Məhkəmə qərarları › İş №2(078)-928/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-928/2022

20.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-928/2022 20.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26000 (iyirmi altı min) manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 14 aprel 2014-cü il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə 115 nömrəli akt qeydi icra olunmuşdur. Tərəflərin birgə nikahlarından övladları doğulmamışdır. Xasiyyətləri uyğun gəlmədiyindən Cavabdeh tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-670/2022 nömrəli 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuşdur. Məhkəmə iclası zamanı izahatt verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Çernobıl əlili olduğu üçün dövlət tərəfindən evlə təmin olunmuşdur. Eyni zamanda 2-ci qrup əlildir və buna görə təqaüd alır. Cavabdeh ilə 2001-ci ildə faktiki olaraq ailə qurmuş, 14 aprel 2014-cü il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində qeydiyyatından keçməklə nikahlarını rəsmiləşdirmiş, nikahlarından övladı olmamışdır. Onlar cavabdehin bacısının evində yaşamışlar, belə ki, Tamellanın adına olan ev cavabdehin ana həyəti idi və cavabdeh oradan çıxmaq istəmirdi. Dövlət tərəfindən verilən ev Naxçıvan şəhərinin mərkəzində doqquz mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və təmir edilmişdir. Lakin cavabdeh həmin evin padval olduğunu deyərək evdə yaşamaq istəməmişdir. Buna görə də yeni-daha geniş ev almaq üçün sözügedən evi 57000 (əlli yeddi min) manata satmış, həmin pulu bir müddət maşında saxlamış, daha sonra aparıb saxlaması üçün cavabdehə vermişdir. Həmin puldan 17000 (on yeddi min) manatını müəyyən ehtiyaclarını qarşılamaq üçün xərcləmiş, 40000 (qırx min) manat isə cavabdehdə olmuşdur. Pulun cavabdehdə olduğunu təsdiq edən səs yazılarını məhkəməyə təqdim etmişdir. Münasibətləri pozulandan sonra Cavabdeh pulu tələb edəndə ondan sadəcə 14000 (on dörd min) manatını qaytarmış, həmin vaxt cavabdehin qardaşı arvadı və onun bacısı da orada olub şahid olmuşlar. Qalan pulu, yəni 26000 (iyirmi altı min) manatı isə geri verməmişdir. Qaytarmamasının səbəbi kimi 13000 (on üç min) manatı özünə düşən pay, digər 13000 (on üç min) manatı bacısı Tamellanın evində yaşadıqları üçün ona çatacaq pay kimi qiymətləndirmişdir. Hazırda cavabdehdə 26000 (iyirmi altı min) manat pulu var. Həmin pulun üzərinə özündə olan pulu da qoyaraq yeni ev almaq istəyir. Lakin cavabdeh pulu qaytarmaqdan qəti şəkildə imtina edir. Buna görə də məsələnin həlli üçün məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, o, iddiaçı ilə 22 ildir evlidir. Birgə nikahdan övladı olmayıb. İddiaçı Çernobıl əlili olduğu üçün dövlət tərəfindən ona Naxçıvan şəhər H.Əliyev prospekti ev 37-3də 100 nömrəli ev bağışlanmışdır. Onlar ümumiyyətlə həmin evdə yasamamışlar, çünki şəraiti yox idi. Ona görə də iddiaçıya həmin evi satıb əvəzində daha yaxşı ev almalarını dediyində Natiq razılaşmış və evi 57000 (əlli yeddi min) manata satmış, xeyli müddət evin pulunu maşında saxlamışdır. Onlar əvvəldən bacısı Tamellanın evində yaşayıb, bu müddət yəni 10-11 il ərzində bacısı onlardan kirayə haqqı almamış, sadəcə hörmət edərək həmin evi yaşamaq üçün onlara vermişdi. O, iddiaçıdan pulu ona verməsini və onda olmasını israrla tələb edirdi, çünki Natiqin pulu dağıdacağını bilirdi. Buna görə də Natiq pulu müəyyən müddət maşında saxladıqdan sonra gətirib ona vermişdir. Cavabdeh qeyd etmişdir ki, bir müddət sonra o, Bakıya müalicəyə getməli idi, buna görə də pulun yerini Natiqə göstərib getmiş, qayıdanda görmüşdür ki, 55000 (əlli beş min) manat puldan 40000 (qırx min) manat pul qalıb. Evin pulunun harada olduğunu soruşduqda Natiq ona 10000 (on min) manatı tanıdığı şəxsə dükan açması üçün verdiyini, 5000 (beş min) manatı da İğdırda maşını təmir etdirdiyini demişdir. Natiqin 57000 (əlli yeddi min) manat pulundan 15000 (on beş min) manatını götürdüyünü biləndə çox əsəbləşmiş və Natiqə pulu qəti şəkildə dağıtmamasını demişdir. Evin satışından 40000 (qırx min) manat pulu qalmışdı. Bir müddət sonra iddiaçı çox içkili bir vəziyyətdə evə gələrək ondan 14000 manatı tələb etmiş, Natiqə pulu verməyəcəyini, bu pulla ev almalı olduğunu dediyində Natiq söyüşlərlə və təhqirli ifadələrlə ona doğru hücum çəkərək qalan 14000 manatı tələb etmişdir. Həmin vaxt iddiaçının bacısı Afət xanımı və gəlinləri Zemfira xanımı çağırmış, onlar da Natiqin ona zərər yetirməməsi üçün müdaxilə etmişlər. Baldızı Afət ona “Sevda get pulu gətir ver özünə qoy rədd olub getsin” demiş, o da 14000 manatı gətirib Natiqə vermiş və bildirmişdir ki, dərhal əyin-baş əşyalarını götürüb bacısının evindən çıxsın. İddiaçı da əşyalarını götürüb evdən getmişdir. Sonralar iddiaçı dəfələrlə onu döyüb təhqir edib onda qalan 26000 (iyirmi altı min) manatı alıb və hazırda onda Natiqə aid pul yoxdur. Həmin pulu iddiaçı onun səs yazısından sonra vermişdir. Pulu verərəkən sadəcə ikisi olmuşdur. Təxminən may-iyun aylarında pulu vermişdir. Qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh bacısıdır. Sevda və onun həyat yoldaşı Natiq neçə illər ona məxsus evdə qalıblar. Hazırda tərəflər ayrılsalar da Sevda yenə də onun evində qalır. Natiq ÇAES əlili olduğu üçün ona dövlət tərəfindən ev bağışlanıb. Lakin həmin evi satdılar ki, yeni ev alsınlar. Eşitdiyi qədəri ilə iddiaçı evi 57000 manata satıb. Onu da hələ ki ala bilməyiblər. Özünə məxsus iki evi olduğundan evlərdən birini Sevda bacısına öz ailəsi ilə yaşaması üçün verib. İddiaçı evini satdığı üçün bunun üstündə də tərəflər arasında soyuqluq və mübahisə yarandı. İndi də Sevda Natiqdən boşanmaq üçün məhkəməyə müraciət edib. Həmin pulu nə vaxt və harada Sevdanın Natiqə verməsini görməyib, pulun verilməsində birbaşa şahidlik etməmiş, nə qədər verdiyini və ya vermədiyi də bilmir. Sadəcə olaraq Natiqin Sevdanı döyüb zorla pulu əlindən aldığını eşidib. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində göstərmişdir ki, cavabdeh onun baldızıdır. Sevdanın qaldığı ev digər baldızı Tamillanın evidir. İddiaçı özünə məxsus evi satdıqdan sonra demək olar ki, hər dəfə Sevda ilə pul mübahisəsi düşürdü. Natiq içki içib evə gəlirdi və Sevda ilə pul üstündə savaşırdı. Sevda da deyirdi ki, pulu dağıtmasın ki, ev ala bilsinlər. Axırıncı dəfə Natiq içkili vəziyyətdə evə gəldi və Sevda ilə mübahisə etməyə başladı. Sevda özü həmin gün onu çağırıb ki, “Natiq gəlib yenə pul istəyir, içkilidir”. Sevdagilə gedəndə Afət də orada idi. Natiq deyirdi ki, “Sevda gətir mənim pulumu ver”. Sevdadan 14000 pul istədi. Natiq Sevdaya qarşı nalayıq ifadələr işlədir, səs-küy salır, Sevdaya “pulu verməsən səni öldürəcəm” deyirdi. Natiqin bacısı Afət xanım da Sevdaya dedi ki, “get pulu gətir qoy rədd olub getsin”. Sevda da başqa bir otaqdan gedib paketə bükülü vəziyyətdə olan pulu gətirib Natiqə verdi və dedi ki, təcili əşyalarını götürüb evdən getsin. Natiq də paketdəki pulu və paltarlarını götürüb evdən getdi. Həmin vaxtdan sonra Natiqin o həyətə gəldiyini görməyib. Ancaq Sevdaya telefonla zəng vurub pulunu istəməsi barədə Sevdadan eşidib. Tərəflər arasındakı söhbət və mübahisə 14000 manatdan gedirdi, o, 26000 manat söhbətini eşitməyib. Onun yanında pul sayılmayıb, paketdə nə qədər pul olması barədə məlumatı yoxdur. Onun qaldığı evlə Sevdagilin qaldığı ev bir həyətdədir. Ərarvad mübahisə edib ayrıldıqdan sonra onun qızı Sevda ilə yaşayır. Məhkəmə baxışı iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Natiqin bacısıdır. Natiq 20 ildən artıqdır ki, Sevda ilə evlidir. Sevda ilə Natiqin çox mübahisələri olurdu, hər dəfə araya girib sülh yaradıb. Bir dəfə Sevda ona zəng edərək evə çağırmış, Natiqgilə gedəndə Sevda evdə tək olmuş, sonra Natiq içkili vəziyyətdə gələrək Sevdaya “mənim pulumu ver, pulumu aparmağa gəlmişəm” dediyində ər-arvad arasında mübahisə yaranmış, Natiq səs-küy salmışdır. Daha sonra Sevdanın qardaşı arvadı Zemfira xanım da gəldi. Onlar ər-arvadı sakitləşdirməyə çalışsalar da Natiq təkidlə pulu tələb etmiş, o da Sevdaya “Gətir pulu Natiqə ver, bu səs-küy sakitləşsin” dediyində Sevda da gedib içəri otaqdan bükülü paketdə pulu gətirib Natiqə verəndə “Pulun 14000 manatını sənə verirəm qalan yarısı olan 26000 manatı da özümdə qalacaq. Çünki həmin pulda mənim də yarı haqqım var. 26000 manatı verməyəcəyəm” demişdi. Natiq də heç nə demədən Sevda ilə razılaşıb pulu alıb, paketdəki pulu saymadan əşyalarını da götürüb evdən getmişdir. Özü hər dəfə Natiqə “Sevda düz deyir pulu dağıtma, yığıb ev alın” desə də Natiq heç kəsin sözünə məhəl qoymamışdı. Sevdanın Natiqə verdiyi paketi görsə də, içindəki məbləğin nə qədər olduğunu bilməmiş, sadəcə Sevdadan eşitmişdi. O, Natiqgilə gedəndə Zemfira orada deyildi, sonra gəldi. Buna görə də pulun yarısı söhbəti olanda orada Natiq, Sevda və o, olub. Mübahisə zamanı Zemfira tam yaxına gəlməmiş, həyətdə kənarda dayanmışdı. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-670/2022 nömrəli 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 14 aprel 2014-cü il tarixdə Naxçıvan Şəhər Nikah evində bağlanılmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan 29 oktyabr 2012-ci il tarixli 074476 nömrəli vəsiqədən aydın olur ki, İddiaçı ikinci qrup ÇAES əlilidir. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 sentyabr 2022-ci il tarixli 22/470 nömrəli məktubundan aydın olur ki, İddiaçı 2011-ci ildə yaşayış sahəsinə ehtiyacı olan İİ dərəcə ÇAES kimi qeydiyyata alınmış və 15 mart 2019-cu il tarixdə dövlət tərəfindən əvəzsiz olaraq ünvan 1 ünvanında ümumi sahəsi 90.26 kv.m olan ikiotaqlı mənzillə təmin edilmişdir. Həmin dövrdə Nazirliyin balansında bu məqsədlə ayrılmış yaşayış evləri olmadığından mənzillər dövlət vəsaiti hesabına fiziki şəxslərdən müqavilə əsasında satın alınaraq əvəzsiz olaraq xüsusi statuslu şəxslərin mülkiyyətinə verilirdi. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən aydın olur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı 57000 (əlli yeddi min) manata X1. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı ona əvəzsiz olaraq verilmiş daşınmaz əmlakın satışından əldə edilmiş pulun 26000 (iyirmi altı min) manatını Cavabdeh qaytarmadığını, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh pulu iddiaçıya qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı və cavabdehin birgə nikahda olduğu müddətdə iddiaçı dövlət tərəfindən əvəzsiz mənzillə təmin edilmişdir. Həmin mənzil iddiaçı və cavabdehin birgə nikahda olduqları müddətdə iddiaçı tərəfindən 57000 (əlli yeddi min) manat müqabilində satılmışdır. Mənzilin satışından əldə edilən pul vəsaitinin 40000 (qırx min) manatı cavabdeh tərəfindən saxlanılmış və həmin puldan 14000 (on dörd min) manat iddiaçıya qaytarılmışdır. İşin mübahisələndirilən halı mənzilin satışından qalan 26000 (iyirmi altı min) manat pulun iddiaçıya qaytarılmasıdır. İddiaçı öz tələbinin əsası kimi səs yazılarının qeydə alındığı iki ədəd disk və şahid ifadəsi təqdim etmişdir. Cavabdeh öz etirazının əsası kimi şahid ifadələri təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən təqdim edilən sübutları qiymətləndirir və həmin qiymətləndirmənin nəticəsi olaraq cavabdehin öz etirazının əsası kimi istinad etdiyi halların sübut olunmaması, bunun əksi olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların sübut olunması nəticəsinə gəlir. Məhkəmə ilk olaraq səs yazılarının qeydə alındığı disklərə baxış keçirib həmin disklərin sübut qismində qiymətləndirir. Belə ki, səs yazılarından müəyyən olunur ki, iddia predmetini təşkil edən 26000 (iyirmi altı min) manat barədə iddiaçının cavabdehlə danışığı əks edilib. Cavabdeh iddiaçıya “mən heç nə demirəm ki, sən də 14000 (on dörd min) götür, mən də 26000 (iyirmi altı mini), yox 14000 (on dörd mini) də götür, 10000 (on min) də kimə vermisənsə al onu da götür, ikimiz də gedək əlimizdəkini sayaq, 24000 (iyirmi dörd min) sən, 26000 (iyirmi altı min) də mən gedək evimizi alaq girək içinə, mən 1 məmmədinə də dəymirəm, sən də 1 məmmədinə də dəymiyəssən, gətirəssən, sayıb görəcəyik ki, ikimizin də pulu eyni bir yerdədir”. Cavabdeh həmin səs yazısında etiraz edərək qeyd etmişdir ki, öz aralarında olan bu telefon danışığı 2021-ci ilin təxminən noyabr-dekabr aylarında olmuşdur. Həmçinin o bildirmişdir ki, iddiaçı 2021-ci ilin noyabr ayının 8-də 14000 (on dörd min) manatı alıb evi tərk etmişdir. O evdən getdikdən sonra qalan 26000 (iyirmi altı min) manat onda olmuşdur. Həmin telefon danışığı zamanı da pul onda olmuşdur. Ancaq 2022-ci ilin may-iyun aylarında iddiaçı zorla pulu onun əlindən almışdır. Cavabdeh bildirdiyi həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bundan əlavə iddiaçı və cavabdeh tərəfindən təqdim edilən şahidlər 14000 (on dörd min) manat pulun iddiaçıya verildiyini təsdiq etmiş, qalan pulun iddiaçıya verilməsi barədə ümumi xarakterili ifadələr işlətmiş, birbaşa qalan pulun verilməsində iştirak etmədiklərini bildirmişlər. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12640 nömrəli qəbzlə ödənilmiş 168 (bir yüz altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı təmin edilsin. İş üzrə Cavabdeh 26000 (iyirmi altı min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 12640 nömrəli qəbzlə ödənilmiş 168 (bir yüz altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar