Məhkəmə qərarları › İş №2(079)-11/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-11/2021

08.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-11/2021 08.01.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan əmlakdan payların müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə Babək rayonu Badaşqan kəndində əldə etdikləri 0.02 hektar torpaq sahəsindən ona çatan ½ payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o Cavabdeh ilə xx xxxxxx 2009-cu ildə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşlar, onların birgə nikahlarından iki övladları dünyaya gəlibdir, onların birgə nikahlarına Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-13/2020 nömrəli qətnaməsi ilə xitam verilmişdir, həmin qətnamə ilə xx xxxxx 2009-cu ildə anadan olmuş X3 onun, xx xxxxxx 2011-ci ildə anadan olmuş X4 isə anası Cavabdeh yanında qalması qət edilmişdir. Birgə nikahda olarkən onun adına xx.xx.2013-cü il tarixdə, seriya MH, ******* nömrəli Naxçıvan Muxtar Respublikası Daşımaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Babək rayonu, Badaşqan kəndində 0.02 hektar yaşayış məntəqələrinin torpaqları əldə etmişlər. Həmin daşınmaz əmlakın dövlət reyestrində 21/11 nömrəli reyestr kitabının 1901 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak birgə nikah dövründə əldə olunduğundan birgə mülkiyyət hesab olunur, bu səbəbdən də Babək rayonu, Badaşqan kəndində 0.02 hektar torpaq sahəsindən ½ pay hüququnun müəyyən olunmasını istəyir. Hal-hazırda həmin torpaq sahəsi keçmiş həyat yoldaşı Cavabdeh istifadəsində olduğundan, o həmin torpaq sahəsi üzərində öz mülkiyyət hüququnu həyata keçirə bilmir və onun mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur. Məhkəmə iclası zamanı iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, torpaq sahəsini Cavabdeh ilə birgə nikah dövründə əldə etdiklərini, ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı iddiasının təmin edilməsini, iddia ərizəsində işin mahiyyəti barədə ətraflı məlumat verildiyini mübahisəli torpaq sahəsinin birgə nikah dövründə əldə olunduğunu, iddiaçının həmin torpaq sahəsinə ½ hissədə payının olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh qismində izahat verən Cavabdeh bildirdi ki, həqiqətən də İddiaçı ilə 2009-cu ildə rəsmi nikaha daxil olub, xx xxxxxx 2020-ci ildə məhkəmənin qərarı ilə onların nikahları pozulubdur, onlar birgə nikah dövründə olduqları vaxt, yəni 2013-cü ildə Babək rayonu, Badaşqan kəndində mübahisəli torpaq sahəsini alıblar, hal-hazırda həmin torpaq sahəsində o övladı ilə yaşayır, iddiaçı həmin torpaq sahəsinə olan payına əvəz olaraq ondan 2000 manat pul istəyibdir, onun isə həmin məbləği iddiaçıya vermək imkanı yoxdur, qanunla mübahisəli torpaq sahəsinə iddiaçının payına düşənin verilməsinə etiraz etmir, sonda Cavabdeh qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şərur rayonu, Xələc kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 09/266 nömrəli arayışa əsasən İddiaçı Şərur rayonu, Xələc kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Babək rayonu, Hacıvar kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 432 nömrəli arayışa əsasən Cavabdeh Babək rayonu, Hacıvar kəndində qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli № 595 nömrəli məktubundan müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2013-cü il tarixdə Babək rayon DNK-nın xx.xx.2012-ci il tarixli 4Ə/286 nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Badaşqan kəndində 200 kv.m torpaq sahəsi qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Babək rayonu, Badaşqan kəndində yerləşən 0.02 ha torpaq sahəsi tərəflərin birgə mülkiyyəti sayılmaqla ½ hissəsinə iddiaçının və ½ hissəsinə cavabdehin payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində Babək rayonu, Badaşqan kəndində yerləşən torpaq sahəsinə ona çatan payların müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(079)-319/2020 nömrəli məktubuna xx.xx.2020-ci il tarixdə verilmiş 595 nömrəli cavabda qeyd olunmuşdur ki, İddiaçı adına Babək rayon DNK-nun xx.xx.2012-ci il tarixli 4Ə/-286 nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Badaşqan kəndində 200,0 (iki yüz) kv.m həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və onun adına ********** qeydiyyat, MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş A seriyalı 022751 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, Babək rayonu, Badaşqan kəndində yerləşən 0.02 ha torpaq sahəsi Naxçıvan MR DƏDRX-nin xx.xx.2012-ci il tarixli **********35-10301 reyestr nömrəli çıxarış, Babək rayon DNK-nun xx.xx.2012-ci il tarixli 4Ə1-286 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflərin verdiyi izahatlardan, eyni zamanda yuxarıda qeyd olunan sənədlərdən də məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquqi münasibətlər yaranmışdır. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 2(079)-13/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Mülki işin məhkəmə araşdırması zamanı iş materialları ilə məlum olmuşdur ki, Babək rayonu, Badaşqan kəndində yerləşən 0.02 ha torpaq sahəsi tərəflərin birgə nikahı dövründə alqı-satqı müqaviləsi əsasında əldə olunmuş və Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki halları yuxarıda tədqiq edilən xüsusatlara əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə..., ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Buna görə də məhkəmə hesab edir ki, məhz yuxarıda qeyd olunan normalar baxımından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Babək rayonu, Badaşqan kəndində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh və İddiaçı birgə nikah dövründə əldə edilmiş mülkiyyəti sayılmaqla paylar bərabər qaydada müəyyən olunsun və ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə İddiaçı payları müəyyən olunsun. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1(bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar