Məhkəmə qərarları › İş №2(079)-199/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-199/2023

25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-199/2023 25.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 Möhubbət oğlu, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızına qarşı ümumi mülkiyyətdə olan daşınmaz əmlaklara payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “23” fevral 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1999-cu il tarixli, 35 nömrəli qərarı ilə özünün, Cavabdeh1, Cavabdeh2 Möhubbət oğlunun, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızının mülkiyyətinə verilmiş Babək rayonu, Xal-Xal kəndində yerləşən JN-034A nömrəli, 10313028 kodlu olan 0.20 hektar, JN-034B nömrəli, 10313028 kodlu olan 0.06 hektar, həmçinin JN-0030 nömrəli, 10313028 kodlu olan 0.58 hektar torpaq sahələri üzrə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Xal-Xal kənd sakini X5 ilə 08 may 1984-cü il tarixdə nikah bağlamışıq. Bizim birgə nkahımızdan birgə yaşadığımız müddətdə ikisi oğlan, biri qız olmaqla üç övladımız doğulmuşdur. Birgə nikah dövründə bizə Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1999-cu il tarixli, 35 nömrəli qərarı ilə Babək rayonu, Xal-Xal kəndində yerləşən JN-034A, JN-034B nömrəli, 10313028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə müvafiq olaraq 0.20 və 0.06 hektar həyətyanı, həmçinin Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1999-cu il tarixli, 35 nömrəli qərarı ilə JN-0030 nömrəli, 10313028 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri mənim, ərim X3, övladlarımız X4, Cavabdeh2 Möhübbət oğlunun və X1 ümumi mülkiyyətinə verilmişdir. Cavabdeh1lə ailə münasibətlərimiz elə də normal deyil, demək olar ki, onunla aramızda hər gün mübahisə yaranır. Bu səbəbdən də mən ondan faktiki olaraq ayrılaraq evin tərkib hissəsində başqa bir otaqda özümə aid əşyalarımı yığıb ayrıca yaşayıram. Lakin Möhübbət mənə evin içində kommunal xidmətlərdən, yəni qazdan, işıqdan və.s xidmətlərdən istifadə etməyimə maneçilik yaradır. Bu da mənim hüquqlarımı pozur. Torpaq sahəsinə paylarımız müəyyən olunmadığından onun üzərində tikilən yaşayış evindən istifadə ilə bağlı aramızda mübahisələr, narazılıqlar olur. Ona görə də mən torpaq sahələrindən paylarımızın müəyyən edilməsini istəyirəm. İddiaçı məhkəmədə verdiyi izahatında Möhübbətlə 40 ildir evli olduğunu, əvvəllər aralarında mübahisə yarandığını, həmişə onun düzələcəyini düşündüyünü, lakin Möhübbətin 50 yaşı tamam olsa da düzəlmədiyini, qışda onun pensiyasını yediyini, yayda isə onunla yola getmədiyini, öz maşınına minib işləmək üçün getdiyini, üç torpaq sahəsi özünün əri Möhübbətin, uşaqları Fariz, İqbal və Samirənin mülkiyyətinə verildiyini, evlilik vaxtı əldə etdiyi əmlaklara payının müəyyən olunmasını istədiyini, Möhübbətin onu yola vermədiyini, ona dirilik yerində tikilmiş evdə qalmasının bildirdiyini, özünün isə 40 il həmin evdə əziyyət çəkdiyini, buna görə də başqa yerdə qalmaq istəmədiyini, əmlaklar üzrə payın müəyyən olunmasını, özünə məxsus evin qapısını bağlayıb orada rahat qalmaq istədiyini, əri Möhübbətlə aralarında 2022-ci ilin aprel ayının 20-də mübahisə yarandığını, həmin vaxtdan cavabdehin ona istifadə üçün işıq və qaz vermədiyini, Möhübbətlə arasında bağlanmış nikahın pozulmadığını, hazırda bir həyətdə olan evdə ayrı-ayrı yaşadıqlarını, evlilik vaxtı iki maşın aldıqlarını, torpaq sahəsini isə Möhübbətin icarəyə verib 400 manat pul aldığını və həmin puldan ona vermədiyini, məhkəmədən kənar qaydada paylarının müəyyən olunması ilə bağlı razılıq əldə edilmədiyini bildirərək yekunda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmədə verdiyi izahatında 1984-cü ildə Sevil ilə ailə qurduğunu, hazırda sahəsi 600 kvadrat metr olan torpaq sahəsində ev tikildiyini, özünün orada qaldığını, iddiaçının isə sahəsi 20 hektar olan torpaq sahəsində oğlu Fariz ilə birlikdə yaşadığını, həmin torpaq sahəsinin iki yerə bölündüyünü, yarısında oğlu İqbalın, digər yarısında isə oğlu Farizin yaşadığını, hər üç torpaq sahəsində ev tikildiyini, sahəsi 0,58 hektar olan torpaq sahəsini 400 manata icarəyə verdiyini, həmin pulu həyətdə olan quyuya xərclədiyini, həmçinin 60 manatını qardaşına verdiyini, evlilik vaxtı 3 torpaq sahəsi aldıqlarını, həmin torpaq sahələri özünün, arvadı Sevilin, uşaqları Fariz, İqbal və Samirənin mülkiyyətində olduğunu, özünün heç vaxt iddiaçının daşınmaz əmlaklardan istifadə etməsinə maneə yaratmadığını, iddiaçının işlətdiyi işığın, qazın, işiğın pulunu Sevilin özü verəcəyi halda aralarında elə problem olmayacağını, iddiaçı onunla birlikdə yaşamasa da onun arada gəlib evi yığışdırıb getdiyini, evin işıq və qazının ümumi sayğacı olduğunu, özünün daşınmaz əmlakda gözünün olmadığını və hər bir mülkiyyətçinin payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı, yeri barədə cavabdehlər Cavabdeh2 Möhubbət oğlu, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 Möhübbət oğlu məhkəmə hazırlıq iclasında verdiyi izahatında İddiaçı onun anası, Cavabdeh1 isə atası olduğunu, onların birgə nikahından üç uşaq dünyaya gəldiyini, hazırda özünün, valideynlərinin, qardaşı İqbalın və bacısı Samirənin mülkiyyətində 3 torpaq sahəsi olduğunu, torpaqlardan birinin sahəsinin 6 hektar olduğunu, orada tikilən evdə atasının qaldığını, digər torpaq sahəsinin isə 20 hektar olduğunu, onun iki yerə bölündüyünü, həmin torpaq sahəsinin yarısında özünün digər yarısında isə qardaşının yaşadığını, çöl torpağını icarəyə verdiklərini, aralarında mübahisə olduğundan əvvəl kəndin bələdiyyəsinin gəlib qeyri-rəsmi olaraq paylarını böldüyünü, çöl torpağından başqa hər iki torpaq sahəsində tikili olduğunu, bildiyinə görə onların sənədlərinin olmadığını, mülkiyyətçilərdən bacısının ailə qurub öz evində yaşadığını qeyd edərək yekunda hər birinin paylarının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 08 may 1984-cü ildə nikah bağlanması, Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1999-cu il tarixli, 35 nömrəli qərarı ilə Babək rayonu, Xal-Xal kəndində yerləşən 0.06 hektar və 0.20 hektar həyətyanı, 0.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin tərəflərin ümumi mülkiyyətinə verilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla öz təsdiqini tapır: -iddia ərizəsinə əlavə edilən və Məzrə kənd soveti tərəfindən verilmiş İİİ-JQ seryalı, 340813 nömrəli, 08 may 1984-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh1 ilə X9 arasında 08 may 1984-cü ildə nikah bağlanması, bunun akt qeydləri kitabında 5 nömrə ilə qeydə alınması və nikah bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Abdullayeva” soyadını seçməsi; - iddia ərizəsinə əlavə edilən JN-034B nömrəli, 10313028 kodlu, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2023-cü il tarixli, 35 nömrəli qərarı ilə Babək rayonu, Xal- Xal kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1, İddiaçı, Cavabdeh2 Möhubbət oğlunun, Cavabdeh3 və X2 ümumi mülkiyyətinə verilməsi; -iddia ərizəsinə əlavə edilən JN-034A nömrəli, 10313028 kodlu, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2023-cü il tarixli, 35 nömrəli qərarı ilə Babək rayonu, Xal-Xal kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1, İddiaçı, Cavabdeh2 Möhubbət oğlunun, Cavabdeh3 və X2 ümumi mülkiyyətinə verilməsi; - iddia ərizəsinə əlavə edilən JN-0030A nömrəli, 10313028 kodlu, Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2023-cü il tarixli, 35 nömrəli qərarı ilə Babək rayonu, Xal-Xal kəndində yerləşən 0.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1, İddiaçı, Cavabdeh2 Möhubbət oğlunun, Cavabdeh3 və X2 ümumi mülkiyyətinə verilməsi aydın olur. İddiaçı isə hazırda tərəflərin ümumi mülkiyyətində olan torpaq sahələrin paylarının müəyyən edilməsini tələb edir. İddiaçının tələbinin hüquqi həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki işin mübahisəsiz hallarından müəyyən olur ki, dövlət reyestrində qeydə alınması zəruri olan daşınmaz əmlaklar tərəflərin ümumi mülkiyyətindədir. İddiaçı isə ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirə bilmədiyini qeyd edərək, həmin əmlaklar üzərində onun, Cavabdeh1, Cavabdeh2 Möhubbət oğlunun, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızının paylarının müəyyən olunmasını istəyir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlaklar üzrə payın müəyyən edilməsi bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən, qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi beş nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin iddiaçı 04 aprel 2023-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək iddia qaldırarkən ödədiyini dövlət rüsumunun özünə aid edilməsini məhkəmədən xahiş etmişdi Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia əsaslı olduğundan təmin edilməli; - Babək rayonu, Xal-xal kəndində yerləşən JN-034A və JN-034B nömrəli, 10313028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, JN-0030A nömrəli, 10313028 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, İddiaçı, Cavabdeh2 Möhubbət oğlu, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızının ümumi mülkiyyətində olan torpaq sahələri üzrə İddiaçı, Cavabdeh1, Cavabdeh2 Möhubbət oğlu, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızının hər birinin payı 1/5 hissə müəyyən edilməli; -iddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Babək rayonu, Xal-xal kəndində yerləşən JN-034A və JN-034B nömrəli, 10313028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, JN-0030A nömrəli, 10313028 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, İddiaçı, Cavabdeh2 Möhubbət oğlu, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızının ümumi mülkiyyətində olan torpaq sahələri üzrə İddiaçı, Cavabdeh1, Cavabdeh2 Möhubbət oğlu, Cavabdeh3 və Cavabdeh4 Möhubbət qızının hər birinin payı 1/5 hissə müəyyən edilsin. İddia verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar