Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-782/2024 04.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş mərhum X1 1959-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum bacısı X9 15 iyun 1959-cu il tarixdə anadan olmuşdur. O anadan olan zaman səhhətində müəyyən səbəblər olduğundan doğumundan 2 ay sonra vəfat etmişdir. Vəfat etdikdən sonra Sovedabad kəndində dəfn olunmuşdur. Lakin həmin vaxt qəbrin üzəri betonla örtülməmiş və qəbrin üzərində adı qeyd olunmamışdır. Mərhum atası X5 miras qalmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 1, ev 36 ünvanında yerləşən miras əmlakı sənədləşdirmək üçün mərhum X1 ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Naxçıvan şəhər Nikah evinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, X3 ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum bacısı vəfat edərkən valideyinlərini müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadığından ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Naxçıvan şəhər İcra Hakimiyyətinin 3 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitabında mərhum X3 yaşaması və ölümü ilə bağlı heç bir məlumat yoxdur. Bacısının vəfatından artıq 65 il keçib, ona görə də həmin qəbri tapmaları çox çətin olmuşdur. Bu səbəbdən də qəbrin fotoşəklini ərizəyə sübut qismində əlavə edə bilməmişdir. Mərhum bacısı 2 aylıq olarkən vəfat etdiyindən ona şəxsiyyət vəsiqəsi alınmamış hətta orta məktəbdə belə qeydiyyatı yoxdur. Hazırda mərhum X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mərhum X1 vəfat etməsi faktının müəyyən olunmasını məhkəmə qaydasında təsdiq olunmasını istəyir. 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş mərhum X1 1959-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hazırda ərizəsində dəqiqləşdirmə apararaq 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş mərhum X1 15 avqust 1959-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında ərizəçi X11 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş mərhum X1 15 avqust 1959-cu il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi X1 1959-cu ildə doğulduğunu, ondan əvvəl 2 bacısının doğulduğunu, qızının onkoloji xəstə olduğunu, ona görə torpağını satmaq istədiyini, ancaq bacısının ölümü qeydə alınmadığı üçün sata bilmədiyini, bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara əlavəsinin olmadığını bildirərək 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 15 avqust 1959-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində özünün yadına gəlmədiyini, anasının danışdığı qədərini bildiyini, anasının ona bacısının olduğunu, adının Göyərçin olduğunu dediyini, bacısının 1959-cu ildə anadan olduğunu bildiyini, bacısının Sovedabad qəbiristanlığında dəfn olunduğunu, uşaq olduğu üçün qəbir daşı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində təxminən yadına gəldiyini, yay ayları olduğunu, bacısının təxminən 1 ay-1 ay yarım yaşadığını, adının Göyərçin olduğunu, istiliyi qalxdığını, sonra da vəfat etdiyini, bacısının Sovedabad qəbiristanlığında dəfn olunduğunu, uşaq olduğu üçün qəbir daşı olmadığını və yas mərasimi keçrilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində ərizəçinin atası ilə əmioğlu olduqlarını, həm də qapı qonşu olduqlarını, ərizəçinin atasının qışqıraraq atasını çağırdığını, onun da getdiyini, sonra Göyərçin adlı uşağın öldüyünü eşitdiyini, təxminən 1959-cu ilin iyul-avqust ayları olduğunu bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli çıxarışdan görünür ki, X9 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X20, anası X12r. İddia ərizəsinə əlavə edilmiş 10 iyun 1968-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1968-ci il tarixdə doğulmuşdur. Onun atası X20, anası X12r. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 22 nömrəli arayışda qeyd olunmuşdur ki, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-157/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 oğlunun xx.xx.1959-cu ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 58 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş, 15 iyun 1959-cu il təvəllüdlü X3 ölüm haqqında şəhadətnaməsinin verilməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 866 nömrəli arayışdan görünür ki, Həsənov X16 şəhəri, Xətai məhəlləsi, döngə 1, ev 36 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/40 nömrəli məktubdan görünür ki, X9 haqqında təsərrüfat başına kitablarda heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/528 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər ümumtəhsil məktəblərində 15 iyun 1959-cu il təvəllüdlü X9 adlı şagird qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02/342 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin doğum və ölüm aktı qeyd kitablarında ünvan 1 ünvanında qeydiyyatda olmuş 15 iyun 1959-cu il təvəllüdlü X3 doğumu və ölümü haqqında məlumatlara rast gəlinməmişdir. X32 Respublikası Dövlət Arxivində mühafizə olunan Sovetabad kəndinin 1962-1995-ci illərə aid təsərrüfatbaşına kitablarında da X3 adına rast gəlinməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-43-6/2-8579/24 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, 15 iyun 1959-cu il təvəllüdlü X3 şəxsiyyət vəsiqəsi olmamışdır. İş materiallarında olan Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 882 nömrəli arayışdan görünür ki, mərhum X7 arvadı X4 (vəfat edib), qızı X6, qızı X21 (vəfat edib), qızı X22, qızı X13, qızı X10, oğlu Ərizəçi, qızı X14, oğlu X28, qızı X9 (ölümü haqqında məlumat yoxdur), oğlu X23 (vəfat edib), oğlu X8 (vəfat edib), oğlu X24 (vəfat edib), oğlu X29 (vəfat edib) və qızı X15 (vəfat edib) adlı vərəsələri vardır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 15 avqust 1959-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 15 avqust 1959-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 15 iyun 1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 15 avqust 1959-cu il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-782/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-782/2024
04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver