Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-275/2020 30.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Rzayeva Günay Tapdıq qızının katibliyi,İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Babək Rayon Məhkəməsində iddia qaldıraraq iddia ərizəsində göstərilən cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 15.244 manat dəyərinin ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə İddiaçı Cavabdeh birgə nikah dövründə qazanılmış bir ədəd soyuducu - 500 manat, bir ədəd şüşəli qaz - 150 manat, bir ədəd aspirator (hava təmizləyici) - 80 manat, bir ədəd divan ikinci əl - 200 manat əşyaların yarısını və ya onların dəyəri olan 930 manat pulun yarısı olan 465 manat, bir ədəd abedni servis 200 manat olan cehiz əşyasını və ya dəyəri 200 manat pulun cavabdehdən alınıb ona qaytarılması tələbi çərçivəsində baxılmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı iddiasını müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə xx xxxx 2015-ci il tarixdə nikah bağlayaraq ailə qurublar, onların nikahları xx xxxxxxx 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulubdur, cavabdeh ilə nikahlarından onların iki övladı vardır, o Cavabdeh qarşı əmlak tələbi barədə iddia qaldırdıqdan sonra məhkəmədən kənar cavabdeh ilə razılaşaraq tələb etdiyi əşyaların bir çox qismini götürübdür, lakin cavabdeh ona cehiz əşya olaraq verilən bir ədəd servis dəstini və birgə nikah dövründə əldə edilmiş əşyaların ona düşən payını qaytarmayıbdır, Cavabdeh onun əşyalarından abedni servis və birgə nikah dövründə əldə etdikləri əşyalardan şüşə qaz plitəsi, hava təmizləyici, divan və soyuducu qalıbdır. Sonda İddiaçı birgə nikah dövründə əldə etdikləri əşyaların hamısının cavabdeh tərəfindən alındığını, soyuducunun qiymətinin 500 manat, şüşə qaz plitəsinin qiymətinin 150 manat, hava təmizləyicisinin qiymətinin 80 manat, divanın qiymətinin 200 manat olduğunu, qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirdi ki, tələb etdiyi birgə nikah dövründə alınan əşyaları Cavabdeh aldığı üçün həmin əşyaların cavabdehin haradan alması barədə onda məlumat yoxdur, əşyaların model və markasını da bilmir, əşyaların alındığı vaxtı o dəqiq bilmir, təxminən 2019-cu ilin yay aylarında alınıbdır, Cavabdeh aldığı əşyalar barədə ona heçnə deməyibdir, əşyaların alınması barədə onda hər-hansı bir sənəd və ya sübut yoxdur, o cavabdehin evinə gəlin gedən zaman həmin evdə soyuducu olmayıbdır, soyuducu birgə nikah dövründə alınıbdır, cehiz əşya olan abedni servisi isə ona anası alıbdır, həmin servisin marka və modelini bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı onun qızıdır, iddia ərizəsində göstərilən abedni servisi o İddiaçı beş il bundan əvvəl cehiz olaraq alıbdır, o həmin servisi alan vaxt qiyməti təxminən 160-180 manat olubdur, hazırda isə həmin servisin qiyməti 200 manatdır, onlar iddiaçının bir neçə cehiz əşyalarını Cavabdeh evindən götürüblər, amma evdə Tünzalənin cehizi olan abedni servis yox idi, soyuducu, qaz, aspirator və divan İddiaçı ilə Cavabdeh ailə qurandan sonra alınıbdır, cavabdehin anası üç qız ərə verib və evində nə əşya varsa, hamısını qızlarına cehiz veribdir, əvvəllər cavabdehin evində tələb etdikləri əşyalar olmayıbdır, həmin əşyalar sonradan alınıbdır. Məhkəmədə sualları cavablandıran Nümayəndə bildirdi ki, iddia ərizəsində göstərilən abedni servisi o cehiz olaraq qızı İddiaçı alıbdır, lakin hansı mağazadan aldığını o bilmir, o qızının boşanacağını qabaqcadan bilmədiyi üçün həmin servisi alınması barədə heç bir sənəd tələb etməyibdir. İddiaçının vəkili Vəkil1 izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı işin mahiyyəti barədə ətraflı məlumat verdiyini bildirdi və əlavə olaraq bildirdi ki, İddiaçı birgə nikah dövründə alınmış əşyaların haradan alınması barədə məlumatının olmaması təbii haldır, çünki həmin əşyalar Cavabdeh tərəfindən alınıb və bu barədə İddiaçı məlumat verməyibdir, sonda vəkil göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o iddiaçı ilə 2015-ci ildə ailə qurubdur, onların nikahları 2020-ci ilin oktyabr ayının 26-da pozulubdur, iddiaçının dedikləri yalandır, iddia ərizəsində göstərilən divan ikinci əl divandır, həmin divanı anası iflic xəstəsi olduğundan, yerdə otura bilmədiyi üçün düzəltdiribdir və puluna da anası pensiyasından ödəyibdir. Anası 233 manat pensiya alır, özünün isə daimi iş yeri olmadığından daimi gəliri yoxdur, o iddiaçının bütün əşyalarını qaytarıbdır, hətta iddia ərizəsində göstərilməyən əşyaları da o İddiaçı qaytarıbdır, iddiaçının tələb etdiyi abedni servisi isə o ümumiyyətlə görməyibdir, tələb edilən digər əşyalar isə hər evdə olduğu kimi iddiaçı onların evlərinə gəlin gəlməmişdən əvvəl də olubdur, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, iddia ərizəsində göstərilən divanı Culfa şəhərində olan ustaya düzəltdiriblər, anası xəstə olduğundan yerdə otura bilmir, anası həmin divanı özü üçün düzəltdirməsini istəyibdir o da düzəltdiribdir, pulunu da anası öz pensiyası ilə ödəyibdir, 2014-cü ildə o Türkiyə Respublikasında olubdur soyuducu o ailə qurmamışdan əvvəl alınıbdır, soyuducu, qaz, aspirator mətbəxdə olubdur, əvvəl mətbəx otaq olubdur, sonra o otağı təmir edib evdə olan əşyaları da mətbəxdə yığıbdır, qaz və aspiratoru isə 2019-cu ildə o Bakı şəhərində olan zaman anası pul veribdir qardaşı alıbdır, soyuducu isə əvvəldən olubdur, o İddiaçı bütün cehiz əşyalarını qaytarıbdır, iddiaçı evdən cehizləri özü yığıb aparıbdır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh ilə iddiaçı arasında razılaşmaya əsasən İddiaçı özünə məxsus bütün əşyalarını götürübdür, bundan sonra iddiaçı tərəf iddianın həcminin azaldılması barədə ərizə verib, ilk olaraq iddia ərizəsində göstərilən 43 adda cehiz əşyalarından 42 adda cehiz əşyaları qaytarılıbdır, sadəcə 1 adda abedni servis olan cehiz əşyasını iddiaçı tərəf yenidən ərizələrində göstəriblər, həmin servis olmadığı üçün cavabdehin onu qaytarması mümkün deyil, iddia tələbində birgə nikah dövründə alınmış kimi göstərilən qaz plitəsi, aspirator və soyuducu əgər həqiqətən də birgə nikah dövründə alınmış olsa idi, iddiaçı həmin əşyaların markasını və ya modelini bilərdi, həmçinin iddiaçı izahatında ailə quran zaman cavabdehin evində soyuducunun olmadığı göstəribdir, bu isə həqiqətə uyğun deyil, çünki hər evdə soyuducu olur və cavabdehin evində də soyuducu olubdur, sonda Vəkil2 qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Babək rayon Qahab kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, 237 nömrəli arayışa əsasən İddiaçı Babək rayonu, Qahab kəndində qeydiyyatdadır. İş materiallarında olan Babək rayon Qahab kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, 237 nömrəli arayışa əsasən Cavabdeh Babək rayonu, Qahab kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən Az-İ seriyalı, 784714 nömrəli nikahın bağlanması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Babək rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış, bu barədə nikah kitabında 08 nömrə ilə qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, hazırki vəziyyətdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. İddiaçı iddia tələbində ona cehiz olaraq alınan bir ədəd abedni servisin cavabdehdə olmasını və bir ədəd soyuducu, bir ədəd şüşə qaz plitəsi, bir ədəd aspirator və bir ədəd divan (ikinci əl) olan əşyaların birgə nikah dövründə qazanılmış əşya olduğunu göstərsə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Ona görə ki, İddiaçı ona cehiz olaraq alınan bir ədəd abedni servis olan əşyanın alınması və haliyədə mövcudluğu və cavabdehdə olması barədə, həmçinin iddia tələbində göstərilən bir ədəd soyuducu, bir ədəd şüşə qaz plitəsi, bir ədəd aspirator və bir ədəd divan (ikinci əl) olan əşyaların birgə nikah dövründə qazanılmış əşyaların olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, İddiaçı iddia tələbində cehiz olaraq ona verilən abedni servisin model və markasını göstərməmiş və həmin əşyaların alınması barədə heç bir sənəd və ya sübut məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəməyə verdiyi izahatında cehiz olaraq ona verilən abedni servisin hansı marka və model olmasını bilmədiyini göstərmişdir, cavabdeh isə izahatında həmin abedni servisin olmadığını bildirmişdir, iddiaçının tələb etdiyi bir ədəd soyuducu, bir ədəd şüşə qaz plitəsi, bir ədəd aspirator və bir ədəd divan (ikinci əl) olan əşyaların birgə nikah dövründə alındığını göstərsə də, məhkəməyə verdiyi izahatında həmin əşyaların haradan alınması, model və markası barədə onun məlumatının olmadığını, həmin əşyaların alınma vaxtının dəqiq bilmədiyini, təxminən 2019-cu ili yay aylarında alındığını göstərmişdir, cavabdeh isə öz növbəsində iddia ərizəsində göstərilən bir ədəd soyuducu, bir ədəd şüşə qaz plitəsi, bir ədəd aspiratorun birgə nikah dövründə onun tərəfindən alınmadığını, soyuducunun iddiaçının onların evlərinə gəlin gəlməmişdən əvvəl də olduğunu, qaz plitəsi və aspiratoru isə 2019cu ildə o Bakı şəhərində olan zaman anasının pulu ilə qardaşının aldığını, bir ədəd divan (ikinci əl) olan əşyanı isə anasının pulu ilə düzəltdirdiyini bildirmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı tələb etdiyi birgə nikah dövründə alınan bir ədəd soyuducu, bir ədəd şüşə qaz plitəsi, bir ədəd aspirator və bir ədəd divan (ikinci əl) olan əşyaların birgə nikah dövründə alınması və eyni zamanda həmin əşyaların model, markası və alınmasına dair heç bir sənəd və ya sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə cehiz əşyaların cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq qaytarılmamasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-275/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-275/2020
30.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver