Məhkəmə qərarları › İş №2(078)-610/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-610/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-610/2021 13.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, bacısı X1 22 aprel 1999-cu ildə Naxçıvan şəhəri, Qaraçuq kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, bacısı X10 22 aprel 1999-cu ildə vəfat etmişdir. Lakin həmin vaxtı lazımı qaydada sənədləri toplayıb ölüm haqında şəhadətnamə alınması barədə müvafiq qeydiyyat şöbəsinə təqdim etməmişlər. Mərhum atası X5 məxsus Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Bacısı vəfat etdiyindən həmin miras qalmış evi sənədləşdirə bilmirlər. Həmçinin, X1 ölüm haqqında şəhadətnaməsi olmadığından öz haqlarını tələb edə bilmirlər. Bununla bağlı, yəni X1 Naxçıvan şəhər qeydiyyat şöbəsinə 26.02.2021-ci il tarixdə ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etsə də, Naxçıvan şəhər qeydiyyta şöbəsi 02/118 nömrəli, 09.03.2021-ci il tarixli məktubu ilə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təlimatın 8.5-ci bəndinə uyğun olaraq vətəndaşın vəfat etməsinə dair Naxçıvan şəhər qeydiyyat şöbəsinin arxivinə heç bir məlumatın olmaması, vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün olmaması bunun üçün ölüm faktının təsdiq olunması barədə məhkəməyə müraciət edilməsi cavabı verilmişdir. Ərizəçi bacısı X6 aid ölüm faktını təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 həqiqətən ölməsi və Qaraçuq qəbiristanlığında dəfn olunması Naxçıvan Şəhər İcra Hakimiyyəti, Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 759 nömrəli, 30 mart 2021-ci il tarixli arayışdan təsdiq olunur.Ərizəçi X1 ölməsi faktının həmçinin məhkəmədə şahidlərin də təsdiq edə biləcəyini, bu faktın təsdiqinin ona atasından qalan yaşayış evini sənədləşdirmək üçün lazım olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan şəhər Qeydiyyat şöbəsinə məlumat verilsə də, Naxçıvan şəhər Qeydiyyat şöbəsi məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, 29 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsinin rəisi Gülməmmədova İsayə məhkəməyə məktub göndərərək həmin məktubda işlərinin çoxluğu ilə əlaqədar 29 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyindən, onun iştirakı olmadan işə baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan məktubu nəzərə alan məhkəmə Naxçıvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında bacısı X1 22 aprel 1999-cu ildə vəfat etdiyini, həmin vaxt özününTürkiyədə duğunu, o zaman lazımı qaydada sənədləri toplayıb ölüm haqqında şəhadətnamə alınması barədə müvafiq qeydiyyat şöbəsinə təqdim etmədiklərini, mərhum atası X5 məxsus Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən fərdi yaşayış evinin miras qaldığını, bacısı vəfat etdiyindən həmin miras qalmış evi sənədləşdirə bilmədiyini, həmçinin, bacısı X1 ölüm haqqında şəhadətnaməsi olmadığından öz haqqını tələb edə bilmədiyini, 26.02.2021-ci il tarixdə Naxçıvan şəhər qeydiyyat şöbəsinə bacısı X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etdiyini, Naxçıvan şəhər qeydiyyta şöbəsinin bacısının vəfat etməsinə dair Naxçıvan şəhər qeydiyyat şöbəsinin arxivində heç bir məlumatın olmaması, vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığını bildirdiklərini, bacısı X6 aid ölüm faktını təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Ərizəçi onun qızı Fəxriyyənin əri olduğunu, onun rəhmətə getmiş bacısının adının Fazilə olduğunu, Fazilənin uzun müddət xəstə olduğunu, Fazilənin ölüm tarixinin dəqiq yadında olmadığını, həmin gün qızının zəng edərək baldızının vəfat etdiyini bildirdiyini, həmin vaxt Əlinin Türkiyədə olduğunu, Fazilənin Qaraçuq kənd qəbiristanlığında dəfn edildiyini, dəfndə özünün də iştirak etdiyini, sonra mərhumun yaşadığı evdə yas mərasimi təşkil olunduğunu, özünün həmin yas mərasimində iştirak etdiyini, kənd camaatının da yas mərasimində iştirak etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində Ərizəçi onun qızı Fəxriyyənin əri olduğunu, Əlinin bacısının adının Fazilə olduğunu, Fazilənin həm də özünün sinif yoldaşı olduğunu, Fazilənin uzun müddət xəstə olduğunu, onun xəstəlikdən vəfat etdiyini, uzun müddət keçdiyinə görə Fazilənin ölüm tarixini xatırlaya bilmədiyini, həmin gün qızının zəng edərək baldızının rəhmətə getdiyini bildirdiyini, özünün və ərinin dərhal qızının yaşadığı evə getdiklərini, Fazilənin Qaraçuq kənd qəbiristanlığında dəfn edildiyini, yas mərasiminin mərhumun yaşadığı evdə keçirildiyini, demək olar ki kənd camaatının hamısının yasda iştirak etdiklərini, özünün də yas mərasimində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində Ərizəçi onun əri olduğunu, mərhum Fazilənin isə onun baldızı olduğunu, Fazilənin vəfat etdiyi vaxt əri Əlinin Türkiyədə olduğunu, həmin vaxt evdə qaynanası və özünün olduğunu, baldızının boşandığını, uşağı olmadığını, bu səbəbdən də onlarla birlikdə yaşadığını, Fazilənin xəstə olduğunu, xəstəlik səbəbindən öldüyünü, onun 22 aprel 1999-cu il tarixdə öldüyünü, Fazilə öldüyü gün ata və anasını evlərinə çağırdığını, ata və anasının da həmin vaxt onlar yaşayan evə gəldiklərini, Fazilənin Qaraçuq kənd qəbiristanlığında dəfn edildiyini, öz evlərində yas mərasimi keçirdiklərini, yas mərasimin xərclərini qaynının çəkdiyini, yas mərasimində bütün kənd camaatının iştirak etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində Ərizəçi onun qonşusu olduğunu, mərhum Fazilənin də onların qonşusu olduğunu, Fazilənin 1999-cu ilin 22 aprel tarixində öldüyünü, həmin vaxt qonşusu Əlinin Türkiyədə olduğunu, Fazilənin nə səbəbdən öldüyünü bilmədiyini, Fazilənin Qaraçuq kənd qəbiristanlığında dəfn edildiyini, özünün də onun dəfnində iştirak etdiyini, mərhumun yaşadığı evdə yəni qonşusu Əligilin evində yas mərasimi təşkil olunduğunu, həmin yas mərasimində özünün də iştirak etdiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: -İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 03 may 1956-cı il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X11, anası isə X12r. -İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 687 nömrəli arayışdan məlum olur ki, mərhum X3 vərəsələri X22 (vəfat edib), X10 (vəfat edib), X13, X14, X8, X20, X17, X15 və Ərizəçidur. -İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.03.2021-ci il tarixli, 256 nömrəli forma №-14-ə əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılımış qeydiyyat informasiya sistemində 1997-2001-ci ilədək daxil edilmiş, vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X1 Babək rayon Qeydiyyat şöbəsində ölüm akt qeydi aşkar olunmamışdır. - İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli, 02/118 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X1 1997-ci ildə öldüyünə dair Naxçıvan şəhər Qeydiyyat şöbəsinin arxivində heç bir məlumat yoxdur. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. -İş materiallarında olan Babək rayon X19 hüquqi şəxs tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, 121 nömrəli məktubda qeyd olunur ki, xəstəxananın arxivi araşdırılıb, Babək Rayon X19 hüquqi şəxsin arxivində Qaraçuq kənd sakini X1 ölümünə dair heç bir məlumat yoxdur. -İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd Həkim Ambulatoriyası tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli məktubdan görünür ki, həkim Ambulatoriyasında Qaraçuq kənd sakini X1 ölümünə dair heç bir məlumat yoxdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda mərhum X1 Qaraçuq kənd qəbiristanlığında dəfn olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində «X9 3.V.1956-1999.22.İV» yazılar qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03 may 1956-cı il tarixdə doğulmuş X1 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 may 1956-cı il tarixdə doğulmuş X1 22 aprel 1999-cu il tarixdə Naxçıvan şəhəri, Qaraçuq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar