Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-55/2021 31.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun vəkili X8 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinin 2006-cı ilin iyul ayında İddiaçı satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsininin 2006-cı ilin iyul ayında ona satmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X21 cavabdeh tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur. İddiaçı iddianı müdafiə edərək məhkəmə baxışı iclasında verdiyi izahatında göstərmişdir ki, onun həyat yoldaşı mərhum X10 cavabdehin atası mərhum X22 ilə həmkəndli və qohumluq münasibətləri olmuşdur. Naxçıvan şəhəri H.Əliyev 11/1 ünvanında yerləşən qeyri yaşayış sahəsini 2006-cı ilin iyul ayında Vüqarın atası rəhmətlik Abbas kişiyə 16500 ABŞ dolları pul verib almışlar. Dükanın satılması ilə bağlı məsələni danışmaq üçün o və yoldaşı Fəxrəddin Abbas kişinin evinə getmiş, evdə Abbas kişinin yoldaşı Roza xanım da evdə olmuşdur. Danışıb razılığa gəlmişlər. Pul verib dükan alsalar da son vaxtlar o bilmişdir ki, dükanın alqı-satqısı sənədləşdirilməmişdir. Dükanın Vüqarın olduğunu alqı-satqı aparanda bilmişlər. Lakin atası onlara demişdir ki, Vüqar dükanı ona veribdir, Vüqar onlara həmin sahədən istifadə üçün etibarnamə verib. Vüqargilin ailəsi ilə qohumluq münasibətləri olub. O vaxt onlar bu sahənin pulunu Vüqarın atasına vermişlər və Vüqar da bunu çox gözəl bilir. Lakin son vaxtlar dəfələrlə həmin qeyri yaşayış sahəsini onların adına sənədləşdirilməsini Vüqara desələr də nədənsə qətiyyən razı olmur, bəzən də deyir ki, həyat yoldaşı Sevda xanım razılıq vermir. Məhkəmə tərəfindən verilən sualları cavablandıran iddiaçı qeyd etmişdir ki, onlar pulu Vüqarın atası rəhmətlik Abbas kişiyə vermişlər, belə ki, o, rəhmətlik həyat yoldaşı Fəxrəddinlə birlikdə rəhmətlik Abbas kişinin evinə getmiş, həmin vaxt evdə onun arvadı Roza xanım da olmuş, razılığa gəldikləri üçün həyat yoldaşı Abbas kişiyə 16500 ABŞ dolları pul vermiş, Abbas kişi də dükanın texniki pasportunun əslini onlara vermişdir. Həmin vaxt Vüqar orada olmamışdır. Dükanı 2006-cı ildə almışlar, 2019-cu ilə qədər ayrı-ayrı şəxslərə kirayə vermişlər, sığortası, işıq, qaz, kommunal xərclərini böyük oğlu X3 adına aparılmışdır, lakin kirayə pulunu özü almışdır. Bu günədək davamlı dükanı kirayə vermiş, kirayə haqqı 250-400 manat arası olmuşdur. İddiaçı qeyd etmişdir ki, onlar zamanında rəsmi alqı-satqı olması ilə maraqlanmamış, pul verib işlərini görmüşlər, rəsmi alqı-satqı aparılıb-aparılmadığını belə bilməmişdir. Vüqarla uzaq qohumluqları da var və heç vaxt inanmazdı ki, nə vaxtsa onların aldığı dükanı Vüqar danacaq və inkar edəcəkdir. 2019-cu ildə dükanı kirayə verən zaman icarəyə götürmək istəyən şəxs kirayə müqaviləsi bağlanmalı olduğunu dediyində onlar kirayə müqaviləsi bağlamağa gedən zaman texniki pasportu aparmış, lakin notariusda bilmişlər ki, mülkiyyətçi başqasıdır. Sonra Vüqara müraciət etmişlər, Vüqar da onlara “Arxiv idarəsində işdəyəm” dediyi üçün Vüqarın iş yerinə getmişlər. Vüqar da onun adına etibarnamə vermişdir ki, dükanın texniki pasportunu aparıb daşınmaz əmlakdan çıxarış alınsın. Sənədləri düzəltdikdən sonra Vüqara “Gedək notariusa dükanı keçirt adıma” dediyində Vüqar da əvvəlcə “Yarısı mənim olacaq”, sonra da “Yoldaşım razı deyil” deyərək sənədi verməkdən imtina etmişdir. Ötən 13 ildə Vüqarın bir dəfə də olsun dükanla maraqlanmadığını, onlar dükanı sənədləşdirmək istəyəndə isə etiraz etdiyini, gah 25000 manata başqa dükan alıb verəcəyini, gah evi satıb əvəzində onlara dükan qarşılığında pul verəcəyini bildirmişdir. O isə heç birinə razı olmamışdır. Hazırda da sözügedən qeyriyaşayış sahəsinə dair bütün sənədlərin əslinin onda olduğunu, cavabdehin bu hərəkətləri ilə onun mülkiyyətçi kimi hüquqlarının pozulduğunu, məcbur qalıb məsələnin həlli üçün məhkəməyə müraciət etdiklərini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili X18 iddianı müdafiə edərək iddiaçının izahatını təsdiqlədiyini bildirib bir daha qeyd etmişdir ki, tərəflər arasında 2006-cı ilin iyul ayında alqı-satqı olub, lakin müqavilə rəsmləşdirilməyib, çünki iddiaçı ilə cavabdehin ailəsi arasında yaxın qohumluq və dostluq münasibəti olub. Onlar bir-birilərinə güvəniblər. Pulu Həcər xanım və yoldaşı cavabdehin atası rəhmətlik Abbas kişiyə verib. Həmin vaxt qeyd olunan sahə Vüqarın adına olub. İddiaçının əri vəfat etdikdən sonra ondan qalan evdə Həcər xanım yaşayır və əmlakını idarə edir. Neçə illərdir Həcər xanımgil o yeri etibarnamə ilə idarə edirlər. İndi də öz adına sənədləşdirmək üçün Vüqara müraciət etsələr də Vüqar razılaşmır. Cavabdehin həyat yoldaşı X11 da bu işin iddiaçının xeyrinə həll olunmasına mane yaratdığını bildirən vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, həqiqətən də Həcər xanımgillə onun ailəsinin yaxın münasibətləri olub. Mübahisəli qeyri-yaşayış sahəsinin öz adına olduğunu, zamanında işi ilə əlaqədar olaraq vaxtı olmadığından dükanla atasının maraqlandığını, həm də kirayə verib oradan gəlir götürdüklərini, özünün isə ümumiyyətlə dükanla maraqlanmadığını, bu məsələlərdən atasının vəfatından iki il sonra məlumatının olduğunu, belə ki, Həcər xanım ona müraciət edərək dükanı sənədləşdirmək istədiklərini bildirəndə məsələni bildiyini, rəhmətlik atasının dükanı satıb-satmadığından xəbərinin olmadığını, Həcər xanımgili dükanın icarəçisi kimi bildiyini, etibranaməni də Həcər xanıma onlarla rəsmi kirayə müqaviləsi bağlamaq üçün verdiyini, lakin onların hər yerə şikayət etdiklərini bildirən cavabdeh qeyd etmişdir ki, əgər dükanı satıbsa atası bunu ondan xəbərsiz satıb, iddiaçının verdiyini dediyi pul barədə heç bir məlumatı yoxdur, çünki pul ona verilməyibdir. Sadəcə o, etibarnaməni Həcər xanımgilin qeyri-yaşayış sahəsinə dair ona adına çıxarış çıxarmaq və Həcər xanımla kirayə müqaviləsi bağlamaq üçün verib. Hazırda da ona təklif edirlər ki, həmin yeri onların adına sənədləşdirməlidir. Ancaq o və ailəsi bununla razılaşmır, çünki həmin qeyri yaşayış yeri ona aiddir. Həmin dükanı da neçə illər atası işlətmiş, dükanın bir qəpiyini belə görməmişdir. Ailəsində də həmişə bu dükana görə problemlər yaranıbdır. Məhkəmə tərəfindən verilən sualları cavablandıran Cavabdeh dükanı satan və pulunu alanın o olmadığını, belə olubsa da bunları atasının etdiyini, ümumiyyətlə bu proseslərdə iştirak etmədiyini, qarşı tərəfə həmin yerdən istifadə etmələri və kirayə müqaviləsi bağlamaları üçün etibarnamə verdiyini, etibarnaməni onlar kirayə müqaviləsi bağlaya bilsinlər deyə verdiyini, lakin dükanı sənədləşdirin demədiyini, mübahisəli dükanı 1994-cü ildə aldığını, həmin vaxt X29 ilə evli olduğunu, 2020-ci ildə ailə münasibətlərində bu dükanla bağlı soyuqluq yarandığını, S.Cəfərova ona qarşı məhkəmədə iddia qaldırdığını və dükanda özünün ½ hissədə payını tələb etdiyini, işə məhkəmədə baxılan zaman Sevda ilə barışıq sazişi bağladıqlarını və o, dükanda olan payından yoldaşının xeyrinə imtina etdiyini, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqləndiyini, lakin dükanın sənədlərinin əsli qarşı tərəfdə olduğundan həmin qərardadın icra edilmədiyini, qərardad icra edilərsə dükanın S.Cəfərovanın adına olacağını bildirmişdir. Cavabdeh həmçinin iddia müddətinin ötdüyünü, 13 ildən sonra iddiaçıların müqavilənin bağlanmış hesab edilməsinə dair iddia qaldırmalarının əsassız olduğunu bildirib, qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, məhkəmənin ünvanına 23.11.2020-ci il tarixli etiraz ərizəsi göndərmişdir. X21 iddianı qəbul etmədiyini, sözügedən yaşayış sahəsinin onunla cavabdehin birgə mülkiyyəti olduğunu, qeyri-yaşayış sahəsinin təmiri və təhcizatı üçün xeyli vəsait xərclədiklərini, həmin sahədən uzun illər gəlir əldə etdiklərini, cavabdeh müxtəlif rayonlarda xidmət etdiyindən əmlakın idarə olunması ilə bir müddət Vüqarın atası X12 məşğul olduğunu, cavabdehlə aralarında sözügedən daşınmaz əmlakla bağlı mübahisə yaranıdığından mübahisənin həlli üçün məhkəməyə müraciət etdiyini, işə məhkəmədə baxılan zaman Vüqarla barışıq sazişi bağladıqlarını və əmlakın tam olaraq onun və övladlarının xeyrinə keçdiyini, Vüqarla aralarında heç vaxt əmlakı satmaq və ya hər hansı şəkildə özəlləşdirmək barədə söhbət olmamış, ona kimsə tərəfindən hər hansı təklif edilmədiyini, iddianın tamamilə uydurma xarakterli olduğunu, tələbin istər cavabdehlə, istərsə də onunla heç bir aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X23 özünün Həcər xanımla və onun həyat yoldaşı Fəxrəddin kişi ilə quda olduğunu, təxminən 10-15 il əvvəl Fəxrəddin kişinin ona “biz şəhərdə ailə dostumuz Vüqardan dükan almaq istəyirik, sadəcə olaraq pulumuz tam düzəlmir, bizə borc verə bilərsən?” dediyini, buna görə də onlara 3000 ABŞ dolları pul verdiyini, sonra həmin pulu ona hissə-hissə qaytardıqlarını, sonradan Həcər xanımgilin yaxın ailə dostları olan Vüqargilə pul verib onlardan şəhərdə dükan alması barədə eşitdiyini, sənədləşmə işlərinin necə aparıldığı barədə məlumatının olmadığını, ancaq Həcər xanımgilin neçə illərdir ki, şəhərdə dükan alıb kirayə verdiklərini bildiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında şahid X24 məhkəməyə verdiyi ifadəsində özünün hər iki tərəfi neçə illərdir ki, tanıdığını, həmin dükanın Həcər xanımgilin Vüqardan aldıqlarını bildiyini, Vüqarın da onlara etibarnamə verdiyini, özünün bir gün Vüqara “Bəs dükan Həcər xanımgilin deyil?” deyə soruşduğunda Vüqarın ona “Yox dükan mənim adımadır. Biz bu dükanı satıb pulunu da 3 hissəyə böləcəyik” cavabını verdiyini, Vüqarın ona guya onu hədələdiklərini, buna görə də dükanı satıb pulunu 3 hissəyə böləcəyini dediyini, Həcər xanım onun bacısı olsa da Vüqarın haqsız olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X15 məhkəməyə verdiyi ifadəsində iddiaçının onun anası olduğunu, cavabdehi isə neçə illərdir ki, tanıdığını, sözügedən dükanı pul verib aldıqdan sonra kirayə verdiklərini, dükanın bütün xərclərini də, dövlət rüsumunu da özlərinin çəkdiyini, bir gün kirayə götürən adamın onlara icarəyə müqaviləsi bağlamaq istədiyini dediyində məsələnin həlli üçün notariusa getdiklərində orada dükanın onların adına olmadığını öyrəndiklərini, sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə getdiklərində Xidmətdə onlara dükanın Vüqarın adına olduğunu, dediklərində qardaşı ilə birlikdə Vüqara zəng edərək “Bəs vəziyyət belədir. Sən gəl gedək notariusda bizə etibarnamə ver, dükanı bizim adımıza keçir,” dediklərini, Vüqarın əvvəl “yaxşı 2-3 günə həll edərik” dediyini, sonradan isə hərdən bir bəhanə gətirərək axırda da imtina etdiyini və onlara “siz məndən dükan almamısınız, atamın işləridir, mən bu dükanı sizin adınıza keçirtməyəcəm”, dediyini, bu barədə hətta DİN və DTX-də olduğunu, orada məsələnin həlli üçün məhkəməyə müraciət etməyi məsləhət gördüklərini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid X19 məhkəməyə verdiyi ifadəsində iddiaçı ilə qohum olduğunu, cavabdehin isə onun oğlu olduğunu, təqribən 10-15 il bundan əvvəl Həcər xanım həyat yoldaşı Fəxrəddinlə birlikdə onlara gəldiklərini, rəhmətlik yoldaşı ilə razılaşıb pulu da yoldaşına verdiklərini, həmin vaxt Vüqarın orada olmadığını, ancaq həyat yoldaşının dükanı Vüqarın adına saldırdığını, dükanın pulu ilə Bakıda olan oğluna ev aldıqlarını, həmin puldan Vüqara da verib-vermədiklərini xatırlamadığını, keçən il Həcər xanımın ona “Roza bəs Vüqara nə qədər deyirik ki, dükanı keçirtsin adımıza Vüqar razılaşmır”, dediyini, özünün də bu barədə oğluna dediyində Vüqarın razı olmadığını, Vüqarın həmişə onlara hörmətsizlik etdiyini, onları bir övlad kimi eşitmədiyini, hamısının da səbəbkarı onun həyat yoldaşı Sevda xanım olduğunu, bütün gücü ilə Vüqarla aralarında soyuqluq saldığını, həyat yoldaşı sağ olsaydı onda bu məsələnin öz həllini tapacağını, Vüqarın və həyat yoldaşı Sevdanın onu Həcər xanımgilin yanında xəcalət etdiklərini bildirmişdir. Məhkımə baxışı iclasında şahid X20 məhkəməyə verdiyi ifadəsində Həcər xanımın ögey anası olduğunu, 1992-ci ildə Səməd kişi ilə ailə qurduğunu, Vüqarın ailəsini də özünü də yaxşı tanıdığını, özünün Həcər xanımla birlikdə sənədləşmə işlərini həll etmək üçün Vüqarın iş yerinə getdiklərini, özünün maşında oturub gözlədiyini, Həcər xanımla oğlu Elmar Vüqarla xeyli söhbət etdiklərini, Vüqarın onlara “Gedin yoldaşımla da danışın”, dediyini eşitdiyini, sonra elə oradan birbaşa Vüqargilin evinə getdiklərini, qapını Sevda xanımın açdığını, nə qədər danışıb məsələni izah etməyə çalışsalar da mümkün olmadığını, Sevdanın onlara “Neçə illər dükandan qaynamatmgil fayda götürüb. Mənə düşən pay nədirsə mən onu tələb edirəm”, dediyini və qətiyyən razıllıq vermədiyini bildirmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(078)-55/2021 nömrəli qərardadı ilə mülki iş üzrə şahid X25 Bakı şəhəri, ünvan 4 ünvanında yaşadığından onun ifadəsinin alınması üçün Bakı şəhəri Abşeron Rayon Məhkəməsinə məhkəmə tapşırığı göndərilmiş, Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(012)-211/2021 nömrəli protokolu və qərardadı ilə X13 ifadəsi protokollaşdıraraq Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. X5 ifadəsində mübahisəli qeyri-yaşayış sahəsinin 2006-cı ildə atası Abbas tərəfindən X1, öz aralarında alqı-satqı etdiklərini, bildiyinə görə alqısatqıya görə Fəxrəddinin atası X16 16500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul verdiklərini, lakin alqı-satqının notarial qaydada təsdiq edilmədiyini dəqiq bildiyini, X27 Ağayevanın əri olduğunu, bildiyinə görə Fəxrəddin kişinin vəfat etdiyini, həmin vaxt qardaşı Vüqarın obyektin Həcər xanımın əri Fəxrəddinə satılmasına razılıq verdiyini, hazırda atası Abbas Məhərrəmovun da rəhmətə getməsinin bu mübahisənin yaranmasına gətirib çıxardığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi iş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 24.09.2019-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış“ın surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında olan 30 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2/2 nömrəli reyestr kitabının 339 nömrəli vərəqində qeydiyyata alınmışdır. 18 iyul 2016-cı il tarixli 000483 inventar nömrəli müəssisə və obyektin texniki pasportunun surətindən aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında olan 30 kv.m qeyri-yaşayış sahəsinin icarəçisi Cavabdehdur. 01 fevral 2012-ci il tarixli icarə müqaviləsinin surətindən aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə verən X9 tərəfindən icarəyə götürən X17 5 il müddətinə aylıq 100 manata icarəyə verilmişdir. BA 223415 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətinə əsasən X2 şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 24.10.2019-cu ildə bir il müddətinə sığortalamışdır. Culfa rayon VVADQ şöbəsi tərəfindən 12 fevral 2008-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X10 04 fevral 2008-ci il tarixdə miokard infarktı diaqnozu ilə Culfa rayon Camaldın kəndində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 12.02.2008-ci il tarixdə 17 nömrəli qeyd icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X22 28 yanvar 20!7-ci il tarixdə beyin infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında 07.02.2017-ci il tarixdə 59 nömrəli qeyd icra edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-501/2020 nömrəli 29 iyun 2020-ci il tarixli qərardadının surətindən aydın olur ki, iddiaçı X11 Cavabdeh qarşı payın müəyyən olunması tələbinə dair mülki işə xitam verilmişdir. Belə ki, tərəflər arasında barışıq sazişinə görə: mübahisə predmeti olan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanda yerləşən, ümumi sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququndan Cavabdeh iddiaçının xeyrinə imtina edir və mülkiyyət hüququna xitam verilməsi, iddiaçının həmin sahə üzərində mülkiyyət hüququnun tanınması ilə razılaşır, iddiaçı X29 mübahisə predmeti olan Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 11/1 ünvanda yerləşən, ümumi sahəsi 30 kv.m. olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququndan onun xeyrinə imtinasını qəbul edir və cavabdehin mülkiyyət hüququna xitam verilməsi, həmin sahə üzərində mülkiyyət hüququnun tanınması ilə razılaşır, tərəflər göstərilən əmlakın tamamilə iddiaçıya qalmasının aralarında olan ümumi birgə mülkiyyətdə olan digər əmlakların bölünməsi halında nəzərə alınacağı barədə qarşılıqlı razılıq əldə etdilər. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək olar. Belə ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı Culfa rayon Camaldın kəndində mərhum əri X4 adına olan şəxsi yaşayış evində yaşamaqla hazırki tələbi də irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 24.05.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsi müəyyən edirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22.03.2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və tərəflər arasında həmin sahəsnin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. İddiaçı özü iddia ərizəsində qeyri-yaşayış sahəsini şifahi müqavilə əsasında aldığını bildirir. Məhkəmə nəzərə alır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə həmin əmlakın alqı-satqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-nin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. İşin halların aydın olur ki, tərəflər arasında həmin qeyri-yaşayış sahəsinin alqı-satqısına dair yazılı akt tərtib edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi özü-özülüyündə əsassız olduğundan təmin edilməməlidir. Bu halda isə məhkəmə cavabdehin dəlillərini araşdırmağa zərurət görmür. Ona görə məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini müzakirə etmir və hesab edir ki, tələb özlüyündə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinin 2006-cı ilin iyul ayında İddiaçı satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-55/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-55/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver