Məhkəmə qərarları › İş №2(079)-31/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-31/2025

26.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-31/2025 26.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 Möhübbət oğlu, iddiaçıların vəkilnümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğlunun Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğluna qarşı payların naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğlu 28 oktyabr 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlu ilə paylı mülkiyyətlərində olan, Babək rayon Xalxal kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğluna çatan 3/5 hissədə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Babək rayon Məhkəməsinin 11 avqust 2023 tarixli 2(079)-199/2023 saylı qətnaməsi ilə Babək rayonu XalXal kəndində yerləşən JN-034A və JN-34B nömrəli 10313028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr JN- 003O-A nömrəli 10313028 kodlu torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1, Cavabdeh2, Cavabdeh1 Möhübbət oğlu, İddiaçı3 Möhübbət oğlu və İddiaçı2 Möhübbət qızının 1/5 pay hüququ ilə xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Buna dair 27 iyul 2023 tarixli 2598 saylı inventar nömrəsi olan daşınmaz əmlakın texniki pasportu və xx.xx.2023 tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 və İddiaçı1 uzun müddət evli olsalar da, xasiyyətlərinin tutmaması səbəbindən mütəmadi olaraq aralarında münaqişə yaşanır. Cavabdeh2 İddiaçı1 imkan vermir ki, birgə yaşadıqları evdə sərbəst hərəkət etsin. Kommunal xərclərlə bağlı söz-söhbət yaradır, İddiaçı1 evə daxil olmağa qoymur. İddiaçı yalnız o evdə olmadıqda həmin evə gedə bilir, qalan vaxtlarda isə oğlu Farizin ya da qızı Samirənin evində qalır. İddiaçı elə bir yaş həddindədir ki, o öz evindən başqa heç yerdə rahatlıq tapa bilmir. Cavabdeh isə öz hərəkətləri ilə onu bu yaşında doğma evindən qovur, ona rahatlıq vermir. Buna görə də iddiaçılar İddiaçı1, İddiaçı2 Möhübbət qızı və Abdullayev X2 rayonu Xal-Xal kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən onlara çatan 3/5 hissədə payın naturada ayrılmasını istəyirlər. İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2lə nikahlarının pozulmadığını, amma uzun müddətdir ki, ayrı yaşdıqlarını, onun spirtli içki qəbul edib, onu təhqir etdiyini və döydüyünü, evin kommunal xərclərini ödəməkdən imtina etdiyini, həmin torpaq sahəsini zamanında öz atasının aldığını, evdə yaşaya bilmədiyini bildirmiş, iddia ərizəsində qeyd edilən və ona düşən fərdi yaşayış evindən payının naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 Möhübbət qızı məhkəmə iclasında verdiyi izahatında tələbin təmin olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. İddiaçı3 Möhübbət oğlu məhkəmə iclasında verdiyi izahatında tələbin təmin olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında özünə düşən payı heç kimə verməyəcəyini, Samirə və Farizə də düşən payın onlara verməkdən imtina etdiyini, Sevilin yalan danışdığını, onun hər gün axşamlar gəlib həmin evdə qaldığını və işlətdiyi təbii qazın belə pulunu ödəmədiyini, onun evdə qalmasına mane yaratmadığını, sadəcə olaraq “qazın pulunu ödə qal” dediyini demədiyini bildirmişdir. Cavabdeh1 Möhübbət oğlu məhkəmə iclasında verdiyi izahatında ekspert rəyinə və buna uyğun olaraq iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 23/15 nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Babək rayonu, Xalxal kəndində 0.0646 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 147.31 m2 olan fərdi yaşayış evinin 1/5 hissəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, 1/5 hissəsi İddiaçı2 Möhübbət qızına, 1/5 hissəsi İddiaçı3 Möhübbət oğluna, 1/5 hissəsi Cavabdeh2 və digər 1/5 hissəsi isə Cavabdeh1 Möhübbət oğluna məxsusdur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyadan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Mülki işin mübahisəli halının - tərəflərin paylı mülkiyyətində olan torpağın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması gedişində sədrlik edənin qərarı ilə tikinti-texniki ekspertizası təyin olunmuş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Xalxal kəndində yerləşən və paylı mülkiyyətdə olan 147.31 m2 fərdi yaşayış evinin və 0.0646 hektar torpaq sahəsinin 3/5 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən olan İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğluna verilməsinin texniki cəhətdən mümkün olub-olmaması və mümkündürsə bunun hansı qaydada aparılması barədə ekspert qarşısında sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2025-ci il tarixli, 180 nömrəli ekspert rəyi ilə o nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini və mülki iş materialında olan zəruri məlumatları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Xalxal kəndində yerləşən və paylı mülkiyyətdə olan 147.31 m² fərdi yaşayış evinin və 0.0646 hektar torpaq sahəsinin 3/5 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən olan İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğluna verilməsi texniki cəhətdən mümkündür. Bölgü nəticəsində, tədqiq olunan fərdi yaşayış evinin tikililəri üzrə hansı yenidənqurma işlərinin aparılması, iddiaçının sərəncamına düşən hansı tikililərdən və sahədən ibarət olması, onun payına nə qədər sahələr düşməsi rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş bölgü variantının plan-sxemində ətraflı göstərilmişdir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəyini sübut kimi qəbul edilən hesab edir. Məhkəmə mübahisəni tənzimləyən normalarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında sözügedən hallara ətraflı şərh verilərək bildirilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğlunun Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğluna qarşı payların naturada ayrılması tələbi naturada ayırmanın mümkünlüyünün müəyyən olunması əsas götürülməklə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçılar tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir (115.0 və 115.0.1-ci maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin məhkəməyə təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertin işə baxılması ilə bağlı çəkdiyi xərcin miqdarı ekspertiza tədqiqi üzrə 50 (əlli) manat təşkil edir. Hazırki tələb üzrə məhkəmə tələbi əsaslı saydığından Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsaslanmaqla belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlundan tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: iddia təmin edilməli; Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2 Möhübbət qızı, İddiaçı3 Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlunun paylı mülkiyyətində olan, Babək rayonu, Xalxal kəndində yerləşən 0.0646 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 147.31 m2 olan fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğluna çatan 3/5 hissədə pay naturada bölünsün. Mübahisə predmeti olan fərdi yaşayış evinin tikililəri üzrə hansı yenidənqurma işlərinin aparılması, iddiaçının sərəncamına düşən hansı tikililərdən və sahədən ibarət olması, onun payına nə qədər sahələr düşməsi rəyin tədqiqat hissəsinə və rəyə əlavə olunmuş bölgü variantının plan-sxeminə əsasən aparılmalı; İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlundan müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Möhübbət qızı, İddiaçı3 Möhübbət oğluna ödənilsin. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2 Möhübbət qızı, İddiaçı3 Möhübbət oğlu, Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlunun paylı mülkiyyətində olan, Babək rayonu, Xalxal kəndində yerləşən 0.0646 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 147.31 m2 olan fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2 Möhübbət qızı və İddiaçı3 Möhübbət oğluna çatan 3/5 hissədə pay naturada bölünsün. Rəyə əlavə olunmuş plan-sxemə uyğun olaraq fərdi yaşayış evinin sahəsi 31,67 m2 olan yaşayış otağının daxilində eni 3,62 metr, uzunluğu 4,04 metr, sahəsi 30,84 m2 olan salon sahəsinin daxilində eni 1,50 metr, uzunluğu salon boyu 3,70 metr arakəsmələr inşa edilməklə digər hissələrdən təcrid sahələr şəklində ayrılsın, beləliklə 4 nömrəli yaşayış otağından ayrılmış a5 nömrəli (15,04 m2) yaşayış otağına, 4 nömrəli yaşayış otağından b2 nömrəli (25,03 m2) salon tikilisinə və sözügedən salon tikilisinin tərkibində isə mövcud olan pəncərə boşluğu evə əsas giriş-çıxış üçün qapı boşluğu ilə əvəz edilməklə açılsın, eyni zamanda mövcud vəziyyətdə olan b2 nömrəli salon tikilisindən 4 nömrəli yaşayış otağına nəzərdə tutulan bir ədəd qapı boşluğu və b2 nömrəli salon tikilisinin daxilində olan iki ədəd pəncərə boşluqları bağlanmaqla b2 nömrəli salon tikilisinin yan fasad hissəsindən bir ədəd pəncərə boşluğu açılsın. Rəyə əlavə olunmuş plan-sxemə uyğun olaraq fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçının 3/5 hissədə payının bölünməsi (ayrılması) üçün “İ” literli naves tikilisinin tərkibində evin yan fasadının divarına kimi təqribən 3,14 metr enində onun son nöqtəsindən həyətyanı torpaq sahəsinin sonu istiqamətinə kimi təqribən 26,46 metr, onun son nöqtəsindən həyətin eninə doğru istiqamətə təqribən 11,17 metr, onun son nöqtəsindən evə doğru istiqamətə təqribən 8,36 və 6,04 metr, onun son nöqtəsindən aşağı doğru istiqamətə təqribən 1,37 metr və onun da son nöqtəsindən evin ön fasadının divarına kimi istiqamatə təqribən 3,19 metr sərhəd hasarları inşa edilməklə iddiaçının payına düşən 3/5 hissə torpaq sahəsi (215,80 m2) ayrılsın və iddiaçının 3/5 hissəyə ayrılmış həyətyanı torpaq sahəsinə giriş-çıxış üçün isə dəmir darvaza quraşdırılsın. İşə baxılması ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlundan müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ******************** nömrəli hesabına köçürülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Möhübbət oğlundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Möhübbət qızı, İddiaçı3 Möhübbət oğluna ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar