Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-293/2022 27.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 Abazər qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı daşınmaz əmlaka olan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 23 may 2022-ci ildə Cavabdeh1, Cavabdeh2 Abazər qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,2841 hektar həyətyanı torpaq sahəsindən ona çatan 1/3 hissənin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə X1na, anam Cavabdeh1 və mənə həmin kənddə Torpağın mülkiyyətə verilməsinə dair JN-064 A saylı şəhadətnaməsi ilə 0.2841 hektar həyətyanı torpaq sahəsi birgə mülkiyyət kimi bizim mülkiyyətimizə verilmişdi. X1 19 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Babək Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(079)-13/2022 nömrəli qətnaməsi ilə torpaq sahəsi biz üç nəfərin mülkiyyətinə verilmiş, 0.2841 ha həyətyanı torpaq sahəsi üzərində mənim 1/3 payım müəyyən olunmuşdur. Qətnamə əsasında 08 aprel 2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan çıxarış rəsmiləşdirilməklə hər birimizin 1/3 payı müəyyən olunmuşdur. Lakin hazırda heç birimiz 1/3 payımızın ümumi torpaq sahəsinin hansı tərəfində yerləşdiyini bilmirik və bu səbəbdən də torpaq sahəmizdən istədiyimiz kimi istifadə edə, istəyimizə uyğun olaraq mülkiyyət hüquqlarımızı həyata keçirə bilmirik. Payımızın naturada ayrılması ilə bağlı məhkəmədən kənar tərəflərə olan şifahi müraciətimə müsbət cavab verilmədiyindən məhkəmə qaydasında problemin öz həllini tapması zərurəti yaranmışdır. Mən istəyirəm ki, torpaq sahəsindən payım naturada ayrılsın, mən də öz payımdan istədiyim kimi istifadə edəm. İddiaçı məhkəmədə verdiyi izahatında torpaqların bölünməsi ilə bağlı islahat zamanı ona, anası Cavabdeh1 və atası X4 Babək rayonu, Yuxarı Uzunoba kəndində 0,29 hektar torpaq sahəsi verildiyini, atasının 2012-ci ildə rəhmətə getdiyini, torpaq sahəsi üzərində atasından qalma ev olduğunu, hazırda həmin torpaq sahəsində və evdə heç kimin yaşamadığını, bildiyinə görə evin açarının bacısı Sevildə olduğunu, atasının ölümündən sonra ona məxsus evdə bir müddət anası Solmazın yaşadığını, evin iki otaq, bir dəhliz və aynabənddən ibarət olduğunu, hamam-tualetin həyətdə yerləşdiyini, yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını, 1999-cu ildən özünün ata evindən çıxdığını, atası xəstə olan zaman isə orada az bir müddət yaşadığını, onun ölümündən sonra isə həmin evdə qalmadığını, torpaq sahəsində özünün payının müəyyən olunması üçün məhkəməyə müraciət etdiyini, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən torpaq sahəsinə 1/3 hissəsinə payının müəyyən edildiyini, hazırda özünün Naxçıvan şəhərində yaşadığını, anası Solmazdan torpaq sahəsinə özünə çatan payı ev tikmək üçün istədiyini bildirdiyini, cavabdeh, yəni anası Solmaz isə ona torpağın qardaşı Azərə çatdığını dediyini, sözü gedən torpaq sahəsinin 3 tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunduğunu, bir tərəfin isə yola düşdüyünü özünün evdən yox, torpaq sahəsindən payının ayrılıb ona verilməsini istədiyini, anası Solmazın hazırda Bakı şəhərində qardaşı Azər ilə birlikdə kirayədə qaldığını, onunla torpaq sahəsində payının ayrılması barədə razılığa gələ bilmədiyini qeyd edib, yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişdi. Həmin Məcəllənin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən sahəsi 0,2841 hektar olan həyətyanı torpaq sahəsinin İddiaçı, Cavabdeh1 və X2 paylı mülkiyyətində olması, hər birinin payı 1/3 hissə təşkil etməsi, mülkiyyətçilərdən X2 ölməsi, Cavabdeh1, İddiaçı, Cavabdeh2 Abazər qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mərhum X2 vərəsələri olması mülki işin mübahisəsiz halıdır. Qeyd edilənlərin mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 08 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən sahəsi 0,2841 hektar olan həyətyanı torpaq sahəsinin İddiaçı, Cavabdeh1 və X2 paylı mülkiyyətində olması və hər birinin payı 1/3 hissə təşkil etməsi; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(079)-13/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən X2 19 oktyabr 2012ci ildə ölməsi; -iddia ərizəsinə əlavə edilən Babək Rayon İcra Hakimiyyətinin Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, 125 nömrəli arayışdan Cavabdeh1, İddiaçı, Cavabdeh2 Abazər qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X2 vərəsələri olması aydın olur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə Babək Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(079)- 13/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. İddiaçının isə Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən, sahəsi 0,2841 hektar olan həyətyanı torpaq sahəsindən ona çatan payın naturada ayrılmasını tələb etməsi mülki işin mübahisəli halıdır. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki işin mübahisəsiz hallarından mübahisə predmeti olan daşınmaz əmlakın ümumi paylı mülkiyyətdə olması və onların hər birinin payının müəyyən edilməsi öz təsdiqini tapır. İddiaçı isə mübahisə predmeti üzrə özünün payının naturada ayrılmasını tələb etdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələrində isə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki işin məhkəmədə araşdırılması zamanı isə mülkiyyətçilər arasında ümumi paylı mülkiyyətdə olan əşyaların bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair razılığın əldə olunması müəyyən edilmir. Bütün bu yuxarıda qeyd edilənləri ümumiləşdirdikdə məhkəmə iddiaçının öz mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməsində hər hansı bir qanuna zidd hal müəyyən etmir. Lakin yuxarıda qeyd edilən maddi hüquq normasının tələbindən də göründüyü kimi ümumi mülkiyyətin iştirakçısı olan mülkiyyətçinin öz payının naturada ayrılması tələbinin əsaslı sayılmasının zəruri olan şərtlərindən biri həmin əşyanın naturada ayrılmasının mümkünlüyüdür. Mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölünməsinin mümkün olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə iddiaçının vəsatəti əsasında 14 iyul 2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert qarşısına Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən sahəsi 0,2841 hektar olan həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən mümkün olub-olmaması və əgər ümumi mülkiyyətin naturada bölgüsü mümkündürsə bunun hansı qaydada aparılmalı olması suallarını qoymuşdu. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 sentyabr 2022-ci il tarixli, 214 nömrəli məhkəmə tikinki-texniki ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunur ki, Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,2841 hektar həyətyanı torpaq sahəsi 1/3 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı payının naturada texniki cəhətdən bölünməsi Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olduğu müəyyən edilmişdir. Ekspert bu nəticəyə gəlməsini əsaslandıraraq bildirmişdi ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli, reyestr nömrəsi **********37 olan həyətyanı torpaq sahəsinin planı və ölçüsünün surətinə əsasən Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən həyətyanı torpağın plan və ölçülərinin döngə nöqtələri arasındakı məsafələri (1-2) 1.09 metr, (2-3) 1.59 metr, (3.4) 18.82 metr, (4-5) 14.25 metr, (5-6) 14.07 metr (6-7) 5.95 metr, (7-8) 17.31 metr, (8-9) 0.81 metr, (9-10) 19.37 metr, (10-11) 3.81 metr, (11-12) 9.73 metr, (12-13) 4.43 metr, (13-14) 15.39 metr, (14-15) 28.15 metr, (15-16) 19.34 metr, (16-17) 28.03 metr və (17-1) 17.94 metr məsafələrdə göstərilməklə sənəd üzrə ümumi sahəsinin isə 0,284 ha həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdi (i.v.99). Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsi faktiki olaraq planda müxtəlif həndəsi formalı şəklində olub, bir tərəfdən küçə yolu, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu isə həyətyanı sahənin yuxarı hissəsindən təqribən 3.50 metr enində dəmir darvaza vasitəsi ilədir. Baxış zamanı həyətyanı torpaq sahəsinin daxilində həyətin yuxarı hissəsində möhrə kərpic və müxtəlif tikinti materiallarından inşa olunmuş fərdi yaşayış evi təyinatlı köhnə tikili və onun yan fasad hissəsində müxtəlif təyinatlı köməkçi köhnə inşaat materiallarından inşa edilmiş köməkçi tikililər yerləşir. Həyətyanı torpaq sahəsi müxtəlif hissələrdən daş hasara alınmış, müəyyən hissələri isə dəmir tor çəpərlərlə əhatə olunduğu müəyyən edilmişdi. Əgər nəzərə alınsa ki, həyətyanı torpaq sahəsinin mövcud vəziyyətdə ümumi sahəsi 2841,0 kvadrat metr təşkil edir, bu zaman həmin həyətyanı torpaq sahəsi üzrə 1/3 paylar 947,0 kvadrat metr (2841,0:3) müəyyən olunur. Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olması göstərilir. Həyətyanı torpaq sahəsinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Tədqiq olunan həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi, bir tərəfdən küçə ilə əhatə olduğu, eləcə də həyətyanı torpaq sahəsinin digər texniki göstəricilərini nəzərə alaraq tərəflərin sərəncamına düşən 1/3 hissə paylarının naturada bölünməsi texniki cəhətdən mümkündür. Həyətyanı torpaq sahəsinin 1/3 hissədə olan paylarının bölünməsi üçün aşağıdakı yenidənqurma işləri yerinə yetirilməlidir: - həyətyanı torpaq sahəsinin yuxarı hissəsindən aşağı hissəsinə doğru uzunu təqribən 64,97 və 71,82 metr, bir- birinə paralel olan ayrı-ayrılıqda sərhəd hasarları çəkilərək 1-ci, 2ci və 3-cü mənzillər yaradılmalıdır (rəyə əlavə edil sxem üzrə narıncı, mavi və yaşıl rəngdə ştrixlənmiş sahələr). Belə olan halda mülkiyyətçilərin istifadəsinə ayrılmış həyətyanı sahələrin yuxarı hissələrinin (1-ci, 2-ci və 3-cü mənzillər) münasib yerlərində ayrıca girişçıxış üçün nəzərdə tutulan hasar qapıları quraşdırılmalıdır (bax rəyə əlavə olunmuş plansxemə). Bu zaman, 2841,0 kvadrat metr həyətyanı torpaq sahəsinin tərəflərin 1/3 paylarına uyğun bölünməsi zamanı hər bir mülkiyyətçini faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi 947,0 kvadrat metr təşkil edəcəkdir. 1-ci, 2-ci və 3-cü mənzil üzrə ayrılmış həyətyanı torpaq sahələrinə düşən tərəflərə onlara çatacaq 1/3 paydan 947,0 kvadrat metr ümumi sahələrin bərabər düşdüyü müəyyən olunur. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Ekspertin rəyindən müəyyən edilir, rəy üzrə şərti olaraq müəyyən edilmiş 3-cü mənzil yerləşdiyi torpaq sahəsi üzərində-onun yuxarı hissəsində möhrə kərpic və müxtəlif tikinti materiallarından inşa olunmuş fərdi yaşayış evi mövcuddur. Mübahisə predmeti olan torpaq sahəsi üzərində olan tikililərin, yəni fərdi yaşayış evinin və köməkçi sahələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını, həmin daşınmaz əmlakın Cavabdeh1 sahibliyində olmasını, iddiaçının həmin tikililər üzrə hər hansı tələb irəli sürməməsini, gələcəkdə digər mülkiyyətçilərin paylarını birləşdirmə ehtimalı nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ekspertin rəyində qeyd edilən birinci mənzil üzrə müəyyən edilmiş ölçülər əsas götürülməklə İddiaçı Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən sahəsi 0,2841 hektar olan həyətyanı torpaq sahəsinə olan payı naturada ayrılmalıdır. Yəni həmin torpaq sahəsindən İddiaçı aid 1/3 hissə, həyətyanı torpaq sahəsinin qərb divarının (hazırda darvaza qapısı olan hasara paralel olan divarın) cənub başlığından şimala yuxarıya doğru 22.34 (iyirmi iki tam yüzdə otuz dörd) metr, yola tərəf (şərq) düşən divarın (darvaza qapısı quraşdırılmış divarın) cənub başlığından şimalşərqə (darvaza qapısı istiqamətində) doğru isə 14,23 (on dörd tam, yüzdə iyirmi üç) metr ölçülüb, son nöqtələri birləşdirən 64,97 (altmış dörd tam, yüzdə doxsan yeddi) metr uzunluğunda sərhəd hasarı çəkilməklə (ümumilikdə isə həyətin cənub və ya aşağı hissəsi) təcrid olunmuş qaydada ayrılaraq verilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədən də müəyyən edilir ki, onun ekspertin rəyində qeyd edilən birinci mənzilə düşən torpaq sahəsi üzrə payının ayrılmasına etirazı yoxdur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 Abazər qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı daşınmaz əmlaka olan payın naturada ayrılması tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 08 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən, sahəsi 0,2841 hektar təşkil edən, İddiaçı, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsi İddiaçı münasibətdə naturada bölünməli; - torpaq sahəsindən İddiaçı aid 1/3 hissə, həyətyanı torpaq sahəsinin qərb divarının (hazırda darvaza qapısı olan hasara paralel olan divarın) cənub başlığından şimala yuxarıya doğru 22.34 (iyirmi iki tam yüzdə otuz dörd) metr, yola tərəf (şərq) düşən divarın (darvaza qapısı quraşdırılmış divarın) cənub başlığından şimal-şərqə (darvaza qapısı istiqamətində) doğru isə 14,23 (on dörd tam, yüzdə iyirmi üç) metr ölçülüb, son nöqtələri birləşdirən 64,97 (altmış dörd tam, yüzdə doxsan yeddi) metr uzunluğunda sərhəd hasarı çəkilməklə (ümumilikdə isə həyətin cənub və ya aşağı hissəsi) təcrid olunmuş qaydada ayrılaraq verilməli; -iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abazər qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 08 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********37 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən, sahəsi 0,2841 hektar təşkil edən, İddiaçı, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsi İddiaçı münasibətdə naturada bölünsün. Torpaq sahəsindən İddiaçı aid 1/3 hissə, həyətyanı torpaq sahəsinin qərb divarının (hazırda darvaza qapısı olan hasara paralel olan divarın) cənub başlığından şimala yuxarıya doğru 22.34 (iyirmi iki tam yüzdə otuz dörd) metr, yola tərəf (şərq) düşən divarın (darvaza qapısı quraşdırılmış divarın) cənub başlığından şimal-şərqə (darvaza qapısı istiqamətində) doğru isə 14,23 (on dörd tam, yüzdə iyirmi üç) metr ölçülüb, son nöqtələri birləşdirən 64,97 (altmış dörd tam, yüzdə doxsan yeddi) metr uzunluğunda sərhəd hasarı çəkilməklə (ümumilikdə isə həyətin cənub və ya aşağı hissəsi) təcrid olunmuş qaydada ayrılaraq verilsin. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abazər qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-293/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-293/2022
27.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver