Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-722/2024 29.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış atası Cəfərov Hüseyn K.Həsənxan oğlunun 15 iyun 1994-cü ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Cəfərov Hüseyn K.Həsənxan oğlu onun atasıdır. O, 15 iyun 1994-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi atasına məxsusdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti bürosunun 15 mart 2024-cü il tarixli 66 nömrəli arayışına əsasən Cəfərov Hüseyn K.Həsənxan oğlu 1994-cü ildə Naxçıvan şəhər Qəbirstanlığında aşağıda dəfn olunub. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Cəfərov Hüseyn K.Həsənxan oğlunun ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X14 29 mart 2024-ci il tarixli arayışında 1994-cü il tarixdə vəfat etmiş Cəfərov Hüseyn K.Həsənxan oğlunun adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Ölüm faktının təsdiq olunması üçün Naxçıvan şəhər Nikah Evinə ərizə ilə müraciət etmiş və ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Atası vəfat edərkən onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu səbəbdən də nənəsinin ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə atası Cəfərov Hüseyn K.Həsənxan oğlunun adına olan Naxçıvan şəhər, Ə.Qəmküsar küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinin sənədləşdirilməsi üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası Hüseyn əmi 1994-cü il olardı ki, vəfat etdi. Qoca idi və xəstə olduğundan rəhmətə getdi. Yas mərasimində də iştirak edib. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası Hüseyn əmi 1994-cü il olardı ki, vəfat etdi. Qoca idi və xəstə olduğundan rəhmətə getdi. Yas mərasimində də iştirak edib. Ərizəçi 3 bacı, 1 qardaş olublar. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası Hüseyn əmi 1994-cü il olardı ki, vəfat etdi. Qoca idi və xəstə olduğundan rəhmətə getdi. Yas mərasimində də iştirak edib. Ərizəçi 3 bacı, 1 qardaş olublar. Bunları dəqiq bilir, çünki onun qardaşı da 1994-cü ildə rəhmətə getdi. Hüseyn əminin vəfatından 2-3 ay sonra qardaşı öldü. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18 nömrəli arayışdan aydın olur ki, X9 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki Cəfərov Hüseyn K.Həsənxan oğlunun xx.xx.1994-cü ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 66 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum Cəfərov Hüseyn K.Həsənxan oğlu 1994-cü ildə vəfat edib və Naxçıvan Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir, sol tərəfi X13 1970-1996, sağ tərəfi X3 1929-1987, baş tərəf X4 1968-1996, ön tərəfi X5 1925-1983. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası phş tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, xx.xx.1994-cü ildə vəfat etmiş Cəfərov Hüseyn K.Həsənxan oğluna ölüm haqqında şəhadətnamənin verilməsi haqqında Poliklinikada məlumat yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan Cəfərov Hüseyn K.Həsənxan oğlunun 15 iyun 1994-cü ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi atasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Cəfərov Hüseyn K.Həsənxan oğlunun 15 iyun 1994-cü ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-722/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-722/2024
29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver