Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-207/2023 02.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: “01” mart 2022-ci ildə Babək Rayon Məhkəməsinə Ərizəçi 27 yanvar 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə ərizəçiyə bildirir ki, məhkəməyə ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri prosessual qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib ilk olaraq qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizələrə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305 və 307-ci maddələrinə əsasən xüsusi icraat qaydasında baxılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydası isə qeyd edilən Məcəllənin 307-311-ci maddələri ilə tənzimlənir ki, yalnız aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olduqda hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələr icraata qəbul edilməlidir: - məhkəmə tərəfindən müəyyən edilməsi istənilən bu fakt fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə əsas verməli; - bununla bağlı hüquq haqqında mübahisə olmamalı; - ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli; -qanunvericilikdə bu hüquqi faktın müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri daxilində yoxlayan məhkəmə qeyd edir ki, Ərizəçi 27 yanvar 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Belə ki, birinci şərtin mövcudluğunun yoxlanılması bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 1.6-cı bəndində də qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi ərizəsində 27 yanvar 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan X1 ölüm faktının müəyyən edilməsinin torpaq sahəsi üzərində olan hüquqlarını həyata keçirə bilməməsi əsaslandırıb. Ərizəyə əlavə edilmiş JN seriyalı 503A nömrəli, 10308038 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Babək rayonu, Zeynəddin kəndində yerləşən 0.12 hektar torpaq sahəsi Babək Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli qərarı ilə Ərizəçi, Maraqlı şəxs2, X2 (ərizəçinin tələbinə qeyd edilənlərini nəzərə aldıqda onun ölümündən üç il sonra) və Maraqlı şəxs3 ümumi mülkiyyətinə verilmişdi. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -215.5-ci maddəsi ilə müəyyən edilir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -215.6-cı maddəsinə görə isə paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Qanunvericiliyin mahiyyətindən görünür ki, ümumi mülkiyyətdə olan əmlaka bütövlükdə sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə məhdudlaşdığı halda, paylı mülkiyyətçinin iştirakçısının öz payına dair sərəncam verməsi məhdudlaşmayıb. Ərizəçi isə torpaq sahəsi üzərində hüquqlarını həyata keçirə bilmədiyi qeyd etsə də, o hazırki vəziyyətdə bunun nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim etməyib. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 1.3-ci bəndində göstərilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Sonuncu qeyd edilən prosessual hüquq normasının tələbindən çıxış edən məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, onun ərizəsinin məzmunun qanunvericiliyin tələbinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizəçi ərizəsində maraqlı şəxs kimi Maraqlı şəxs3, onun yaşayış yeri kimi isə Babək rayonu, Zeynəddin kəndi kimi qeyd etsə də, bunu təsdiq edəcək sənədi ərizəyə əlavə edilməmişdi. Elektron Məhkəmə İnformasiya Sisteminin sorğular bölməsindən isə Maraqlı şəxs3 məxsus və aktiv olan şəxsiyyət məlumatları aşkar edilmir. Həmçinin o, ərizəsində özünə və maraqlı şəxslərə aid telefon nömrələrini də göstərməyib. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilir . Yuxarıda qeyd edilənlər isə Ərizəçi ərizənin məzmununa dair qanunvericiliyin tələblərinə əməl etməyini göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1 və 152.1.2-ci maddələrinin tələbinə görə əgər iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmçinin iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 27 yanvar 2023-cü il tarixli, 19880 (GPP nömrəsi **********) nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizəçi 27 yanvar 1995-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 27 yanvar 2023-cü il tarixli, 19880 (GPP nömrəsi **********) nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-207/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-207/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver