Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-65/2025 29.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Fors Naxçıvan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cəmiyyəti tərəfindən ona iş yerində baş vermiş hadisə nəticəsində sağlamlığına vurulmuş zərər olan 3195 (üç min yüz doxsan beş) manat pulun (zərərin) və günlük 25 (iyirmi beş) manatdan hesablanmaqla sağlamlığına zərər vurulması nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 6 aylıq əmək haqqının hesablanıb alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləməyə başlamış, Naxçıvan MR Su Təsərrüfatı və Meliorasiya ASC-nin yerləşdiyi binanın arxa tərəfində olan bir binada aparılan təmir-tikinti işlərində fəhlə kimi iştirak etmişdir. İşə başlayan zaman onunla əmək müqaviləsi bağlanılmamış, təhlükəsizlik qaydaları ilə tanış edilməmişdir. Həmin vaxt işsiz olmuş və maddi cəhətdən ciddi şəkildə sıxıntılara məruz qalmışdır. Bu səbəbdən də iş üçün tanışı Aydına zəng vuraraq iş olub-olmadığını soruşmuş və onun vasitəsilə qeyd edilən MMC-də fəhlə işləməyə başlamışdır. Ona günlük 25 (iyirmi beş) manat əmək haqqı ödənilirdi. Bir neçə gün işlədikdən sonra xx.xx.2024-cü il tarixində divarı çapmaq üçün kazyolun üstünə çıxmış, kazyolun üstündə olan zaman təhlükəsizlik qaydalarına riayət olunmadığından kazyol ayağının altından sürüşmüş və əlindəki hilti ilə birlikdə yerə yıxılmışdır. Həmin vaxt sağ ayağının sındığını hiss etmişdir. Həmin vaxt onu iş yoldaşları dərhal xəstəxanaya çatdırmış və rentgen müayinəsi zamanı sağ ayağının baldır sümüyünün qırıldığı müəyyən edilmişdir. Bundan sonra qeyd edilən şirkətdə təsisçi və direktor olan X3 Naxçıvandakı qeyri-rəsmi nümayəndəsi Hümbət adlı şəxs xəstəxanaya gələrək və pıçıltı ilə "yəqin ki, gəlib bir azdan səndən izahat alacaqlar, izahat verəndə deyərsən ki, mən burda işləmirəm, başqa yerdə həyətdə işləyərkən yıxılmışam, narahat olma sənə nə lazımdırsa köməlik ediləcək, əvvəlki sağlamlığına qovuşana qədər sənə əmək haqqı da veriləcək” demişdir. Lakin bundan sonra onunla ümumiyyətlə maraqlanılmamış, nəinki Hümbət adlı şəxs, adı yuxarıda qeyd edilən sahibkar və direktor da ona heç bir köməklik göstərməmişdir. Məcbur qalaraq "Fors Naxçıvan” MMC-nin təsisçisi və direktorunun AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında araşdırma başlanılmış və nəticə etibarı ilə xx.xx.2024-cü il tarixli, 3- 4/190/3-001653/2024 saylı cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Rədd qərarının qəbul edilməsi səbəbi isə onun xəsarətinin az ağır olması və AR CM-nin müvafiq maddəsindəki tərkibin (ağır zərər vurma olmalı idi) yaranmaması idi. Lakin iş prokurorluqda araşdırılan zaman işin bütün faktiki halları mülki hüquqi baxımdan öz təsdiqini tapmışdır. Həmin qərarla onun müqavilə olmadan işləməyi, faktiki olaraq qeyd edilən MMC-də işləməyi və faktiki həmin MMC ilə əmək münasibətlərinin yaranması və olması, ona qeyri-rəsmi olaraq əmək haqqının ödənilməsi, təhlükəsizlik qaydalarının olmaması, sağlamlığının həmin MMC-nin işlərini görən zaman pozulması, xəsarətin dərəcəsi öz təsdiqini tapmışdır. Ona dəymiş zərərin məhkəmə qaydasında mənə ödənilməsini istəyir. Əlavə olaraq onu qeyd etmək istəyir ki, sağlamlığının bərpası üçün 3195 (üç min yüz doxsan beş) manat pul xərcləmişdir ki, bu xərclərin də hamısının səbəbkarı hazırki iş üzrə cavabdeh MMC-dir. Məhz onun məsuliyyətsizliyi səbəbindən iş yerində yıxılmış və sağlamlığına ciddi zərər dəymişdir. Həmin MMC bu hadisədən sonra onunla maraqlanmamış, sağlamlığının bərpası üçün heç bir maddi dəstək göstərməmişdir. Məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bundan əlavə müvafiq həkim sənədində onun 6 ay fiziki işlər görməkdən azad olunmağı tövsiyyə olunmuşdur. Özü iddia ərizəsində qeyd etdiyi kimi fəhlə işləyir və pulunu fiziki işlər görməklə qazanır və ailəsini də bu qazancı ilə saxlayır. Belə vəziyyətdə isə onun fiziki iş görmək imkanı mümkün deyildir və sağlamlığı buna imkan vermir. Məhz buna görə də günlük 25 (iyirmi beş) manatdan hesablanmaqla ona 6 aylıq əmək haqqının (itirilmiş əmək haqqının) ödənilməsini istəyir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, orada 14 gün işləmişdir. Aydına deyiblər kömək gətir özünlə, Aydın da iş üçün onu gətirmişdir. Ona Aydın adlı tanışı demişdir ki, iş var işləyərsən? O da qəbul etmişdir. Öz xoşu ilə işləməmişdir. Aydın hazırda başqa yerdə işləyir. Bir də Amid adlı şəxslə işləyirdi. Həbib həkim travmatoloqdur. Hazırda Naxçıvan MR Mərkəzi Xəstəxanasında işləyir. Hümbət adlı şəxs həmin şirkətin aparıcı işçisidir. Ona bildirmişdir ki, “heç kəsə şikayət etmə, biz nə lazımdırsa edəcəyik”. Bünyadın qardaşı Sahib müəllim ona söz vermişdir ki, sənin bütün xərclərini qarşılayacağıq. Ancaq onun heç bir dediyini və xərclərini ödəmədilər. Platinin qəbzin pulunu özü ödəmişdir. Ona hətta üzünə bildirmişlər ki, “get başını divara vur, yıxılmayardın biz neyləyək”. Mərkəzi Xəstəxanada əməliyyat pulunu və platin pulunun xərcini özü çəkmişdir. Dəfələrlə demişlər ki, sənin əməliyyat xərclərini ödəyəcəyik. Ancaq heç yerdə demə ki, harada yıxılmısan. Ayağı həmin vaxt pis halda olanda Hümbət gəlib xəstəxanada yavaşca pıçıldamışdır ki, “heç kimə heç nə demə, harada yıxıldığını demə, nə lazımdırsa edəcəyik”. May ayının sonlarında anası xəstəxanada olarkən şahid qismində işə cəlb olunan həkim Şahid3 anasına demişdir ki, “mənim məhkəməyə gəlməyimin mənası yoxdur, nə siz mənə bir manat pul vermisiz nə də mən sizdən pul almışam, pulu dediyim adamın kartına göndərmisiniz”. Pulu göndərdikləri şəxsin adı Elvin Kazımov idi, platini o Bakıdan Naxçıvana göndərmişdi. Platin gələn gün onu əməliyyat etdirmişdilər. 1500 manat platin üçün tələb edir. Qalan pulu da onun xəstə olsuğu müddətdə heç bir yerdə işləməyib və həkim ona ancaq sümük birləşdirən xüsusi yeməklər yeməsini tapşırıb. O həmin yeməklər üçün xərc çəkib. Neçə aylardır işsizdir. Ancaq dostdan qohumdan borc alıb yaşayıb. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında izahat verən cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə bildirmişdir ki, heç iddiaçı nə vaxt orada işləyib bilmirdilər. Sadəcə Gülməmməd gəlib iş zamanı dostuna pul müqabilində köməklik edib. Gülməmməd onların işçiləri olmayıb. Gülməmmədin işləməyindən şirkətin xəbəri olmayıb. Heç onların məlumatı olmadan gəlib dostunun sözü ilə işləyib. Çıxıb iş görən zaman hündürlükdən ehtiyyatsızlıqdan yıxılıb və xəsarət alıb. Bu məsələ barədə iddiaçı prokurorluğa qədər şikayət edib. Gülməmmədə yüksək şəkildə maddi yardım təklif etmişlər. Xəstəxanaya yerləşdirilib. Həkimə tapşırılıb ki, ayağına qoyulan platinin dəyərini qarşılayaq. Həmin vaxt nümayəndələri bu işləri aparırdı. Gülməmmədin anası ilə telefonda danışmışlar. Nə lazımdırsa edəcəklərini bildirmişlər. Hətta anası demişdir ki, xəstəxanada onların üzərinə heç bir maddi yük düşməyib. Həmin zaman fəaliyyətlərini müəyyən səbəblərdən dayandırmışlar. Müdir və Gülməmmədin atası Aydın kişi prokurorluqda razılaşmışlar. Ancaq Gülməmməd onları və rəhbərliyi çox sərt şəkildə təhqir edir və söyüş söyür, hədə-qorxular gəldiyi üçün rəhbərləri heç bir köməlik etmədi. Rəhbərlik əvvəl söz vermişdir ki, Gülməmmədə hər baxımdan köməklik edəcəkdilər. Müdiri də qeyd etmişdir ki, Gülməmmədin onlarla kobud rəftarı səbəbindən daha bir də Gülməmmədlə əlaqə yaratmasınlar. Bütün polis, prokurorluq orqanına onlardan şikayət etmişlər. 6000 manat ona pul verəcəkdilər. 6 aylıq maaş verəcəkdilər. Ancaq Gülməmməd onlara qarşı çox qeyri-etik hərəkətlər etmişdir. Onlardan 3000 manat dəymiş ziyanı tələb edir. Onlar işə götürən deyillər. Gülməmməd sadəcə dostuna kömək üçün gəlib pul qarşılığında köməklik edib. İddiaçı əsassız yerə MMC-dən pul tələb edir. Ona görə də qarşı tərəflə heç bir razılıqları yoxdur. Onların xəbəri olmadan işlədiyi üçün və qeyri-rəsmi işçi olduğu üçün hətta X5nin qərarı ilə rəhbərləri cərimə olunmuşlar. Prokurorluqda razılığa gələcəkdilər. Gülməmməd o yer qalmadı ki, onları hüquq mühafizə orqanlarına şikayət etməsin. Hətta Azərbaycan Respublikası DİN Bakı şəhər Polis İdarəsinə belə şikayət etmişdir. Gülməmmədin ucbatından müvafiq orqanlar tərəfindən çağırılıb izahatlar vermişlər. Müvafiq orqanlardan cərimələr ödəmişlər. 2 qat pul təklif etmişdilər. Ancaq onları bu qədər narahat etməyə nə gərək vardı. Gülməmməd 17000 manat onlardan pul tələb edirdi. Gülməmməd işçi kimi qeydiyyata düşmədiyi üçün əmək müfəttişliyi onları cərimələmişdir. Gülməmməd Hümbətə deyib ki, 1 illik pulu, 5000 manat nağd pul istəyir. 3000 manat pul verəcəkdilər, ancaq Gülməmməd niyə razılaşmadı. 6 ay əmək haqqı kimi veriləcəkdi. İlkin xəstəxana xərclərini belə ödəyəcəkdilər. Gülməmməd onlarla qane olmadı. Dəfələrlə demişdir ki, “sizdən xeyli miqdarda pul alacağam.” Belə bir işçiləri olmayıb. Niyə təhlükəsizlik qaydasına əməl etməyib?. Ancaq cərimə vermişlər. Hazırda Gülməmmədə verəcək pul yoxdur. Əməliyyatın siğorta ilə olduğunu, heç bir ödəniş əldə etmədiklərini, iddianı qəbul etdiklərini, rəhbərliyin məhkəməyə nə ödəniş lazımdırsa desinlər qərar versinlər ödəyək dediyini bildirmişdir. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan Şahid2 bildirmişdir ki, Gülməmmədlə yaxındırlar. Demişdir ki, “bir obyekt var işləyirik, obyekti 20 günə təhvil verməliyik, gəl günü 25 manata bizimlə işlə”. Gülməmməd də qəbul etmişdir. Hümbət adlı şəxslə razılaşmışlar. Kvadratını pula danışmışlar. Gülməmmədlə Hümbət iş zamanı tanış olmuşlar. Gülməmmədə 14 günlük pulunu vermişlər. Pulu 4 gündən bir verirdilər. Axırıncı dəfə əməliyyat olandan sonra pulunu vermişlər. Kazyola çıxanda Gülməmməd yıxılmışdır. İlk özü işləmiş və kazyoldan aşağı düşmüşdür. Ondan sonra Gülməmməd kazyola çıxmış və yıxılmışdır. 1 metr və ya 1.50 sm kazyolun hündürlüyü idi. Özü hazırda başqa işdə işləyir. Pulunu da həmin şirkətdən almışdır. Hümbət demişdir ki, işi çatdıra bilmirsinizsə özünüzlə tanış fəhlə gətirib işlədin. O da Gülməmmədə təklif etmiş, Gülməmmədin fəhlə pulunu Hümbətdən almışlar. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X2 bildirmişdir ki, iddiaçı oğludur. Hadisə olandan sonra prokurorluqda şirkət sahibi Sahib müəllim demişdir ki, pulu ödəyəcəm. Gülməmməd demişdir ki, 12 aylıq əmək haqqı istəyirəm. Prokuror demişdir ki, 6 aylığı mənim xətrimə keç. Sahib müəllim də demişdir ki, başdan 1 hissə verim, daha sonra hissə-hissə köməklik edəcəyəm. Söz vermişdir. Daha sonra nə qədər Sahib müəllimə demişlər ki, bəs niyə maddi köməklik etmirsiz. Demişdir ki, sizə veriləcək pulum yoxdur. Məhkəməyə müraciət etmişlər. Heç olmasa çəkilən xərclərini versinlər. Demişlər ki, şirkətin adını verməyin, biz nə lazımdırsa edəcəyik. Onlara həkim demişdir ki, ən yaxşısı platin alın. Məcburi platin qoyulmuşdur. Çünki travma çox böyük idi. Sahib müəllim prokurorluqda demişdir ki, Gülməmmədin pulunu verəcəyik. Platini Bakıdan göndəriblər, pulunu köçürüblər. Özü hava limanına gedib götürmüşdü. Platinin pulunu kimə ödənilməsi barədə onlara Həbib həkim kart nömrəsi vermişdir. Onlar da həmin nömrəyə pul göndəriblər. 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X4 bildirmişdir ki, Bünyadla bir kəndə qalır. Bünyad demişdir ki, təzə işə başlamışıq. Həmin işə nəzarət etmək lazımdır. O da qəbul etmişdir. Gülməmmədi orada işləyən zaman tanımışdır. Tam nə qədər vaxt işlədiyini bilmir. Gülməmmədi Aydın adında tanışı fəhlə kimi çağırıb. Gülməmmədə heç bir iş təklifi verməmişdir. Ayağı qırılan zaman Gülməmmədin yanında xəstəxanada idilər. Həmin gün özü Bakı şəhərinə gedəcəkdi. Ona görə Bakı şəhərinə getdi deyə heç nədən xəbəri olmamışdır. Şirkət rəhbəri ona demişdir ki, xəstəxanada Gülməmmədə söylə ki, “köməklik olunacaq, narahat olmasın”. O da şirkət rəhbərinin sözünü Gülməmmədin ailə üzvlərinə çatdırmışdır. Telefon danışığında Gülməmmədə 8000 manat pul təklif etmişlər. Atasına demişlər. Gülməmməd onlara təhqirli ifadələr və kobud ifadələr işlətmişdir. Onlar da razılaşmamışlar. Gülməmməd demişdir ki, 18 ay mənə pul verəssiniz, əlavə də 3000 manat xərcimi verin. Telefonda o qədər kobud qeyri-etik söyüşlər söyüb ki, həmin səs yazılarını məhkəməyə təqdim edə bilmir. Hazırda şirkətin rəhbəri bildirir ki, Gülməmmədə ödəyəcək heç bir pul məbləği yoxdur. Maddi imkanları yoxdur. Gülməmmədin ucbatından nə qədər cərimə ödəmişlər. Aydın da kavdrata işləyən bir ustadır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Naxçıvan Şəhər Prokurorluğunun İddiaçı ünvanlanmış 19 iyul 2024-cü il tarixli məktubuna əsasən, sizin xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Prokurorluğuna ünvanladığınız şikayət ərizəsi əsasında Naxçıvan Şəhər Prokurorluğunda 31C-24 nömrəli material üzrə araşdırma aparılmışdır. Araşdırma nəticəsində X3 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinin tərkib əlamətləri olmadığından 19 iyul 2024-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarın surəti Sizə göndərilməklə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Naxçıvan şəhər prokuroruna, yaxud yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən Naxçıvan Şəhər Məhkəməsinə şikayət etmək hüququnuzun olması izah edilir. Bununla yanaşı xəsarət almağınız nəticəsində sizə vurulmuş ziyanla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuzun olması da sizə izah edilir. 19 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə, toplanmış 31C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və hüquqi şəxs "xxxx" MMC və vəzifəli şəxs kimi həmin MMC-nin direktoru X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması halı nəzərə alınmışdır. Naxçıvan MR Xəstəxanasının stasionar epikrizinə əsasən, İddiaçı baxış zamanı sağ ayaq baldırın orta 1/3-də açıq sınıq aşkar olundu. Yara təmizləndi, tikilib sarğı edildi və gips longeti ilə momilizasiya olundu. Diaqnoz: sağ ayaq qamış və incik sümüyünün qəlpəli açıq sınığı. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin direktoru X7 barəsində Naxçıvan Şəhər Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 10 iyul 2024-cü il tarixli qərarı aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə (bundan sonra-Xidmət) göndərilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək Xidmətin 29 iyul 2024-cü il tarixli, MN1779500 saylı inzibati tənbeh vermə haqqında qərar ilə 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. 10 iyul 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətinə əsasən, vəzifəli şəxs X7 (VOEN:**********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 29 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, "xxxx" MMC-nin direktoru X7 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 24 fevral 2025-ci il tarixli, 133 nömrəli ekspert rəyinə əsasən, İddiaçı bədən səthi üzərində aşkar edilmiş xəsarət: sağ baldır sümüklərinin aşağı və orta 1/3-nin qəlpəli sınıqları bərk küt əşya əşyalar təsirindən törənmişlər, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsinə əmələ gəlmələri mümkündür, müddəti qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədi ilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdə baş verməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İddiaçı adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4312/346 saylı X6 Kartasından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə sınıq repozisiya (osteosintez) əməliyyatı icra olunmuş, implant sümük üstünə yerləşdirilmiş, 8 ədəd şrupla fiksasiya olunmuş və əməliyyatın hər hansı bir fəsadlaşması olmamışdır. İddiaçı əməliyyat zamanı qoyulmuş implantın mənşəyi, forması, növü və qiyməti barəsində fikir söyləmək məhkəmə-tibbi ekspertizasının səlahiyyətləri xaricindədir. Bu sualların cavablandırılması əməliyyat icra olunmuş tibb müəssisəsinə yönləndirilməsi məqsədə müvafiqdir. Radioloji nəticələrə əsasən, İddiaçı sağ baldırın hər iki sümüyünün orta 1/3 aşağı 1/3-nin qəlpəli sınıqları müəyyən olunmuşdur. “Naxçıvan MR Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən cərrahi əməliyyat aparılması haqqında xəstənin razılığı alınmışdır. İddiaçı 14 iyun, 19 iyun və 20 iyun 2024-cü il tarixdə “Naxçıvan MR Xəstəxanası” publik hüquqi şəxsi stasionar-travmatologiya şöbəsinə göndərişlər verilmişdir. Məhkəmə mülki işin materiallarında olan sübutları araşdırıb hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə olan halda, iddiaçıya dəymiş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. İlk olaraq məhkəmə qeyd edir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 3 (078)-278/2024 nömrəli qərarı ilə Naxçıvan Şəhər Prokurorluğundan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 09 dekabr 2024-cü il tarixli məktubuna əsasən, "xxxx" MMC-nin direktoru X7 barəsində Naxçıvan Şəhər Prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 10 iyul 2024-cü il tarixli qərarı aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə (bundan sonra-Xidmət) göndərilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək Xidmətin 29 iyul 2024-cü il tarixli, MN1779500 saylı inzibati tənbeh vermə haqqında qərar ilə 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3 (078)-278/2024 nömrəli qərarı ilə Naxçıvan Şəhər Prokurorluğundan "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmaması onunla əsaslandırılmışdır ki, tərəflər arasında işəgötürə-işçi münasibətləri yox, mülki hüquq münasibətləri mövcud olmuş və həmin münasibətlərdən irəli gələn mübahisələrə baxılmalıdır. Sözügedən qərar hazırda qanuni qüvvədə olduğundan məhkəmə həmin qərara istinad edilməsini əsaslı hesab edir. Hazırki iş üzrə müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Podratçı olaraq iddiaçı işini görmüş və sifarişçi olaraq cavabdeh təşkilat onun muzdunu-haqqını ödəmişdir. İşin görüldüyü yerdə baş verən hadisə nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur ki, bu zərərin dərəcəsi ekspert rəyi ilə təsdiq edilmiş, həmçinin şahid ifadələri ilə hadisənin cavabdeh təşkilata məxsus yerdə iddiaçının işlədiyi vaxt baş verməsi öz təsdiqini tapmaqdadır. Sifarişçinin mövcud vəziyyətdə işin görülməsini təmin etmək üçün zəruri təhlükəsiz şəraitin yaradılması vəzifəsi idi və o bu vəzifəni lazımi qaydada yerinə yetirməmişdir ki, bu iddiaçının sağlamlığına zərər vurulması ilə nəticələnmişdir. Ona görə də sifarişçi vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı vurulmuş zərər olaraq cavabdeh təşkilatdan 3195 (üç min yüz doxsan beş) manat və günlük 25 manatdan hesablanmaqla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 6 aylıq əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir. İddiaçı adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4312/346 saylı X6 Kartasından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə sınıq repozisiya (osteosintez) əməliyyatı icra olunmuş, implant sümük üstünə yerləşdirilmiş, 8 ədəd şrupla fiksasiya olunmuş və əməliyyatın hər hansı bir fəsadlaşması olmamışdır. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, 1500 manat xx.xx.2024-cü il tarixdə X10 Filialı vasitəsilə müvafiq kart hesabına köçürülmüşdür. Əməliyyat tarixi və pulun ödənilməsi tarixinin eyni gündə olması nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçının izahatı bu hissədə inandırıcıdır və həmin məbləğ məhz ayağında olan implant üçün ödənilmişdir və bu məbləğ cavabdeh təşkilatdan alınıb ona qaytarılmalıdır. Qalan hissədə isə məhkəmə belə hesab edir ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, sağlamlığına əlavə hansı xərclərin çəkilməsini sübuta yetirə bilməmişdir. İddiaçının 6 ay üçün hər gün 25 manat hesablanmaqla əmək haqqının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətləri olmamış və buna dair məhkəmənin müvafiq qanuni qüvvədə olan qərarı mövcuddur. Buna görə də hər hansı əmək münasibətləri olmadığından əmək haqqının hesablanması barədə iddiaçının cavabdeh təşkilatdan tələbinin də hüquqi əsası yoxdur. Bu hissələrdə tələb əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən vurulmuş ziyanın əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Həmçinin sağlamlığa vurulmuş zərərin ödənilməsində iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olduqlarından iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 35 (otuz beş) dövlət rüsumu cavabdeh təşkilat "xxxx" MMC-dən tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dan 1500 (min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd olunsun. Cavabdeh "xxxx" MMC-dan 35 (otuz beş) dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-65/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-65/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver