Məhkəmə qərarları › İş №2(078)-726/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-726/2024

27.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-726/2024 27.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək

1. Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin 05 fevral 20204-cü il tarixli 15 saylı əmrinin ləğv olunması;

2. Onun Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin xoreqrafiya ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunması;

3. 05 fevral 2024-cü il tarixdən hesablanmaqla işə götürənin verdiyi əmr əsasında (işdən azad olunma barədə) ala bilmədiyi əmək haqqının hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixində Naxçıvan MR X12 (əvvəlki adı ilə) imtahan verərək Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin 2 saylı Uşaq Musiqi və İncəsənət Məktəbinə Xoreoqrafiya ixtisası üzrə müəllim vəzifəsinə qəbul olunub. İşlədiyi müddətdə hər zaman nizam-intizamlı olmuş, məktəbin daxili qayda -qanunlarına hər zaman riayət etmiş, qoyulan tələblərə vaxtında və zamanında cavab verməyə çalışmışdır, həmçinin işlədiyi müddət ərzində töhmət almamış, əmək intizamına daima riayət etməyə çalışmışdır. 27 yanvar 2024-cü il tarixində qış tətili ilə əlaqədar olaraq Bakı şəhərinə istirahət məqsədilə getmiş, lakin Bakı şəhərində olarkən səhhətidə yaranan problemlərlə əlaqədar olaraq özəl klinikaya yatırlmış və müalicə almağa başlamışdır. Həmin vaxt Naxçıvanda olan anası ilə qardaşı işlədiyi məktəbə xəstə olmağı və Bakı şəhərindən qayıda bilməməyi barədə məlumat vermiş, həmçinin onun öz hesabına (ödənişsiz) məzuniyyətə çıxarılmasını məktəb rəhbərliyindən xahiş ediblər. Lakin həmin xahişin bir nəticəsi olmamışdır. O, xx.xx.2024cü il tarixində işə getdiyində isə məktəbin direktoru Ceyhun Süleymanlı onun Azərbaycan Respubikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğunu bildirdi. O isə təbii ki, bununla qəti şəkildə razılaşmadı, əksinə klinikadan ona verilmiş arayışı direktora təqdim etdi, həmçinin səhhətində yaranmış olan problemlə bağlı valideynlərinin məktəb rəhbərliyinə məlumat verildiyini də bildirmiş, lakin bütün bunların heç bir nəticəsi olmamışdır. O, qanunla heç bir əmək pozuntusu, xüsusilə də qeyd edilən maddə üzrə heç bir əmək pozuntusu törətməmişdir. Azərbaycan Respubikasının Əmək Məcəlləsinə görə onun barəsində istinad olunan maddə ilə işdən çıxarılmağı çox absurddur. Belə ki, Azərbaycan Respubikası Əmək Məcəlləsinin tələbinə görə 70 ci maddənin “ç” bəndi mütləq şəkildə əsasladırılmalıdır. Onun barəsində verilmiş 05 fevral 2024-cü il tarixli, 15 saylı əmrdə isə belə əsasladırmadan söhbət gedə bilməz. Əksinə istinad olunan Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi isə tamamilə qanunsuzdur. Belə ki, o, xəstəliyi ilə bağlı müalicə aldığı klinikadan rəsmi arayış təqdim etmişdir, hansı ki, həmin bənddə də xəstəlik halı xüsusilə qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunan zaman mütləq şəkildə həmkarlar ittifaqının rəyi nəzərə alınmalıdır. Bunun üçün həmkarlar ittifaqının iclası çağırılmalı, iclas barədə ona mütləq şəkildə məlumat verilməli və həmkarlar ittifaqının onun barəsində veriləcək əmrə münasibətdə rəyi hazırlanıb işəgötürənə təqdim olunmalı idi. Lakin bunların heç biri həyata keçirilməmiş və o tamamilə qanunsuz olaraq işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində hər zaman əmək intizamına çox ciddi şəkildə riayət etməyə çalışmış, indiyədək onun barəsində əmək intizamının pozulmasına dair hər hansı icraat açılmamış, işəgötürən tərəfindən barəsində hər hansı intizam tənbeh tədbiri görülməmişdir. Belə olduğu halda onun Azərbaycan Respubikası Əmək Məcəlləsinin müvafiq maddəsi ilə (ən ağır maddəsi ilə) işdən çıxarılmğı heç də ədalətli və qanunauyğun görünmür. Barəsində verilmiş əmr də tamamilə qanunsuz əmrdir. Belə ki, müvafiq maddə ilə işdən çıxarılan zaman hər bir halda həmkarlar ittifaqının rəyi tələb olunduğu halda, işlədiyi təşkilatda da belə bir X7 olduğu halda o qurumun rəyi olmadan belə bir əmrin verilməsi həmin əmrin saxta və qanunsuz olduğundan bir daha xəbər verir. İşəgötürən özü tamamilə qanunsuzluq etmiş, xəstəliyi ilə bağlı rəsmi qarayış təqdim etdiyi halda yenə də bununla razılaşmamış və o müvafiq maddə ilə işdən çıxarılmışdır. Keçən müddət ərzində ala bilmədiyi əmək haqqısının da hesablanaraq alınıb ona ödənilməsini istəyir. Belə ki, o, artıq 05 fevral tarixindən etibarən əmək haqqından məhrum olunub. Məsələ ilə bağlı Naxçıvan MR X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı olaraq müraciətlər də edib. Eyni zamanda işdən çıxarılan zaman ona əmrin sürəti verilməmiş, təkrar yazılı sürətdə müraciət edərək barəsində çıxarılmış əmrin sürətini almışdır. Bundan əlavə əmək mübahisəninin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh orqan mediasiya sessiyasında iştirak etmədiyindən mübahisə həll oluna bilməmişdir. O, Azərbaycan Respubikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, Məcəllədə nəzərdə tutulmuş müddət daxilində müraciətlər etmiş, (mediasiya təşkilatına müraciət zamanı müddət axımının dayandırılması nəzərə alınmaqla), həmçinin bu müddət daxilində də (1 aylıq müddət) məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, iddia ərizəsində hər şeyi ətraflı qeyd edib. O, yanvar ayının 27-də Bakıya gedib. Qayıdış bileti 31 yanvar tarixinə idi. Lakin xəstəliyi ilə əlaqədar olaraq Naxçıvana qayıda bilməyib. Bileti də “yanıb”. Xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhərində müalicədə olub. "xxxx" klinikasında müalicə olunub. Fevral ayının 10-da Naxçıvana qayıtmışdır. Əslində tez qayıdacaqdı, lakin 07 fevral 2024-cü il tarixdə ölkədə prezident seçkiləri olduğu üçün o təyyarə bileti tapa bilməyib. Anası ilə qardaşı Ceyhun müəllimə şifahi şəkildə onun işdə olmamasının səbəbini çatdırıblar. Bakıya getməzdən əvvəl bu barədə Ceyhun müəllimə heç nə deməyib. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, hətta məktəbin müəllimləri ilə əlaqə saxlamışlar. Onlar bildirdilər ki, Ceyhun müəllim məcbur edib, onlar da akta imza edib. Qardaşı heç bir intizamsızlığa yol verilmədiyi halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılıb. Hətta özü də gedib Ceyhun müəllimə ərizə verəndə ki, qardaşı klinikada müalicə alır, Ceyhun müəllim ərizəni belə qəbul etmədi. Məhkəmə iclası zamanı izahat verən cavabdeh təşkilat Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin nümayəndəsi X3 iddianı rədd edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə qış tətilinə çıxıb. xx.xx.2024-cü il tarixdə Ruzi müəllimə töhmət tərtib edilib. 2023-cü ilin noyabr ayında da töhmət verilib, elanlar lövhəsinə vurdurub. Sonra Ruzi müəllimin xahişi ilə həmin töhməti götürüb. xx.xx.2024-cü ildə Ruzi müəllim ona yazıb ki, “gec gələcəm amma gəlib ərizəmi yazıb işdən çıxacam.” Həmin sənədləri də məhkəməyə təqdim edir. Ona gələn zəngləri də çıxartdırıb və məhkəməyə təqdim edib. Anası və qardaşı da şifahi şəkildə telefonla bildiriblər. Hətta qardaşı dedi ki, “mən qardaşımın əvəzimdən ərizə yazım” , o da “mümkün deyil özü gəlməlidir” cavabını vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakıda olduğu halda bu haqda ona bildirməyib. Fevral ayının 5-nə kimi gözləmiş, lakin Ruzi işə gəlməmişdir. Valideyni dedi ki, öz ərizəsi ilə çıxardın. Ruzi əmək kitabçasını fevral ayının 15-i götürüb. Hələ həmkarlar ittifaqında iştirak edən şəxslər barəsində deyib ki, “onlar həmkarların üzvi deyil, bunu necə təsdiq edə bilər?”. Həmkarlar iclasını keçirən zaman iddiaçıya bununla bağlı məlumat verməyib, çünki heç bir halda onunla əlaqə yarada bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin fortopiano şöbəsinin müdiri vəzifəsində işləyir. Tarixi dəqiq xatırlamır. Lakin qış tətilindən sonra Ruzi müəllim 10 gün işə gəlmədi. Buna görə də akt tərtib edildi. Daha sonra Həmkarlar İttifaqının iclası keçirildi. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində işləyir. Tarixi dəqiq xatırlamır. Ruzi müəllim 8-10 gün işə gəlmədi. Zəng vurduqda telefonuna da zəng çatmadı. Buna görə də gəlmədiyi hər gün üçün akt tərtib edildi. Daha sonra Həmkarlar İttifaqının iclası keçirildi. Məhkəmə baxışı iclasında şahid X13 ifadəsində bildirmişdir ki, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində müəllim işləyir. Tarixi dəqiq xatırlamır. Ruzi müəllim təxminən 10 gün işə gəlmədi. Çünki tabelə qol çəkmirdi. Qış tətilindən fevral ayının 1-dən qayıdıb işdə olurlar. Uşaqlar fevral ayının 5-də dərsə qayıdır. Buna görə də gəlmədiyi hər gün üçün akt tərtib edildi. Daha sonra Həmkarlar İttifaqının iclası keçirildi. Məhkəmə baxışı iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində müəllim işləyir, həmkarlar ittifaqının sədridir. Fevral ayında ona Ceyhun müəllimdən məlumat gəlmişdir ki, Ruzi müəllim işdə iştirak etmir. O dərhal şöbə müdirlərindən Ruzi müəllimin işdə olmaması barədə məlumat alıb. Öyrəndiyi qədəri ilə Ruzi müəllim işdə olmayıb. Ona zəng vurulanda isə işdən çıxacağını qeyd edib. Sonra həmkarların iclası təşkil edilmiş və qərar qəbul edilmişdir. Özü şəxsən Ruzi müəllimə zəng etməyib. O həmkarlar ittifaqının iclasının keçiriləcəyi ilə bağlı İddiaçı məlumat verməyib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 53 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdə elan edilmiş müsabiqənin test və müsahibə mərhələsini müvəffəqiyyətlə keçdiyində Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinə müəllim təyin edilmiş, xx.xx.2024-cü il tarixdə 15 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı müraciətinə verilmiş cavabda qeyd olunmuşdur ki, müraciətin hərtərəfli və tam araşdırılması məqsədilə sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi üçün Müəssisəyə 20 fevral 2024-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən Müəssisə tərəfindən təqdim olunan 6 mart və 13 mart 2024-cü il tarixli sənədlərdən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq’’ altsisteminə tərəfimizdən baxış keçirilən zaman sizinlə bağlanılmış 14 mart 2022-ci il tarixli əmək müqaviləsinə 5 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi məlum olmuşdur. Bununla yanaşı təqdim edilən sənədlərdən, həmçinin Müəssisənin işəgötürəni X2 yazılı izahatından sizin 1-3 fevral 2024-cü il tarixlərdə heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi və bu barədə işəgötürənə məlumat vermədiyi müəyyən edilmişdir. Lakin araşdırma dövründə yazılı izahatda, həmçinin təqdim olunan 2 fevral 2024-cü il tarixli tibbi arayışda səhhəti ilə bağlı 2-3 fevral 2024-cü il tarixlərdə "xxxx" Tibb Mərkəzində ambulator şəraitdə müalicədə olduğu bildirilmiş, bu səbəbdən Müəssisənin işəgötürəninə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 5 fevral 2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsinə dair Xidmət tərəfindən icrası məcburi göstəriş məktubu ünvanlanmışdır. Göstərişdə müəyyən edilmiş müddət ərzində pozuntu işəgötürən tərəfindən aradan qaldırılmadığı təqdirdə inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır. Naxçıvan Muxtar Respublikası X6 tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı müraciətinə verilmiş cavabda qeyd olunmuşdur ki, Şuranın əməkdaşları tərəfindən Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, məktəbin direktoru C.Süleymanlının 5 fevral 2024-cü il tarixli 15 nömrəli əmrilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir və bu zaman kobud səhvlərə yol verilmişdir. Belə ki, direktor C.Süleymanlının məktəbdə fəaliyyət göstərən həmkarlar komitəsinin sədri Ş.Pənahlıya ünvanladığı 3 fevral 2024-cü il tarixli 2 nömrəli məktubunda konkret olaraq Sizin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən azad olunduğu göstərilməmişdir. Məktubda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndi olaraq qeyd olunmuşdur. Məktəbin direktorunun həmkarlar komitəsinə ünvanladığı məktubda Əmək Məcəlləsinə uyğun maddə yazılmalı, bənd dəqiq göstərilməli idi. İkinci kobud səhv olaraq həmkarlar komitəsi tərəfindən məktəbin direktoruna razılıq verilməsi barədə heç bir qərarın təqdim olunmamasıdır. Qərarın yerinə 26 nəfərdən ibarət İdarənin ümumi iclası keçirilib və bu iclasın komitə üzvlərinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X7 ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən həmkarlar təşkilatının qabaqcadan razılığı alınmayıb. "xxxx" Tibb Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ayarışda qeyd olunmuşdur ki, İddiaçı 02-xx.xx.2024-cü il tarixində qızdırma, üşütmə, ürəkbulanma simptomları ilə Mərkəzə müraciət etmiş, müayinələrdən keçirilmiş və KRXİ diaqnozu qoyularaq bir həftə ambulator şəraitdə müalicə almağı tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin 05 fevral 20204-cü il tarixli 15 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, məktəbin direktoru C.Süleymanlının 5 fevral 2024-cü il tarixli 15 nömrəli əmrilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir və bu əmək qanunvericiliyinin pozulmasına yol verilmişdir. Belə ki, direktor C.Süleymanlının məktəbdə fəaliyyət göstərən həmkarlar komitəsinin sədri Ş.Pənahlıya ünvanladığı 3 fevral 2024-cü il tarixli 2 nömrəli məktubunda konkret olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən azad olunduğu göstərilməmişdir. Məktubda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndi olaraq qeyd olunmuşdur. Məktəbin direktorunun həmkarlar komitəsinə ünvanladığı məktubda Əmək Məcəlləsinə uyğun maddə yazılmalı, bənd dəqiq göstərilməli idi. İkinci hal ondan ibarətdir ki, iddiaçı həmkarlar komitəsinin iclasına çağırılmamış, onun məlumatı olmadan iclas keçirilmişdir. İddiaçının həmkarlar komitəsinin iclasına çağırılmaması həm öz izahatı, həm cavabdehin nümayəndəsinin izahatı, həm də şahidlərin izahatı ilə təsdiq edilmişdir. Üçüncü hal ondan ibarətdir ki, iddiaçının işdə olmadığı hər gün aktlaşdırılmış və ilk gün ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, bu 01 fevral 2024-cü il tarix olmuşdur. 03 fevral 2024-cü il tarixdə həmkarlar şurasının iclas protokolundan görünür ki, gündəlikdə duran məsələlərdən biri İddiaçı 01,02,03 fevral tarixlərindən heç bir məlumat vermədən işə gəlməməsi təşkil etmişdir. Halbuki onun 01 fevral 2024-cü il tarixdə işdə olmamasının nəticəsi olaraq ona intizam tənbehi-töhmət verilmiş, əmr qəbul edilmişdir. Həmin günün də daxil olmaqla üç gün işdə olmaması əsası ilə onun barəsində Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndi ilə işdən azad edilməsini məhkəmə bir xətaya görə iki tənbeh tədbiri tətbiq edilməsi kimi qiymətləndirir və əmək qanunvericiliyinə görə bu yolverilməzdir. İşçiyə bir xətaya görə iki tənbeh tədbiri tətbiq edilə bilməz. Eyni zamanda iddiaçının işdə olmaması üzürlü səbəbdən-xəstəliyə görə olmuş və bu məhkəmənin sorğusu əsasında "xxxx" klinikasının arayışı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X7nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X7na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiqəsaslandırma sənədləri əlavə edilir. X7 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi X7nın üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu X7nın razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl X7na əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə X7 tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Göründüyü kimi məktəbin direktoru C.Süleymanlı tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir, cavabdeh təşkilat iddiaçının həmin iclasa dəvət edilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də intizam tənbehi sırasında göstərilməsinə, intizam tənbehi verilməmişdən əvvəl işçidən izahat verilməsinin tələb edilməli olmasına baxmayaraq iddiaçıdan izahat alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru arasında bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi barədə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin direktorunun 05 fevral 20204-cü il tarixli 15 nömrəli əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində deyilir: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Hazırki halda iddiaçı dəymiş zərər olaraq işləmədiyi müddətdə orta əmək haqqını tələb etmiş və digər tələbləri olmamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, işçi işinə bərpa edilməli və ona məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin 05 fevral 20204-cü il tarixli 15 nömrəli əmri ləğv edilməli; -Seyidov X11 Şəhər Mədəniyyət İdarəsinin Uşaq Musiqi və İncəsənət Məktəbinə Xoreoqrafiya ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunmalı; -Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin 05 fevral 2024-cü il tarixli 15 nömrəli əmri ləğv ləğv edilsin. Seyidov X11 Şəhər Mədəniyyət İdarəsinin Uşaq Musiqi və İncəsənət Məktəbinə Xoreoqrafiya ixtisası üzrə müəllim vəzifəsinə bərpa olunsun. Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar