Məhkəmə qərarları › İş №2(103)-5153/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5153/2024

16.09.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5153/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X1 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı- satqı müqaviləsi üzrə pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)-2/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarından olan 21 iyun 2014-cü il tarixli D-120/2014 saylı müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh sementlə təchiz etməyi öz öhdəsinə götürür. İddiaçı MMC tərəfindən Cavabdeh təqdim olunan məhsullar 20 təqvim günü müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. Ödənişi qabaqcadan və ya İddiaçı MMC-dən bilavasitə təhvil alınarkən həyata keçirilməli olan malın dəyəri nəğd olaraq və ya nəğdsiz qaydada 20 gün müddətindən gec olmamaq şərtilə Cavabdeh hesablaşma hesabın ödənilir. İş materiallarından olan İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli TM-042 nömrəli müqaviləsindən görünür ki, “Satıcı” olan İddiaçı MMC "xxxx" MMC-nin istehsalı olan 40 kq kisələrə doldurulmuş sementi (Klass A-CEM İİ/A-P 32.5 R, Klass B-CEM İİ/B-L 32.5 R) “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli TM-042 nömrəli müqaviləsindən görünür ki, tərəflər hazırkı müqaviləyə əsasən "xxxx" MMC-nin istehsalı olan 40 kq kisələrə doldurulmuş sementin (Klass A- CEM İİ/A-P 32.5 R, Klass B-CEM İİ/B-L 32.5 R) tərəflər arasında 30 təqvim günü müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutulur. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh barəsində xx.xx.2016-cı il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh oğlunun sement satışı ilə əlaqədar xx.xx.2016cı il tarixə 5.400 manat ödənilməmiş borcu olmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh barəsində xx.xx.2017-ci il tarixli maliyyə hesabatından görünür ki, Cavabdeh oğlunun sement satışı ilə əlaqədar 5.400 manat ödənilməmiş borcu olmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, X2 100 manat məbləğində nümayəndə xərci qismində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2015-xx.xx.2017-ci illər üzrə gecikmə borcun penya hesablanması qrafikindən görünür ki, Cavabdeh göstərilən müddət ərzində 9.214 manat hesablanmış peniya borcu yaranmışdır. Hazırda iddiaçı yaranmış borcu tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.400 manat əsas borc, 9.214 manat gecikmə faiz borcu, nümayəndəyə çəkilmiş 100 manat xərc, ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı olmaqla, cəmi 14.745 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "NORM' MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən rəsmi satış üzrə distribütoru olaraq bir neçə illərdir ki, "xxxx" markalı sementin satışı ilə məşğuldur. İddiaçı təşkilatın satış üzrə əhatə dairəsi Bakı və Sumqayıt şəhəri, eləcədə Abşeron və digər rayonları əhatə edir. 2014-cü ilin iyun ayında vətəndaş Cavabdeh iddiaçı təşkilata müraciət edərək, onun Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qeyri yaşayış sahəsinin (obyekt) olması və həmin yerdə "xxxx" markalı sementin satılması üçün yaxşı imkanlar olduğunu bildirmişdir. İddiaçı tərəfindən həmin obyektə müvafiq baxış keçirildikdən, obyektin satış üzrə perspektivliyini nəzərə aldıqdan, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən xx.xx.2014-cü il tarixində Cavabdeh Xəzər rayonu, Binə qəsəbəsində yerləşən satış üçün nəzərdə tutduğu obyektinə, sifarişə uyğun olaraq ilkin 3.000 manat dəyərində “A klass” növü üzrə "xxxx" markalı sement göndərmişdir. Razılaşmaya əsasən, alıcı hər satış üzrə satıcıya dərhal məlumat verməli və satılmış malın dəyərini İddiaçı MMC-nin kassasına 20 (iyirimi) gün müddətdən gec olmamaq şərti ilə ödəməli idi. Ona müxtəlif vaxtlarda ümumilikdə 15.540 manat dəyərində sement təhvil verilmiş və satılımış malın dəyərinə münasibətdə şirkətə qaytarılan məbləğ isə 10.140 manat təşkil edir. Onun bu günədək şirkətə qalan borcu 5.400 manat təşkil edir. Cavabdeh tərəfindən müəyyən müddət razılaşma normal icra olunurdu. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh yaranmış etibardan sui istifadə edir. Ödənişləri getdikcə azaldır və gec-gec ödəyir. İddia ərizəsinə əlavə edilmiş üzləşmə aktından da görünür ki, Cavabdeh qəbul etdiyi malın dəyərini, razılaşmanın əksinə olaraq şirkətə daha gec və az həcmdə ödəməsi ilə müşahidə olunur. Dəfələrlə iş yerinə gedilmiş və cavabdehin qardaşına onun şirkətə borclu olduğu və belə getsə müvafiq orqanlara şikayət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin bu gündək həmin məbləğ iddiaçıya şirkətə qaytarılmamışdır. xx.xx.2016-cı il tarixində İddiaçı MMC şirkətinə Cavabdeh özü üzləşmə aktında öz imzası ilə təsdiq edib. Lakin, üzləşmə aktından sonra bu vaxta gədər Cavabdeh iddiaçıya ödəniş etməmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən Xəzər rayon polis idarəsinə Cavabdeh şikayət etmişdir. xx.xx.2016-cı il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar göndərərək bildirilib ki, aidiyyatı üzrə məhkəmə orqanına müraciət edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(005)- 3774/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(005)-4313/2023 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(005)-3774/2017 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraatın təzələnərək baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)- 2/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5.400 (beş min dörd yüz) manat əsas borc, 150 (yüz əlli) manat gecikmə faizi (cərimə) borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 (yüz) manat pul, 30 (otuz) manat dövlət rüsumu, 1 (bir) manat bank xidmət haqqı olmaqla, cəmi 5681 (beş min altı yüz səksən bir) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı məhsulun dəyərini müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, Cavabdeh oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan 5.400 manat məbləğində borcunu ödəməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulu məbləği azaldılmalı, 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsinin “nümayəndəyə çəkilmiş xərcin tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, məhkəmə xərcləri qismində göstərilən 100 manat hüquqi yardım üçün çəkilmiş 100 manat pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində guya onun iddiaçıya 5400 manat borcu olduğunu bildirdiyini, bunu üzləşmə aktı ilə əsaslandırdığını, belə olduğu təqdirdə iddiaçının ona üzləşmə aktından sonra heç bir halda sement verməli olmadığını, 2016-cı ilin iyun, iyul aylarında təxmini 5000 manat dəyərində sement verildiyini və onun da Ceyranbatanda satdırdığını, eyni zamanda faizlərin də yüksək hesablandığını qeyd etmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçıya ümumiyyətlə heç bir borcu yoxdur. 3 aylıq məhkəmə prosessində iddiaçı heç bir məhkəmə prossesində iştirak etməmişdir. Bu qət edilmiş qətnamədə də öz əksini tapmışdır. Halbuki iddiaçı məhkəmədə iştirak etmədiyi üçün mülki işə baxılmamış saxlanmalı idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada) 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (köhnə redaksiyada) Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh oğluna müxtəlif vaxtlarda ümumilikdə 15.540 manat dəyərində sement göndərilmiş, Cavabdeh həmin məbləği qaytarmağı öhdəsinə götürmüş, həmin məbləğdən 10.140 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən qaytarılmış, lakin Cavabdeh 5.400 manat məbləğində borcunu iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən ona göndərdiyi sementin dəyəri olan pul məbləğini tələb edir və tələbinin əsası kimi iş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh barəsində xx.xx.2016-cı il tarixli üzləşmə aktına istinad edir. İddiaçı MMC tərəfindən Cavabdeh oğluna müxtəlif vaxtlarda sement göndərilməsi cavabdeh tərəfindən təkzib edilməsə də, cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində iddiaçıya ümumiyyətlə heç bir borcu olmamasını göstərmiş, bunu üzləşmə aktından sonra 2016-cı ilin iyun, iyul aylarında ona təxmini 5000 manat dəyərində sement verildiyini və onun da satılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, müəyyən edilmidir ki, cavabdeh onun sement satışı ilə əlaqədar xx.xx.2016-cı il tarixə 5.400 manat ödənilməmiş borcu olmasını təsdiq edən iş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh barəsində xx.xx.2016-cı il tarixli üzləşmə aktını mübahisələndirilməmiş, orada qeyd edilənlərin həqiqətə uyğun olmaması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi cavabdeh iddiaçıdan aldığı məhsulun dəyərini müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzləşmə aktından sonra 2016-cı ilin iyun, iyul aylarında ona təxmini 5000 manat dəyərində sement verildiyini və onun da Ceyranbatanda satdıraraq pulunu iddiaçıya verməsinə dair etirazının və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, əvvəla cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin də kollegiyanın qənaətinə görə belə bir hal mövcud olmuş olsa idi belə, bu cavabdehin üzləşmə aktına əsasən borclu olduğu məbləğin qaytarılmasının sübutu kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan 5.400 manat məbləğində borcunu ödəməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 5400 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı 9.214 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğlərin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, cərimə ödənilməsi tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində öz əksini tapmışdır. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin azaldılaraq 150 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ağlabatan və ədalətlidir. Digər tərəfdən cavabdehin apellyasiya şikayətinin iddiaçının məhkəmədə iştirak etmədiyi üçün mülki işə baxılmamış saxlanmalı olmasına dair dəlillərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin iş materialları ilə cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının birinci instansiya məhkəməsində guya iddiaçıya 5400 manat borcu olduğunu izahatında etiraf etməsinə dair dəlili ilə bağlı qeyd edir ki, nə qətnamədə, nə də iclas protokolunda cavabdehin iddianı etiraf etməsi göstərilməmişdir. Həmçinin, işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəsatəti ilə onun bibisi oğlu şahid kimi dindirilməsinə baxmayaraq qətnamədə bu ifadənin məzmunu göstərilməyərək ona qiymət verilməməsini apellyator apellyasiya şikayətində mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu hissəyə hüquqi qiymət verilməsini zəruri saymır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı hüquqi yardım göstərilməsi üçün 100 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 100 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Eyni zamanda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(005)- 2/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fərrux Qasımov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar