Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-190/2022 31.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 16 iyun 2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə onunla Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, mən mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 267,8 kv.m, yaşayış sahəsi 108,5 kv.m, yardımçı sahəsi 159,3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini alıcı Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə alğı-satqı etmişəm. Mən yuxarıda göstərdiyim ünvandakı mülkiyyətimdə olan fərdi yaşayış evini dostum Cavabdeh1 ilə görünüş üçün alğı-satqı etmişəm. Çünki mən ondan 120000 manat borc pul almışdım, həmin borcun təminatı olaraq onunla müvəqqəti görünüş üçün alğı-satqı etmişdim. Mən 120000 manatı qaytaranda Cavabdeh1lə aramızda bağladığımız müqaviləni ləğv etməliydik. Cavabdeh1 şahidlərin iştirakı ilə yazılı şəkildə bu haqda iltizam yazaraq mənə vermişdir. Lakin öhdəlik götürdüyüm mart ayı tamam olmamış Cavabdeh1 adına çıxarış alıb məni evdən çıxarmaq istəyir. İcraat gedişində cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia verilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)- 4955/2016 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilməklə mənzildən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin verdiyi vəsatət təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)-4955/2016 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş baxılmaq üçün ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş üzrə məhkəmə araşdırması gedişində məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cəlilabad rayonu, Bəcrəvan kənd sakini Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir, 18 may 2022-ci il tarixdə Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə Cavabdeh1 və iddiaçının vəkilnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında 23 sentyabr 2015-ci ildə ünvan 2 ünvanında yerləşən 5 otaqlı yaşayış evini Cavabdeh1 ilə formal alqı-satqı müqaviləsi bağlayaraq 120000 manata Cavabdeh1 satdığını, Cavabdeh1 daha əvvəl tanımadığını, onu alqı-satqı olunduğu gün notariusda görüb-tanıdığını, evini satmaq kimi bir niyyətinin heç vaxt olmadığını, bununla bağlı heç bir yerdə elan vermədiyini, alıcı axtarmadığını, alqı-satqının arxasında dostu Cavabdeh2 kömək etmək niyyətinin dayandığını, belə ki, Cavabdeh2 Qurtuluşda yaşayan vaxtdan uzun illərdir qonşu kimi tanıdığını, daha sonra yaxın dost olduqlarını, 2015-ci ilin sentyabrında Elnurun ona Dubaydan mal vurduğunu, əgər pulunu göndərməsə beh kimi verdiyi bütün pulun batacağını bildirdiyini, həmin vaxt Elnurun Qurtuluşda yerləşən iki evinin çıxarışı olmadığından girov qoya bilmədiyini, evlərin sənədləşdirilməklə alqı-satqısının isə 8000 manatdan çox xərc tələb edəcəyini, ondan kömək istədiyini, evinin çıxarışı olduğundan sata biləcəyi barədə söhbət etdiklərini, evini satıb pulunu Cavabdeh2 verəcəyi, 19 gün sonra evin sənədinin yenidən özünə qaytarılacağı barədə razılığa gəldiklərini, bundan sonra Elnurun dostu Zahidlə danışıb alıcı tapmasını xahiş etdiyini, Zahidin də Fikrət adlı şəxsin əvvəllər qardaşı kimi qələmə verilmiş Ramini alıcı kimi tapdığını, daha sonra Fikrətlə Raminin soyadının fərqli olduğunu feysbuk vasitəsilə öyrəndiyini, 23 sentyabr 2015-ci ildə əmlakını girov qoymaq istədiklərini, lakin bunun mümkün olmadığını, Asan xidmətdə alqı-satqı müqaviləsini imzaladıqlarını, Zahidin də həmin vaxt orada olduğunu, Elnurun isə gəlmədiyini, aldığı 120000 manat pulu Zahidə verdiyini, daha sonra Zahidlə birlikdə pulu aparıb Elnura birlikdə verdiklərini, razılaşdıqları müddət keçdikdən sonra Elnurdan xəbər çıxmadığından məhkəmədə müqavilənin ləğvi ilə bağlı iddia qaldırdığını, əslində əsl niyyətinin müqavilənin etibarsızlığına nail olmaq olduğunu, ona pul deyil, evinin lazım olduğunu, həmin vaxt nümayəndənin savadsızlığı ucbatından iddianın səhv qaldırıldığını, evinin torpaqla birlikdə 400000 manat dəyərində olduğunu, həmin qiymətə satılmasının da əqdin görünüş üçün bağlandığını təsdiq etdiyini, Cavabdeh2 barəsində açılmış cinayət işi üzrə Fikrətin şahid kimi dindirildiyini, onun verdiyi ifadədə bütün bunları təsdiq etdiyini, lakin onun ifadəsini məhkəməyə təqdim edə bilmədiyini, bununla bağlı əsas sübutunun Cavabdeh2 izahatı olduğunu, Raminin aldığı evin harada yerləşməsindən belə xəbərsiz olduğunu, hazırda ailəsi ilə birlikdə öz evində yaşadığını, ailə üzvlərindən heç birinin bu mübahisədən xəbərinin olmadığını, müqaviləni görünüş üçün bağladığından ailə üzvlərinə bu barədə heç bir məlumat vermədiyini, qazi atası olduğunu, bütün bunlar nəzərə alınmaqla müqavilənin etibarsız sayılması, evinin özünə geri qaytarılması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. İddiaçının vəkil-nümayəndəsi əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Abşeron rayonu, Masazır kəndi İlyas Bayramov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi İddiaçı sahibliyindədir və həmin evdə hazırda xəstə anası və xəstə uşaqları ilə birlikdə yaşayır. X2 2-ci qrup əlildir və həyat yoldaşı vəfat etdiyindən uşaqlarını tək saxlayır. 23 sentyabr 2015-ci ildə tanışı Cavabdeh2 pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt “Asan Xidmət” Mərkəzinə gedərək orada xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq üç aylıq müddətinə əmlakını Cavabdeh2 borc götürdüyü Fikrət adlı şəxsin tanışı olan iş üzrə üçüncü şəxs Cavabdeh1 adına rəsmiləşdirmiş və onların borc münasibətlərinə təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç aydan artıq müddət keçəndən sonra, onun evinin adına qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış və vəziyyətin heç də onun düşündüyü kimi olmamasını başa düşüb öz etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. O, iş üzrə üçüncü şəxs Cavabdeh1 tanımır və ona evini satmamışdır. Cavabdeh1 mübahisəli evi görməmiş, onun harada və kimdən almaq üçün danışıq etdiyini və gəlib razılaşdığını sübut edə bilməmişdir. Mülki işin materiallarına əlavə edilmiş, Sumqayıt Şəhər Prokurorluğunun 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X5 özgənin küllü miqdarda əmlakını əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, İ Bayramov küçəsi 24 nömrəli evi Sumqayıt “Asan xidmət” mərkəzində alğı-satqı etmək yolu ilə tanışı Fikrət adlı şəxsə faktiki girov qoyub həmin evin alğı-satqısından əldə edilmiş 120000 manat pulu İddiaçı alaraq qısa müddətdə geri qaytaracağını, pulu geri qaytardıqdan sonra isə ona məxsus evi onun adına keçirəcəyini yalandan vəd edib aldadaraq İddiaçı məxsus 120000 manat pulu ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı əsasında Sumqayıt şəhər prokurorluğu tərəfindən 04 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin xx.xx.2021-ci il tarixli, 14/1-503-21 saylı məktubundan göründüyü kimi, Rusiya Federasiyasının Baş Prokurorluğundan daxil olmuş xx.xx.2021-ci il tarixli 81/2-1125- 20 saylı məktubda bildirmişdir ki, Cavabdeh2 Rusiya Federasiyası ərazisində RF CM-in 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirildiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuş hazırda barəsində cinayət işi istintaq olunur. X3 Azərbaycan Respublikasına ekstradisiya edilmiş, hazırda Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsində onun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan cinayət işinin icraatı təzələnmiş və istintaq aparılır. X1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin faktiki hallarından görünür ki, əslində mübahisənin əsasını əmlaka görə alıcı tərəfindən ödənilmiş pulun iddiaçının öz tanışı, yəni Cavabdeh2 tərəfindən mənimsənilməsi təşkil edir. Vəkilin səhvliyi ucbatından müqavilənin ləğvi ilə bağlı iddia qaldırıldığını, iddia ərizəsinin məzmunundan da göründüyü kimi əslində iddiaçının əsl niyyətinin əqdin etibarsız sayılması və əmlakının özünə qaytarılması olduğunu bildirmiş, iddianın predmet və ya əsasını dəyişmək istəmədiklərini, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsi nəzərə alınmaqla işin hallarına qiymət verilərək müvafiq hüquqi nəticələrin tətbiq olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasında verdiyi izahatında İddiaçı ilə qonşu və yaxın dost olduğunu, özünün Dubay Bakı arası maşın alveri ilə məşğul olduğunu, bununla əlaqədar olaraq 2015-ci ilin avqustunda təcili pula ehtiyacı olduğunu, iddiaçı ilə görüşəndə bu barədə söhbət açıldığını, özünün iki evi olmasına rəğmən sənədsiz olduğundan sata və ya girov qoya bilmədiyini, Rzadan kömək istədiyini, onun evi kupçalı olduğundan satışının da mümkün olduğunu, Rza ilə evini satıb pulunu ona verəcəyi, daha sonra isə pulu qaytaracağı vaxt təxminən 2-3 ay sonra evin yenidən Rzanın adına keçiriləcəyi barədə razılığa gəldiklərini, bununla bağlı dostu Zahidlə əlaqə saxladığını, Zahidin də Fikrət Bayramov adlı şəxslə danışaraq alıcı tapmasını ondan xahiş etdiyini, həmin vaxt Zahid və Fikrətə alqı-satqını görünüş üçün edəcəkləri barədə bildirdiyini, amma Zahidin Cavabdeh1 bu barədə deyib-demədiyini bilmədiyini, alqı-satqı prosesində orada olmadığını, Zahidin həmin gün Rza və Raminlə birlikdə Asan xidmətə getdiyini, 120000 manat pulu Rzadan götürdüyünü, daha sonra işlərini yoluna qoya bilmədiyindən qaytara bilmədiyini, barəsində Sumqayıt şəhər prokurorluğu tərəfindən 04 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başladığını, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, İ Bayramov küçəsi 24 nömrəli evi Sumqayıt “Asan xidmət” mərkəzində alğı-satqı etmək yolu ilə tanışı Fikrət adlı şəxsə faktiki girov qoyub həmin evin alğı-satqısından əldə edilmiş 120000 manat pulu İddiaçı alaraq qısa müddətdə geri qaytaracağını, pulu geri qaytardıqdan sonra isə ona məxsus evi onun adına keçirəcəyini yalandan vəd edib aldadıb İddiaçı məxsus 120000 manat pulu ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı ilə cinayət işinin açıldığını, barəsində polisin nəzrəti altına vermə qətimkan tədbirinin seçildiyini, heç vaxt Fikrət adlı şəxsə borcu olmadığını, sadəcə alverə görə Dubaya pul göndərməli olduğunu, Fikrətin isə ona Zahid vasitəsilə xahişinə görə alıcı tapmaqda kömək etdiyini, Fikrətin istintaq zamanı verdiyi ifadədə bütün bu deyilənlərin yalan olduğunu, ev üçün alıcı tapmadığını, bu məsələdə Rza və ya Elnura kömək etmədiyini bildirdiyini, niyyətinin Rzanı aldatmaq olmadığını, Rusiyadan Raminə həmin pulu alıb Rzanın evini qaytarması üçün 50000 dollar pul göndərdiyini, buna baxmayaraq Raminin bununla razılaşmadığını, pulu götürmədiyini, Rusiyadan göndərdiyi məktubda da İddiaçı 120000 manat borcunun olması barədə bildirdiyini qeyd etmiş, bütün bunlar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclası gedişində iddiaçının mübahisələndirdiyi əqdlə hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1, 167 və 184.1ci maddələrinin tələblərinə əsasən bu məsələni iddiaçı ilə müzakirə etmiş, müzakirənin nəticəsində iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın predmet və ya əsasını dəyişmək təklif olunmuş, iddiaçı tərəfindən bununla bağlı heç bir prosessual hərəkət edilməmişdir. Məhkəmə iddianın əsaslarına, iddiaçının bununla bağlı mövqeyinə, işin hallarına qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müqavilənin ləğvi barədə iddia qaldırsa da əslində əqdin etibarsızlığını tələb etmişdir. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 267,8 kv.m, yaşayış sahəsi 108,5 kv.m, yardımçı sahəsi 159,3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini alıcı Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə alğı-satqı etmişəm. Mən yuxarıda göstərdiyim ünvandakı mülkiyyətimdə olan fərdi yaşayış evini dostum Cavabdeh1 ilə görünüş üçün alğı-satqı etmişəm. Çünki mən ondan 120000 manat borc pul almışdım, həmin borcun təminatı olaraq onunla müvəqqəti görünüş üçün alğı-satqı etmişdim. Mən 120000 manatı qaytaranda Cavabdeh1lə aramızda bağladığımız müqaviləni ləğv etməliydik.” Göründüyü kimi məhkəmədən alğı-satqı müqaviləsinin ləğvi tələb olunsa da, iddiaçı tərəf müqavilənin görünüş üçün bağlandığına, satıcının evini satmaq kimi bir iradə ifadəsinin mövcud olmadığına, etibarlı müqavilə münasibətlərinin mövcud olmadığına istinad etmiş, müqavilənin etibarsız olduğunu sübut etməyə çalışmış, heç bir halda müqavilənin ləğvi əsaslarına istinad etməmişdir. İddiaçının əsl niyyəti müqavilənin etibarsızlığının nəticələrinin tətbiqi olmuşdur. Mülki iş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan belə məlum olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv/m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı özünə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv/m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin yüklülüyün olub-olmaması barədə məlumatın əldə edilməsini Sumqayıt Asan Xidmət mərkəzi Notariat Kontorundan xahiş etmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizələrindən görünür ki, onlar mübahisəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi üçün alıcı tərəfindən 120000 manat vəsaitin notariusun depozit hesabına keçirilməsini xahiş etmişlər. Mülki iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən belə məlum olur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında 23 sentyabr 2015-ci ildə bağlanmış alqı-satqı müqaviləsi ilə tərəflər aşağdakılar barədə razılığa gəlmişlər: - Satıcı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv/m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (267.8kv./m, 5 otaq) “Alıcı”nın mülkiyyətinə verir. - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 01 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (01 ha) “Alıcı”nın mülkiyyətinə verir. - Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı verilmiş **********17- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 267.8kv./m, 5 otaq və 0.1 ha torpaq sahəsi satıcıya məxsus olmuşdur. - Satılan daşınmaz əmlaklar real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2015-ci il tarixli arayışlara əsasən ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Mülki iş materiallarında olan Cəlilabad rayonu, Bəcrəvan kənd sakini Cavabdeh2 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədə bildirmişdir ki, 2015-ci ildə mən Cavabdeh2 Qurbanov Fikrətdən 120000 manat pul almışam, həmin borcun müqabilində İddiaçı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış evini girov qoymuşam, lakin bunu girov müqaviləsi ilə deyil, alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişəm, belə ki, İddiaçı ilə Cavabdeh1 arasında formal qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin belə bir əqd icra olunmamışdır. Ona görə də müqavilə formal olmuşdur. Mən pulu vaxtında qaytara bilmədiyimə görə mübahisə yaranmışdır. İddiaçı heç kimdən pul almamış və evini satmamışdır. Həmin alqı-satqı müqaviləsi formaldır və ləğv olunmalıdır. Sumqayıt Şəhər Prokurorluğu sorğuya cavab məktubunda bildirmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq davam etdirildiyi üçün halhazırda sübutların qiymətləndirilməsi haqqında qərar qəbul olunmamışdır. İş materiallarından belə müəyyən olunur ki, İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt “ASAN Xidmət” mərkəzinin Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini və qeyd olunan alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə icraat gedişində Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və həmin evdə xəstə anası və övladları ilə birgə yaşayır. X2 ikinci qrup əlildir və həyat yoldaşı vəfat etdiyindən övladlarını tək saxlayır. 23 sentyabr 2015-ci ildə tanışı Elnurun təkidi ilə ona pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt Asan Xidmət Mərkəzinə gedərək orada xx.xx.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlayaraq 3 aylıq müddətinə əmlakını Cavabdeh2 borc götürdüyü Fikrət adlı şəxsin qardaşı olan iş üzrə üçüncü şəxs Cavabdeh1 adına rəsmiləşdirmiş və onların borc münasibətlərində təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç aydan artıq müddət keçəndən sonra onun evinin özünə qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış, vəziyyətin heç də onun düşündüyü kimi olmadığını başa düşüb öz etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. O, iş üzrə üçüncü şəxs Cavabdeh1 tanımır və ona evini satmamışdır. Onun tanıdıqları Elnur və Ələddindir. Onlar öz pul problemlərini həll etmirlər və onun mənzilini də onun özünə qaytarmırlar. Ona görə də alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmışdır. Onun özünə məxsus və ailə üzvlərinin yaşadığı evi satmaqla əlaqədar iradə ifadəsi olmamışdır. Yalnız qeyd etdiyi kimi tanışının borc götürməsi ilə əlaqədar təminat olaraq ona bildirilən girov müqaviləsi hesab etdiyi əqdə imza atmışdır. Onun alğı-satqı müqaviləsi bağlamağa heç bir niyyəti olmamışdır. O yalnız digər şəxsin borc öhdəliklərinə görə müvəqqəti olaraq evini Cavabdeh1 adına keçirmişdir. Qanuna görə isə bir əqdi digər əqdlə pərdələmə yolverilməzdir və belə əqdlər əhəmiyyətsiz və etibarsız hesab olunurlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı və Cavabdeh1 alğı-satqı müqaviləsi bağlayaraq müqaviləni notarial qaydada təsdiq etdirmişlər. İddiaçı evin borcun təminatı olaraq girov qoyulduğunu, həmin alğı-satqı müqaviləsini formal olaraq bağladığını dəlil olaraq göstərsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eləcə də göründüyü kimi evin təminat olaraq yüklü edilməsi ilə bağlı ipoteka müqaviləsinin bağlanması mümkün olsa da belə bir müqavilə bağlanmamışdır. Mübahisələndirilən alğı-satqı müqaviləsi qanunvericiliyin şərtlərinə uyğun bağlanmışdır. Məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı dəlillərin formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetmədiyi qənaətinə gəlmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1230/2021 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1230/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0.1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267.8 kv.metr olan 5 otaqlı 24 saylı fərdi yaşayış evi RX ******* saylı, 11 fevral 2014-cü il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. O mülkiyyətində olan həmin daşınmaz əmlakı AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 120000 manata Cavabdeh1 satmışdır. Müqavilə notariat qaydasında təsdiq olunmuşdur. İddiaçı Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun xx.xx.2015-ci il tarixli AN- 1 ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun əsas dəlili ondan ibarət olmuşdur ki, həmin əqd başqa bir əqdi pərdələmək xatirinə yalan əqd kimi bağlandığından etibarsız hesab olunmalıdır. Onun qətiyyən öz evini satmaq niyyəti olmamış, lakin tanışının borcuna görə sadəcə öz əmlakının girova qoyulmasına razı olmuşdur. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında mübahisəli daşınmaz əmlakın alğısatqısına dair qanunvericiliyə uyğun olan xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı müqavilə imzalanmış, alıcı olaraq Cavabdeh1 əmlakın dəyəri olan 120000 manat pulu notariusun depozit hesabına köçürmüş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. İşdən görünür ki, əmlaka görə ödənilən pulu İddiaçı öz tanışı, iş üzrə digər Cavabdeh2 onun razılığı ilə götürmüş, lakin dediyi kimi qısa müddətdə onu geri qaytarmamışdır. Bununla bağlı isə həmin şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Beləliklə də işin faktiki hallarından görünür ki, əslində mübahisənin əsasını əmlaka görə alıcı tərəfindən ödənilmiş pulun iddiaçının öz tanışı tərəfindən mənimsənilməsi təşkil edir ki, bu hal mövcud alğı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi həmin məbləği təqsirləndirilən şəxs, yəni Cavabdeh2 tələb etmək hüququna malikdir. Başqa sözlə iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı əqdin etibarsızlığı barədə hazırki iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, mübahisələndirilən əqd 23 sentyabr 2015-ci il tarixdə imzalanmışdır. İddiaçı isə iddia edir ki, əqdlə əslində guya əmlakını borcun təminatı olaraq 3 ay müddətinə girova qoymuşdur, yəni onun bu əqdin yalan olmasını bilmə müddəti 23 dekabr 2015-ci il tarixinədək hesab olunur. Maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu normaların tələbinə görə İddiaçı mübahisəli əqdin etibarsızlığını 23 dekabr 2015-ci il tarixdən bilməli olduğuna görə həmin əqdin etibarsızlığına görə məhkəmədə ən gec 23 dekabr 2016-cı il tarixdə iddia qaldıra bilərdi. İş materiallarından isə görünür ki, İddiaçı hazırki iddia ilə məhkəməyə 15 mart 2017-ci ildə müraciət etmiş, alğı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı tamamilə düzgün nəticəyə gəlmişdir ki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1230/2021 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(102)-5751/2021 saylı qətnaməsi ilə hesab etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kasasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kasasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Sözügedən halları nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarına əsasən hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunmamış, qətnamə apelyasiya və kasasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(102)-5751/2021 saylı qətnaməsi ilə qanuni qüvvəyə minmişdir. Preyudisiallığın subyektiv həddini müzakirə edən məhkəmə hesab edir ki, əvvəl baxılmış və yeni baxılan işdəki şəxslərin dairəsi eynidir. Belə ki, birinci baxılan işdə İddiaçı, Cavabdeh2 cavabdeh, Cavabdeh1 isə üçüncü şəxs qismində çıxış etmişlər. Hazırki iş üzrə də İddiaçı, Cavabdeh2 və Cavabdeh1 cavabdeh qismində iştirak edirlər. Preyudisiallığın obyektiv həddini müzakirə edən məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri də eynilik təşkil edir. Belə ki, hər nə qədər iddia tələbi müqavilənin ləğvi şəklində qoyulsa da məhkəmə iddianın əsaslarına, tərəflərin bununla bağlı mövqeyinə və işin hallarına qiymət verərək iddiaçının əslində əqdin etibarsızlığını tələb etdiyi qənaətinə gəlmiş və bundan irəli gələn hüquqi nəticələri tətbiq etməyi düzgün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-190/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-190/2022
31.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver