Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-838/2024 23.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın-mənzilin (1/2 hissə ilə ona və 1/2 hissə ilə Cavabdeh məxsus olan) dəyərinin yarısının pul kompensasiyası şəklində cavabdehdən alınıb ona verilməsi, bu mümkün olmadıqda, daşınmaz əmlakın-mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı daşınmaz əmlakı (mənzili) mərhum anası X1 miras əmlak olaraq ona və bacısı Cavabdeh qalmış, daşınmaz əmlak (mənzil) üzərində 1/2 payları müəyyən olunmuş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı çıxarış verilmişdir. Mübahisə predmeti olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın (mənzilin) müvafiq məhkəmə qərarı ilə naturada (yerində) ayrılması tələbi ilə məhkəməyə müraciət etsə də, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(078)-35/2024 saylı qətnaməsi ilə iddia tələbi daşınmaz əmlakların naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması səbəbindən rədd edilmişdir. Həmin daşınmaz əmlakdakı 1/2 payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmir. Cavabdehlə həmin əmlakla bağlı aramızda mübahisə mövcuddur. Qeyd olunan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin real bazar qiyməti ekspertiza yolu ilə müəyyən edilməli, müvafiq ekspertiza yolu ilə real dəyəri müəyyən edildikdən sonra aralarında dəyərinə uyğun bölünməsi mümkündür. Məhz bu səbəbdən də o məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil edilmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzildə payın dəyərinin ödənilməsinə dair iddianı qətiyyən qəbul etmir. Mərhum valideynləri sağlıqlarında iddiaçıya yetəri qədər yardım ediblər. Kompensasiya ödəməyə maddi imkanı yoxdur. Ev 4 otaqlıdır. İddiaçı istəyirsə evin 2 otağında yaşaya bilər. Evin satılmasına qarşıdır. Kompensasiyanı ödəmək üçün maddi imkanı olmadığını bildirmiş və sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri İddiaçı və Cavabdehdır. Onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi ev 3-də mülkiyyətdə olan ümumi sahəsi 79.36 kv.m-dən ibarət 75 nömrəli mənzildən ibarətdir. Mülki işin materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi ev 3-də mülkiyyətdə olan ümumi sahəsi 79.36 kv.m-dən ibarət 75 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı və Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində 12/11 nömrəli reyestr kitabının 2096 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-35/2024 nömrəli qətnaməsində aydın olur ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddası rədd edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətindən (hüququnda) olan olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsindən görünür ki, payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi tətbiq edilir. Tərəflərin paylarının naturada ayrılması mümkün deyildir, işin bu halı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilib, odur ki, payın dəyərinin ödənilməsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Ümumi mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) Ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması 2) Pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Bununla mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı ilə mübahisəli yaşayış evinin qiymətləndirilməsi üçün məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilərək qiymətləndirmə aparılması Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə göndərilmiş 03 sentyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, mənzilin bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaka baxış keçirilməsi üçün mühəndisqiymətləndiriciyə şərait yaradılmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Eyni zamanda işə məhkəmədə baxılan zaman Cavabdeh kompensasiya ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir. Bu halda isə artıq iddia tələbinin əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin iddiaçının xeyrinə ödənilməsinə münasibətdə baxılaraq yekun qərar qəbul edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, ünvan 2 ünvanında yerləşən mənzil açıq hərracdan satılaraq satış pulu paylara uyğun tərəflər arasında bölünməlidir. Məhkəmə daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinin mümkünsüzlüyü barədə məktubu nəzərə alır və daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilmədən əmlakın hərracdan satılması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, mübahisə paylı mülkiyyətin bölünməsi ilə əlaqədar mübahisə yarandığından əmlakın açıq hərracdan satılması paylı mülkiyyətin bölgüsünün son mərhələsidir. Bu halda əmlak açıq hərracdan satıldığı halda paylı mülkiyyətin mövcudluğuna son qoyulmaqla, ondan gələn gəlir mülkiyyətçilər arasında öz payına mütənasib surətdə bölüşdürülür. Nəticə: Yuraxıda qeyd edilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə İddiaçı paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil açıq hərracdan satılmaqla satışdan əldə olunacaq məbləğ paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. İddia təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 31691 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil açıq hərracdan satılmaqla satışdan əldə olunacaq məbləğ paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 31691 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-838/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-838/2024
23.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver