Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-535/2023 26.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların - İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında mülkiyyətlərində olan 1/3 hissədə daşınmaz əmlakdakı paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini əsaslandıraraq qeyd etmişdir ki, X4 Şəhəri, Xətai məhəlləsi döngə 3, ev 9 ünvanda miras qalmış daşınmaz əmlaka dair Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(078)-981/2022 nömrəli qətnaməsi ilə mirasın faktiki qəbulu faktı və 1/3 hissədə miras payları müəyyən edilmişdir. Bu paylara dair müvafiq çıxarış almışlar. Paylarının naturada bölünməsi ilə bağlı onlar-iddiaçılar tərəfindən heç bir mübahisə olmadan Cavabdeh dəfələrlə müraciət edərək məhkəmədə iddia qaldırmadan ona məxsus 1/3 hissədə payı və onlara məxsus 1/3 hissədə paylarını bərabər şəkildə bölmələrini təklif etmişlər. Lakin müxtəlif əsassız bəhanələr gətirərək paylarının naturada bölünməsinə razı olmamışdır. Qeyd olunan torpaq sahəsinin ümumi ölçüsü 2003 kv.m , tikilinin ümumi sahəsi isə 142.7 kv.m-dir. Naturada bölgünün aparılması heç də çətin deyil. Həm daşınmaz əmlakın həm də torpaq sahəsinin naturada bölgüsü mümkündür. Cavabdeh naturada bölgüyə razılıq vermədiyindən onlar istəyirlər ki, payları məhkəmə qaydasında naturada bölünsün. 10 may 2023-cü il tarixdə İddiaçı1 məhkəməyə ərizə göndərərək ünvan 1 ünvanında onun və anası İddiaçı2 1/2 paylarının naturada bölünməsi ilə bağlı Cavabdeh qarşı məhkəmədə iddia qaldırdıqlarını, anası İddiaçı2 1/2 hissədə payını ona bağışladığını, hal hazırda onun payının 2/3 hissə olduğunu, iddia tələbinə ünvan 1 ünvanında onun mülkiyyətində olan 2/3 hissədə payının naturada ayrılması kimi baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(078)-535/2023 nömrəli qərardadı ilə İddiaçı1 ərizəsinin təmin edilməsi, iddia tələbinə İddiaçı1 ünvan 1 ünvanında onun mülkiyyətində olan 2/3 hissədə payının naturada ayrılması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı2 18 may 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə İddiaçı2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 18 may 2023-cü il tarixdə İddiaçı2 məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı 1/3 hissədə payının naturada bölünməsi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, hal-hazırda 1/3 hissədə payını İddiaçı1 bağışladığını, ona görə də qaldırdığı iddiasından imtina etdiyini qeyd edərək onun iddiaçıların sırasından çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(078)-535/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, əmlakın naturada bölgüsünə razı olmadığını, evdən və torpaqdan bərabər səviyyədə onlara pay düşməli olduğunu, iddiaçı Yusifin özbaşına olaraq torpaq bölünmədən torpağın bir hissəsini satdığını, orada tikinti aparıldığını, özünün də məhz torpağın həmin hissəsini istədiyini, əgər həmin hissə bölünsə üzərindəki tikintini sökdürəcəyini, anasını Yusifin idarə etdiyini, Yusif nə desə anasının onu etdiyini, yoxsa reallıqda anasının payını Yusifə bağışlamaq istəmədiyini, ancaq Yusifin təsiri nəticəsində anasının daşınmaz əmlakın ona məxsus hissəsini Yusifə bağışladığını, özünün də mülkiyyətçi olaraq həmin evdən və torpaqdan istifadə etmək hüququ olduğunu, ancaq Yusifin yaratdığı maneələrə görə hazırda özünə məxsus hissədən istifadə edə bilmədiyini, əmlakın açıq hərracdan satılmasını istədiyini bildirərək iddia tələbinə baxılaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin Cavabdeh adına qeydiyyata alınması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(078)-981/2022 nömrəli qətnaməsindən X1 miras qalmış ünvan 2 ünvanda yerləşən miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda İddiaçı1 payı 1/3 hissədə və İddiaçı2 payı 1/3 hissədə müəyyən edilməsi; -İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(078)-981/2022 nömrəli qətnaməsindən X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda cavabdeh-iddiaçı Cavabdeh payının 1/3 hissədə müəyyən edilməsi; -İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.2003 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 142.7 m2 olan fərdi yaşayış evinin 2/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınması və bunun daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9226 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-981/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırda İddiaçı1 ünvan 1 ünvanında onun mülkiyyətində olan 2/3 hissədə payının naturada ayrılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texnikası ekspertizasının 03 oktyabr 2023-cü il tarixli, 823 nömrəli rəyindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda olan 2/3 hissə payının təcrid olunmuş qaydada texniki cəhətdən bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89*-un (СНиП 2.08.01.89* «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitdə (Məmmədov M.N. «Məhkəmə tikintitexniki ekspertizasının həlli metodları» Bakı-2008) bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İddiaçı əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz manat) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-535/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-535/2023
26.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver