Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-2/2023 29.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və mütəxəssis Elxan Abdullayevin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayon Nehrəm qəsəbəsində yerləşən JN - 1906A KOD 10300058-lə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan 0.13 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin dəqiqləşdirilməklə Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə mənə Babək rayon Nehrəm qəsəbəsində 0.13 ha həyatyanı torpaq sahəsi istifadəmə verilməklə bu barədə JN - 1906A KOD 10300058 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi mənim mülkiyyətimdə olmasına baxmayaraq qardaşım Cavabdeh mənim tikdiyim evin iki otağını və torpaq sahəmin bir hissəsini zəbt edib. Bu səbəbdən də mən nə evimdən, nə də ki, torpaq sahəmdən istədiyim kimi istifadə edə bilmirəm. Belə ki, İbrahimxəlil orada yaşamaqla həm də minim torpaq sahəmdən mərkəzi yola çıxmağıma imkan vermir. Mən bununla bağlı dəfələrlə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişəm, oranın əməkdaşları sonuncu dəfə 28 fevral 2022-ci il tarixdə Nehrəm qəsəbəsinə gəlib, yerində baxış keçirib, akt tərtib edərək torpaq sahəsinin mənə məxsus olduğunu və qardaşım İbrahimxəlilin qanunsuz olaraq mənim torpaq sahəmi zəbt etdiyini bildirsələr də o, bu kimi qanunsuz hərəkətlərinə son qoymamışdır. Mən məcburiyyət qarşısında qaldığımdan evimin qabaq tərəfindən mənimlə torpaq sahəsində qonşusu olan mərhum atamın torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə etməyə başladım, İbrahimxəlil həmin yolu da bağlayaraq məni həmin yoldan istifadə etməyə imkan vermir. Hal-hazırda mən nə öz mülkiyyətimdə olan torpaq sahəsindən, nə də ki, ata torpağımdan mərkəzi yola çıxa bilmirəm. İbrahimxəlil həmişə mənimlə mübahisə yaradır. Bu səbəbdən də mən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, keçmiş ərimlə boşandıqdan sonra 1984-cü ildə mübahisə predmeti olan torpaq sahəsinin üzərində atamın dəstəyi ilə ev tikməyə başladıq. Evi mənim və İbrahimxəlilin gəlirləri hesabına atamın da köməkliyi ilə tikib başa çatdırdıq. 1988-ci ildən övladlarım, iki qızımla birlikdə həmin evdə yaşamışam. Tək qalmamağım üçün rəhmətlik atam da mənimlə həmin evdə yaşayırdı. Bundan sonra atam qardaşım İbrahimxəlilin də mənim torpağıma bitişik torpaq sahəsinə köçməsinin, mənim yaxınımda yaşamasının hamımız üçün yaxşı olacağını bildirdi və evin bir tərəfində İbrahimxəlil və ailəsi, bir tərəfində isə biz yaşadıq. İndiyə qədər də eyni vəziyyətdə yaşamağa davam edirik. Daha sonra 1999-cu ildə Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə istifadəmdə olan 0,13 hektar torpaq sahəsi mənim mülkiyyətimə verildi. Atam rəhmətə getdikdən sonra isə mənə aid qanuni torpaq sahəsinin bir hissəsini zəbt edərək mənim mərkəzi yola olan çıxışımı bağlayıb. Mənə həmin yoldan istifadə etməyə imkan vermir. Hətta evə çəkdirdiyim qaz xətti belə qonşunun ərazisindən keçir. İllərdir sənəddə və istifadədə olan vəziyyət fərqli olduğundan əziyyət çəkmişəm, cavabdehin istifadə etdiyi torpaq sahəsi yola tərəf olduğundan onun üçün əhəmiyyəti olmasa da mən mülkiyyətimdən maneələrlə istifadə etmişəm. Bu səbəbdən də cavabdehin qanunsuz tutduğu torpaq sahəsinin boşaldılmasını məhkəmədən tələb edirəm İddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı mənim anam, cavabdeh isə dayımdır. Mübahisə predmeti olan torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, JN 1906A nömrəli qərarı ilə 0.13 ha olmaqla anamın mülkiyyətinə verilmişdir. Həmçinin Komissiyanın 27 sentyabr 1999-cu il tarixli, JN-356C nömrəli qərarı ilə 0.14 ha torpaq sahəsi babam X5 verilmişdir. Cavabdeh babam vəfat etdikdən sonra güya bütün vərəsələrin razılığını alaraq ondan qalan torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. Həmin iki torpaq sahəsi qonşuluqda yerləşir. Həmin torpaq sahəsində 1984-cü ildən anam özü ev tikməyə başlamışdır. Belə ki, anam Sovet hakimiyyəti dövründə böyük sahədə bağ becərmiş və kifayət qədər əmək haqqı və mükafatlar almışdır. Həmçinin atamla anam boşansa da atam bacım və mənə ailə qurana qədər aliment ödəmişdir. Bütün bunlar həmin evin tikintisinə sərf olunmuş və 7 ilə yaxın müddətdə ev tikilib başa çatdırılmışdır. Babam kişi kimi evin tikintisinə nəzarət etsə də qazancı olmadığından maddi cəhətdən köməklik etməmişdir. Ev yalnız iddiaçının və qızlarının zəhməti hesabına inşa olunmuşdur. Həmin vaxtlar özü 3 və ya 4-cü sinifdə oxusa da həmin evin tikintisində fəhlə kimi işləmişdir. Anası da həmçinin işdən gəldikdən sonra evin tikilməsində iştirak etmişdir. Cavabdeh isə həmin vaxtlar Bakı və Moskvada gəzib-dolanmışdır. Ev tikilib hazır olduqdan sonra isə babası güya anası boşandığından ona nəzarət etsin deyə cavabdehi də oraya köçürmüş, anasının isə söz haqqı olmadığından etiraz edə bilməmişdir. Lakin son vaxtlara qədər aralarında bununla bağlı mübahisə olmamış, bacı-qardaş kimi normal yaşayıb yola getmişlər. Bacısı və özünün toy mərasimi həmin evdə baş tutmuşdur. 1988-ci ildən indiyə qədər həmin iki mərtəbəli evin 2 otağında anası, 2 otağında isə cavabdeh və ailəsi yaşamışdır. Son zamanlar qızıma anamın faktiki olaraq istifadə etdiyi torpaq sahəsində ev inşa etmişik. Belə ki, qızım uşaqlıqdan iddiaçının yanında yaşamış və iddiaçı nənə kimi torpağını nəvəsinə vermək istəmişdir. biz torpaqların sənəddəkindən fərqli istifadə olunduğundan xəbərdar olsaq da illərdir razılıqla hər kəs istifadə etdiyi hissəyə sahiblik edib. Elə buna görə də qızıma sənədlə İbrahimxəlilə düşən torpaqda ev tikəndə ondan heç bir razılıq almamışıq, o da buna etiraz etməmişdir. Ev hazırda dam örtüyü atılmış vəziyyətdədir. Yalnız evin bəzi işləri üçün torpaqdan texnikanın keçməsinə zərurət yarananda İbrahimxəlil etiraz etmiş və yalnız 3 metr enində yol verdiyini bildirmişdır. Bundan sonra mübahisə bu həddə gəlib çıxmışdır. Biz sadəcə olaraq cavabdehin evin yaşadığı hissəsini də söküb anamın torpağından çıxmasını istəyirik. Cavabdehin tərəfində olan qızıma tikilmiş evi isə biz söküb çıxaracağıq. Yalnız belə olan halda iddiaçı ana yola rahat çıxış əldə edə bilər. Bizi bu iddianı qaldırmağa vadar edən cavabdehin verdiyi 3 metr enində yolu genişlətməyə imkan verməməsidir. Cavabdeh 2007-ci ildə torpaq sahəsini sənədləşdirib çıxarış almışdır. Həmin çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Məhkəmə qaydasında həmin şəhadətnamənin düzgünlüyünü mübahisələndirmişik. Lakin qətmamə ilə iddia rədd edimişdir. Hazırda cavabdeh özbaşına olaraq anama məxsus torpaq sahəsində tikilmiş evdə yaşayır. Bu səbəbdən də həmin zəbt olunmuş hissənin dəqiqləşdirilərək cavabdehdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını tələb edirik. İddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı öz həyat yoldaşından ayrıldıqdan sonra Nehrəm qəsəbəsində əvvəllər atasının istifadəsində olmuş torpaqda atasının dəstəyi ilə ev tikib, 1989-cu ildən həmin torpaqda evin tikintisini başa çatdırıb, uşaqları ilə orada yaşamağa başlayıb. Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə iddiaçının üzərində ev tikdiyi Nehrəm qəsəbəsində yerləşən 0,13 hektar torpaq sahəsi onun mülkiyyətinə verilib. İddiaçı öz yoldaşından boşandığından, atası onun tənha yaşamaması üçün həmin evdə qardaşı ilə birlikdə yaşamasını məsləhət bilib. Bir ev vahid şəkildə iki mərtəbədə tikilib, bir hissəsində iddiaçı, bir hissəsində cavabdeh yaşayıb. Belə olanda iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən ana yola çıxışı məhdudlaşıb. Cavabdeh sənədlə ona məxsus torpağın aşağı hissəsindən 3 metr enində iddiaçıya ana yola çıxış üçün yer verib, lakin daha sonra iddiaçının torpaq sahəsindən ana yola çıxış hissəsinə öz yaşadığı tərəfdən mane olaraq, onun mərkəzi yola olan çıxışını bağlayıb. Bunun əvəzində sənədlə atasına məxsus miras torpaq sahəsinin ərazisindən 3 metr enində iddiaçıya ana yola çıxış verib. İddiaçı isə həmin yolun genişlənməsini və 5 metrə çatdırılmasını təklif edib. Qardaşı isə bununla razılaşmadığından məhkəməyə müraciət etməli olmuşuq. Cavabdeh şəhadətnamə ilə iddiaçıya məxsus olan torpaq sahəsindən çıxarılsa iddiaçı ana yola rahat çıxış əldə edir. Bu səbəbdən də iddiaçı cavabdeh tərəfindən zəbt olunan hissənin alınaraq özünə qaytarılmasını xahiş edir. Hazırda torpaq sahəsinin həmin hissəsində cavabdehin bir hissəsində yaşadığı ev yerləşir. İddiaçının mülkiyyət hüququnun təmini üçün həmin torpaq sahəsinin boşaldılması şərtdir. İddiaçının və nümayəndəsinin izahatları nəzərə alınmaqla iddianın təmin olunmasını məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 0.14 ha torpaq sahəsi JN-356C nömrəli şəhadətnamə ilə Aqrar İslahat Komissiyasının qərarı əsasında 1999-cu ildə atam Hüseynov Hüseyn və anam Hüseynova Zeynəbxatına verilib. Atam 2004, anam isə 2006-cı ildə vəfat ediblər. Onlar vəfat etdikdən sonra həmin torpaq sahəsi vərəsələrin razılığı əsasında mənim mülkiyyətimə keçib. Bu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıb və mənim adıma çıxarış verilib. Sözügedən vərəsəlik şəhadətnaməsinin qanuniliyi iddiaçı tərəfindən mübahisələndirilsə də iddiaları təmin olunmayıb. Bizim Nehrəmdə yerləşən köhnə evimiz balaca olduğu üçün atam həmin qonşu torpaq sahələrində ev tikmək qərarına gəlmişdi, məqsədi ev hazır olduqdan sonra məni ailəmlə həmin evə köçürmək idi. Həmin vaxt iddiaçı da boşanıb gəlmişdi, atam belə məsləhət gördü ki, biz ikimiz həmin evə köçüb yaşayaq, özü isə köhnə evdə qalsın. O deyirdi ki, mən köhnə məhəllənin insanına öyrəşmişəm, yeni tikilən evin qonşuluğunda olan insanları isə tanımıram, gedib orada kiminlə oturub duracam, ən yaxşısı qardaş olaraq mənim bacımın ətrafnda yaşamağımd. 1984-cü ildə həmin ev tikilməyə başlayıb və 1988-ci ildə bacım və mən oraya köçmüşük. Atam evin iki otağını mənə, iki otağını isə bacıma verdi və həmin vaxtdan etibarən indiyə qədər evin bir tərəfində mən, digər tərəfində isə iddiaçı ailəsi ilə birlikdə yaşamışıq. Həmin ev atam, anam, iddiaçıdan başqa iki bacım və mənim gəlirim hesabına tikilib. Belə ki, atam qarovul işləyir, həmçinin pensiya alırdı. Anam da həmçinin pensiya alırdı. Bacılarım isə hektarlarla bağ becərirdi və yaxşı gəlirləri var idi. Bunun əksinə iddiaçı isə 1987-ci ildən əmək qabiliyyətini itirmişdi və pensiyaçı idi. Necə ola bilərdi ki, biz 5 nəfər ailə üzvü olaraq o evi çətinliklə başa gətirdiyimiz halda iddiaçı iki uşağa baxa-baxa həm də işləyib ev tikə bilirdi. Mən özüm ev tikilməyə başlanmazdan əvvəl 2 il Moskva şəhərində əsgərlikdə olmuşam, daha sonra Bakı şəhərində 1 il yaşayıb işlədikdən sonra Nehrəm kəndinə qayıtmışam. Həmin vaxtdan etibarən də işləyib əmək haqqı almışam. Hazırki 356C nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahəsi hələ 1980-ci ildən bizim istifadəmizdə qanuni istifadəmizdə olmuşdur, iddiaçının torpaq sahəsi isə zəbt olunmuş torpaq kimi 1999-cu ildə adına rəsmiləşdirilmişdir. Buna görə də iddiaçıya çöl torpağı verilməmişdir. Torpaqların faktiki istifadə olunduğu vəziyyətin sənədlərlə uyğun gəlməməsini 2007-ci ildə öz torpaq sahəmi adıma rəsmiləşdirərkən də bilməmişəm, çünki həmin vaxt torpaqlar Torpaq Komitəsi tərəfindən yerində ölçmələr aparılmadan atamın adına verilmiş şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Əslində həmin vaxt ölçmə aparılsaydı problem həmin vaxtdan öz həllini tapa bilərdi. Bunun da əsas səbəbi çıxarışın Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin Babək rayon şöbəsi tərəfindən deyil, Naxçıvan şəhər şöbəsi tərəfindən verilməsi idi. Son zamanlara qədər hər kəs öz torpağından qanuni torpağı kimi istifadə etmişdir. Buna görə də nə iddiaçı sənədlə mənə düşən torpaqda nəvəsinə ev tikəndə mənim razılığımı almış, nə də mən evimdə təmiryaxşılaşdırma apararkən evin öz torpağımda yerləşmədiyini düşünmüşəm. Mən faktiki olaraq istifadə etdiyim torpağın aşağısından Fatmaya mərkəz yola çıxış üçün 3 metr yer vermişəm. Son vaxtlar iddiaçı öz istifadəsində olan torpağın bir hissəsini qızının kürəkəninə vermiş, onlar isə orada ev tikməyə başlamışlar, bütün problemlər isə buradan qaynaqlanmışdır. Belə ki, iddiaçı illərdir istifadə etdiyi yolun azlıq etdiyini bildirərək məndən 6 metr yol tələb edir. Mən isə əvvəlcədən hər kəsin torpaq sahəsinin ölçülüb artıq qalmış hissənin isə yolun hesabına alınmasını bildirmişəm, lakin iddiaçı bununla razılaşmayıb. İddia zəbt olunmuş torpaq sahəsinin boşaldılması ilə bağlıdır, lakin mən heç kimin torpaq sahəsini zəbt etməmişəm. 1984-1987-ci illərdə həmin torpaqda ev tikilərkən hələ heç kimin torpaq sahəsinin sərhədləri bəlli deyildi. Həmin sərhədlər 1999-cu ildə islahat zamanı bəlli olmuşdur. Bu səbəbdən də iddianı qəbul etmirəm və rədd olunmasını məhkəmədən xahiş edirəm. İddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1906A nömrəli, 10300058 kodlu şəhadətnamədən belə məlum olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 saylı qərarı ilə 0.13 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə əlavə olunmuş torpaq sahəsinin plan və ölçüsündən belə məlum olur ki, torpaq sahəsinin sərhəd qonşularına sözügedən mübahisəli JN- 356C nömrəli şəhadətnamə ilə X5 verilmiş torpaq sahəsi də daxildir. İddiaçıya məxsus JN-1906A nömrəli torpaq sahəsinin isə plan-sxemə əsasən gediş-gəliş yeri kimi yola çıxışı mövcuddur. İş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 356C nömrəli, 10300058 kodlu şəhadətnamədən belə məlum olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr, 1999-cu il tarixli, 81 saylı qərarı ilə 0.14 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə əlavə olunmuş torpaq sahəsinin plan və ölçüsündən belə məlum olur ki, torpaq sahəsinin sərhəd qonşularına JN-1906A nömrəli şəhadətnamə ilə İddiaçı verilmiş torpaq sahəsi də daxildir. Cavabdehə məxsus JN- 356C nömrəli torpaq sahəsinin də plan-sxemə əsasən gediş-gəliş yeri kimi yola çıxışı mövcuddur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan Babək rayonu Nehrəm kəndində yerləşən 1413.9 kv.m yaşayış məntəqəsi torpağının xx.xx.2007-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356C nömrəli şəhadətnamə və Babək DNK-nın 24 iyul 2007-ci il tarixli, 2Vİ-56 qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 23 avqust 1950-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı atası X6, anası isə X1r. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Naxçıvan MR DƏDRXnin sektor müdiri O.Məmmədov, Xidmətin Babək rayon İdarəsinin baş məsləhətçisi E.Abdullayev, Babək rayon Nehrəm qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəsi R. İbrahimli, Nehrəm qəsəbə bələdiyyəsinin sədri C.Həsənov və İddiaçı iştirakı ilə tərtib olunmuş aktda qeyd olunmuşdur ki, mübahisəli torpaq sahələrinə baxış nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı 1906A kadastr nömrəsi ilə 1346 kv.m, X6 isə 356C kadastr nömrəsi ilə 1413 kv.m torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamələr verilmişdir. Lakin hər iki tərəf torpaq sahəsindən dəyişiklik edərək istifadə edir. Bu səbəbdən də İddiaçı 356C nömrəli torpaq sahəsində 2019-cu ildə yaşayış binası tikmişdir. Dəqiqləşmə zamanı isə naturada istifadə edilən vəziyyətdə torpaq sahələri plana alınmışdır. Hər iki tərəfə naturada istifadə olunan vəziyyətə uyğun sənədləşmə aparılması tövsiyyə olunmuş, lakin yol məsələsi mübahisə doğurduğundan əks tərəf sənədləşmədən imtina etmişdir. Babək rayon Nehrəm qəsəbə inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan müəyyən olunur ki, hər iki tərəf Babək rayon Nehrəm qəsəbəsində yaşayır. Babək Rayon Məhkəməsinin 2(079)-349/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və Babək rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ondan doğan hüquqi nəticələrin ləğvi tələbinə dair iddiası rədd edilmiş, sözügedən qətnamə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-130/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mütəxəssis tərəfindən verilmiş rəydə bildirilmişdir ki, Nehrəm qəsəbəsində torpaq islahatı aparılan zaman Babək rayon AİK-nın 27 sentyabr 1999-cu il tarixli 81 saylı qərarı ilə JN-356C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 mülkiyyətinə 14.1.89 kv.m, İddiaçı mülkiyyətinə isə 1346.92 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin dövrdə həyətyanı torpaq sahələri plana alınan zaman mülkiyyətin sərhəd xətti şimal qərbdən cənub şərqə doğru bölünmüş, lakin mülkiyyətçilər haliyyədə həmin sərhəd xəttini pozaraq şimal şərqdən cənub qərbə doğru bölgü aparmış və istifadə edirlər. Faktiki olaraq hər iki torpaq sahəsində fərdi yaşayış evi mövcud olduğundan torpaq islahatı zamanı uçota alınmış sərhədlərin naturaya köçürülməsi mümkünsüzdür. Faktiki olaraq İddiaçı 1389.23 kv.m torpaq sahəsindən (yol daxil olmaqla), Cavabdeh isə 1242.45 kv.m torpaq sahəsindən istifadə edir. Hər iki mülkiyyətçiyə qanunvericiliyin tələbləri izah olunsa da aralarında razılaşma olmadığından mübahisə yaranmışdır. Həmçinin mütəxəssis tərəfindən tərəflərin mülkiyyətinə müvafiq qərarla verilmiş torpaq sahələrinin plan-sxemi və faktiki istifadə etdikləri vəziyyətə uyğun olaraq tərtib edilmiş plan-sxem mütəxəssisin yazılı izahatına əlavə olunmuşdur. Babək rayon Nehrəm bələdiyyəsi tərəfindən cavabdehə verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi 4932, qeydiyyat tarixi xx.xx.2007-ci il olan 1413.90 m2 olan torpaq sahəsində 12x9=108 m2 yaşayış sahəsinə malik ev vardır. Mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilərək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 08 avqust 2007-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Nehrəm kəndində yerləşən və Cavabdeh xüsusi mülkiyyətində olan 1413.90 kv.m torpaq sahəsinin sərhədlərinin AA seriyalı 001112 nömrəli, 03 avqust 2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən ölçülərə uyğun gəlib-gəlməməsi, əgər həmin torpaq sahəsinin sərhədləri qeyd edilən sənəddə olan sərhəd ölçülərinə uyğun gəlmirsə, bu uyğunsuzluğun İddiaçı mülkiyyətində olan 0.13 hektar torpaq sahəsinin hansı sərhəd hissəsinə aid olması və qeyd edilən torpaq sahəsinin ümumi ölçüsünə münasibətdə nə qədər (metr və kvadrat metrlə) olmasına dair ekspert qarşısında suallar qoyulmuşdur. Ekspert xx.xx.2022-ci il tarixli, 154 nömrəli rəyində belə nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestri Xidmətinin sədr müavini N.Nəcəfalıyevin imzası ilə təsdiq edilmiş 07 oktyabr 2022-ci il tarixli 14/100 saylı məktubuna eləcə də mülki iş materiallarında olan məlumatlara əsasən Nehrəm kəndində torpaq islahatı aparılan zaman Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli 81 nömrəli qərarı əsasında JN-1906A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə 1346,9 m2 həyətyanı torpaq sahəsi, eləcə də 24 iyul 2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə JN-356C “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0,14 ha həyətyanı torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin həyətyanı torpaq sahəsinin şimalşərq istiqamətində uçota alınmış, 1906A kadastr nömrəli torpaq sahəsi və 356C kadastr nömrəli qonşu torpaq sahəsi ilə sərhəd xətti şərti qəbul olunduğundan (hasar, çəpər və ya metal çəpər olmadan) faktiki istifadə vəziyyəti ilə sənəddəki məkan göstəriciləri arasında uygunsuzluğun olduğu və həmin uyğunsuzluğun tərəflərə bir-birinə münasibətdə hansı hissədə olmasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Sənəd üzrə ümumilikdə 2760,8 m2 torpaq sahəsi (hər iki mülkiyyətçiyə) mülkiyyətə verilsə də, faktiki olaraq 2631,7 m2 həyətyanı torpaq sahəsindən istifadə olunduğu müəyyən edilmişdir. Ekspert rəyin tədqiqi hissəsində qeyd etmişdir ki, tədqiq olunan həyətyanı sahəyə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Reyestri Xidmətinin Babək rayon İdarəsinin mütəxəssisi ilə birgə baxış keçirilən zamanı müşahidə olunmuşdur ki, həyətyanı sahəsində uzunluğu təqribən 24.45 metr, eni isə 8.60 metr ölçülərdə yarı kürsülü olan bir mərtəbəli və onun önündə isə tikintisi başa çatmamış fərdi yaşayış evi (tərəflərin baxışda dediklərinə əsasən) və müxtəlif təyinatlı köməkçi tikililər yerləşir. Həmin həyətyanı torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri (evləri) ilə, bir tərəfdən isə küçə yolu ilə əhatə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, hazırda həmin yarı kürsülü olan bir mərtəbəli fərdi yaşayış evinin bir hissəsində iddiaçı, digər hissəsində isə cavabdeh yaşayır. Həmin fərdi yaşayış evinə tədqiq olunan həyətyanı sahədən iki hissəli ayrı-ayrılıqda giriş-çıxış yolları vardır. Həmin giriş-çıxış qapıları həyətyanı sahənin yuxarı və aşağı hissələrində yerləşir. Mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert xx.xx.2023-cü il tarixli, 04 nömrəli rəydə ilkin tədqiqatı rəyin tədqiqi hissəsində təkrar qeyd edərək eyni nəticəyə gəlmiş, əlavə olaraq bildirmişdir ki, ərazidə mövcud olan fərdi yaşayış evi JN-356C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Cavabdeh mülkiyyətində olan 1413,9 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşsə də, tikilinin 108.7 m2 hissəsindən Cavabdeh, 107,1 m2 hissəsindən isə İddiaçı istifadə etdiyi müəyyən edilmişdir. Bundan sonra məhkəmə iclasında iddiaçı tərəf vəsatətlə müraciət edərək mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmiş, vəsatətdə iddiaçı tərəfin bildirdiyinə görə əlavə tikintitexniki ekspertizasının təyin olunmasına baxmayaraq ekspertin mübahisəli əmlaka gəlmədiyini, əlavə tədqiqat aparmadığını, ilkin rəydə istinad olunan halların təkrarlanaraq əsassız olaraq rəyin verilməsinin mümkünsüzlüyü nəticəsinə gəldiyini, ümumi torpaq sahəsində mövcud olan azalma və tərəflərin faktiki istifadə etdiyi vəziyyət nəzərə alınaraq rəy verilməli olduğunu, rəydə səhv olaraq fərdi yaşayış evinin Cavabdeh məxsus torpaq sahəsində yerləşdiyi qeyd olunsa da həmin yaşayış evinin 1906A nömrəli torpağın mülkiyyət şəhadətnaməsinə əsasən İddiaçı verilmiş torpaq sahəsində yerləşdiyini bildirmiş, bu kimi səbəblərdən rəyin əsassız olduğu nəzərə alınmaqla təkrar tikinti-texniki ekspertizanın keçirilməsi və ekspertizanın aparılmasının başqa ekspertə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə ekspertin rəy verərkən əsaslandığı sübut Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun qeyri-mötəbərliyini, ekspert rəyinin yalnız həmin sübuta əsaslanmaqla kifayət qədər əsaslandırılmadığını nəzərə alaraq mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticəsi bundan ibarət olmuşdur ki, Nehrəm kəndində torpaq islahatı aparılan zaman Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli 81 nömrəli qərarı əsasında JN-1906A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə 1346.9 m2 torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin şimal-qərb istiqamətində yerləşən 356C kadastr nömrəli qonşu torpaq sahəsi ilə şərhəd xətti şərti olaraq (hasar, çəpər və ya metal çəpər olmadan) qeyd olunmuşdur. Fərdi yaşayış evi JN-356C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Cavabdeh mülkiyyətində olan 1413.9 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşsə də, tikilinin 108.7 m2 hissəsindən Cavabdeh, 107.1 m2 hissəsindən isə İddiaçı istifadə etdiyi müəyyən olunur. Müvafiq qərara əsasən JN- 356C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X3 mülkiyyətinə 1413.9 m2 həyətyanı torpaq sahəsi verilmişdir. Babək rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2v-56 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında 0.14 ha torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmış xx.xx.2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestri Xidməti tərəfindən çıxarış ona təqdim edilmişdir. Sənəd üzrə ümumilikdə 2760 m2 torpaq sahəsi (hər iki mülkiyyətçiyə) verilsə də, faktiki olaraq 2631.7 m2 torpaq sahəsindən istifadə edilir. Beləliklə mülki işin müəyyən olunmuş halları bundan ibarətdir ki, tərəflərin birgə əməyi hesabına 1980-ci illərdə faktiki istifadələrində olmuş torpaq sahələrində uzunluğu 24.45 metr, eni isə 8.60 metr ölçülərdə olan bir mərtəbəli ev tikilmişdir. Aralarında olan razılığa əsasən evin bir tərəfində iddiaçı, bir tərəfində isə cavabdeh yaşamışdır. Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr, 1999-cu il tarixli, 81 saylı qərarları ilə 0.14 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi X3 mülkiyyətinə, 0.13 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi isə İddiaçı mülkiyyətinə verilmiş və torpaqların sərhədləri qərarlara əlavə olunmuş planölçülərlə həmin vaxt müəyyən olunmuşdur. Bunun nəticəsində sözügedən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşmişdir. Cavabdeh xx.xx.2007-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356C nömrəli şəhadətnamə və Babək DNK-nın 24 iyul 2007-ci il tarixli, 2Vİ- 56 qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X3 torpağına mülkiyyət hüququ əldə etmiş və bu Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla təsdiq olunmuşdur. Bu zaman sözügedən çıxarış torpaq sahələri üzrə yerində ölçmələr aparılmadan müvafiq sənədlər əsasında verildiyindən tərəflər sözügedən halı son zamanlara qədər bilməmiş, hər bir tərəf faktiki istifadə etdiyi torpaq sahələrindən mülkiyyəti kimi maneəsiz istifadə etmişdir. Bunun nəticəsidir ki, iddiaçı tərəf 2019-cu ildə çıxarışla cavabdehin mülkiyyətində olan torpaq sahəsində yeni yaşayış evi inşa etmiş, cavabdeh tərəf isə əvvəlcədən tikilmiş yaşayış evinin öz yaşadığı hissəsini yaxşlaşdırmışdır. Hazırda iddiaçı tərəf ana yola çıxış əldə edə bilmədiyindən iddiaçı JN - 1906A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus olan 0.13 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsinin dəqiqləşdirilməklə Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə sözügedən halların müəyyən olunması zamanı iddiaçının nümayəndəsinin evin anası tərəfindən tək inşa olunması ilə bağlı dəlillərini inandırıcı hesab etməmişdir. Sözügedən halın təsdiqi ilə bağlı iddiaçı və ya nümayəndələri tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bununla belə sözügedən evin atalarının dəstəyi ilə tərəflərin hər ikisinin əməyi hesabına inşa olunması iddiaçının özünün verdiyi izahatla təsdiqini tapmışdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Azərbaycan Resspublikası Mülki Məcəlləsinin aşağıda qeyd olunan normalarını qeyd etməyi məhkəmə zəruri hesab edir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan işdə mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. Məhkəmə ekspert rəylərində fərdi yaşayış evinin JN-356C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Cavabdeh mülkiyyətində olan 1413.9 m2 torpaq sahəsinin daxilində yerləşməsi ilə bağlı mövqeyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini tərəfindən imzalanmış məktublarda buraxılmış səhvliklə əlaqədar olduğunu yerində müayinə və mütəxəssis tərəfindən verilmiş yazılı izahatlarla müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, sözügedən işdə cavabdeh tikilini inşa edərkən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmin tikili inşa olunduqdan 10 il sonra tikilinin inşa olunduğu torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Belə olan halda sözügedən torpaqdan istifadə hüququna etimad etməklə tikili inşa və ondan istifadə edən şəxsin hərəkətləri hazırki mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Tərəflər cavabdehin tikili inşa edib yaşadığı torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını bildikdən sonra bunu mübahisələndirməmiş, iddiaçı isə bunun davamı olaraq cavabdehin mülkiyyətində olan torpaqda yeni tikili inşa etmişdir. Tərəflər bunu qəbul etmiş, gələcəkdə torpaq sahələrinin plan-ölçülərini faktiki istifadə etdikləri vəziyyətə uyğunlaşdırmağı planlamış, aralarında gediş-gəliş yolu ilə bağlı mübahisə çıxdıqda iddiaçı cavabdehin zəbt etdiyini iddia etdiyi torpaq sahəsinin cavabdehdən alınıb özünə qaytarılmasını tələb etmişdir. Belə olan halda mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, müvafiq rəftar və şəraitə güvənərək tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir. Çünki, sözügedən tikilinin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Məhkəmə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasının təmini üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edərək tərəflərin hər birinin mülkiyyətində olan torpaq sahəsində digərinin inşa etdiyi tikilinin olduğunu nəzərə alaraq müvafiq əvəzləşdirmənin tətbiq edilməsini təklif etmiş, lakin işdə iştirak edən şəxslər həmin prosessual imkandan yararlanmamış, iddiaçı tərəf iddianın təmin olunmasında israrını davam etdirmiş, cavabdeh tərəf isə belə bir iddia tələb ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə vurğulayır ki, şəxsin əvvəl yaranmış qanuna uyğun şəraitə etimad etməklə tikili inşa etdiyi halda onun çəkdiyi xərc nəzərə alınmadan, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən üzərində cavabdehin tikililəri olan torpaq sahəsinin boşaldılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Sözügedən işdə tərəflər tikilini birlikdə inşa edərkən torpaq sahələrinin sərhədləri hələ müəyyən olunmadığından iddiaçı tərəf cavabdehin onun mülkiyyətində yerləşən torpaq sahəsində tikili inşa etdiyini, cavabdeh tərəf isə başqasının mülkiyyətində yerləşən torpaq sahəsində tikili inşa etdiyini bilməmişdir. Tərəflər həmin vaxt qanuni istifadələrinə verilmiş torpaqda tikili inşa etdiklərini zənn etmiş və buna uyğun davranmışlar. İslahat zamanı torpaq sahələrinin sərhədləri müəyyən olunmuş və bunun nəticəsində sözügedən tikili yalnız iddiaçının torpaq sahəsində qalmışdır. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, iddia rədd olunmalı, iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. Həmçinin həmin məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərcinin müvafiq hesaba köçürülməsi xahiş olunmuşdur. İddia rədd olunduğundan sözügedən məhkəmə xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş cəmi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat miqdarında məhkəmə xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-2/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-2/2023
29.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver