Məhkəmə qərarları › İş №2(079)-172/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-172/2021

18.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-172/2021 18.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Tağıyeva (Hacıyeva) Firuzə Hacı qızına qarşı yaşayış və istifadə hüququ verilməklə yaşayış evinə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 15 mart 2021-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək ona iki övladı ilə birlikdə gəlin köçdüyü və qeydiyyatda olduğu Babək rayonunun Şıxmahmud kəndində yerləşən X4 yaşadığı evdən yaşayış və istifadə hüququ verilməklə həmin yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq X13 ilə 12 mart 1999-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək evləndiklərini, bu nikahdan Cavabdeh və X14 olmaqla iki uşaqları olduğunu, xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ildə aralarındakı nikahın pozulduğunu, 1999-cu ildə evlənərkən sabiq qaynatası X2 adına olan Babək rayonunun Şıxmahmud kəndindəki evə gəlin köçdüyünü, 2018-ci ilədək həmin ünvanda yaşadıqlarını, özü və uşaqlarının həmin evin pasport qeydiyyatında olduqlarını, bugünədək cehiz əşyalarının həmin evdə olduğunu, hazırda övladları ilə birlikdə Naxçıvan şəhərində kirayədə yaşadığını, bugünkü gün həm kirayə yaşamaq, həm də özü və uşaqlarının maddi tələbatlarını ödəməkdə çox çətinlik çəkdiyini və Babək rayonunun Şıxmahmud kəndinə qayıdıb həmin evdə yaşamaq istədiyini, iki uşağı ilə birlikdə məcbur qalıb kirayələrdə yaşadığını, başqa yerdə yaşamağa yeri olmadığını, həmin yaşayış evindən yaşayış və istifadə hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələrini istədiyini bildirmişdir. Cavabdeh və onun vəkili tərəfindən məhkəməyə ünvanlanmış yazılı etiraz ərizəsində bildirilmişdir ki, cavabdehin oğlu X13 hazırki iş üzrə İddiaçı ilə 12 mart 1999-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, həmin vaxt hazırki iş üzrə iddiaçı onların yaşadığı Babək Rayon Şıxmahmud kəndində yerləşən evə gəlin köçmüşdür, iddiaçı iddia ərizəsində “evlənərkən X2 adına olan evə köçmüşəm” deyə qeyd etmişdir, lakin onun mərhum həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Belə ki o vaxt Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə mərhum həyat yoldaşı ailə başçısı kimi qeyd olunmaqla, həmçinin özünün və oğlunun adı qeyd olunmaqla JN-168 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.17 HA torpaq sahəsi ümumi mülkiyyətə verilmişdir. Yəni həmin torpaq sahəsində hal-hazırki vaxtadək paylar müəyyən olunmamışdır. İddiaçı cavabdehin yaşadığı evdən yaşayış və istifadə hüququnun verilməsini tələb etsə də, konkret olaraq hansı evdən (ünvan göstərilməklə) bu hüququnu tələb etməsini qeyd etməmişdir. Bunun qeyd edilməsi də qeyri-mümkün olan bir haldır, belə ki, onun adına hər hansı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə iddiaçı hazırda qüvvədən düşmüş, 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarına istinad edərək iddia tələbini maddi hüquq normaları ilə əsaslandırmağa çalışmışdır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd olunur ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Bununla bağlı qeyd etmək lazımdır ki, burada mənzilin icarədarından söhbət gedir. Qüvvədən düşmüş Mənzil Məcəlləsində icarədar terminin hüquqi anlayışı verilmişdir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil- istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Burada icarədar dedikdə adına order verilmiş vətəndaş başa düşülür. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, həmin order fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı əsas sənədləri siyahısındadır. Hal-hazırki iddiaya münasibətdə isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin müvafiq maddəsinə əsaslanmağın fikrimizcə heç bir hüquqi əhəmiyyəti yoxdur. Eyni zamanda yuxarıda qeyd olunan həmin Məcəllənin 123-cü maddəsində qeyd olunur ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Bu maddəyə də fikir versək Məcəllə hər bir halda yaşayış və istifadə hüququnun yaranması üçün müvafiq fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ya daşınmaz əmlak haqqında qanun qüvvəyə minənədək verilmiş hüquqi sənədlərin (order, sərəncam, kirayə müqaviləsi, şəhadətnamə və. s) mövcud olmasını tələb edir. Hansı ki, həmin qanun qüvvəyə minənədək əldə olunmuşsa, bu sənədlər əsasında fərdi yaşayış evləri, mənzil və ya torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və mülkiyyət hüququnun yaranmasına gətirib çıxarmalıdır. Burada isə ümumiyyətlə heç bir mülkiyyətdən söhbət gedə bilməz. Əlavə olaraq onu qeyd etmək lazımdır ki, iddiaçının iddia tələbini əsaslandırdığı maddələr bu iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Həmin maddələr tamamilə başqa formada yaranmış yaşayış və istifadə hüququ münasibətlərini tənzimləyir. Yəni əgər şəxs yaşayış və istifadə hüququ tələb edirsə, ilk olaraq konkret göstərməlidir ki, hansı fərdi yaşayış evinin və ya mənzilin tərkib hissəsindən bu hüququ istəyir. Azərbaycan Respublikası Mənzil Məcəlləsində “yaşadığı ev” anlayışı yoxdur, hansı ki iddiaçı iddia ərizəsinin xahiş etdim hissəsində bu anlayışdan istifadə edib və buradan bu hüququnu tələb edir. Yəni iddia tələbinin xahiş etdim hissəsi də konkret deyil və iddiaçının nəyi və həmin istəyini hansı evdən istəməsi də konkret olaraq göstərilməmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, yuxarıda qeyd etdiyim kimi icarədar müvafiq order və ya mənzil-kirayə müqaviləsi əsasında müqavilə bağlamış və həmin müqavilə və ya order əsasında həmin evin icarədarı olan şəxsdir. Mülki işin materiallarına fikir verdikdə isə iş materiallarında belə hüquqi sənədlərə rast gəlinmir. Sadəcə yuxarıda qeyd olunduğu kimi burada torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Bu sənədlər isə torpağın hüquqi sənədlərini təsdiqləyir. Burada icarədardan söhbət gedə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh - X5 qarşı “yaşayış və istifadə hüququnun verilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 12 mart 1999-cu ildə cavabdehin oğlu X13 ilə rəsmi nikahla ailə qurduqlarını, birgə nikahdan 2002-ci il təvəllüdlü Firuzə və 2004-cü il təvəllüdlü Nicat adlı uşaqlarının doğulduğunu, qızının hazırda yetkinlik yaşına çatmaqla ali təhsil aldığını, oğlunun isə 17 yaşında olduğunu, ailə qurduqdan sonra Vüqarın atasının Şıxmahmudda yerləşən evinə köçdüklərini, həmin evin Aqrar İslahat Komissiyasının qərarı ilə 1999-cu ildə qayınatası X2 adına verilmiş və ailə üzvləri sırasında qayınanası Cavabdeh Hacı qızı və X6 göstərildiyi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikildiyini, 4 ilə yaxın müddətdə həmin evdə fasiləsiz olaraq yaşadıqlarını, həmin vaxt yoldaşı Ramizin Naxçıvan şəhərində hərbçi işlədiyini, gediş-gəlişin rahat olması və ailədə başlamış narazılıqlar səbəbindən 2004-cü ildə Naxçıvan şəhəri Əliabad qəsəbəsində tutduqları kirayə evə köçdüklərini, evdən çıxarkən yalnız yataq dəstini və geyimlərini götürdüyünü, bu zaman qalan bütün cehiz əşyalarının həmin evdə onlara ayrılmış otaqda istifadə olunacaq halda saxladıqlarını, demək olar hər həftə olmaqla həm həftə içi, həm də həftə sonu ailəsi ilə birlikdə həmin evə gedib-gəldiklərini, 2004-cü ildə evdən çıxsalar belə yoldaşının ailənin yeganə övladı olmasını nəzərə alaraq gələcəkdə həmin evin onlara qalacağından şübhə etmədən evdə yoldaşı ilə öz gəlirlərinin hesabına təmir-tikinti işləri apardıqlarını, evin yerinin döşəməsinin salınmasında, ağarılmasında şəxsən işlədiyini, heç bir zaman həmin evdən daimi çıxmaq niyətinin olmadığını, orada otaqları olduğundan bəzi vaxtlar axşamlar qaldıqlarını, 2011-ci ildə özləri üçün yataq dəsti alaraq həmin evə gətirib yığdıqlarını, yalnız 2018-ci ildə Babək Rayon Məhkəməsində aralarında bağlanmış nikah pozulduqdan sonra əşyalarının karopkalara yığıldığını və yenə də həmin evdə qaldığını, həmin vaxtdan sonra uşaqları ilə Əliabaddakı kirayə evdə yaşamağa davam etdiklərini, Vüqarın isə evdən çıxaraq anasıgilin yanına Şıxmahmuda qayıtdığını və sonradan ailə quraraq ailəsi ilə birlikdə həmin evdə yaşadığını, uşaqların nikah pozulduqdan sonra da hər həftə atası və nənəsini görməyə gedib-gəldiyini, özünün uşaqları ilə birlikdə mübahisəli evin pasport qeydiyyatında olduqlarını, qeyd edilənlərin nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia ərizəsinə və iddiaçının qeyd etdiyi əsaslara uyğun izahat verərək bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsi iddiaçının qayınatası X2 mülkiyyətinə şəhadətnamədə ailə üzvləri kimi Cavabdeh Hacı qızı və X13 göstərilməklə fərdi yaşayış evinin tikintisi üçün verilmişdir, Tağıyev Ramiz 2016-cı ildə vəfat etmişdir. Yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış olmasa belə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli fərmanına əsasən təsərrüfatbaşına kitablardan çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək yaranmış daşınmaz əmlaka hüquqların mövcudluğunu təsdiq edir, bütün bunlar və hüquq münasibətinin yarandığı vaxt nəzərə alınmaqla Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin analoji maddələri əsasında iddiaçı və uşaqlarının həmin evdən istifadə hüququ yaranmışdır. Bu hüququn mövcudluğunun nəzərə alınmasını və iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Tağıyeva (Hacıyeva) Firuzə Hacı qızı məhkəmə iclasında verdiyi izahatında həqiqətən də 1999-cu ilin martında iddiaçının Şıxmahmud kəndində yerləşən onların yaşadıqları evə gəlin gəldiyini, həmin evin 1972-ci ildə mərhum əri ilə birgə tikib başa gətirdiklərini və oraya köçdüklərini, evin rəsmi reyestrdə qeydiyyata alınmadığını, texniki pasportunun olmadığını, Aqrar İslahat Komissiyasının qərarı ilə 168A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onların adına verilsə də əslində mübahisəli evin faktiki olaraq 158A nömrəli şəhadətnamə ilə səhvən qardaşı və ailəsinin adına verilmiş şəhadətnamə üzrə torpaq sahəsində yerləşdiyini, illərdir bu məsələni düzəltməyə və evi sənədləşdirməyə çalışsalar da buna nail ola bilmədiklərini, qardaşı və həyat yoldaşının vəfat etdiyini, onların yeganə vərəsəsi olan X7 hazırda Bakıda yaşadığını, qonşuluqda yerləşən həmin torpaq sahəsində isə Yunisin iki oğlunun yaşadığını, 2004-cü ildə oğlu Vüqarın ailəsi ilə birlikdə Əliabad qəsəbəsində yerləşən kirayə evə köçdüklərini, bundan sonra oğlunun ailəsi ilə birlikdə yaşadıqları evə gəlib-getdiklərini, arabir gecələr qaldıqlarını, gedərkən yataq dəstini özü ilə apardığını, qalan bütün əşyaların onlara ayrılmış otaqda istifadəyə açıq vəziyyətdə qaldığını, gələndə də həmin otaqda qaldıqlarını, 2011-ci ildə əlavə olaraq yataq dəsti alaraq gətirib həmin otağa yığdıqlarını, həmin yataq dəstinin və iddiaçının qablarının hazırda həmin evdə qutularda hələ də qaldığını, iddiaçının cehizləri və sonradan gələcəkdə qızına cehiz vermək məqsədilə aldığı əşyalarının yalnız 2018-ci ildə boşandıqdan sonra qutulara yığıldığını, uşaqların oraya hər zaman gəlib-getdiyini, iddiaçının kirayə evə çıxdıqdan sonra həmin evin təmir olunmasında həqiqətən də iştirak etdiyini, nəvələri Nicat və Firuzənin kirayəyə köçdükdə sonra valideynləri ilə birlikdə həmişə Şıxmahmuddakı evə gəlib-getdiyini, qaldığını, lakin Firuzənin atası ilə anası arasında nikah pozulduqdan bir müddət sonra atası ilə aralarında soyuqluq yarandığını və son vaxtlar artıq gəlibgetmədiyini, Nicatın hər zaman oraya gəldiyini, qaldığını, hətta hələ də gələndə gecələr onunla bir otaqda qaldığını bildirmiş evin sənədləşdirilmədiyi nəzərə alınmaqla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 izahatında bildirmişdir ki, mübahisəli ev sənədləşdirilməmiş, heç bir rəsmi qeydiyyata alınmamışdır, Azərbaycan Respublikasının Mülki Məcəlləsi daşınmaz əmlakın rəsmi reyestrdə qeydə alınmasını tələb edir, qeydiyyata alınmamış daşınmaz əmlaka istifadə hüququ tanına və şəxs həmin əmlaka köçürülə bilməz, bütün bunlar nəzərə alınmaqla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş X13 və X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edən zaman məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı X13 ilə 1999-cu il 12 mart tarixdə nikaha daxil olması, ailə qurarkən sabiq qayınatası X2 Babək rayon Şıxmahmud kəndində yerləşən evinə gəlin köçdüyü, X8 ilə aralarında olan nikahın Babək Rayon Məhkəməsinin 2(079)- 224/2018 nömrəli, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə pozulması, onların birgə nikahından iki uşağın dünyaya gəlməsi, uşaqlardan Cavabdeh hazırda yetkinlik yaşına çatması, X9 isə yetkinlik yaşına çatmamaqla anasının yanında qalması, X2 22 yanvar 2016-cı ildə vəfat etməsi, mərhumun Cavabdeh Hacı qızı və X13 ilə ümumi mülkiyyətinə 27 sentyabr 1999-cu il tarixdə 0.17 hektar həyətyanı torpaq sahəsinin verilməsi, X2 adına 1997-1998-ci illərdə 0.18 ha torpaq sahəsi üzərində ümumi sahəsi 80 m2 olan və yaşayış sahəsi 60 m2 olmaqla yaşayış evinin təsərrüfatbaşına kitabda qeydiyyata alınması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 2(079)-224/2018 nömrəli, 25 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən hazırki iş üzrə İddiaçı ilə X13 arasında Babək rayon Şıxmahmud kənd XDS İK-də nikahın bağlanması haqqında akt qeydləri kitabında 1999-cu ilin mart ayının 12-si günündə 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, həmin vaxt yetkinlik yaşına çatmayan Cavabdeh və X9 analarının yanında qalması; -iş materiallarına əlavə edilmiş Babək rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli, İ-JQ 330377 nömrəli çıxarışdan X10 ilə X4 nikaha daxil olması, nikah bağlandıqdan sonra qadına Tağıyeva soyadının verildiyi; -iş materiallarına əlavə edilmiş Babək rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 597472 nömrəli çıxarışdan X2 22 yanvar 2016-cı ildə Babək rayonu Şıxmahmud kəndində vəfat etməsi; -iş materiallarına əlavə edilmiş 168 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 380 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından mərhum X2 Cavabdeh Hacı qızı və X13 ilə ümumi mülkiyyətində müvafiq olaraq 1716 m2 həyətyanı, 5035 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması; - iş materiallarına əlavə olunmuş Babək rayon Şıxmahmud kənd inzibati ərazi dairəsinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında X2 adına 1997- 1998-ci illərdə 0.18 ha torpaq sahəsi üzərində ümumi sahəsi 80 m2 olan və yaşayış sahəsi 60 m2 olmaqla yaşayış evinin qeydiyyata alınması; -iş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, 284 nömrəli arayışa əsasən, mərhum X2 vərəsələrinin həyat yoldaşı Cavabdeh Hacı qızı və oğlu X13 olduğu; - iş materiallarına əlavə edilmiş Cavabdeh doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən Cavabdeh xx.xx.2002-ci il tarixdə anadan olması, atasının X13, anasının isə X12 olması; - iş materiallarına əlavə edilmiş X9 doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən X9 17.02.2004-cü il tarixdə anadan olması, atasının X13, anasının isə X12 olması mülki işin mübahisəsiz hallarıdır. Həmçinin mülki iş üzrə məhkəmə araşdırması zamanı tərəflərin məhkəmədə vermiş olduğu izahatlar və həmin izahatların iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanıb qiymətləndirilməsinin nəticəsi olaraq müəyyən olunmuşdur ki, İddiaçı 1999-cu ilin mart ayında X13 ilə ailə quraraq sabiq qayınatası X2 Babək rayon Şıxmahmud kəndində yerləşən evinə gəlin köçmüş, həmin evdə digər ailə üzvləri ilə ümumi təsərrüfat aparmaqla fasiləsiz olaraq 2004-cü ilə qədər yaşamış, 2004-cü ildə həyat yoldaşı və iki övladı ilə birlikdə kirayə evə köçmüşlər və aralarında bağlanmış nikah pozulana qədər kirayə evdə yaşamışlar. Mübahisəli yaşayış evinin hüquqi vəziyyəti ilə bağlı məhkəmə ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci bəndinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndində həmçinin kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan belə məlum olur ki, X2 adına 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında 1997- 1998-ci illərdə 0.18 ha torpaq sahəsi üzərində ümumi sahəsi 80 m2 olan və yaşayış sahəsi 60 m2 olmaqla yaşayış evi qeydiyyata alınmışdır. Fərmanın məzmunundan göründüyü kimi sözügedən sənədlər daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən sənədlərdir və vətəndaşların həmin fərmandan irəli gələn qanuni gözləntisi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak kimi mübahisəli yaşayış evi üzərində hüquqlar əldə edildiyindən iddiaçının həmin yaşayış evinə istifadə hüququnun mövcud olub-olmamasının araşdırılması məsələsinə keçilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Sözügedən qanunda hüquq münasibətini birbaşa tənzimləyən maddi hüquq norması mövcud olmadığından məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Eyni məzmunlu müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə hallar yarandığı zaman əvvəl qanunun analogiyasından istifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin analoji münasibətləri tənzimləyən 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Sözügedən analoji normaları mübahisənin faktiki halları və tərəflərin münasibətləri konteksində nəzərə alan məhkəmə belə hesab edir ki, iddiaçının icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparması mübahisəsiz olaraq müəyyən edildiyindən o, icarədarın ailə üzvü kimi yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmuşdur. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Həmçinin mübahisəsiz qaydada o da müəyyən olunmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2004-cü ildə mübahisəli evdən çıxaraq kirayə evdə yaşamağa başlamışlar və bu müddət 6 aydan çox davam etmişdir. Buna baxmayaraq məhkəmə belə hesab edir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməmişdir. Belə ki, məhkəmə araşdırmasının gedişində cavabdeh Tağıyeva (Hacıyeva) Firuzə Hacı qızı izahatında bildirmişdir ki, iddiaçı digər yaşayış sahəsinə köçdükdən sonra mütəmadi olaraq mübahisəli evə gedib-gəlmiş, köçərkən əşyalarının əksər hissəsi həmin mənzildə onlara ayrılmış otaqda istifadəyə açıq şəkildə saxlanılmış, evə gələndə ailə üzvləri ilə birlikdə həmin otaqdan və öz əşyalarından istifadə etmiş, 2011-ci ildə yeni yataq dəsti alaraq həmin mübahisəli mənzildə onlara ayrılmış otağa yığmış, kirayəyə köçdükdən sonra evdə aparılmış təmir işində həyat yoldaşı ilə birlikdə iştirak etmişdir. Məhkəmə belə hesab edir ki, işdə iştirak edən şəxslərin üst-üstə düşən izahatları əsasında iddiaçının yaşayış sahəsini daimi olaraq tərk etmədiyi sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı nəinki mübahisəli evi daimi olaraq tərk etmək niyyətində olmuş, əksinə ailə üzvləri ilə birlikdə evdə yaşamaq üçün lazımi şərait yaratmaq məqsədilə çalışmışdır. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə sözügedən halları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Həmçinin həmin qərarda vurğulanmışdır ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunda daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətində saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və ya onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə iddianı təmin etmir. Vətəndaş işinin xarakterinə və şəraitinə görə, həmçinin təhsillə əlaqədar müvəqqəti olaraq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ həmin işin görülməsi və ya təhsil müddətində, həmçinin daimi yaşayış yerində onun daimi istifadəsinə digər yaşayış sahəsi verilmədiyi hallarda saxlanılır. Məhkəmə iclasında iddiaçı kirayə mənzilə köçmələrinin səbəbi kimi onun ərinin Naxçıvan şəhərində hərbi qulluqçu işləməsi və iş yerinə yaxın ərazidə yaşamaq zərurətini qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar iddiaçının mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda mənzilə hüquqları olan qayınanası onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Məhkəmə belə hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladı ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ yarandığından və itirilmədiyindən o, bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə cavabdehin əsaslandığı mübahisəli daşınmaz əmlakın rəsmi qeydiyyata alınmaması və bu səbəbdən də həmin daşınmaz əmlaka istifadə hüququ tanınmaqla köçürülmənin qeyri-mümkün olması barədə dəlilinə münasibətdə həmçinin qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, daşınmaz əmlakın dövlət reyestri haqqında qanun qüvvəyə minənədək yaranmış daşınmaz əmlak üzərində hüquqların mövcudluğunu təsdiq edən sənədlər əsasında qanuni istifadədə olduğu müəyyən olunur və cavabdeh, həmçinin cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçı və övladının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə istifadə hüququ tanınmaqla köçürülməsindən evin rəsmi reyestrdə qeydiyyata alınmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə iddia tələbinin iddiaçının iki övladı ilə birlikdə yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. İş materiallarına əlavə olunmuş yuxarıda istinad olunan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının istifadə hüququ verilməsini tələb etdiyi övladlarından X9 17 yaşı olmaqla yetkinlik yaşına çatmamışdır. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X14 2004-cü ildə sözügedən evdə dünyaya gəlmiş, bir müddət həmin evdə yaşadıqdan sonra valideynləri ilə birlikdə kirayə evə köçmüş, lakin mübahisəli evi daimi əsaslarla tərk etməmiş, valideynləri ilə birlikdə oraya gəlib-getmiş, həmin evlə bağlarını heç vaxt qoparmamışdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin analoji münasibətləri tənzimləyən 123-cü maddəsinə görə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər (Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur) mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Normanın məzmunundan və mülki işin müəyyən olunmuş hallarından belə məlum olur ki, hüquq sahibi (X10) ailə üzvü kimi öz oğlunu həmin evə köçürmüş, oğlu (X13) isə onlara yaşamağa icazə verilmiş yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşağını (X14) köçürmək ixtiyarına malik olmuş və köçürmüşdür. Həmçinin tərəflərin üst-üstə düşən izahatları ilə müəyyən olunmuşdur ki, X14 həmin yaşayış evini daimi əsaslarla tərk etməmişdir. X1 da mübahisəli yaşayış evinə yaşayış və istifadə hüququ əldə etmiş və həmin hüququnu itirməmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının digər övladı Cavabdeh isə yetkinlik yaşına çatdığından məhkəmədə onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini yalnız özü müdafiə edə bilər və valideyni olaraq iddiaçının onun adından iddia irəli sürmək hüququ mövcud olmamışdır. Beləliklə məhkəmə yekun olaraq o nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı və X9 Babək rayonunun Şıxmahmud kəndində yerləşən X2 adına 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında 1997-1998-ci illərdə 0.18 ha torpaq sahəsi üzərində ümumi sahəsi 80 m2, yaşayış sahəsi 60 m2 olan yaşayış evinə yaşayış və istifadə hüququ verilməli, İddiaçı və X9 Babək rayonunun Şıxmahmud kəndində yerləşən X2 adına 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitablarında 1997-1998-ci illərdə 0.18 ha torpaq sahəsi üzərində ümumi sahəsi 80 m2, yaşayış sahəsi 60 m2 olan yaşayış evinə köçürülməli, iddia tələbi Cavabdeh yaşayış və istifadə hüququ verilməsi və köçürülmə tələbinə dair hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. İddiaçı və X11 Babək rayon Şıxmahmud kənd inzibati ərazi dairəsinin 1996- 2000-ci illərə dair Təsərrüfat başına kitablarında mərhum X2 adına 1997-1998-ci illərdə qeydə alınmış ümumi sahəsi 80 m2, yaşayış sahəsi 60 m2 olan yaşayış evinə yaşayış və istifadə hüququ verilməklə həmin evə köçürülsünlər. İddia tələbi Cavabdeh yaşayış və istifadə hüququ verilməsi və köçürülmə tələbinə dair hissədə rədd olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:- Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar