Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-115/2025 12.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan Muxtar Respublikası X1 Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: X9 xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 noyabr 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində ona məxsus səhifədə yayımladığı və rəhbəri olduğu Agentliyin işgüzar nüfuzunu ləkələmək məqsədi daşıyan video ilə bağlı "Tik-tok” sosial şəbəkəsində eyni səhifədə təkzib verilməsi öhdəliyinin Babək rayonu Naxışnərgiz kənd sakini Cavabdeh üzərinə qoyulması və Cavabdeh 4000 (dörd min) manat təzminat alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Babək rayonu Naxışnərgiz kəndində qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 23-cü maddəsində nəzərdə tutulmuş mülki hüquq pozuntusu olan əməli törətməsi onunla təsdiq olunur ki, o 15 noyabr 2024-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində ona məxsus səhifədə yayımladığı video paylaşımında rəhbərim olduğu Naxçıvan Muxtar Respublikası X3 (bundan sonra-Agentlik) nüfuzdan salmaq və işgüzar nüfuzunu ləkələmək məqsədi daşıyan əsassız və yalan xarakterli iddialar səsləndirmişdir. Cavabdeh bu video ilə, Naxçıvan Muxtar Respublikası X3 nüfuzdan salmaq məqsədilə yalan xarakterli məlumatların qəsdən ictimailəşdirilməsinə səbəb olmuşdur. “Tik-tok” sosial şəbəkəsində Cavabdeh məxsus səhifədə xx.xx.2024-cü il tarixdə yayımlanan videonun 2.40-cı dəqiqəsindən başlayan: “ Biz Naxçıvandan Bakıya heç bir ət məhsulları göndərə bilmirik, Qida Təhlükəsizliyi bir zərbə vurub bizə, bir bəla gəlib bizə” ifadələri həqiqəti əks etdirmir və məqsəd Agentliyin işgüzar nüfuzunu ləkələləmək və qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirən dövlət orqanını nüfuzdan salmaqdır. Belə ki, Cavabdeh digər dövlət orqanlarından ət və ət məhsullarının Bakı şəhərinə daşınması barədə agentliyə daxil olmuş müraciətinə qanunvericiliyə uyğun cavab verilmiş və izah edilmişdir ki, yüksək risk qrupu məhsullarına daxil edilən ət və ət məhsullarının qanunvericiliyin tələblərinə uyğun qaydada insan həyat və sağlamlığına təhlükə yaratmayacaq şəraitdə daşınması təmin olunduğu halda həmin məhsullarının daşınması üçün agentlik tərəfindən müvafiq icazə sənədləri verilə bilər. (Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktubların və agentlik üzrə sənəd qeydiyyat reyestrindən çıxarış surətləri 08 (səkkiz) vərəqədə əlavə olunur.) Həmin videonun 2.54-cü dəqiqəsindən başlayan: “Adi Türkiyə Respublikasından çadır belə gətirməyə Qida Təhlükəsizliyi qadağa qoyub” ifadəsi yalan xarakterlidir. Qeyd olunan iddianın Agentliyə heç bir aidiyyətinin olmadığı Cavabdeh izah edilmişdir. Həmin videonun 4.38-ci saniyəsindən başlayan: “ ancaq bunların fikri bilirsən nədir, Qida Təhlükəsizliyinin ancaq bizdən pul almaq, özləri yaşasın” iddiası həqiqəti əks etdirmir və yalandır. Bundan əlavə, videoda qeyd olunan dərman preparatlarının idxalı problemi ilə bağlı Cavabdeh izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” Qaydalarının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının X7ndə dövlət qeydiyyatına alınmış, sertifikatlaşdırılmış, qeydiyyat şəhadətnaməsinə malik və keyfiyyət sertifikatı (şəhadətnaməsi) ilə təmin edilmiş baytarlıq preparatlarının istehsalına, idxalına, satışına və tətbiqinə icazə verilir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmunu və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında Naxçıvan Muxtar Respublikası X1 işgüzar nüfüzuna xələl yetirən hərəkətlərlə bağlı təkzib verilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsindən söhbət getsə də iddiaçı qismində hüquqi şəxsin rəhbərinin qoyulduğu diqqətə çatdırılmış və əsl olmayan iddiaçının əsli iddiaçı ilə əvəz edilməsi iddiaçının nümayəndəsinə təklif edilmişdir. İddiaçının nümayəndəsi ərizə verərək bildirmişdir ki, X5 Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası X1 əsl olmayan iddiaçı X9 ilə əvəz edilməsinə etirazı yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(079)-115/2025 nömrəli qərardadı ilə X5 Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə əsl olmayan iddiaçı X9 əsl iddiaçı ilə - Naxçıvan Muxtar Respublikası X7 ilə əvəz olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə izahat verərək bildirmişdir ki, 15 noyabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən Tik-tok sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası X7 barəsində qeyri-dəqiq, agentliyin işgüzar nüfuzunu ləkələyən və nüfuzdan salmaq məqsədilə videogörüntülər paylaşılıb. Agentlik tərəfindən gömrükdən malların keçirilmə qaydasyıla bağlı qanunvericiliyin tələbi barədə cavabdehə dəfələrlə yazılı qaydada məlumat verilmişdir. Bu məsələlərin X4 aidiyyatı olmadığı bildirilib. Bakı şəhəri və digər rayonlara isə ət və ət məhsullarının aparılması və dərman preparatlarının Türkiyə Respublikasından gətirilməsi üsullarıyla bağlı qanunvericiliyin mövcud tələbləri və Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktlarının tələbləri cavabdehə yazılı formada çatdırılıb və qeyd olunan faktlarla bağlı sübutlar məhkəməyə təqdim edilib. Vətəndaş tərəfindən çəkilən müvafiq videoda olan məsələlərlə bağlı vətəndaşa verilən cavabların nümunələri onlarda vardır. Cavabdeh ilk öncə konkret şəxs göstərmədən “məqsəd pul almaqdır” kimi fikirlər irəli sürüb. X12 Respublikası ərazisində Azərbaycanın digər rayonlarına ətin aparılmasına agentlik tərəfindən bilərəkdən maneələr yaradılır. Bu iddialarla bağlı ona Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli, 66 nömrəli qərarının tələbləri izah edilib. Cavabdehin yaydığı videolardakı məlumatlarla bağlı ona yazılı məlumat verilib və sübutlar məhkəməyə təqdim edilib. Lakin cavabdeh yenə də həmin yalan məlumatları yaymaqda davam edir. Sonuncu videosunda isə konkret olaraq iddiaçı Səfəralı Nəsirovun adını qeyd edərək ünvanına real olmayan fikirlər səsləndirib. Yayılan məlumatlar işgüzar nüfuza xələl gətirir. Şəxsin videoda qeyd etdikləri həqiqəti əks etdirmir, bunlar yalan xarakterli məlumatlardır. Cavabdehin səsləndirdiyi fikirlər X7 tərəfindən agentliyin Naxçıvan Muxtar Respublikasında qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməsi fəaliyyəti ilə bağlı vətəndaşlar arasında mənfi rəy formalaşmasına səbəb olmuşdur. Həmin videonu 150 mindən artıq şəxs bəyənib. Bu da işgüzar nüfuza zərbə deməkdir, çünki video geniş kütlə arasında yayılıb. Bu məlumatların əhali arasında yayılması agentliyin nüfuzuna xələl gəlməsinə, əhali arasında agentliyin fəaliyyəti ilə bağlı mənfi rəy formalaşmasına səbəb olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq yayılan məlumatlara dair təkzib məlumatının yayımlanmasını və işgüzar nüfuza dəyən zərərlə bağlı təzminatın ödənilməsini xahiş edirik. Cavabdeh iddiaçının yox, məhz X1 işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayıb. Ondan sonra çəkilən videoda isə artıq iddiaçının da adını konkret olaraq səsləndirib. Cavabdeh agentliyin işgüzar nüfuzunu ləkələyib. Ərizədə qeyd edildiyi kimi cavabdeh tərəfindən tik-tok səhifəsində paylaşılan və Naxçıvan Muxtar Respublikası X1 işgüzar nüfuzuna xələl gətirən video ilə bağlı bildirir ki, X7 nəzarətedici, əlaqələndirici, təminedici təşkilati-tədbirlərin həyata keçirilməsiylə bağlı mərkəzi icra hakimiyyəti orqanı olduğundan bu sahədə müvafiq nəzarəti həyata keçirir. Agentliyin Türkiyədən hər hansı məhsulların gətirilməsiylə bağlı heç bir əlaqəsi yoxdur. Cavabdeh bu barədə məlumat göndərilsə də yenə də agentliyə qarşı əsası olmayan iddialar səsləndirir. Ona görə də bu faktların nəzərə alınmasını xahiş etmişdir. Etiraz ərizəsində “Mən savadsız adamam, qanunvericiliyin tələbini bilməyə bilərəm” fikrinə cavab olaraq bildirir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Cavabdeh tərəfindən “məqsədləri bilirsiz nədir, özləri yaşasınlar, bizə nə olur olsun” fikri, eyni zamanda onun müxbir fəaliyyəti ilə məşğul olması və kütləvi informasiya vasitəsinin vəsiqəsini üzərində gəzdirməsi həmin məlumatların birbaşa şüurlu surətdə həyata keçirildiyini sübut edir. “Pul almaqdır” fikri ilə agentliyin nüfuzu hədəf alınıb. Eyni zamanda agentlik çadırların gətirilməsi fəaliyyəti ilə məşğul olmur. Bakıya ət aparılmasıyla bağlı isə etiraz ərizəsində olan faktlar həqiqətə uyğun deyil. Belə ki agentlik tərəfindən Bakıya Naxçıvandan ət daşınması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bu barədə şəxsə məlumat verilib. İddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra cavabdeh yenə də bu cür məlumatlar yayır və birbaşa agentliyin məsul şəxsinin adını çəkir. Şəxs bunları şüurlu surətdə həyata keçirir. Şəxsin bildirdiyi məsələlərlə bağlı məhkəməyə heç bir sübut verilməyib. Eyni zamanda agentlik tərəfindən şəxsə müvafiq cavab məktubları göndərilib. Yayılan məlumatlar böhtan xarakterlidir. Bildirdiyi ifadələrin həqiqiliyini təsdiq edən faktlar məhkəməyə təqdim edilməmişdir. İddianın təmin olunmasını xahiş edirəm. Cavabdeh hazırlıq iclasında iddiaya etiraz edərək bildirmişdir ki, çəkdiyi videolarda nə X3, nə də şəxsən iddiaçını təhqir etməmişdir. Neçə illərdir ki, heyvandarlıqla məşğul olur. Bakı şəhərinə və digər rayonlara ət məhsulları göndərmələrinə məhdudiyyət qoyan X2. Hətta onlar özləri də yalnız son dövrlərdə qanuni fəaliyyət göstərdiklərini etiraf edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən və tərəflərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş 1 ədəd USB yaddaş daşıyıcısında olan video qeyddən və cavabdehin məhkəmədə verdiyi izahatdan belə məlum olur ki, Cavabdeh “TikTok” sosial şəbəkəsindəki “nuraninaxcivanli” istifadəçi adlı istifadəçi profili vasitəsilə özünün qoyunlara müraciət edərək çəkdiyi videoyazıda səsləndirmişdir ki, “mən sizə həmişə söz vermişdim ki, sizin problemləri həll edəcəyəm, amma təəssüflər olsun ki, problemləri həll edə bilmədim. Mən də çox təsəllilərə, yalanlara inandım, ona görə mən keçən il gəldim sizi muştuluqladım ki, hər şey həll olunacaq, su problemimiz, ot problemimiz aradan qalxacaq, amma hamısı boş şey imiş, sanki bir yuxu görürmüşəm, sizə nə zülmlə qış yemi üçün taxıl, arpa əkmişdim, qəflətən dolu gəldi vurdu, getdi hansı quruma müraciət etdimsə onlar saymazyanalıq edərək heç bir köməklik etmədilər, bugün də imkansızlıqdan bir qarış yer əkməmişəm, mən məcburam sizi satım və yem alım, sizi də satdımsa yemi niyə alıram, sizə söz vermişdim yonca alacağam, amma yenə saman almalı olacağam, amma ötüşməliyik, çox pis vəziyyətdəyik, siz yatırsınız xəbəriniz yoxdur, heç olmasa gündüz yatmayın ki, qarşıdan hələ başımıza nə gələcək bilinmir, sizə o qədər söz verdim, amma baxıram ki, mənlik deyil, məni başqaları ilə müqayisəyə qoyurlar ki, başqaları heyvan saxlaya, artıra bilir, sən bu heyvanları artırıb bir yerə çıxa bilmirsən, sən bunların yemini çatdıra bilmirsən, amma müqayisəyə qoymasınlar, mənim pensiyam, gəlirim yoxdur, gəlirim yalnız sizdəndir, biz yonca əkirik, yeddi il tövbə edirik, çünki su problemləri var, gözümüzü tikmişik Vayxır su anbarına, 1 dəfə su verirlə ondan su yonca quruyub gedir, biz Azərbaycan ölkəsində acınacaqlı həyat yaşayırıq, biz Naxçıvandan Bakıya heç bir məhsul göndərə bilmirik, Qida Təhlükəsizliyi bir zərbə vurub, bir bəla gəlib bizə, sizi bugünkü gün çadırda saxlayıram, şərait, imkan yoxdur ki, tövlə tikim, adi Türkiyə Respublikasından çadır gətirməyə belə Qida Təhlükəsizliyi qadağa qoyur, sizin problemləri həll etmək üçün bir material alıb gətirə bilmirik, elə bir acınacaqlı həyat yaşayırıq, mən nə gecə, nə gündüz yata bilmirəm, gələn yalandan deyir narahat olma düzələcək, amma düzələn bir şey yoxdur, ömrümüz daha gedib, 42 ildir mən düzəliş görməmişəm, hərə öz kefindədir, kim stolu qarmalayır vəssalam, biz yaddan çıxırıq, heç nə əkməyin xeyri yoxdur, heç yaşamağın da mənası yoxdur, onsuz da biz Naxçıvanda acınacaqlı bir həyat yaşayırıq, açıq türmə həyatı, bir tərəfimiz düşmən sərhəddi, bir tərəfimiz İran sərhəddi, gözümüzün tikəcəyi Türkiyə Respublikasıdır, onu da bizə çox görürlər, gətirdiyinə baxıb sən qoyunununa dərman apara bilməzsən deyirlər, gərək gedib Qida təhlükəsizliyindən icazə alasan, Qida təhlükəsizliyi səni göndərir Ankaraya müqavilə bağlamağa, “Qida təhlükəsizliyinin ancaq fikri odur ki, bizdən pul alıb özləri yaşasınlar”, bizi fikirləşən yoxdur qoyunlar, mən bacara bilmirəm, üzrlü sayın”. Naxçıvan Muxtar Respublikası X1 ünvanına qeyd olunan fikirlərin Cavabdeh tərəfindən səsləndirilməsi məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 4 №-li qərarının 3-cü bəndində (bundan sonra – “Plenum qərarı”) qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmə cavabdehin iddiaçı hüquqi şəxs barəsində işlətdiyi “Qida Təhlükəsizliyi bir zərbə vurub, bir bəla gəlib bizə, Qida təhlükəsizliyinin ancaq fikri odur ki, bizdən pul alıb özləri yaşasınlar” ifadəsi bütünlüklə cavabdehin işlətdiyi ifadələrlə birlikdə qiymətləndirildikdə hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, cəmiyyət və kollektiv arasında iddiaçı hüquqi şəxs barəsində mənfi rəy yaradan məlumatlar məlumat kimi qiymətləndirilməlidir. Belə ki, dövlət orqanı olaraq iddiaçının barəsində cəmiyyət arasında korrupsiya cinayətinin əlamətlərinə işarə edən ifadələrin işlədilməsi onun barəsində olan qeyri-maddi nemətlərə qəsd olunması deməkdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik bu qəbildən olan işlər üzrə hər hansı şəxs barəsində yayılan və bilavasitə onun şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ilə bağlı olan məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsini bu məlumatları yayan şəxsin üzərinə qoyur, yəni barəsində məlumat yayılan şəxs bu məlumatların doğru olmamasını sübut etmək vəzifəsi daşımır, əksinə məlumatı yayan şəxs onların həqiqətə uyğun olmasını sübut etməlidir. Məhkəmə hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatların doğru olubolmaması məsələsinə hüquqi qiymət verərək bildirir ki, sözügedən məsələdə yayılmış məlumatların doğruluğunu sübutetmə vəzifəsi qanunla həmin məlumatları yaymış şəxsin üzərinə qoyulsa da Nəcəfov X6 Muxtar Respublikası Qida təhlükəsizli Agentliyinin vəzifəli şəxs(lər)i tərəfindən ondan xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması barədə faktların həqiqətə uyğun olduğu sübuta yetirilməmişdir. Həmin məlumatların həqiqiliyi və doğruluğu cavabdeh tərəfindən sübut edilmədiyindən, doğru olmayan və həqiqəti əks etdirmiyən məlumatlar kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən isə iddiaçı barədə yaydığı məlumatların doğru olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X7 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə rəsmi reyestrlə göndərilmiş məktublardan cavabdehin Bakı şəhərinə ət və ət məhsullarının göndərilməsi ilə bağlı müraciətinə cavab olaraq ona yüksək risk qrupu məhsullarına daxil edilən ət və ət məhsullarının qanunvericiliyin tələblərinə uyğun qaydada insan həyat və sağlamlığına təhlükə yaratmayacaq şəraitdə daşınması təmin olunduğu halda həmin məhsullarının daşınması üçün agentlik tərəfindən müvafiq icazə sənədləri verilə biləcəyinin izah edildiyi müəyyən olunur. Məhkəmə məlumatların yayılması ilə bağlı bildirir ki, iş materiallarında olan Cavabdeh məxsus “Tiktok” sosial şəbəkəsindəki “Nurani Naxcıvanlı” səhifəsində paylaşılmış sözügedən videonun 2,5 milyon dəfə izlənildiyi müəyyən olunur. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus “Tiktok” sosial şəbəkəsindəki “Nurani Naxcıvanlı” adlı səhifəsində iddiaçı Naxçıvan Muxtar Respublikası X7 barəsində hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatları yaymışdır. Plenum qərarının 12-ci bəndinin İİ cümləsinə əsasən həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; Məhkəmə sözügedən halları ümumiləşdirərək belə qənaətə gəlir ki, sözügedən hal nəzərə alınmaqla iddiaçı hüquqi şəxs barəsində onun işgüzar nüfuzunu ləkələyən “Qida Təhlükəsizliyi bir zərbə vurub, bir bəla gəlib bizə, Qida təhlükəsizliyinin ancaq fikri odur ki, bizdən pul alıb özləri yaşasınlar” ifadəsi yayıldığı sosial-internet şəbəkəsində də Cavabdeh tərəfindən eyni qaydada təkzib olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; - 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; - 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə iddianın Cavabdeh 4000 (dörd min) manat təzminatın alınması hissəsi ilə bağlı qeyd edir ki, sözügedən hissədə iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hazırki halda isə hüquqi şəxs onun işgüzar nüfuzunun ləkələnməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, fiziki şəxsin onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların yayılmasına görə mənəvi təzminat tələb etmək hüququ Mülki Məcəllənin 23-cü maddəsinə əsasən yaranır. Bununla belə mənəvi zərərə görə təzminat tələb etmək hüququ hüquqi şəxslərin işgüzar nüfuzunun müdafiəsi ilə bağlı hallara tətbiq edilmir. Dövlət orqanı bu fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar ona məxsus qeyri-maddi nemətlərə qəsd olduqda və ya şəxsi qeyri-əmlak hüquqlarının pozulması zamanı mənəvi zərərin ödənilməsini tələb etmək imkanından məhrum edilmir, lakin məhkəmə hesab edir ki, mülki qanunvericiliyin işgüzar nüfuzun müafiəsi ilə bağlı qaydaları mənəvi zərərin pul növündə kompensasiyası istisna edilməklə hüquqi şəxslərə şamil edilir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Vətəndaşların şərəfi, ləyaqəti və işgüzar nüfuzu müdafiə olunan zaman mənəvi zərərə görə ödənilməli olan kompensasiya məbləği (əvəz ödəmənin miqdarı) iki əsas məsələdən asılı olaraq müəyyən edilir: birincisi, iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterindən və məzmunundan; ikincisi, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsindən. Həmçinin, vəzifəli şəxsin vətəndaşa qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı qaldırdığı zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara baxılarkən nəzərə alınmalıdır ki, dövlət orqanlarının vəzifəli şəxsləri bu qəbildən olan müraciətlərə hazırlıqlı olmalı və dözümlülük nümayiş etdirməlidirlər. Sadalanan normalardan göründüyü kimi mülki qanunvericiliyin işgüzar nüfuzun müafiəsi ilə bağlı qaydaları mənəvi zərərin pul növündə kompensasiyası istisna edilməklə hüquqi şəxslərə şamil edilir və belə olan halda iddia tələbinin işgüzar nüfuzu ləkələyən məlumatların yayılması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən sonuncuya məxsus “Tiktok” sosial şəbəkəsindəki “Nurani Naxçıvanlı” adlı istifadəçi səhifəsində Naxçıvan Muxtar Respublikası X7 barəsində yayılmış işgüzar nüfuzu ləkələyən “Qida Təhlükəsizliyi bir zərbə vurub, bir bəla gəlib bizə, Qida təhlükəsizliyinin ancaq fikri odur ki, bizdən pul alıb özləri yaşasınlar” ifadələri eyni qaydada təkzib edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, iddia qalmış hissədə rədd edilməli, Cavabdeh 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119-cu maddəsinin İ hissəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Belə olan halda məhkəmə iddia tələbinin qiymətləndirilməyən hissəsinə münasibətdə iddianın təmin olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının ödəməkdən azad edildiyi 100 (bir yüz) manat miqdarında qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumu cavabdehdən alınaraq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən sonuncuya məxsus “Tiktok” sosial şəbəkəsindəki “Nurani Naxçıvanlı” adlı istifadəçi səhifəsində Naxçıvan Muxtar Respublikası X7 barəsində yayılmış işgüzar nüfuzu ləkələyən “Qida Təhlükəsizliyi bir zərbə vurub, bizə bir bəla gəlib, Qida təhlükəsizliyinin ancaq fikri odur ki, bizdən pul alıb özləri yaşasınlar” ifadələrinin eyni qaydada həmin sosial internet şəbəkəsində “Nurani Naxçıvanlı” adlı istifadəçi səhifəsində təkzib edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-115/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-115/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver