub Sumqayıta getmişdir. Evliliyi 2 ay 10 gün çəkmişdir. Orada xasiyyətinin uymadığını görmüş və qardaşının balalarına zəng vurub vəziyyəti demişdir, ancaq onu qəbul etmədilər. Anası vəfat edəndən sonra onu döyürdülər, bilirdi ki, evə getsə döyəcəklər. Ona görə bir gün bütün əşyalarını yığıb Naxçıvana qayıtmışdır. Gəldikdən sonra 6 il ərzində kirayələrdə, şahidlərin evində qalmışdır. İşləmədiyi vaxt ac-susuz qalmışdır, çox əziyət çəkmişdir. Hazırda İstedad kursunda müəllimə işləyir. Naxçıvana qayıdandan sonra ondan heç kim niyə gəldiyini soruşmamışdır. Ailəsi onun haqqında pis fikirləşmişdir. Anasının rəhmətə gedəndən sonra onu çox incitmişdilər, əgər ona hörmət qoysalardı, o bu vəziyyətdə olmayacaqdı. İndi də onlarla yaşamaq istəmir, onun payının verilməsini istəyir. Bu gün artıq öz ayaqları üstündə durur. Naxçıvana gəldikdən sonra bir nəfər evində kirayə qaldığı zaman 6-8 ay müddətində kirayə pulu almamışdır. Boşandıqdan sonra ana tərəfi ona düşmən çıxdı, dövlət ona sahib çıxdı. Cavabdeh o evdə dəfələrlə oğlu ilə birlikdə onu döymüşdür, söymüşdür, təhqir etmişdir. O evdə ona çox zülüm veriblər. Qardaşı 6 ildir ki, onunla niyə maraqlanmadı. O payı verildikdən sonra evin satılıb ona haqqının verilməsini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir iddia tələbinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iş üzrə Cavabdeh izahatında bildirmişdir ki, bacısı ona zəng vurub, onu söhbət üçün çağırmışdır. O da getmişdir, ona bacısı demişdir ki, evə gedib söhbət etsinlər, ona nə sözü varsa desin demişdir. Çünki aralarında həmişə anlaşılmazlıq olmuşdur. Ancaq o da bilir ki, miras əmlakda onun və bacısının haqqı vardır. Ancaq miras tikilidən başqa orada əlavə tikililər də vardır. Nərgiz ondan ev istəyir, onun da ev almağa pulu yoxdur. Köhnə maşını var, onunla çörək pulu qazanır. 1 bacı, 1 qardaşdılar. Bacısı bu gün də gəlib özünə düşən payı ayırıb yaşaya bilər, özünə şərait yarada bilər. Zamanında bacısının səhv hərəkətləri olmuşdur, kredit götürüb başqalarına göndərmişdir. Onu bir qardaş kimi eşitməmişdir. Bacısının fikri odur ki, torpaq bölünsün, satılsın. Bu məsələlərə görə özünün və ailəsinin psixologiyası pozulmuşdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, Babək rayonun, Şıxmahmud kəndində anadan olmuşdur. Nərgizi 5-6 ildir ki, tanıyır, o dükana işləyən zaman, Nərgiz rəfiqəsi ilə dükana gələn zaman tanımışdır. Nərgiz evsiz idi, onun halına yanmışdır, rəhmi gəlib kənddə ata evini qalsın deyə ona vermişdir. Nərgiz 6-7 ay evdə qalmışdır, heç nəyi yox id, bir quru canı var idi. Nərgizlə bir problemi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 bildirmişdir ki, qohum deyil. Nərgizlə bir yerdə işləmişdir. Nərgizin evinə gedib-gələn adam olmuşdur, yaslarına getmişdir, evində qalmışdır. Nərgiz də onun evində qalmışdır. Nərgizin ailə qurduğu vaxt imkanı olmadığı üçün getməmişdir. Nərgiz kirayə qalır. Ailə qurduğu vaxta qədər atasının evində yaşamışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 27 sentyabr 2024-cü il tarixli bildirişinə əsasən, iddia edilən torpaq sahəsi ilə bağlı ünvan 3 ünvanda yerləşən əmlaka mütəxəssislər tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsi üzərində mübahisə olduğu müəyyən olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Qanunun 2.4-cü maddəsinə uyğun olaraq hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş Naxçıvan Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 23 oktyabr 2024-cü il tarixli, 1579/2024 nömrəli məktubuna əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Mülki işin materiallarında olan Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 05 iyul 2024-cü il tarixdə verilmiş 1945 nömrəli arayışdan aydın olur ki, X11 19 dekabr 2013-cü il tarixdə vəfat etmiş, bu haqda 15 nömrəli akt qeydi tərtib olunmuşdur. Mülki işin materiallarında olan Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 05 iyul 2024-cü il tarixdə verilmiş 1944 nömrəli arayışdan aydın olur ki, X10 15 iyul 2003-cü il tarixdə vəfat etmiş, bu haqda 227 nömrəli akt qeydi tərtib olunmuşdur. Mülki işin materiallarında olan Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 05 iyul 2024-cü il tarixdə verilmiş 1943 nömrəli arayışdan aydın olur ki, X10 ilə X9 arasında 13 iyul 1964-cü il tarixdə nikah bağlanmış, bu haqda 103 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Həsənova” soyadı verilmişdir. Mülki işin materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 561 nömrəli arayışdan aydın olur ki, X4 aşağıdakı vərəsələri vardır:

1. X11 arvadı vəfat edib;

2. Cavabdeh oğlu 1967-ci il təvəllüdlü;

3. İddiaçı qızı 1971-ci il təvəllüdlü. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, ilk olaraq müəyyən edilməli olan hal Naxçıvan şəhəri X21 küçəsi döngə 7 ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin mərhum X4 bütövlükdə mülkiyyətində olması barədə məsələni müəyyən etmək lazımdır. İş materiallarında olan texniki pasportdan aydın olur ki, həmin daşınmaz əmlakın tikildiyi il 1959-cu ildir. X10 ilə X7 arasında 13 iyul 1964-cü il tarixdə nikah bağlamışdır. Ona görə də məhkəmə qeyd edir ki, miras əmlak ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olmamışdır və miras qoyan X4 tam mülkiyyəti olmuşdur. X10 2003-cü ildə vəfat etdikdən sonra miras əmlakda onun üç vərəsəsi yaşamış və həmin mirası qəbul etmişdir. Vərəsələr, yəni mərhum X7, İddiaçı və Cavabdeh miras qoyan X4 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Belə ki, iş üzrə izahatlardan, mülki işin materiallarından və şahid ifadələrindən aydın olur ki, İddiaçı atasının ölümündən sonra anası, qardaşı Əli ilə birlikdə həmin miras əmlakı faktiki olaraq qəbul edib sözügedən ünvanda yaşamışlar. X2 isə 19 dekabr 2013-cü il tarixdə vəfat edəndən sonra özü, qardaşı Əli ailəsi ilə birlikdə həmin evdə yaşamış hər ikisi həm atasından qalan, həm də anasının atasından qəbul etdiyi miras əmlak olaraq ondan qalan mirası qəbul etmişlər. 13 avqust 2019-cu il tarixədək iddiaçı həmin evdə yaşamış və həmin il də ailə qurub evdən çıxmış, lakin evlilikləri qısa müddət sürmüş, birlikdə yaşamaqları mümkünsüz olduğundan ayrılmışdır. Həmin vaxtdan da iddiaçı Naxçıvan şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşayır. Özünün yaşamağa başqa yeri yoxdur. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı mərhum atası X4 vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Həmçinin məhkəmə miras əmlakla bağlı bütün halların bir icraata çərçivəsində həll edilməsinin prosessual qənaət prinzipinə uyğun olaraq məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə-miras əmlakdan payların müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi X1 miras qalan Naxçıvan şəhəri, X19 küçəsi, döngə 7, ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə iddiaçının payına münasibətdə mərhum atası X3 qalan miras əmlakda payının 1/3 hissədə (miras əmlak üç vərəsə arasında bərabər bölünməklə mərhum X11, İddiaçı və Cavabdeh arasında) müəyyən edilməsini, mərhum X5 mərhum əri X3 qalan miras əmlakda 1/3 hissədə isə payının 1/6 hissədə (yəni 1/3 hissə miras əmlak iki vərəsə arasında İddiaçı və Cavabdeh arasında bərabər bölünməklə) müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Bunların nəticəsində isə miras əmlak olan Naxçıvan şəhəri, X19 küçəsi döngə 7, ev 18 ünvanında yerləşən daşınmaz əmlakda İddiaçı payı 1/3+1/6=1/2 hissədə müəyyən edilməli, eləcə də Cavabdeh payı 1/3+1/6=1/2 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 05 fevral 2025-ci il tarixdə 5255 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. X1 miras qalan Naxçıvan şəhəri, X19 küçəsi, döngə 7, ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Naxçıvan şəhəri, X19 küçəsi, döngə 7, ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən ibarət miras əmlakda İddiaçı payı 1/2 hissədə, eləcə də Cavabdeh payı ½ hissədə müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 05 fevral 2025-ci il tarixdə 5255 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar