Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-158/2022 30.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaka olan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 03 mart 2022-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 hektar həyətyanı torpaq sahəsindən ona məxsus olan 13/15 payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Babək rayonu, Naxışnərgiz kəndində 0.159 hektar torpaq sahəsi üzrə 1/15 hissə Cavabdeh2, 1/15 hissə Cavabdeh1 və 13/15 hissə mənə ayrılmışdır. Hüquq sahiblərinin payları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 17 fevral 2022-ci il tarixdə 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həyətyanı torpaq sahəsində paylarımızın torpaq sahəsinin hansı hissəsində olması və paylarımızdan istifadə ilə bağlı aramızda narazılıqlar yaranmışdır. Buna görə payımın naturada ayrılmasını istəyirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında hazırda mübahisə olunan torpaq sahəsinin mərhum əri Heydərdən miras qaldığını və Babək rayonu, Naxışnərgiz kəndində yerləşdiyini, onlara bu torpaq sahəsinin islahat zamanı verildiyini, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə ərindən qalan mirası qəbul etdiyini və torpaq üzərində 13/15 payının müəyyən edildiyini, torpaq sahəsinin bir hissəsinin oğlu Faiqə, bir hissəsinin oğlu Elşənə məxsus olduğunu, torpaq sahəsindən ona düşən hissədə payının ayrılmasını istədiyini, torpaq sahəsində hazırda yaşayış evinin mövcud olduğunu, orada Cavabdeh1 ailəsi ilə birlikdə yaşadığını, torpaq sahəsinin bölünməsindən sonra özünün orada yaşamaq istədiyini, həmin torpaqda üç otaq, bir aynabənd, balkon, hamam, tualet, mətbəx, tövlə və təndir tikildiyini, lakin onların heç birinin qeydə alınmadığını, həmçinin həyətdə artezian quyusunun olduğunu, aralarında olan mübahisələrin daha da artıq davam etməməsi üçün özünün payının ayrılmasını, onun üzərindən olan evdən də ona pay düşməsini, həmçinin artezian quyunun ona verilməsini istədiyini, özünün torpağı əkibbecərdiyini, ondan istifadə etdiyini qeyd edərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında torpaq sahəsində 1999-2000-ci illərdə ev tikildiyini, evin hazırda qeydiyyata alınmadığını, orada olan evdə 2000-ci ildən özünün yaşadığını, torpaq sahəsi üzərində özünün payının 1/15 hissə olduğunu, onun nənəsindən qaldığını, həmin torpağın nənəsinə 1981-ci ildə verildiyini, orada tikilmiş evdən qarşı tərəfə pay vermək istəmədiyini, ancaq torpaq sahəsindən iddiaçıya düşən payın ayrılmasına etiraz etmədiyini, torpaq sahəsindən payının olmasının təsdiqi ilə bağlı notarius tərəfindən ona şəhadətnamə verildiyini, torpaq sahəsinin həm aşağı, həm də yuxarı hissəsindən ümumi yola çıxış olduğunu, evin tikilməsi zamanı materialların alınması ilə bağlı bütün xərcləri özünün çəkdiyini, hazırda torpaq sahəsinin aşağı hissəsində tövlə, təndir, toyuq hini, saman damı, yuxarı hissəsində isə iki tualet, çardaq, hamam, mətbəx, çörək damı, iki salon, üç otaq, zirzəmi, artezian quyusu və açıq eyvan yerləşdiyini bildirərək yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Digər Cavabdeh2 məhkəmədə verdiyi izahatında torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinin atası Heydər, anası Gülü, bacıları Nahidə, Lalə və özünün olduğunu, bacıları və özünün onlara aid olan hissəni analarına bağışladıqlarını, hazırda payı olan hissənin isə atasından miras qalan hissə olduğunu, torpağın üzərində hazırda ev tikildiyini, lakin evin qeydiyyatdan keçmədiyini, evdə Faiqin ailəsi ilə birlikdə qaldığını, torpaq sahəsinin həm aşağı, həm də yuxarı hissəsindən ümumi yola çıxış olduğunu, atasından qalan torpaq sahəsini sənədləşdirəndə hamısını anasının adına sənədləşdirməyi təklif etdiyini, amma qardaşı Faiqin bunu qəbul etmədiyini, bu səbəbdən də paylarını ayıra bilmədiklərini bildirmişdi. Mülki iş materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən zaman müəyyən olunur ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 hektar həyətyanı torpaq sahəsinin tərəflərin paylı mülkiyyətində olması və həmin daşınmaz əmlakın bölünməsi ilə bağlı tərəflər arasında razılıq olmaması işin mübahisəsiz halıdır. Qeyd edilənlərin mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Naxışnərgiz kəndində olan 0.159 hektar torpaq sahəsinin 13/15 hissəsinin İddiaçı, 1/15 hissəsinin Cavabdeh1 və 1/15 hissəsinin Cavabdeh2 mülkiyyətində olması; -tərəflərin məhkəmədə verdiyi izahatlarından Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 hektar həyətyanı torpaq sahəsi üzrə paylarının ayrılması barədə mülkiyyətçılər arasında razılıq olmaması aydın olur. İddiaçının ümumi paylı mülkiyyətə olan torpaq sahəsi üzrə öz payının naturada ayrılmasını tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki işin mübahisəsiz hallarından mübahisə predmeti olan daşınmaz əmlakın tərəflərin ümumi paylı mülkiyyətində olması və onların hər birinin payının müəyyən edilməsi öz təsdiqini tapır. İddiaçı isə mübahisə predmeti üzrə özünün payının naturada ayrılmasını tələb etdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələrində isə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki işin məhkəmədə baxışı zamanı isə mülkiyyətçilər arasında ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair razılığın əldə olunmaması müəyyən olunur. Buna təsir edən xüsusi amil isə torpaq sahəsinin üzərində inşa edilmiş və qeydə alınmamış yaşayış evinin mövcudluğudur. Bütün bu yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə məhkəmə iddiaçının öz mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməsində hər hansı bir qanuna zidd hal müəyyən etmir. Lakin yuxarıda qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi ümumi mülkiyyətin iştirakçısı olan mülkiyyətçinin öz payının naturada ayrılması tələbinin əsaslı sayılmasının zəruri olan şərtlərindən biri həmin əşyanın naturada ayrılmasının mümkünlüyüdür. Mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölünməsinin mümkün olubolmamasının müəyyən edilməsi isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə iddiaçının vəsatəti əsasında 21 aprel 2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 iyun 2022-ci il tarixli, 118 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,159 hektar həyətyanı torpaq sahəsinin 13/15 (on beşdə on üç) hissəsi təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan X1 texniki cəhətdən verilməsi məqsədə müvafiq hesab olunmur. Ekspert bu qənaətə gəlməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olması göstərilir. Həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrıayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Belə olan halda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş 16 fevral 2022-ci il tarixli reyestr nömrəsi **********49 olan həyətyanı torpaq sahəsinin planı və ölçüsünə əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən həyətyanı torpağın plan və ölçülərinin döngə nöqtələri arasındakı məsafələri (1- 2) 2.55 metr, (2-3) 62.45 metr, (3.4) 22.93 metr, (4-5) 9.31 metr, (5-6) 4.23 metr, (6-7) 38.54 metr, (7-8) 14.80 metr və (8-1) 25.93 metr məsafələrdə olduğu nəzərə alınaraq tədqiq olunan torpaq sahəsinin müəyyən hissəsindən sərhəd hasarları vasitəsi ilə tərəflərin 13/15 (on beşdə on üç) və 1/15 (on beşdə bir) hissələrinin payının ayrılması (bölünməsi) zamanı bu ayrılan torpaq sahəsinin üzərində gələcəkdə hər hansı yaşayış və digər təyinatlı tikililərin qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə müvafiq olaraq inşa olunması texniki cəhətdən mümkün olmayacaq. Həmin torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olduğunu, həmin sahədə aparıla biləcək yaşayış və digər təyinatlı tikililərin qonşu torpaq sahələri və onlar üzərində inşa olunmuş tikililəri ilə ara məsafələrinin (qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq) saxlanılmasının zəruriliyini, eləcə də həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində hazırda fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin inşa olduğu, eləcədə tədqiqat obyektinin digər texniki göstəricilərini nəzərə alaraq, həmin həyətyanı torpaq sahəsinin bölünməsi (ayrılması) məqsədə müvafiq hesab olunmur. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Sonuncu qeyd edilən halı nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və tərəflərin ümumi paylı mülkiyyətində olan 0,159 hektar həyətyanı torpaq sahəsinin texniki cəhətdən ayrılması mümkün olmadığından İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaka olan payının naturada ayrılması tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia əsaslı sayılmadığından iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia rədd olunmalı; - İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 hektar həyətyanı torpaq sahəsinə payının naturada ayrılması tələbi əsassız sayılmalı; - İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 hektar həyətyanı torpaq sahəsinə payının naturada ayrılması tələbi əsassız sayılsın. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-158/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-158/2022
30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver