Məhkəmə qərarları › İş №2(079)-101/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-101/2021

25.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-101/2021 25.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı xx xxxxxx 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 3240 (üç min iki yüz qırx) manat dəyərində zinət əşyalarını və digər əmlakını, yaxud onların dəyərinin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə xx xxxx 2020-ci il tarixdə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahımızdan övladımız olmamışdır. Cavabdehlə xasiyyətimiz gəlmədiyindən Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. Məhkəmə qurtardıqdan sonra özümə aid əşyaları gətirməyə gedərkən onlar anama demişlər ki, cehizləri maşına yığın, qızılları da gətiririk. Cehizlərim yığıldıqdan sonra onlar nə mənə aid, yəni toyda və sonra hədiyyə alınmış zinət əşyalarımı, nə də beş dəst paltarımı vermədilər. Hazırda mən haqqım olanı tələb edirəm. Qızıl və gümüş əşyalarım 1750 manata Türkiyə istehsalı, 585 əyar, 20,02 qram çəkidə (EFE model) 1 ədəd qızıl boyunbağı, 1 ədəd bilərzik, 1 ədəd ağ qaşlı klon, 1 cüt ağ qaşlı sırğa və 1 ağ qaşlı üzükdən (dəstindən), 1100 manata Türkiyə istehsalı, 585 əyar, 12 qram çəkidə olan 1 ədəd brilyant qaşlı üzükdən, 50 manata 1 ədəd gümüş sepdən, şəxsi istifadə əşyalarım isə 70 manata 1 ədəd don, 150 manata 1 ədəd şalvar və pencək, 60 manata 1 ədəd köynək, 30 manata 1 ədəd yubka və 30 manata 1 ədəd koftadan ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı qızıl-zinət və əmlak tələbinə dair məhkəmədə iddia qaldırdığını, hazırda cavabdehin yaşadığı evdən özünə məxsus olan qızıl-zinət və geyim əşyalarını tam şəkildə götürdüyünü və buna görə də iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. (maddə 52.5) Məhkəmə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı iddia qaldırarkən “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixli, 58352 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixli, 58352 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar