Məhkəmə qərarları › İş №2(079)-205/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-205/2023

09.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-205/2023 09.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi 01 mart 2023-cü ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış 12 yanvar 2023-cü il tarixli, A-1334 nömrəli il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Maraqlı şəxs birgə nikahımızdan doğulmuş 01 sentyabr 2015-ci il təvəllüdlü X6 və 18 fevral 2022-ci il təvəllüdlü X7 uşaqlarla görüş qaydasının müəyyən olunmasını bildirmişdim. X1 iştirakı ilə Maraqlı şəxs ilə 12 yanvar 2023-cü il tarixdə A- 1334 nömrəli barışıq sazişi imzaladıq.Barışıq sazişinin şərtlərinə əsasən razılığa gəlmişik ki, Maraqlı şəxs mənim 01 sentyabr 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2022-ci il təvəllüdlü X9 ilə görüşməsinə etiraz etmədiyini bildirir. O, X8 ilə həftənin 6-cı günü səhər saat 10-dan axşam saat 17-dək, (eləcə də uşaqların doğum və bayram günlərində həmin saatda) görüşəcəyi razılığına gəlirlər. X2 yaşda olması ilə əlaqədar olaraq görüşün ananın iştirakı ilə etməsi ilə ananın yanında olacağı razılığına gəlirlər. Maraqlı şəxs barışıq sazişində göstərilən uşaqla görüş qaydasını yerinə yetirmir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir. Ərizəçi məhkəmədə verdiyi izahatında maraqlı şəxslə əvvəllər nikah bağlandığını, daha sonra aralarında bağlanmış nikahın pozulduğunu, bir müddət ayrı yaşadıqdan sonra yenidən ailəni bərpa etdiklərini, hazırda isə ayrı yaşasalar da aralarında bağlanmış nikahın pozulmadığını, birgə nikahlarından iki uşaq dünyaya gəldiyini, məhkəmə qətnaməsi əsasında onların saxlanılması üçün aliment müəyyən edildiyini, bundan başqa uşaqlarla ünsiyyət saxlamaq üçün mediasiya prosesində razılıq əldə etdiklərini, lakin övladları ilə görüşə bilmədiyini, belə ki, maraqlı şəxsin uşağın təhsil aldığı məktəbi dəyişdirdiyini, övladını ona qarşı öyrətdiyini, balaca uşağı ilə isə görüşmək üçün gedəndə o, ağlayan zaman dərhal uşağı ondan aldığını, barışıq sazişində əhatəli yazılmasa da uşaqları ilə iş günü hesab edilməyən bayram günlərində görüşmək istədiyini, çünki onu dərsdən yayındırmaq niyyəti olmadığını, həmçinin iki gün və daha çox qeyd edilən bayram günlərinin birinci günü uşaqları ilə görüşmək istədiyini, balaca övladı ilə isə anasının iştirakı ilə görüşməyi razılaşalar da, görüş yerini müəyyən edilmədiyini, bunun da maraqlı şəxsin istəyinə uyğun ola biləcəyini bildirmişdi. Maraqlı şəxs məhkəmədə verdiyi izahatında ərizəçi ilə hazırda nikahda olduğunu, aralarında bağlanmış nikah pozulmasa da, hazırda ayrı yaşadıqlarını, onunla birgə nikahlarından olan uşaqların saxlanılması üçün ərizəçidən aliment tutulmasının müəyyən edildiyini, həmçinin aralarında uşaqların ərizəçi ilə görüşməsi ilə bağlı mediasiya prosesində razılıq əldə edildiyini, bundan sonra Ruhaninin həmin saziş əsasında uşaqları ilə görüşməsi üçün 2-3 dəfə onlara gəldiyini, lakin oğlunun onunla görüşmək üçün getmədiyini, buna səbəb isə ərizəçinin əvvəldən oğluna qarşı soyuq münasibət bəsləməsi olduğunu, oğlunun əvvəllər atasını “ey” deyə çağırdığını, lakin özünün onunla bir müddət bu barədə söhbət etməsindən sonra Ruhaniyə ata dediyini, barışıq sazişində əhatəli yazılmasa da ərizəçinin uşaqlarla iş günü hesab edilməyən bayram günlərində görüşmək istədiyini, çünki oğlunun məktəbli olduğunu, həmçinin Ərizəçi iki gün və daha çox qeyd edilən bayram günlərinin birinci günü uşaqları ilə görüşməsinə etiraz etmədiyini, balaca övladının isə bir yaşı olduğundan özünün iştirakı ilə görüşməyi razılaşdıqlarını, barışıq sazişində görüş yerini müəyyən edilməsə də, bunu öz evində həyata keçirmək istədiyini qeyd etmişdi. Mülki işin materiallarını tədqiq edən məhkəmə tərəflər arasında 20 sentyabr 2021-ci il tarixdə nikah bağlanmasını, onların birgə nikahından X8 və X7 anadan olmasını, tərəflərin hazırda ayrı yaşamasını və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə maraqlı şəxsin yanında qalmasını, tərəflər arasında 12 yanvar 2023-cü ildə mediasiya prosesi zamanı onların birgə nikahlarında olan uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi barədə barışıq sazişi bağlanmasını müəyyən edir. Bu faktlar aşağıdakılarla təsdiq olunur: - ərizəyə əlavə olunmuş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli, AZ-İİ seriyalı, 214673 nömrəli akt qeydindən çıxarışdan Ərizəçi ilə Maraqlı şəxs arasında 20 sentyabr 2021-ci il tarixdə nikah bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeyd edilməsi; - ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 28 fevral 2023-cü il tarixli, AZ-İİİ seriyalı, 535188 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 01 sentyabr 2015-ci il tarixdə X8 adlı övladının dünyaya gəlməsi; - ərizəyə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 28 fevral 2023-cü il tarixli, AZ-İV seriyalı, 630584 nömrəli akt qeydindən çıxarışdan tərəflərin 18 fevral 2022-ci il tarixdə X9 adlı övladının dünyaya gəlməsi; -ərizəçinin müraciətindən və barışıq sazişinin mahiyyətindən, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdikləri izahatlardan onların ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anasının yanında qalması; -ərizəyə əlavə edilən X3 12 yanvar 2023-cü il tarixli, A-1334 nömrəli barışıq sazişinin təsdiq edilmiş surətindən Ərizəçi Maraqlı şəxs uşaqlarla ünsiyyət qaydasının müəyyən etməsi ilə bağlı müraciət etməsi və onlar arasında həmin müraciətlə bağlı barışı sazişinin imzalanması aydın olur. Ərizəçinin tələbi isə Maraqlı şəxs arasında mediasiya prosesi zamanı bağlanmış 12 yanvar 2023-cü il tarixli, A-1334 nömrəli barışıq sazişinin təsdiq edilməsindən ibarətdir. O, bunu Maraqlı şəxs barışıq sazişində göstərilən uşaqla görüş qaydasını yerinə yetirməməsi ilə əsaslandırmışdı. Ərizəçinin tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilkin olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ərizəyə əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli, A-1334 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi (saziş üzrə birinci tərəf) ilə Maraqlı şəxs (saziş üzrə ikinci tərəf) arasında onların birgə nikahından olan uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdı: “İkinci tərəf’ “birinci tərəf” ilə birgə nikahdan doğulmuş övladları 01 sentyabr 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2022-ci il təvəllüdlü X9 ilə görüşməsinə etiraz etmədiyini bildirir. X8 ilə həftənin 6-cı günü səhər saat 10-dan axşam saat 17-dək (eləcə də uşaqların doğum və bayram günlərində həmin saatda) görüşəcəyi razılığına gəlirlər. X2 yaşda olması ilə əlaqədar olaraq görüşün ananın iştirakı ilə etməsi ilə ananın yanında olacağı razılığına gəlirlər. Hazırki mübahisə üzrə ərizəçi barışıq sazişinin şərtlərinə əməl etməsinə dair sübut etmə vəzifəsi Maraqlı şəxs üzərinə düşsə də o, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində qeyd edilir ki, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Sözü gedən Qanunun 33.1-ci maddəsi ilə müəyyən edilir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələbinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi qanunvericilik mediasiya prosesi zamanı tərəflər arasında bağlanmış barışıq sazişinin icrasını məcburi xarakter daşımasını müəyyən etmişdi. Lakin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsində göstərilir ki, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilir ki, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması əsasları öz əksini tapmışdı. Həmin normaya görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Tərəflər arasında bağlanılan barışıq sazişinin qanununuliyini yuxarıda qeyd edilən əsaslar üzrə yoxlayan məhkəmə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın tələbinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyir, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir (7-ci maddənin birinci bəndi və 9-cu maddənin 3-cü bəndi) . Ailə qanunvericiliyinə normalarına görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həllində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Bu norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61-ci maddəsində əks olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Həmin Qanununun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bundan əlavə qeyd edilən Qanununun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Yuxarıda qeyd olunan Qanunun 18-ci maddəsində isə qeyd olunur ki, valideynlərin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ var. Həmin Qanunun 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi qanunvericilik uşaqla ayrı yaşayan valideynin uşaqla ünsiyyət saxlaması istisna etmir, əksinə bunu hüquq kimi müəyyən edir. Bu səbəb də mübahisə iştirakçıları arasında bağlanmış barışıq sazişini məhkəmə qanuna zidd hesab etmir. Buna görə də məhkəmə barışıq sazişinin bağlanmasından sonra könüllü icra müddətində icra edilmədiyini, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsasların mövcud olmadığını, barışıq sazişinin qanuna zidd olmadığını, uşaqların mənafeyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizə əsaslı sayılmalıdır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə ərizə əsaslı olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli; -Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 12 yanvar 2023-cü il tarixli, A-1334 nömrəli barışıq sazişi təsdiq edilməli; - Ərizəçi 01 sentyabr 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2022-ci il təvəllüdlü X9 ünsiyyət imkanı verilməli və ünsiyyət görüş formasında həyata keçirilməli; - görüş hər həftənin şənbə günü, eləcə də uşaqların doğum günü, qeyri-iş günü hesab edilən dini və rəsmi bayram günlərində, həmçinin iki və daha çox bayram günü kimi qeyd edilən və qeyri-iş günü hesab edilən bayram günlərinin birinci günü saat 1000-dan saat 1700-dək müəyyən edilməli; - X2 yaşda olması ilə əlaqədar olaraq görüş Maraqlı şəxs iştirakı ilə onun yanında və yaşadığı yerdə həyata keçirilməli; - Ərizəçi 01 sentyabr 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2022-ci il təvəllüdlü X9 ilə görüşüb ünsiyyətdə olması Maraqlı şəxs tərəfindən təmin olunmalı; -Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 12 yanvar 2023-cü il tarixli, A-1334 nömrəli barışıq sazişi təsdiq edişin. Ərizəçi 01 sentyabr 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2022-ci il təvəllüdlü X9 ünsiyyət imkanı verilsin və ünsiyyət görüş formasında həyata keçirilsin. görüş hər həftənin şənbə günü, eləcə də uşaqların doğum günü, qeyri-iş günü hesab edilən dini və rəsmi bayram günlərində, həmçinin iki və daha çox bayram günü kimi qeyd edilən və qeyri-iş günü hesab edilən bayram günlərinin birinci günü saat 1000-dan saat 1700-dək müəyyən edilsin. X2 yaşda olması ilə əlaqədar olaraq görüş Maraqlı şəxs iştirakı ilə onun yanında və yaşadığı yerdə həyata keçirilsin. Ərizəçi 01 sentyabr 2015-ci il təvəllüdlü X8 və 18 fevral 2022-ci il təvəllüdlü X9 ilə görüşüb ünsiyyətdə olması Maraqlı şəxs tərəfindən təmin olunsun. Ərizəçi tərəfindən ərizə verildiyi vaxt ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar