Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-171/2021 08.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 və Şahid2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “15” mart 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək özünə məxsus qızıl-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda isə onlarının dəyəri olan 2700 (iki min yeddi yüz) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 25 noyabr 2015-ci il tarixdə Cavabdeh Möhübbət oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşuq. Birgə nikahımızdan bir övladımız dünyaya gəlmişdir. Aramızda yaranan problemlərdən sonra Babək Rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbinə dair ərizə ilə müraciət etdim. Məhkəmənin 27 yanvar 2021-ci il tarixli, 2(079)-16/2021 nömrəli qətnaməsi ilə nikahımız pozulmuş, övladımız X2 mənim yanımda qalmış və eyni zamanda onun saxlanılması üçün cavabdehdən 120 manat miqdarında aliment tutularaq mənim xeyrimə ödənilməsi qət edilmişdi. 2020-ci ilin sentyabr ayından faktiki olaraq ayrı yaşayırıq. Mən sentyabr ayının 8də cavabdehlə aramızda yaranan mübahisədən sonra anamgilə getmək qərarına gəldim və bu fikrimi qarşı tərəfə də bildirdim. Fariz həmin günün səhəri işə gedəndən sonra mən övladımı da götürüb anam evinə getdim. Həmin vaxt mən sadəcə özümə və övladıma zəruri olan bir neçə geyim əşyasını da götürərək evdən ayrıldım. Bundan sonra nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etdim. Məhkəmə prosesləri yekunlaşandan sonra cehiz əşyalarımı götürmək üçün qarşı tərəfə müraciət etdim. Həmin müraciətdən sonra mən cehiz əşyalarımı tam olmasa da bir qismini götürdüm. Həmin vaxt otağın birini bağlı saxlanmışdı və mən rahat şəkildə özümə məxsus olan əşyaları hamısını götürə bilmədim. Bundan sonra qızıl əşyalarımın mənə qaytarılması ilə bağlı cavabdehə mesaj yazdım. Mesaj yazdıqdan sonra onunla üz-üzə görüşərək qızıl əşyalarımı ondan tələb etdim. Mesajlardan da bəlli olur ki, qızıllar qarşı tərəfdədir və mənə həmin qızıl əşyalarını verməkdən imtina edirlər. Həmin mesajlardan çıxarışlar tərəfimdən məhkəməyə təqdim olunacaqdır. Mən məcbur qalaraq qızıl əşyalarımın alınması ilə bağlı məhkəməyə müraciət etməli olmuşam. Həmin qızıl əşyaları dəyəri 2000 (iki min) manat olan, çəkisi 13,9 qram Türkiyə istehsalı boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət dəst və dəyəri 700 (yeddi yüz) manat olan, çəkisi 8 qram Türkiyə istehsalı qaşlı nişan üzüyündən ibarətdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı əvvəlki məhkəmədə iclasında verdiyi izahatında 2015-ci ilin sentyabr ayının 26-da Farizlə ailə qurduğunu, 2020-ci ilin sentyabr ayının 08-də onunla aralarında mübahisə olduğunu, 09 sentyabr 2020-ci ildə isə cavabdehin səhər işə getməsindən sonra uşağını da götürüb evdən çıxdığını, elə həmin vaxtdan da ayrı yaşadıqlarını, 2021-ci ilin yanvar ayında boşandıqlarını, Faizlə evləndikdən sonra əvvəllər onun valideynləri ilə birlikdə yaşadığını, aralarında olan mübahisəyə görə Farizin valideyninin onu evdən qovduğunu, həmin vaxt qızıllarının orada şkafda saxlanıldığını, özünün qızılları ora qoyduğunu, daha sonra ailəni bərpa edib başqa yerdə yaşadıqlarını, qızılların isə Farizin anasının yaşadığı evdə qaldığını və ona geri qaytarılmadığını, sonradan cavabdehlə birlikdə yaşadığı evdə özünün, Farizin və qızının qaldığını, onlardan başqa orada heç kimin qalmadığını, evdən çıxanda uşağı və özünə aid olan bütün əşyalarını götürmədiyini, daha sonra cehizlərini götürmək üçün cavabdehə müraciət etdiyini, təqribən 2021-ci ilin fevral ayının əvvəli cehizlərini götürmək üçün getdiyini, cehizlərin olduğu evin Babək rayonu, Xal-xal kəndində yerləşdiyini, cehizlərinin götürülməsində xalası Narınc, dayıları Elşən, Firuz və anasının uzaq qohumlarının, cavabdeh tərəfdən isə onun bacısının əri Çıngizin, qardaşı İqbalın, atası Möhübbətin və cavabdehin özünün iştirak etdiklərini, yaşadığı evin 2 otaqdan ibarət olduğunu, ona aid bütün əşyaları eşiyə yığıldığını, cehizlərin götürüldüyü vaxt otağın birinin qapısının bağlı olduğunu, açıq olan otaqda isə ancaq öz əşyalarının olduğunu, onları götürdüyünü, Xal-xal kənd icra nümayəndəsinin də orada iştirak etdiyini, qızılları ona cavabdehin ailəsinın toydan qabaq aldığını, qızıl dəstini 2-3 dəfə, amma nişan üzüyünü çox istifadə etdiyini, qızılların təqribən 3 il yarımdır ki, onda olmadığını, bu səbəbdən də evdən çıxanda onları istədiyini, qızılların onda təqribən bir il və ya bir il yarım qaldığını, onların kimdə olduğunu bilmədiyini, nişan üzüyünü özünün Kamal adlı tanışlarından alındığını, qızıl dəstinin isə kimdən alındığını bilmədiyini, qızılların alınmasına özünün, Farizin, onun anasının, bacısının və cavabdehin dayısı qızı Baharın getdiklərini, onların neçəyə alındığını və neçə qram olduğunu deyə bilməyəcəyini, cehizləri götürəndən sonra qızılları Farizdən istədiyini, cavabdehin isə qızılların onda olmadığını bildirdiyini, cehizlərini götürdükdən təqribən 15-20 gün sonra Farizlə aralarında olan SMS yazışmaları zamanı ondan qızılları istəsə də cavabdehin ona “anam vermədi, nə deyim” dediyini qeyd edərək, yekunda iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə 2015-ci ildə ailə qurduqlarını, 2020-ci ilin sentyabr ayının 08-dən ayrı yaşadıqlarını, qızılları toydan qabaq iddiaçıya hədiyyə kimi aldığını, qızılları almaq üçün əvvəlcə iddiaçının qohumu olan və qızıl satan şəxsin yanına getdiklərini, o, qızılları baha qiymətə dediyi üçün onları başqa şəxsdən aldıqlarını, qızılları aldıqları adamın adını bilmədiyini, onları almağa anası Şahid1, bacısı Bağırova Samirə, dayısı qızı Əsgərova Bahar, özün və iddiaçının getdiklərini, nişan üzüyünü 300 manata, qızıl dəstini isə 1000 manata aldıqlarını, iddiaçının həqiqətən də həmin qızıllarla öz evinə gəlin köçdüyünü, evi tərk edəndə onları özü ilə apardığını, Şəhanənin 4 ildir ki, anası ilə küsülü olduğunu, qızılların anasında olmadığını, iddiaçının cehizlərini götürdüyü zaman icra nümayəndəsinin də iştirak etdiyini, həmin vaxt onun qızıllarını istəmədiyini, çünki həmin qızıllarının iddiaçının özündə olduğunu, Şahanənin 4 il bundan qabaq evi tərk edib gedəndə həm öz qızıllarını, həm də onun nişan üzüyünü özü ilə bərabər götürdüyünü, qızılların nə vaxt apardığını bilmədiyini qeyd edərək, yekunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmədə verdiyi izahatında tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra iddiaçının özünə məxsus olan cehiz əşyalarını Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə götürdüyünü, orada Şəhanədən hər hansı bir əşyasının qalıb-qalmasının ondan soruşulduğu, iddiaçının isə bütün əşyalarını götürdüyünü bildirdiyini, mübahisə predmeti olan qızıl-zinət əşyaların ümumiyyətlə cavabdeh tərəfdə deyil, iddiaçının özündə olduğunu, onların dəyərinin iddia tələbində yüksək qeyd edildiyini, mütəxəssisin bununla bağlı məsləhətini isə qismən, yəni iddia ərizəsində qızıl dəstinin çəkisi 13.9 qram göstərilsə də, mütəxəssisin həmin qızıl dəstinin ən aşağı çəkisinin 25 qram ola biləcəyini qeyd etdiyi hissədə qəbul etmədiyini, bunun iddia tələbindən kənara çıxdığını, bu səbəbdən də mütəxəssis məsləhətini məhz həmin hissədə qəbul edilən saymadığını bildirərək, yekunda məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdi. Mülki iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini və mütəxəssis məsləhətini bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, Cavabdeh ilə İddiaçı 2015-ci ildə nikaha daxil olması, 2021-ci ildə həmin nikahın pozulması, 2020-ci ilin sentyabr ayının 8-də tərəflərin ayrılması, 2021-ci ilin fevral ayının əvvəllərində iddiaçının özünə məxsus cehiz əşyalarını cavabdehlə əvvəllər birlikdə yaşadığı evdən götürməsi və tərəflər ailə qurmadan öncə cavabdehin anasının iddiaçıya boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəsti və bir ədəd qaşlı üzük alması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq edilir. -mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(079)-16/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında 25 noyabr 2015-ci il tarixdə nikahın bağlanması, həmin nikahın qeyd edilən qətnamə ilə pozulması; - tərəflərin məhkəmədə vermiş olduğu izahatlarından onların 2020-ci ilin sentyabr ayının 8-də tərəflərin ayrılması, 2021-ci ilin fevral ayının əvvəllərində iddiaçının özünə məxsus cehiz əşyalarını cavabdehlə əvvəllər birlikdə yaşadığı, yəni Babək rayonu, Xal-xal kəndində yerləşən evdən götürməsi; -tərəflərin izahatlarından və Şahid1 ifadəsindən tərəflər ailə qurmadan öncə cavabdehin anasının İddiaçı boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəsti və bir ədəd qaşlı qızıl üzük alınması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(079)-16/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İddiaçının cavabdehdən Türkiyə istehsalı, dəyəri 2000 (iki min) manat, çəkisi 13,9 qram olan boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəsti və Türkiyə istehsalı, dəyəri 700 (yeddi yüz) manat, çəkisi 8 qram olan qaşlı qızıl üzüyü, onlar mövcud olmadıqda isə dəyərinin alınıb verilməsini tələb etməsi isə mülki işin mübahisə halıdır. İddiaçının hər bir əşya üzrə tələbinə hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilən maddi və prosessual hüquq normalarını mülki işin halları ilə əlaqələndirən məhkəmə bildirir ki, hazırki mübahisə üzrə adı çəkilən qızıl-zinət əşyalarının mövcudluğu, onların cavabdeh tərəfindən iddiaçıya toydan qabaq hədiyyə edilməsi və həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsindən sonra onların İddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparılmasını sübut etmə yükü, iddiaçının üzərinə düşür. İddiaçının öz iddia tələbinin əsası kimi qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, həm iddiaçı, həm də cavabdehin məhkəmədə verdikləri izahatlarından müəyyən edilir ki, boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəsti və qaşlı qızıl nişan üzüyü tərəflərin toy məclisindən öncə cavabdehin anası tərəfindən hədiyyə kimi İddiaçı alınmışdı. Bu fakt həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi şahid- Cavabdeh anası Şahid1 ifadəsindən də aydın olur. Bundan əlavə İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının foto şəkillərini təqdim etmişdi. Cavabdeh iş vərəqə 14-də olan və üzərində “Banu” yazılan fotoşəkildə iddiaçının üzərində olan qızıl-zinət əşyalarının onun tələb etdiyi qızıllar olduğunu və onların toydan qabaq özləri tərəfindən hədiyyə alındığını bildirmişdi. Sözü gedən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə kimi verildikdən sonra onların İddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparmasının sübut edilməsinə gəldikdə isə bu fakt həm cavabdehin məhkəmədə verdiyi izahat, həm də onlarla birlikdə yaşayan Cavabdeh anası Şahid1 ifadəsi ilə inkar olunmur. İddiaçı cavabdehin valideyninin onun evdən qovalamasından sonra mübahisə predmeti olan qızıl-zinət əşyalarını onun evində qaldığını, ümumiyyətlə bundan sonra həmin əşyaların ona qaytarılmadığını bildirsə də, cavabdeh tərəf iddianın bu əsasını qəbul etməmiş və həmin əşyaları özü ilə bərabər apardığını qeyd etmişdi. Bununla bağlı məhkəmə tərəflərə izah edir ki, sübut etmək vəzifəsi təkzib (inkar) edən tərəfin deyil, onun təsdiq etməkdə maraqlı olan şəxsin üzərinə düşür. İddiaçı öz sübut etmə vəzifəni yerinə yetirdikdən sonra cavabdehin təkzib etmək vəzifəsi yaranır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. İddia tələbinin qeyd edilən halının təkzib edilməsi ilə bağlı əsasın məhkəmədə tədqiq edilməsi zamanı Cavabdeh verilmiş sübut suallarına cavab olaraq o, iddiaçının anası ilə həqiqətən də dörd ildir küsülü olduğunu, qızılların anasında olmadığını, onları Şahanənin evi tərk edərkən özü ilə götürdüyünü, öz valideyni ilə birlikdə yaşadığı evdən ayrılıb iddiaçı ilə birlikdə yaşayan zaman Şəhanənin qızıl-zinət əşyalarından istifadə etdiyini, bununla bağlı əlində sübut olmadığını, telefonunda olan şəkillərin silindiyini, 2019cu ildə “Yeni il” günü Naxçıvan şəhərinin mərkəzində qurulan yolka şənliyinə gedəndə iddiaçının boyunbağını üstünə taxdığını, lakin qeyd etdiyi halları təsdiq edə biləcək sübutlarının olmadığını bildirmişdi. O, iddianın qeyd edilən əsasının təkzibi ilə bağlı anası Şahid1 və Şahid2 şahid qismində dindirilməsini xahiş etmişdi. Şahid1 məhkəmədə verdiyi ifadəsində özünün 1500 manat pul yığdığını, qızılların alınması üçün Farizin və Şəhanənin onunla birlikdə bazara getdiklərini, nişan üzüyünü 300 manata aldığını, qızıl dəstini isə 1030 manata satsalar da onu 1000 manata aldığını, onları eyni gündə, lakin ayrı-ayrı şəxslərdən aldığını, Şəhanənin həmin qızılları gəlin köçən zaman özü ilə gətirdiyini, iddiaçının təqribən bir il onunla birlikdə yaşadığını, daha sonra ayrılaraq başqa evdə qaldığını, özünün isə neçə ildir ki, Şəhanə ilə küsülü olduğunu, buna görə də onunla get-gəlinin olmadığını, qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu, onları gedərkən özü ilə bərabər apardığını, özündə həmin qızılların saxlanılmadığını, bu günədək bir dəfə də olsun qızıllarla bağlı mübahisənin yaranmadığını, yəni Şəhanənin ondan qızıl istəmədiyini, iddiaçı evdən əşyalarını götürən zaman icra nümayəndəsinin ondan bu barədə soruşanda heç nəyinin qalmadığını ona dediyini, ümumiyyətlə isə qızıllarının iddiaçının özündə olduğunu qeyd etmişdi. Şahid2 ifadəsində Babək Rayon İcra Hakimiyyətinin Vayxır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin işlədiyini, gününü dəqiq xatırlamasa da 2021-ci ilin qış aylarında iddiaçının icra nümayəndəliyini gələrək özünə məxsus cehiz əşyalarını Farizin evindən götürmək istədiyini bildirdiyini, icra nümayəndəsinin tapşırığı əsasında özünün cehiz əşyalarının götürülməsində iştirak etdiyini, Farizin evinə Şəhanənin dayıları ilə birlikdə getdiyini, həmin əşyaların cavabdehin yaşadığı evdə iki otağın içərisində olduğunu, həmçinin bəzi əşyaların evin zirzəmisindən götürüldüyünü, cehiz əşyalarını götürülməsi prosesində sonunadək iştirak etdiyini, cavabdehin evindən iki maşın cehiz əşyasının Şəhanə tərəfindən götürüldüyünü, həmin vaxt iddiaçıya cavabdeh tərəfindən hər hansı qızıl əşyasının verilməsini görmədiyini, əşyaların götürülməsindən sonra özünün iddiaçıdan bütün əşyalarını götürüb götürmədiyini soruşduğunu, Şəhanənin isə bununla bağlı hər hansı narazılığının olmadığını bildirdiyini, cehiz əşyalarının götürülməsi zamanı orada ümumiyyətlə qızılla bağlı söhbət olmadığını, əşyaların götürüldüyü evdə əvvəlcə Farizin ailəsi ilə birlikdə yaşadığını, cavabdehin anasının isə onlardan ayrı yaşadığını qeyd etmişdi. Şahid1 ifadəsinin sübut kimi qəbul edilənliyinə münasibət bildirən məhkəmə qeyd edir ki, o, cavabdehlə yaxın qohumluq münasibətlərində olduğundan, həmin qızılların alınması ilə bağlı pulun özü tərəfindən yığıldığını və alındığını bildirdiyindən və hazırki vəziyyətdə mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması onlar üçün maddi itkiyə səbəb olduğundan, həmçinin şahidin ümumi ifadə tərzi ilə İddiaçı qızılları özü ilə birlikdə aparması bildirərək, iş üçün əhəmiyyət kəsb edən halları-məsələn qızılları kimin yanında, nə vaxt, hansı şəraitdə apardığını və qızılların ona verilməsindən sonra iddiaçı tərəfindən onların istifadə edilməsini təsdiq edən halları özündə əks etdirən məlumatları qeyd edə bilmədiyindən və ümumiyyətlə cavabdeh tərəf bununla bağlı məhkəməyə başqa mötəbər sübut təqdim etmədiyindən onun ifadəsini məhkəmə sübut kimi qəbul edilən saymır. Şahid2 isə verilmiş sübut suallarından müəyyən edilir ki, iddiaçıya məxsus cehiz əşyalarının cavabdehin evindən götürülməsi zamanı ona qızıl-zinət əşyası verilməmiş, ümumiyyətlə isə orada bununla bağlı söhbət olmamışdı. Bu isə mübahisə predmeti olan əşyaların iddiaçının cavabdehin anası ilə birlikdə yaşadığı evdən çıxmasından sonra ona qaytarılmasını və ya onda olmasını sübuta yetirmir. Bundan əlavə iddiaçı isə qızılların özündə yox, cavabdeh tərəfdə olduğunu bildirmiş, bunun təsdiq ilə bağlı Cavabdeh ilə aralarında olan Whatsapp yazışmalarını təqdim etsə də, Cavabdeh həmin yazışmaların məhkəmə tərəfindən elan və tədqiq edilməsinə razılıq vermədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinin tələbinə əsasən həmin yazışmaları elan və tədqiq etməmişdi. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcudluğu, onların cavabdeh tərəfindən iddiaçıya toydan qabaq hədiyyə edilməsi və həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsindən sonra onların İddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparılması öz təsdiqi tapır. Cavabdeh isə məhkəməyə həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdi. Bu səbəbdən də məhkəmə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbini əsaslı sayır. İddianın əsaslı sayılması ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181-ci maddəsində daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları qeyd olunub. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. İş üzrə tərəflərin izahatları ilə sübuta yetirilir ki, iddiaçının tələb etdiyi əşyalar ona hədiyə olunub, yəni İddiaçı cavabdehdən tələb etdiyi əşyalara mülkiyyət hüququnun yaranmasının əsasını bağışlama müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində isə bağışlama müqaviləsinin anlayışı verilib ki, həmin maddəyə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İş üzrə iddiaçının cavabdehdən tələb etdiyi daşınar əşyalara mülkiyyət hüququ mövcud olması sübuta yetirildiyindən məhkəmə onu da tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən olunur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki, mülki iş materiallarından isə aydın olur ki, iş üzrə iddiaçı özünə məxsus olan və cavabdehdən tələb etdiyi əşyalar üzrə mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət və cehiz əşyalarını cavabdehdən qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin qızıl-zinət əşyaları cavabdehin yaxın qohumu tərəfindən ona könüllü olaraq verilsə də, ailə münasibətlərinin pozulmasından sonra əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. Qızıl-zinət əşyaların dəyərinə gəldikdə isə cavabdeh tərəf iddiaçının qızıl-zinət əşyalarının dəyəri kimi qeyd etdiyi məbləğlə razılaşmayaraq boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəstini 2000 manat deyil, 1000 manata, qaşlı qızıl üzüyü isə 700 manata deyil 300 manata aldığını bildirmişdi. Qızıl-zinət əşyaları naturada mövcud olmadığından onların çəkisini, ölçüsünü, istehsal yerini və dəyərinin müəyyən edilməsi üçün həmin sahə üzrə X1 işə cəlb edilmiş və ondan müvafiq məsləhətin verilməsi tələb olunmuşdur. X1 31 may 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı verdiyi şifahi və məhkəməyə təqdim etdiyi 01 iyun 2021-ci il tarixli yazılı məsləhətində boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəstinin Türkiyə istehsalı olmaqla, çəkisinin 25-35 qram arasında dəyişməsi, onun 585 əyar olması, əvvəllər həmin dəstin çəkisinin ağır olduğunu, son dövrlər isə onun çəkisinin azaldığını, hazırda 585 əyar qızılın orta bazar qiymətinin 80 (səksən) olduğunu, bu qiymətlə hesablandıqda çəkisinə əsaslanmaqla qızıl dəstinin dəyərinin 2000-2400 manat ola biləcəyini, qaşlı üzüyün isə Bakı istehsalı olmaqla, 750 əyar olması, çəkisinin 4,5 - 5,5 qram arasında dəyişdiyini, hazırda 750 əyar qızılın ən aşağı bazar qiymətinin 100 (bir yüz), yuxarı bazar qiymətinin isə 115 (bir yüz on beş) manat olduğunu, lakin əksər hallarda 105 (bir yüz beş) manat məbləğin əsas götürüldüyünü, həmin qiymətlə hesablandıqda onun çəkisinə əsaslanmaqla qiymətinin 472-577 manat təşkil etdiyini bildirmişdi. Məhkəmə belə hesab edir ki, hazırda mübahisə predmeti naturada mövcud olmadığından və bu səbəbdən də qızıl-zinət əşyalarının çəkisini, ölçüsünü, istehsal yerini və dəyərinin müəyyən edilməsinin başqa formada müəyyən edilməsi mümkün olmadığından mütəxəssisin məsləhəti sübut kimi qəbul edilə bilər. Lakin məhkəmə onu da bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Prosessual normanın tələbindən çıxış edən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, mütəxəssis qızıl dəstinin ən aşağı çəkisinin 25 qram olmasını bildirsə də, iddiaçı tələbində həmin əşyanın çəkisini 13,9 qram qeyd etmişdi. Həmçinin onun məhkəməyə təqdim etdiyi fotoşəkildən də (iş vərəqə 15) aydın olur ki, qızıl dəstinin çəkisi 13.9 qram göstərilib. Yəni mütəxəssis tərəfindən qızıl dəstinin dəyəri və çəkisinin iddiaçının tələb etdiyi məbləğdən yüksək olmasını bildirsə də, məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Belə olan halda Türkiyə istehsalı, çəkisi 13,9 qram olan, 585 əyar boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəstinin dəyəri 1112 (bir min bir yüz on iki) manat təşkil edir. Qaşlı qızıl üzüyün dəyərinə gəldikdə isə məhkəmə hesab edir ki, tərəflər həmin qızıl zinət əşyasının çəkisi, ölçüsü, istehsal yeri və dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən və bunları mübahisələndirdiklərindən, hər iki tərəfin mənafeyi qorunması üçün mütəxəssisin məsləhətində onun çəkisi ilə bağlı qeyd etdiyinin orta ölçüsü, yəni 5 qram nəzərə alınmalıdır. Belə olduqda isə Bakı istehsalı, çəkisi 5 qram olan, 750 əyar bir ədəd qaşlı qızıl üzüyünün dəyəri isə 525 (beş yüz iyirmi beş) manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı sayıldığından, əsaslı sayıldığı hissədə təmin edilməlidir. Həmin Məcəllənin 222.1-ci maddəsinin tələbinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan, yəni 18 (on səkkiz) manat, 30 (otuz) qəpik miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə işə baxılması zamanı məhkəmənin təşəbbüsü ilə qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün cəlb edilmiş mütəxəssisin çəkdiyi xərclərlə əlaqədar yaranmış 35 (otuz beş) manat məbləğində məhkəmə xərcinin 21 (iyirmi bir) manat, 35 (otuz beş) qəpik miqdarı Cavabdeh, 13 (on üç) manat, 65 (altmış beş) qəpik məbləği isə İddiaçı üzərinə qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - Türkiyə istehsalı, çəkisi 13.9 (on üç tam, onda doqquz) qram, dəyəri 1112 (bir min bir yüz on iki) manat olan 585 əyar boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəsti və Bakı istehsalı, çəkisi 5 (beş) qram, dəyəri 525 (beş yüz iyirmi beş) manat olan, 750 əyar bir ədəd qaşlı qızıl üzüyün özü, qətnamə icra olunan vaxt onlar mövcud olmadıqda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli; -iddia digər hissədə əsassız sayıldığından rədd edilməli; - Cavabdeh 18 (on səkkiz) manat, 30 (otuz) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; -35 (otuz beş) manat məbləğində məhkəmə xərcinin 13 (on üç) manat, 65 (altmış beş) qəpik məbləği İddiaçı və 21 (iyirmi bir) manat, 35 (otuz beş) qəpik miqdarı isə Cavabdeh alınaraq X1na verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia qismən təmin edilsin. Türkiyə istehsalı, çəkisi 13.9 (on üç tam, onda doqquz) qram, dəyəri 1112 (bir min bir yüz on iki) manat olan 585 əyar boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət qızıl dəsti və Bakı istehsalı, çəkisi 5 (beş) qram, dəyəri 525 (beş yüz iyirmi beş) manat olan, 750 əyar bir ədəd qaşlı qızıl üzüyün özü, qətnamə icra olunan vaxt onlar mövcud olmadıqda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia digər hissədə əsassız sayıldığından rədd edilsin. Cavabdeh 18 (on səkkiz) manat, 30 (otuz) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 35 (otuz beş) manat məbləğində məhkəmə xərcinin 13 (on üç) manat, 65 (altmış beş) qəpik məbləği İddiaçı və 21 (iyirmi bir) manat, 35 (otuz beş) qəpik miqdarı isə Cavabdeh alınaraq X1na verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-171/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-171/2021
08.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver