Məhkəmə qərarları › İş №2(078)-818/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-818/2024

03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-818/2024 03.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının tanınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə müraciət edərək, göstərdiklərinin nəzərə alınaraq mərhum babası Məmmədov Cəfərqulu (Cəfər) və mərhum nənəsi X1 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsinə aid tələbləri xüsusi icraat qaydasında baxılan işlərə dair verilmiş ərizələrə də aid etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Ərizəni Ərizəçi imzalamışdır. Lakin Ərizəçi ilə barəsində ölüm faktının müəyyən edilməsinə dair ərizə verilmiş Məmmədov Cəfərqulunun (Cəfər) və X1 yaxın qohumluğunu təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə ki, ərizəçi ərizəsində Məmmədov Cəfərqulunun (Cəfər) onun babası olduğunu, X1 da onun nənəsi olduğunu qeyd etməsinə baxmayaraq bunu təsdiq edən sənədləri ərizəsinə əlavə etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırki tələbdə ərizəçi ölüm faktının müəyyən olunmasını tələb etsə də ölüm haqqında tibbi şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutları ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizəçi mərhum babası Məmmədov Cəfərqulu (Cəfər) və mərhum nənəsi X1 ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına (Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) müraciət etmədiyindən ölüm haqqında şəhadətnamələrinin məhkəməyə müraciət edilmədən alınmasının mümkün olub-olmaması müəyyən edilə bilmir. Məhkəmə hesab edir ki, bununla da ərizəçi tərəfindən hazırki mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan hüquq normaları baxımından məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının tanınması tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına 25 aprel 2024-cü il tarixdə, 4243 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına 25 aprel 2024-cü il tarixdə, 4243 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar