Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-229/2025 26.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, Ərizəçi şəxsin (qardaşı X10) vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “18” fevral 2025-ci ildə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum qardaşı Naxçıvan MR, Babək rayonu, Payız kəndində doğulmuş 19 noyabr 1991-ci il təvəllüdlü X10 05 aprel 1992-ci il tarixdə vəfat etməsi və Naxçıvan MR Babək rayon Payız kənd qəbiristanlığında dəfn olunmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müraciətini əsaslandıraraq qeyd etmişdir ki, mərhum qardaşım X14 (19 noyabr 1991-ci il təvəllüdlü) 05 aprel 1992-ci il tarixdə vəfat etmiş və Naxçıvan MR Babək rayon Payız kənd Qəbiristanlığında dəfn olunmuşdur. Lakin ölümündən sonra tərəfimizdən Naxçıvan MR Babək rayon Qeydiyyat Şöbəsinə müracət edərək mərhum qardaşım X10 ölüm aktını qeydə aldırmadığımıza görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Mən hal-hazırda mərhum atam X1 miras qalmış evi vərəsəlik qaydasında adıma rəsmiləşdirmək istəyirəm. Lakin bunun üçün mərhum qardaşım X10 ölüm haqqında şəhadətnaməsi də məndən tələb olunur. Bu Babək rayonu, Payız kəndində 27 dekabr 2024-cü il tarixdə tərtib olunmuş aktla təsdiq olunmuşdur ki, mərhum qardaşım X14 05 aprel 1992-ci il tarixdə vəfat etmiş və Naxçıvan MR Babək rayon Payız kənd Qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan MR Babək rayonu, Cəhri qəsəbə X16 Hüquqi Şəxsinə müraciət etdik. Lakin Naxçıvan MR Cəhri qəsəbə X16 Hüquqi Şəxsinin 09 yanvar 2025-ci il tarixli, 030 nömrəli tibbi yoxlama haqqında arayışına əsasən mənə bildirildi ki, ’‘X4 X17nda müalicə olunmayıb və ölümü haqda məlumat yoxdur”. Mərhum qardaşım X12 ölüm haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan MR Babək rayon Qeydiyyat Şöbəsinə müraciət etdim. Lakin Naxçıvan MR Babək rayon Qeydiyyat Şöbəsinin 08 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-321/2024 nömrəli məktubuna və 08 avqust 2024-cü il tarixli, 3-16-5/8-69-332/2024 nömrəli arayışına əsasən X10 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən Naxçıvan MR Babək rayon Qeydiyyat Şöbəsinin 08 avqust 2024-cü il tarixli, 3-16-5/8-15-321/2024 nömrəli məktubunda məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Mərhum qardaşım X10 05 aprel 1992-ci il tarixdə vəfat etməsini və Naxçıvan MR Babək rayon Payız kənd Qəbiristanlığında dəfn olunmasını adları qeyd olunan şahidlər də təsdiq edə bilərlər: Naxçıvan MR, Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid1, Naxçıvan MR, Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid2. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında mərhum qardaşının 1991-ci ildə anadan olduğunu, 05 aprel 1992-ci ildə isə vəfat etdiyini, həmin vaxt özünün 2 yaşında olduğunu, bunu sonradan anasından öyrəndiyini, atasının da vəfat etdiyi üçün qardaşının doğulduğu ayı və günü bilmədiyini, atası vəfat etdikdən sonra ondan miras qalmış maşını və evi öz adına keçirmək istədiyini, lakin qardaşının adı sənədlərdə qeyd olunduğundan bunu həyata keçirə bilmədiyini, qardaşının adının Emin olduğunu, bacılarının ondan böyük olduğunu, onun qəbrinin üzərində balaca məzar daşı qoyulduğunu, bu səbəbdən də məzar daşının üzərində anadan olma və ölüm tarixinin qeyd edilmədiyini, həmin vaxtlar uşaqlara məzar daşının bu şəkildə qoyulduğunu, qardaşının anadan olma tarixini atasının bildiyini, onun isə vəfat etdiyini, anasının isə psixi xəstəliyinin olduğunu, bu səbəbdən də hadisələri xatırlamadığını, qardaşının ölüm tarixlərində məzarının ziyarət olunmadığını və hər hansı məclis təşkil olunmadığını, anasının qardaşının 04 aprel 1992-ci ildə öldüyünü dediyini, atası Şükür Heydərovun 2023-cü ilin dekabr ayında vəfat etdiyini, atasından torpaq sahəsi, ev və avtomobilin miras qaldığını, torpaq sahəsi və onun üzərindəki evin Babək rayonu, Payız kəndində yerləşdiyini, avtomobilin markasının “Chevrolet Aveo”, dövlət qeydiyyat nişanının isə **-BS-*** olduğunu, avtomobilin hazırda onun istifadəsində olduğunu, lakin atasının adına olduğu üçün istifadə edə bilmədiyini, avtomobilin texniki pasportunun qaldığını və atasının adına olduğunu, Şahid1 və Şahid2 qonşuları olduğunu, Əlinin 64, Sultanın 53 yaşının olduğunu, onların qardaşı Eminin doğulmasını və ölümünü gördüklərini, faktın müəyyən olunmasında məqsədinin atasından miras qalmış əmlakı öz adına keçirmək olduğunu, ailələrində tək oğlan özünün olduğunu və 2 bacısının olduğunu, adlarının Eminə və Roza olduğunu, onlaın hər ikisinin ailə qurduqlarını və mirasdan imtina ilə bağlı ərizə verdiklərini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçi ilə yaxın qonşu olduqlarını, aralarında bir çəpər olduğunu, həmçinin uzaqdan-uzağa qohum olduqlarını, Ərizəçi qardaşının 1992-ci ildə vəfat etməsini xatırladığını, həmin zaman 17-18 yaşında olduğunu, uşaq üçün kənd yerlərində yas mərasiminin keçirilmədiyini, uşağın ölüm səbəbini bilmədiyini, amma ölməsindən hamı kimi onların da xəbərinin olduğunu, dəfnində iştirak etmədiyini, anasının adının Çiçək, atalarının adının isə Şükür olduğunu, uşağın kənd qəbristanlığında dəfn edildiyini, Emini xatırladığını, onu sağkən bir neçə dəfə gördüyünü, ümumilikdə isə iki bacı, iki qardaş olduqlarını, onun ölümündən sonra evin tək oğlunun Məhəmməd olduğunu, bacılarının adlarının Roza və Eminə olduqlarını, hal-hazırda qonşu olduqlarını bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində ərizəçinin onun kürəkəni olduğunu, təqribi 1991-ci ildə Eminin anadan olduğunu, bir il və ya bir ildən artıq yaşadığını, 1992-ci ildə öldüyünü, iki bacısının olduğunu, uşağın atasının rəhmətə getdiyini, anasının yaşadığını, ata evlərinin qonşu olduğunu, Məhəmmədin 1985-ci ildə anadan olduğunu, ölüm səbəbini xatırlamadığını, xəstəlik keçirdiyini, uşaqda çatışmazlıq olduğunu, müalicə apardıqlarının, kənd qəbristanlığında dəfn edildiyini, həmin yaşlı uşaqlar üçün ev şəratində yas saxlanıldığını, həmin məclisdə iştirak etdiyini, öz valideynlərinin həmin zaman sağ olduqlarını bildirmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, 20 may 2025ci il tarixli 3-16-5/8-13-245/2025 nömrəli məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Babək rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Mülki işin materiallarını ərizəçinin izahatı və şahid ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə X6 ilə X15 arasında nikahın xx.xx.2015-ci ildə ləğv edilməsi, onların birgə nikahından xx.xx.1989-cu ildə Ərizəçi dünyaya gəlməsi, birgə nikahlarından xx.xx.1991-ci ildə X10 dünyaya gəlməsi, X3 xx.xx.2023-cü ildə vəfat etməsi, xx.xx.1991-ci il tarixdə doğulmuş X10 ölümünün isə qeydə alınmamasını müəyyən edir. Belə ki, ərizəyə əlavə edilən: - Cəhri kənd XDS İcrayyə komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, XİV-ЖГ seriyalı, 444592 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X6 ilə X7 birgə nikahından Ərizəçi xx.xx.1989-cu ildə dünyaya gəlməsi, bunun doğum kitabında 148 nömrə ilə qeyd edilməsi; - Cəhri kənd XDS İcrayyə komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, XV-ЖГ seriyalı, 475048 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X6 ilə X7 birgə nikahından X10 xx.xx.1991-ci ildə dünyaya gəlməsi, bunun doğum kitabında 48 nömrə ilə qeyd edilməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı, 174368 nömrəli nikhaın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X6 ilə X15 arasında nikahın xx.xx.2015-ci il tarixdə ləğv edilməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 296791 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi, bu barədə ölüm kitabında xx.xx.2023-cü il tarixdə 263 nömrə ilə qeyd aparılması müəyyən olunur. Məhkəmə iclasında tədqiq olunmuş sözügedən yazılı sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçinin hüquqi əhəmiyyətli faktın müəyyən olunmasında subyektiv hüququ mövcuddur, şəxsin vəfat etməsi faktının müəyyən olunması ərizəçinin məqsədinə müvafiq hüquqi nəticələr doğurmaqla ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə hüquqi şərait yaradacaqdır. Belə ki, faktın hüquqi əhəmiyyətini maddi hüquq normaları (mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini nizama salan normaları) və yuxarıda istinad olunan yazılı sübutların qarşılıqlı təhlili əsasında araşdırılması o nəticəyə gəlməyə imkan verir ki, mərhum X3 birinci növbə vərəsələri sırasında ərizəçi də olmuşdur və faktın təsdiq olunması onun üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Yuxarıda adı çəkilən Plenum qərarının 1.4-cü bəndinə əsasən lazmi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmçinin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Sözügedən hallar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədlər əsasında araşdırılmışdır: - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 16 nömrəli arayışdan X10 ölümü barədə “X2 avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə və “X2 Arxivində heç bir məlumatın tapılmadığı; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-28-34/2—635/2025 nömrəli məktubdan 1991-ci il təvəllüdlü X10 xx.xx.1992-ci ildə rəhmətə getməsi ilə bağlı “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən heç bir qeydiyyatın aparılmadığı və ölüm haqqında şəhadətnamənin verilmədiyi; - Naxçıvan Muxtar Respublikasının X5 Birliyi Babək Rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-92-14/86 nömrəli məktubundan Babək rayon Payız kənd sakini 19 noyabr 1991-ci il təvəllüdlü X10 05 aprel 1992-ci ildə rəhmətə getməsinə dair heç bir sənədin aşkar edilmədiyi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 69-332/2024 nömrəli arayışdan Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində anadan olmuş X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və X10 ölüm haqqında akt qeydinin aşkar edilmədiyi; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Cəhri Qəsəbə X16 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 30 nömrəli tibbi yoxlama haqqında arayışdan X10 Cəhri X17nda müayinə olunmadığı və ölümü haqda məlumatın olmadığı müəyyən olunur. Göründüyü kimi faktın qeydiyyatı qaydasına əməl olunmamışdır və mövcud şəraitdə belə qaydadan istifadə olunması artıq qeyri-mümkündür. Belə ki, şəxsin vəfat etməsinə baxmayaraq onun ölümü qeydə alınmamış və bu barədə tibbi şəhadətnamə tərtib olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mərhum X10 ölüm faktının məhkəmə araşdırması gedişində öz təsdiqini tapıb-tapmaması ilə bağlı şahidlər Şahid1 və Şahid2 ərizəçinin izahatı ilə birlikdə tədqiq olunmasının nəticəsinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən 19 fevral 1991-ci ildə anadan olan X10 1992-ci ildə ölməsi faktı öz təsdiqini tapır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; -19 fevral 1991-ci ildə Naxçıvan MR, Babək Rayonu, Cəhri kəndində anadan olmuş X10 1992-ci ildə ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizə təmin edilsin. 19 fevral 1991-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olmuş X10 1992-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №2(079)-229/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-229/2025
26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver