Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-18/2022 27.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı “30” sentyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus Mercedes C-KLASS markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili verdiyi vəziyyətdə və yaxud onun dəyəri olan 15000 (on beş min) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh özümə məxsus olan Mercedes C-KLASS markalı, 99 NS-638 dövlət qeydiyyat nişanlı minik avtomobilini sürmək üçün 09 yanvar 2021-ci il tarixdə etibarnamə vermişəm. Bakı şəhəri, Xətai rayonu ,Qaçaq Nəbi küçəsində yerləşən 18 saylı notariat kontorunda mən Cavabdeh özümə məxsus olan avtomobili sürməsi üçün günlük 30 manat ödəməklə, 40 ay müddətinə və hər ayın sonunda avtomobili servisə gətiməklə yoxlanılması barədə etibarnamə əsasında razılıq əldə etmişəm. Bunun nəticəsində cavabdeh mənə 09 yanvar 2021-ci il tarixdən hər gün avtomobilimin sürməsi üçün 30 (otuz)manat pul ödəyirdi. Ümumilikdə cavabdeh 2021-ci ilin avqustun 18 kimi 5000 (beş min) manat pul ödəyib. Lakin avqust ayın 18-dən sonra Cavabdeh daha mənə pul ödəməmişdir. Üstəlik mənə məxsus Mercedes C-KLASS markalı, 99 NS-638 dövlət qeydiyyat nişanlı minik avtomobilimdə onu izləmək üçün GPS quraşdırmışdım, ancaq avqust ayında aşkar etdim ki, GPS söndürülüb və mənim zənglərimə cavabdeh cavab vermir.Dərhal aramızda olan şifahi müqaviləni və etibarnaməni notariusda ləğv etdim. Bunla bağlı mən Xətai rayonu, 34-cü polis bölməsinə ərizə ilə müraciət etdim və onlara bildirdim ki, Cavabdeh mənə məxsus olan maşını qaçırdıb. Xətai rayonu 34-cü polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Elxan Qəribov işi araşdıraraq yekunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Mən bu qərara öz etirazımı bildirdim və təhqiqatçıya dedim ki, mənə məxsus olan avtomobil haqqında 4 aydır ki məlumat yoxdur. X3 mənə bildirdi ki, bu mülki işdir, Siz məhkəməyə əmlakın qaytarılması tələbinə dair iddiası ilə müraciət edin. Cavabdeh mənə məxsus olan Mercedes C-KLASS markalı 99 NS-638 dövlət qeydiyyat nişanlı minik avtomobili 4 aydır ki, qaytarmaqdan boyun qaçırır. Hələ də əmlak, yəni avtomobil cavabdehin istifadəsindədir. İddiaçı 14 dekabr 2021-ci ildə keçirilən məhkəmə iclasında Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh qarşı Mercedes C-KLASS markalı, **-NS-*** dövlət qeydiyyat nömrəli avtomobilin özünü və yaxud onun dəyəri olan 15000 (on beş min) manat pulun ona ödənilməsi barədə iddia qaldırdığını, hal-hazırda onun dəyəri olan 15000 (on beş min) manatın ödənilməsini istəmədiyini, sadəcə avtomobilin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı 13 yanvar 2022-ci ildə Babək Rayon Məhkəməsinə ərizə göndərərək məhkəmənin hazırlıq iclasında iştirak etdiyini, izahatını verdiyini və bütün sübutları məhkəməyə təqdim etdiyini, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona görə də məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. 30 sentyabr 2021-ci il tarixdə Cavabdeh "Elektron Məhkəmə" informasiya sisteminə olan məlumata əsasən rəsmi qeydiyyat ünvanı olan Babək rayonu, Zeynəddin kəndinə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarıldığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə sənədləri onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə SMS göndərilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verək bildirmişdi ki, mülkiyyətində 4 avtomobil var. Onlardan ikisini gündəlik və aylıq olmaqla kirayə verir. Mülkiyyətində olan **-NS-*** dövlət nişanlı Mercedes Benz C220 markalı avtomobili 2021-ci ilin yanvar ayının 9-da cavabdehə etibarnamə ilə 1 il müddətinə günlük 30 manat olmaqla idarə etməyə vermiş, aralarında olan razılaşmaya əsasən cavabdehin avtomobili davamlı olaraq 40 ay işlədəcəyi təqdirdə özü həmin maşını cavabdehin mülkiyyətinə verəcəyi barədə razılığa gəlmişlər. Lakin cavabdeh avtomobili istifadəyə götürdükdən sonra 6 ay günlük ödənişi, yəni 30 manatı ödəsə də, sonra bu ödənişi dayandırmışdı. Özü cavabdehlə əlaqə saxlayanda Zamiq ona pandemiyaya yoluxduğunu bildirmişdi. Bir ay belə keçdikdən sonra ona zəng edəndə Zamiq Xaçmaz rayonunda olduğunu demişdi. Razılaşmaya əsasən hər ayın sonunda avtomobil texniki sazlığını yoxlatmaq üçün servisə aparmalı olduğundan cavabdehə rayondan qayıdanda avtomobili servisə aparmasını bildirmişdi. Cavabdeh gecə saat 11-də ona zəng edərək səhər saat 9-da servisin qabağında görüşək demiş, özü səhər ona zəng etsə də Zamiq telefona cavab verməmişdi. 10 gün cavabdehə zəng etməsinə baxmayaraq zənglərinin cavabsız qalmış, bundan sonra onun polisə müraciət etmiş, həmin vaxt Zamiqin normal həyat tərzi sürən bir insan olmadığını, yəni əvvəllər məhkum olduğunu öyrənmişdi. Polis işi araşdırdıqdan sonra ona məhkəməyə müraciət etməsini bildirmiş, 28 avqust 2021-ci il tarixdə Zamiqə verdiyi etibarnaməni ləğv etdirmişdi. Avtomobili cavabdehə saz vəziyyətdə vermiş, bununla bağlı məhkəməyə sənəd də təqdim etmiş, avtomobilin özünə lazım olduğunu qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını, iddiaçının izahatı ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, onun mülkiyyətində Mercedes Benz C220, CDİ minik markalı, **-NS- *** dövlət qeydiyyat nişanlı avtomobilin olması, onu saz vəziyyətdə 09 yanvar 2021-ci il tarixli etibarnamə əsasında bir il müddətinə Cavabdeh istifadəsinə verməsi, həmin etibarnaməyə 28 avqust 2021-ci ildə xitam verilməsi, iddiaçının cavabdehin istifadəsinə verdiyi avtomobili ondan tələb etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə müraciət etməsi, sonuncunun müraciətlə bağlı cinayət işinin rədd edilməsi barədə qərar qəbul etməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan istehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınması; - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, 18 saylı notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1083 nömrəli məktubundan, ona əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan İddiaçı 09 yanvar 2021-ci il tarixli etibarnamə əsasında mülkiyyətində olan Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə Cavabdeh istifadəsinə verməsi və həmin etibarnaməyə 28 avqust 2021-ci ildə xitam verməsi; -iş materiallarına əlavə edilmiş “GOLD AVTOSERVİS” tərəfindən verilmiş arayışdan qeydiyyat nömrəsi **-NS-*** olan MERCEDES BENZ C220 CDİ olan minik markalı, istehsalı ili 1999, BAN nömrəsi WDB2021331F918684 nömrəli avtomobilin 09 yanvar 2021-ci ildə etibarnamə əsasında Cavabdeh təqdim olunarkən texniki baxışdan keçirilməsi və tam saz vəziyyətdə olması; -iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 31 avqust 2021-ci il tarixli qərarının surətindən Cavabdeh 21 avqust 2021-ci ildə həmin idarəyə Cavabdeh verdiyi avtomobilin geri qaytarılması barədə müraciət etməsi, həmin müraciət üzrə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etməsi aydın olur. İddiaçı etibarnamə əsasında Cavabdeh istifadəsinə verdiyi Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz sahibliyinə geri qaytarılmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 139.2-ci maddəsi ilə müəyyən edilir ki, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Hüquq nəzəriyyəsində əsasən əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası öz əksini tapmışdır. Buna əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni prezumpsiyaya görə əksi sübut edilməyincə dövlət orqanının aktı qanuni və əsaslı hesab edilir. Nəqliyyat vasitəsinin dövlət reyestrində nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Reyestrin qeyri-dəqiqliyi sübuta yetirildikdə isə mülkiyyətçinin mülkiyyət hüququ təkzib edilmiş olur. İşin araşdırılmış hallarından isə müəyyən edilir ki, istehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınıb. Bunun əksini sübut etmək cavabdehin üzərinə düşsə də, Cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdi. Mülki işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan əmlakın mülkiyyətçisi İddiaçıdur və o həmin avtomobili Cavabdeh etibarnaməli idarəçiliyinə vermişdi. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. İddiaçı isə mübahisə predmeti olan əşyaya sahiblik hüququnun pozulmasını, yəni Cavabdeh onu etibarnaməli idarəçiliyə verməsinə baxmayaraq onu geri qaytarılmadığını bildirir. Onun tələbinin hüquqi əsası ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşyahüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər. Bunlardan da biri vindikasiya iddiasıdır ki, bu da Mülki Məcəllənin 157.2-ci maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinin tələbinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 161-ci maddəsinə görə əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Sözügedən Məcəllənin 366.3-cü maddəsi ilə müəyyən edilir ki, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı sayıldığından təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - istehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılmalı; - Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin edilsin. İstehsal ili 1999-cu il, ban nömrəsi WDB2021331F918684, rəngi “tünd göy metallik”, mühərrikin iş həcmi 2151 kub santimetr olan, Mercedes Benz C220, CDİ minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-18/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-18/2022
27.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver