Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7016/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6981/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Xüsusi notariusu, Xaçmaz rayon 5 saylı DƏDRX-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 4ə-53 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6981/2021 iş üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalmış iddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırda İddiaçı həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun iştirakı olmadan və lazımınca xəbərdarlıq edilmədən məhkəmə prosesi keçirilmiș va xx.xx.2021-ci il tarixli, e-2(008)-8135/2022 saylı məhkəmə qətnaməsi çıxarılmışdır. Məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim edilməmişdir. O, hüquqi savadsızlığından irəli gələrək 2023-cü ildə aldadılmaqla və saxta yolla bağlanmış müqavilənin ləğv edilməsi baxımından yenidən Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(008)-8135/2023 saylı qərardadı ilə icraata xitam verilmişdir va əsas kimi xx.xx.2021-ci il tarixli, e-2(008)- 8135/2022 saylı məhkəmə qətnaməsi göstərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6981/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin rədd edilməsi, Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi qərara alınmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həmin qətnamədən apellyasiya şikayətini vermə müddətinin ötürülməsini müxtəlif idarə və təşkilatlara şikayət ərizələri yazmaqla müracəiətinin təmin olunacağını düşünmüş və həmçinin hüquqi savadı olmadığına görə istənilən vaxt bu qətnamədən apellyasiya şikayəti verə biləcəyini göstərmişdir. Eyni zamanda ərizəsinə müxtəlif idarə və təşkilatlara müraciətini təsdiq edən sənədləri əlavə etsə də, məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6981/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. (135.1). Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. (135.2) Qeyd edilən Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdən görünür ki, Məhkəmənin poçt vasiəsilə göndərilmiş xx.xx.2021-ci il tarixli qətnaməsini iddiaçı qəbzə imza etməklə xx.xx.2024-cü il tarixində təhvil almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixində iddiaçı apellyasiya şikayəti ilə müraciət etmiş, lakin müəyyən olunmuş formada və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən Məhkəmənin xx.xx.2021-ci il tarixində qəbul etdiyi qərardadla geri qaytarılmışdır. Həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2024-cü il tarixində isə iddiaçının müddətin bərpası barədə ərizə ilə birlikdə növbəti apellyasiya şikayəti daxil olmuşdur. Göründüyü kimi iddiaçının qətnamədən verdiyi ilkin apellyasiya şikayəti məhkəmə tərəfindən qaytarılmasına baxmayaraq sonuncu həmin dövrdə qərardadın və ya qətnamənin yenidən mübahisələndirilməsi istiqamətində prosessual hərəkət etməmiş, 3 il keçdikdən sonra hazırki apellyasiya şikayəti ilə müraciət etmişdir. Sonuncu müddəti ötürməsində üzrlü hal kimi qətnaməni rəsmi qaydada əldə etməməsinə və müxtəlif orqanlara mürəciəti ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan normaları rəhbər tutaraq hesab edir ki, ərizəçinin istinad etdiyi dəlillər müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6981/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-7016/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7016/2024
18.12.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver